ABŞ-ın Yaxın Şərq siyasəti: «diktator ovu»ndan «terrorçu axtarışı»na qayıdış

Ötən həftə dünya ictimaiyyətinin diqqəti əvvəlki həftələrdə olduğu kimi, yenə də başlıca olaraq Suriyaya, ümumən Yaxın Şərqdə baş verən proseslərə yönəldi. Hazırda bölgədə yaşananlar tam bir psixoloji oyunu xatırlatmaqdadır. Böyük siyasi güclər sanki nəyisə gözləyir, bir-birilərinin müxtəlif situasiyalara necə reaksiya göstərəcəklərini nəzərdən keçirirlər. Bu oyunda başlıca fiqur isə heç şübhəsiz, ABŞ-dır. Son bir ayda Birləşmiş Ştatlar administrasiyası çoxgedişli kombinasiyalara əl atmaqdadır. Buna səbəb ölkənin «ərəb baharı» ssenarisinin Liviyadan sonrakı davamına qarşı müqavimətlərin artmasıdır. Mövcud durumda ölkənin gələcək addımlarına maraq böyükdür. Ağ Evin reallaşdırdığı siyasi-diplomatik fəaliyyətin əlavə hansı məqamları doğuracağı da önəmlidir.

Bəzən elə təsəvvür yaranır ki, rəsmi Vaşinqton Suriyadan sonrakı hədəfinə - İrana daha tez çatmaq niyyətindədir. Bu istək Fars körfəzinə hərbi donanma yeritməkdən tutmuş Hörmüz boğazından İran sahillərinə yaxınlaşmağa qədər bir çox hərbi manevrlərdə əksini tapıb. Lakin Tehranın tutarlı təpkiləri ölkənin belə desək, psixoloji testdən uğurla keçdiyini söyləməyə əsas verməkdədir.

Buna qədərsə ABŞ BMT-ni Bəşər Əsəd hakimiyyətinin devrilməsindəki rupora çevirməyə girişmişdi. Lakin Rusiya və Çinin qurumun Təhlükəsizlik Şurasındakı mövqeləri Vaşinqtonun təsiri ilə hərəkətə gətirilən Ərəb Dövlətləri Liqasının Suriyadakı vəziyyətin tənzimlənməsinə dair qətnamə layihəsinin həyata vəsiqə qazanmasının qarşısını aldı.

Vaşinqton Kremllə danışıqlar aparmağın mümkünsüzlüyünü bilir. Həm də görünür, sırf qürur məsələsi olaraq ruslarla sözügedən mövzuda müzakirələr aparmır. Buna görə də Pekini ələ almağa çalışıb. Fikrimizi isbatlamaq üçün Birləşmiş Ştatlar prezidenti Barak Obamanın bir müddət öncə Vaşinqtonda Çinin böyük ehtimalla yeni lideri olacaq Si Çzinpinlə görüşünü xatırlatmaq kifayətdir. B.Obama görüş zamanı vurğulayıb ki, Çinin Suriya ilə bağlı qətnaməyə veto qoymasına təəccüblə yanaşır.

Pekinlə müxtəlif sahələrdə razılaşa biləcəklərinə eyham vuran Ağ Ev rəhbəri ikitərəfli anlaşmanın Vaşinqtonunun ssenarisi üzrə getməyəcəyi halda ölkəsinin ortaya çıxara biləcəyi maneələrdən də dolayısıyla söhbət açıb: «Biz istəyirik ki, Çinlə birgə hamının dünya iqtisadiyyatında eyni qaydalarla oynayacağı sistemin qurulması istiqamətində çalışaq. Buna görə də təkcə ölkələrimiz arasında deyil, ümumilikdə bütün dünyada balanslaşdırılmış ticarətin yaranmasını təmin etmək niyyətindəyik. İnsan hüquqları məsələsinə gəlincə, biz bütün insanların haqlarının tanınmasının vacibliyini vurğulayırıq».

Qeyd edək ki, Çin təmsilçisinin Obamaya cavabı təsiri bağışlayan fikirləri də diplomatikliyin gözlənilməsi baxımından kifayət qədər maraqlıdır: «İnsan haqları ilə bağlı dünyada müxtəlif səpkili problemlər mövcuddur. Hər zaman nəyisə daha yaxşı etmək mümkündür. Çin son 30 ildə insan hüquqlarının qorunması istiqamətində heyrətamiz uğurlara imza atıb».

Göründüyü kimi, Vaşinqtonun Çini özünə əngəl olmaqdan daşındırmaq istəyi baş tutmayıb. Belədə ABŞ təbii ki, Pekinə qarşı ənənəvi təsir vasitələrindən yararlanmağa çalışacaq. Buna misal kimi Dünya Bankının rəhbəri Robert Zellikin fikirlərini göstərmək mümkündür. DB Pekinin iqtisadi islahatlar aparmalı olduğunu bildirməklə əslində beynəlxalq ictimaiyyətin diqqətini ölkənin proteksionist siyasətinə yönəldir ki, bu isə birbaşa Birləşmiş Ştatların mənafeyi ilə uzlaşır. Yeri gəlmişkən, Amerika Çin iqtisadiyyatındakı artımı özünün hegemonluğuna qarşı ən böyük perspektiv maneə kimi dəyərləndirir.

Beləliklə ABŞ-ın Yaxın Şərq məsələsində, konkret olaraq Suriyada dəstək almadığı məlumdur. Əslində Rusiyanın BMT TŞ-dəki vetosu Avropanı da pis vəziyyətdə qoyub. Qitədə yaxşı anlayırlar ki, İran neftindən etiraz etməklə Vaşinqtonun tələsinə düşüblər. Buna görə hazırda Ağ Evin bölgədən dəstəyi real görünmür. Tehranın İngiltərə və Fransaya «qara qızıl»ın nəqlini dayandırmasından sonra onsuz da böhran dövrünü yaşayan Avropada narahatlıqların dərinləşəcəyi məlumdur. Bu isə o deməkdir ki, köhnə qitənin aparıcı ölkələri Liviyada olduğu kimi, Suriyada ABŞ-ın maraqlarının müdafiəçisinə çevrilməyəcəklər. Üstəlik Moskvanın məsələdəki mövqeyini nəzərə alsaq, qətiyyətlə demək olar ki, Avropanın hər hansı müdaxiləsi onu Rusiya qazından məhrum olmaq təhlükəsi ilə üzləşdirəcək.

Rusiyanın veto qərarı ABŞ-ın bölgədəki əsas müttəfiqi sayılan Türkiyənin də gözləmə mövqeyinə keçməsinə gətirib. Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın anti-Suriya bəyanatlarının yoxluğu fonunda Ankaranın insan hüquq və azadlıqlarının qorunmasına, ən başlıcası isə müsəlman təəssübkeşliyinə hesablanan pafoslu bəyanatları azalıb.

İranla ənənəvi casus oyunlarında iştirak edən İsrailin də bölgədə ABŞ-ın xeyrinə hansısa addımlar atmaq şansları tükənib. Çünki ölkənin hədəf götürdüyü Tehran Birləşmiş Ştatların hədələrindən çəkinmir. O da görünür ki, Rəsmi Tel-Əviv Rusiya və Çinlə məsələnin böyüdülməsinə yönələn hansısa qlobal prosesə qatılmaq niyyətindən uzaqdır.

Belədə ABŞ-ın beynəlxalq arenada təkləndiyini söyləmək olar. Lakin siyasi ekspertlər bu qənaətdədirlər ki, Birləşmiş Ştatlar inadından dönmək istəməyəcək. Ötən həftə ölkənin dövlət katibi Hillari Klintonun medianın gündəmini zəbt edən çıxışları da bunu deməyə əsas verib.

H.Klinton əvvəlcə dünyanı Rusiya və Çinin Suriya məsələsindəki mövqeyinə təsir göstərməyə çağıran bəyanat səsləndirib. Bir çox müşahidəçilərin real məntiq görmədikləri bu bəyanatda daha çox qəzəb elementləri duyulmaqdadır. Çox güman, ölkənin hiddəti müttəfiqlərinə ünvanlanıb. Dolayısıyla ABŞ demək istəyir ki, heç bir dövlət Suriya məsələsində Moskvaya və Pekinə qarşı çıxmır. Ola bilər, bəyanat hədələyici xarakter daşıyır. Yəni, Ağ Ev Rusiya və Çini dünyanı onların üzərinə qaldıra biləcəyi ilə qorxutmaq yolu tutub ki, onların Suriya məsələsindəki mövqeləri yumşalsın. Lakin göründüyü kimi, qarşı tərəf(lər) məsələyə ciddi əhəmiyyət verməyib.

Belədə Klinton daha bir bəyanatla çıxış edib və bildirib ki, Suriyaya kənar müdaxilə ölkədəki konflikti aradan qaldırmayacaq, əksinə vətəndaş müharibəsini daha da dərinləşdirəcək. Bu, dolayısıyla o deməkdir ki, Birləşmiş Ştatlar ölkədəki planlarından vaz keçməyəcək.

Nəzərə alsaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bəşər Əsədlə danışıqlarından sonra Suriya lideri üsyançılara qarşı daha qəddar tədbirlərə əl atıb, bu zaman Klintonun kənar müdaxilə dedikdə Kremli nəzərdə tutduğu məlumdur.

Deməli, ABŞ dövlət katibinin fikrində vətəndaş müharibəsinin dərinləşməsi ilə bağlı ifadə olunan məqam əslində ABŞ-ın daha böyük konfliktdən çəkinməcəyindən xəbər verir. Təsadüfi deyil ki, dövlət katibi Suriya müxalifətinin yalnız yüngül çaplı silahlarla təchizatının prezident Bəşər Əsədin sərəncamında olan ağır texnika və artileriya ilə müqayisədə yetərsizliyindən də söhbət açıb.

ABŞ-ın Yaxın Şərqdəki istəklərində inadkarlığından xəbər verən növbəti məqam da kifayət qədər maraqlıdır. Məlumdur ki, Ağ Ev vaxtilə Əfqanıstanda maraqlarını gerçəkləşdirmək, ölkədəki intervensiyasına sivil don geydirmək üçün «terror kartı»ndan faydalanıb. Oxşar motivlər bir qədər fərqli formada İraq kampaniyasında da nəzərə çarpıb. Lakin Bin Ladenin öldürülməsindən sonra belə təsəvvür formalaşıb ki, Vaşinqton ənənəvi siyasətindən daşınıb, dünyanın ələ saldığı primitiv terrorçu axtarışlarından uzaqlaşıb. «Ərəb baharı» da deyimin doğruluduğu təsdiqləyib.

ABŞ qlobal maraqlarının gerçəkləşməsində istifadə etdiyi «terrorçu ovları»nı «diktator ovları» ilə əvəzləyib. Tünisdə, Misirdə, Liviyada məhz diktator kimi təqdim edilən şəxslər sıradan çıxarılıb. Amma indi Suriyada baş verənlər onu göstərir ki, dünya «diktator ovları»nın əslində hansı marağa hesablandığının fərqindədir. Mövcud durumda Birləşmiş Ştatlar üçün yenidən «terror kartı»ndan faydalanma zərurəti yaranıb. Diqqət yetirək, Suriyaya kənardan güclü müdaxilənin olduğunu vurğulayan dövlət katibi ABŞ-ın terrorçu təşkilat kimi dəyərləndirdiyi «Əl Qaidə» və «Həmas»ın fəaliyyətdə olduğu bölgədə vəziyyətin daha gərgin xarakter ala bilməsindən söhbət açıb.

Sonda belə nəticəyə gəlmək olar ki, ABŞ-ın Yaxın Şərq siyasəti dalana dirənib. Əlbəttə, terrorla mübarizə adı altında bölgədə açıq hərbi müdaxilə gerçəkləşdirmək kimi qurşaqdan aşağı zərbələr Vaşinqton administrasiyasının təbiətinə xasdır. Amma bu halda əsl məqsədlərin pərdələnməsi, dünya ictimaiyyətinin məsələyə etirazını bildirməsi ehtimalı böyükdür ki, bu isə Ağ Evin beynəlxalq imici baxımdan yolverilməzdir. Bin Laden səviyyədə terrorçunun tezliklə yetişdirilməsi də çətindir. Deməli, Birləşmiş Ştatlar üçün bundan sonrakı başlıca vəzifə terrorun belə demək mümkünsə, əvvəlki «nüfuzunu» qaytarmaq istiqamətdə hansısa addımlar atmaq olmalıdır. Bu baxımdan yeni «11 sentyabr»ın, eləcə də terrora qarşı sərt ictimai reaksiyanı doğura biləcək digər hadisələrin baş verməsi gündəmə gələ bilər

168.az-ın Analitik Qrupu

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə