ABŞ İrana qarşı: kim daha güclüdür? (TƏHLİL)

Tehranın Türkiyəyə hücum planı da var

"Biz müharibə etmək məcburiyyətində qalsaq da, sülhə nail olacağıq". Bu fikrin müəllifi Amerika Birləşmiş Ştatlarının 34-cü prezidenti Duayt Eyzenhauer (1953-1961) çox güman ki, ölkəsinə sərfəli sülhdən söhbət açmışdı. 

O dövrdən xeyli müddət keçməsinə baxmayaraq, ABŞ yenə də sülhün yaranmasında müharibədən yararlanır. Keçmiş Yuqoslaviya, Əfqanıstan, İraq, Liviya, yarımçıq qalmış Suriya və böyük hədəf İran.

Amma göründüyü kimi, sonuncu ilə münasibətlərdə heç də Eyzenhauer tonu nəzərə çarpmır. Ağ Ev ehtiyatlıdır və bu, siyasi-diplomatik manevrdən çox, sadəcə, qorxaqlıq anlamına da gələ bilər. Belədə ortaya maraqlı nüans çıxır: ABŞ İranla bacara bilərmi? Və yaxud əksinə, müharibə baslayarsa, İranın ABŞ-ı məğlub etməyə qüdrəti çatarmı?

Müharibədən söhbət düşmüşkən, bir neçə məqama diqqət yetirmək yerinə düşər. Alman yazıçısı Tomas Mann ikinci cahan savaşının başlamasına çox az qaldığı dönəmdə bildirmişdi ki, müharibə yalnız sülh dövrünün problemlərindən qaçmaq vasitəsidir.

Fransız yazarı Romen Rollan isə savaşa son variant kimi iflasa uğramış dövlətlərin əl atdıqlarını demişdi. Onun fikrincə, müharibə uduzan və aciz oyunçunun əl atdığı sonuncu vasitə, dələduzların iyrənc spekulyasiyasıdır.

İndi baş verən proseslərdən göründüyü kimi, klassik deyimlər özünü doğruldur. Amerikanın maliyyə piramidasının əsasında dayanan dolların dünya bazarında mövqeyini itirməsi fonunda Birləşmiş Ştatların İranla genişmiqyaslı müharibəyə başlaması getdikcə daha çox aktuallaşır.

Amma bunun daha çox daxili və xarici borcun miqdarının artdığı və hətta müharibənin belə borc hesabına başa gələcəyi məqamda gerçəkləşmək təhlükəsi yaşanmaqdadır. Diqqət yetirək, amerikalılar İraqdan qoşunlarını çıxarmağa məcbur oldu, Əfqanıstanda hərbi birləşmələrinin olmayacağını elan etdilər.

Buna baxmayaraq, mövcud ölkə “status-kvo”da ABŞ üçün yığılıb qalmış daxili problemlərin həllində bir əsas, yoxlanılmış vasitə var - dünyanın üçdə birində müharibə yaratmaq və həmin müharibədən qalib çıxmaq! Necə də olmasa, Birləşmiş Ştatlar keçmiş Yuqoslaviyanın timsalında quru qoşunlarının şəxsi heyətindən yararlanmadan qələbə qazanmaq kimi böyük təcrübəyə malikdir.Əlbəttə, Ağ Evin hazırkı sahibi, sülhə görə Nobel mükafatı laureatı Barak Obama xələfi Corc Buşdan fərqli olaraq daha ağıllıdır və çox güman, qədim Roma siyasətçisi və filosofu, natiq Mark Siseronun "müharibəni elə başlamaq lazımdır ki, bizim sülhdən başqa heç nəyi axtarmadığımız barədə təsəvvür formalaşsın" deyimini rəhbər tutur. 

Amerika hazırda bir qayda olaraq hər şeyi "başqa əllərlə" görməyə üstünlük verir. Elə birinci və ikinci dünya müharibələri də böyük hesabla beləcə başlamışdı. 2011-ci ilin martında rəsmi Vaşinqton Fransanın başçılığı altında NATO-dakı müttəfiqlərinin köməyindən yararlanaraq Liviyaya qarşı mübarizəyə start verdi.

Bəli, indi də amerikalılar "böyük müharibə"yə başlaya bilərlər. Müharibə doğrudandamı böyük olacaq, bunu prosesin mümkün iştirakçılarının tərkibinə nəzər salaraq müəyyənləşdirmək mümkündür. 

Belə görünür ki, ABŞ-ın İrana qarşı ehtimal olunan müharibəsinə İsrail və Türkiyə, həmçinin Səudiyyə Ərəbistanı da qoşulacaq. Ekspertlər hərbi əməliyyatlara müxtəlif dərəcələrdə Suriya, Livan, Azərbaycan və Gürcüstanın, dolayısıyla Rusiya, Pakistan və Çinin, habelə Orta Asiya respublikalarının da qoşulacağını vurğulayırlar.

Hazırda hadisələr elə cərəyan edir ki, necə deyərlər, ovçu rolunda Türkiyə və İsrail dayanıb və sözügedən ölkələr regional liderliyə iddialarını ortaya qoyur. Təsadüfi deyil ki, onlar indiki məqamda Suriyadakı ziddiyyətlərin daha da dərinləşməsinə təhrik edən bəyanatlarından qalmırlar.

Yeri gəlmişkən, bu ölkələrin, xüsusən də Türkiyənin dərindən-qabıqdan çıxmağı bir vaxtlar Liviyanın havadan bombalanmasına məruz qalması, ora xüsusi təyinatlı qonuşların yeridilməsi ilə nəticələnmişdi. Amma indi ABŞ tərəfdən hər hansı birbaşa müdaxilə gözə dəymir.

Anlaşılan budur ki, Birləşmiş Ştatların hərbi manevrlərə əl atması ölkənin öz missiyasını "vuruşan ölkələrin dünyaya zorakılığı"na maneə olmaq motivasiyası üzərində quracaq. 

Mövcud vəziyyətdə Ağ Ev administrasiyası İrana qarşı yalnız havadan mübarizə apara bilər ki, hətta bunun da baş verməsi Türkiyə və İsraillə canlı qüvvə dəstəyi ilə bağlı razılaşmanın mövcudluğu şəraitində realdır. 

Böyük və açıq müharibəyə gəldikdə isə, bunun ABŞ-ın İranın mühüm strateji nöqtələrinə birbaşa zərbələrdən sonra başlayacağı şübhəsizdir. Belə olarsa, bu müharibənin nəticəsini necə olacağını söyləmək çox çətindir.

Dahi Makiavellinin təbirincə desək, müharibəni əksər halda öz təşəbbüsünlə başlayarsan, amma o necə başa çatacaq, artıq səndən asılı deyil. Çünki vəziyyət dəyişə də bilər. Bu mənada Şərq xalqları Amerikanı işğalçı kimi görə bilər. Rusiya da artıq musiqisini tarixə əsaslanan bəlli istiqamətdəki klassik nötlar üzərində kökləməyə başlayıb.

İndiyədək Fars körfəzində baş verən iki müharibədən sonra heç kəsdə şübhə yoxdur ki, II Dünya Müharibəsi dönəmindən miras qalan (İran və Suriyaya da məxsus) ənənəvi ordu modeli uzun müddət NATO-nun müasir qüvvələrinə qarşı mübarizə aparmaq əzmindədir.

Amma bu, amerikalıları əsaslı məğlubiyyətə uğradacaq və sülhə razılaşdıracaq strategiyanın mümkünsüzlüyü demək də deyil. Sual yaranır: İranın ABŞ-a qarşı effektiv cavabı nədən ibarət ola bilər? Ümumilikdə isə İslam Respublikasının qələbə antalogiyasında əsasən üç baza paradiqması nəzərə çarpır:

1. "Normal döyüş"ün klassik strategiyasına əsaslanaraq İran ABŞ-ın hərbi qüdrəti qarşısında zəif görünsə də, Vaşinqtonun Tehranın assabiyasının, yəni qrup həmrəyliyinin yüksək əzmi qarşısında zəifliyi aşkar duyulur.

2. ABŞ ordusu sistemlidir və hərəkəti o qədər proqramlaşdırılıb ki, ani uğursuzluğun gətirə biləcəyi mənfi halı götür-qoy etmir. Belədə risk faktorunu sistemli şəkildə dəyərləndirən tərəf üstün mövqeyə yiyələnir və təbii ki, burada assabiyanın rolu danılmaz olur. İran, o cümlədən Suriya ordusunun "ehtimal müharibə"sinin şərtlərinə daha hazır olduğunu nəzərə alsaq, onların Birləşmiş Ştatlardan fərqli qeyri-müəyyənlik şəraiti üçün optimallığı proqnozlaşdırılandır.

3. Emergentlik faktoru (gözlənilmədən nəzərə çarpan). Əfqanıstan və İraqdakı hərbi əməliyyatlardakı qələbələrdən sonrakı mühit məhz həmin faktoru üzə çıxardı. Belə nəticə hasil oldu ki, müharibədən sonrakı qələbə mühiti müharibəyə qədərki şəraitdən qat-qat pisdir.


İranın bunu nəzərə alacağı qaçılmazdır. Üstəlik amerikan ictimai rəyinin uzun çəkən müharibələrə və itkilərə qarşı dözümsüzlüyü amili də hesablanır.

Küveytdəki mənbələrə inansaq, İran və Suriya yadelli təcavüzə qarşı birgə mübarizə planı hazırlayıb. Həmin planda başlıca obyektlərdən biri Türkiyədir. Regional konfliktin eslokasiyası indi ona gətirib ki, İran artıq rəsmi şəkildə Suriyaya qarşı intervensiyanın mövcudluğu təqdirdə Ankaraya münasibətdə cavab həmlələrinin olacağından danışır.

İranın kosmik-hava qüvvələri komandanlığının adı çəkilməyən rəsmilərindən biri bildirir ki, Suriyaya və İrana hücumların baş verəcəyi təqdirdə ölkəsi Türkiyə ərazisindəki ABŞ-a məxsus hərbi obyektlərə raket zərbəsi endirəcək.

Məsələyə sistemli diqqət yetirən Küveytin "Əl Siyasa" ("El Siyasah") nəşrinin məlumatına görə, İranın müdafiə planında altı cəbhədə hərəkət nəzərdə tutulur ki, bunlardan biri məhz Türkiyəyə hücumdur. Ankaraya qarşı həmçinin ölkənin şərqində kürdlərin hərəkətə gətirilməsindən də söhbət açılır.

İkinci məsələ "Həmas"ın köməyi ilə Süveyş kanalına hücumdur. Həmin hücumun gedişində Yəmən və Somalidəki cihadçıları da mübarizəyə qoşmaq planı var. 

Üçüncü məqam İranın Fars körfəzində Qərb ölkələrinə məxsus gəmiləri, o cümlədən neft tankerlərini batırmasıdır. Müvafiq olaraq körfəzdəki amerikan hərbi bazalarına Livana məxsus "Hizbullah"ın, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki İranmeylli qüvvələrin hücum ehtimalı artır. 

Növbəti cəhət Tehranın xüsusi xidmət orqanlarının Əfqanıstanda ABŞ əleyhinə qüvvələr formalaşdırması, onları pul və silahla təchiz etməsidir.

Beşincisi, Hizbullanın Aralıq dənizinin şərqində Livanın dövlət orqanlarına, həmçinin NATO ölkələrinə məxsus hədəflərə zərbələridir. Altıncı məqam Həmasın Qəzza sektorunda İsrailin mövqelərini atəşə tutması, ikincinin əks zərbələri nəticəsində Suriya ordusunun da məsələyə qarışmasıdır.

Deyilənləri ümumiləşdirərək belə rəyə gəlmək olar ki, ABŞ İrana qarşı ehtimal olunan intervensiyasında uğur qazanacaq qüvvə təsiri bağışlamır. Üstəlik son zamanlar Rusiyanın Suriya məsələsində sərgilədiyi mövqe də Ağ Ev üçün müsbət perspektiv vəd etmir. 

Qeyd etmək lazımdır ki, İran Əfqanıstan, İraq, 8 ay mübarizə apararaq təklənmiş Liviya, hətta hazırda Qərbin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi Suriya deyil. Yaxın Şərqdə üzləşdiyi ciddi müqaviməti nəzərə alsaq, ABŞ-ın daxili çətinliklər məngənəsindən necə qurtulacağını və hazırkı dövrdə müharibəsiz necə yaşayacağını proqnozlaşdırmaq çətindir.


                                                                                                                                                           168.az-ın Analitik Qrupu   

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə