Putinin göz yaşlarındakı Rusiya (TƏHLİL-VİDEO)

Siyasətdə göz yaşları. Səhnə Rusiya üçün heç də yenilik deyil. Vaxtilə ölkənin parçalanmaq təhlükəsində olduğu dönəmdə o zamankı prezident Boris Yeltsin hazırkı dövlət başçısı Vladimir Putini belə desək, kəşf etdi və ikincinin yanında göz yaşlarına hakim kəsilə bilmədi.

Yeltsin bacarmadı, amma görünür, içində gizlətdiyi istək və xələfinə bəslədiyi ümid onu ağlatdı. Bu ümid Rusiyanı əvvəlki tək güclü və qüdrətli görmək niyyətindən, rus ictimaiyyətinin məsələyə necə böyük dəyər verməsinin duyulmasından, cəmiyyətin ruhu ilə hesablaşmaqdan irəli gəlirdi.

Üzərindən xeyli müddət keçib və bu gün Rusiyanın siyasi səhnəsində yenə göz yaşları axır. Bu dəfə keçmişdəki Rusiyanın güclənməsindən, daha böyük perspektivinin olmasından, ən əsası həmin gələcəkdə özünü görməsindən sevinən Putindir.

Hazırda dünyanı düşündürən ən mühüm məqəm Vladimir Putinin göz yaşlarının obrazlı desək, selə çevrilib-çevrilməyəcəyidir. Heç şübhəsiz, göz yaşları səmimi səciyyə daşımalı, məsuliyyət, Rusiyanın mənafelərinin qorunmasında məcburiyyət yaratmalıdır. Bunun dəyərləndirilməsi Kremlin yeni-köhnə sahibinin təkcə dövlət başçısı deyil, siyasətçi və şəxsiyyət kimi gələcək taleyi baxımdan da önəmlidir.

Siyasi müşahidəçilər mövcud məqama diqqət yetirərək Putinin qarşıdakı fəaliyyətini proqnozlaşdırmağa çalışırlar. Mülahizələr içərisində bir neçə variant önə çəkilir ki, birincisi Avropa ölkəsi üçün xarakterik sayılmayan «Belarus ssenarisi»nin təkrarlanması, təxminən özünütəcrid siyasətinin yeridilməsidir. Digəri əvvəlki qaydada idarə etmək, elə görüntü yaratmaq ki, heç nə baş vermir. Üçüncü istiqamət tədricən modernizasiya yolu tutmaqdır. Əlbəttə, V.Putin variantları birləşdirə və ya fərqli kurs və strategiya seçə bilər. Hər halda həmin yol tamamilə yeni olmalıdır ki, «Moskva göz yaşlarına inansın».

V.Putin istər baş nazir, istərsə də prezident olduğu müddətdə güclü Rusiyanın yaradılmasına girişib, dövlət aparatını sabitləşdirib, sosial-iqtisadi sahədə islahatlar aparıb. Lakin güclənən dövlət aparatı korrupsiya və rüşvətxorluq kimi bəlaları sıradan çıxarmayıb, əksinə sabitləşmə fonunda sadalanan naqisliklər də yerini möhkəmləndirib. Hadisələr qəribə, bəlkə də klissik Şərq idarəçilik üsuluna xas tərzdə cərəyan edib. Artımla, irəliləyişlə bağlı nə qədər göstəricilər səslənsə də, orta statistik rusun yaşam tərzində əsaslı dəyişiklik yoxdur.

Demək olmaz ki, rus xalqı ağır məhrumiyyətlər içərisindədir. Əslində heç vaxt pis gündə olmayıb da. Bəlkə özünün təfəkkür tərzi və «butulka düşüncəsi»nə uyğun olaraq daha yaxşı vəziyyəti heç təsəvvürünə də gətirməyib. Amma rus insanı yaşayıb, yaradıb.

Ruslar Yeltsinin əlindən necə deyərlər, su içdiyi ilk gündəncə Putindən çörək və teatr istəməyiblər. Onda nəzərlərində canlandırdıqları və varlıqlarına ehtiyac duyduqları İvan Qroznını, I Pyotru, Kutuzovu, Suvorovu, Stalini görüblər və liderləri özünəməxsus xarizması ilə ümidlərini hansısa mənada doğruldub. Qeyd etdiyimiz kimi, Putin Rusiyanı parçalanmadan, xaosdan, eksterimist qüvvələrdən qoruyub. Lakin indi elə bir zaman yetişib ki, yeni prezident daha çox işlər görməlidir. Rus ictimai rəyi həmin işlərin böyük hesabla təkcə Rusiya ilə bağlı olmağını istəmir.

V.Putin SSRİ-nin iflasından sonra dünyada qərarlaşmış təkqütblü siyasi sistemə kökündən zərbə vurmalıdır. Rusiyanın əvvəl keçmiş Yuqoslaviyada, sonra Əfqanıstanda, daha sonra İraqda, «ərəb baharı» fonunda Yaxın Şərqdə itirilmiş nüfuzunu bərpa etməlidir. Üstəlik Ukrayna və Gürcüstan uğursuzluqlarını tamamilə unutdurmalıdır.

Doğrudur, Kreml dolayısıyla sonunculara təsir rıçaqlarını kifayət qədər bərpa edə bilib.  Putinin səyləri ilə xüsusən də Ukraynada «narıncılıq»dan əsər-əlamət qalmayıb. Gürcüstanı isə Moskva faktiki olaraq özü xərcləməli olduğu pulu amerikalılara xərclədərək idarə edir. 2008-ci ildə Cənubi Osetiya və Abxaziya böhranları sonrası rus qoşunlarının paytaxt Tbilisinin həndəvərinədək çatmağa cürət etmələri «şimal küləkləri»nin ölkə üçün hələ də soyuqlar gətirmə ehtimalının böyüklüyünü göstərib. Rusiya hakimiyyəti Gürcüstan prezidenti Mixail Saakaşviliyə «qızıl gül»ün artıq solduğunu isbatlayıb. Yeri gəlmişkən, Saakaşvilinin siyasətçi kimi göz yaşlarının axması da məhz həmin dövrə düşüb… Bax, əslində rus insanının öz ölkəsindən gözlədiyi elə budur. Belə ağlamaların çoxalacağına bəslənilən ümid Putinin hazırkı qələbəsini şərtləndirən cəhətlərdən biri və ən mühümüdür. Amma hamısı deyil.

Rusiya «Amerikanın uşaqları»na deyil, gücünü onun birbaşa özünə göstərməlidir. Prosesdə hər şey dəqiq, sərt, mükəmməl şəkildə ölçülüb-biçilmiş, yeri gəlsə, bəlli diplomatik norma və prinsiplərdən kənar olmalıdır. Birləşmiş Ştatların tarixi boyu çəkindiyi, ehtiyatlandığı kompromissizlik, prinsipiallıq yoluna qədəm qoyulmalıdır. Təsadüfi deyil ki, hələ 4 mart seçkisindən öncə ABŞ dairələrində bununla bağlı narahatlıq ifadə olunub. Əsasən baş nazirin prezident postuna əyləşməsi ilə NATO-nun Şərqə doğru genişlənməsinin üzərindən birdəfəlik xətt çəkiləcəyi vurğulanıb.

Qərbin Şərqə nüfuzu dolayısıyla Rusiyanın da parçalanması deməkdirsə, göz yaşlarına hakim kəsilə bilmədiyi gün V.Putin əslində ölkəsinin bölünməyəcəyini vurğulayıb və dünyaya kifayət qədər incə hesablanmış təsirli mesaj ünvanlayıb.

Nəzərə alsaq ki, V.Putin yeni Rusiya düzəninə Yaxın Şərqdəki proseslərə, xüsusən də Suriya hadisələrinə barışmaz reaksiya şəklində başlayıb, bu tonu saxlamaq çox vacib olacaq. Kremlin yeni rəhbəri sübut etməlidir ki, belə mövqe təkcə daxildəki mühafizəkar elektoratı ələ almaq niyyətindən irəli gəlməyib.

Hazırda Moskva insan hüquq və azadlıqlarının təminatı, xalqları avtoritar rejimlərin caynağından qurtarmaq kimi fikirlərin Birləşmiş Ştatların ağalıq ssenarisinin tərkib hissəsi olmasına dair dünyada formalaşmaqda olan baxışları yönləndirməlidir. Bu mənada Suriyadakı vəziyyəti tamamilə nəzarətə almaq xüsusi önəm daşımalıdır. Avropanın qeyri-müəyyənliyindən, durğunluğundan yetərincə faydalanılmalıdır. Əgər Rusiya BMT-nin Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoymaqla başladığı prinsipiallığında sonacan dayansa, ABŞ-ın «soyuq müharibə»dən sonrakı məğlubiyyətsizlik seriyasına son qoyulacaq. Birləşmiş Ştatların qlobal planlarına ciddi psixoloji zərbə vurulacaq.

Sadaladıqlarımızın və sadalamadığımız bir çox digər məqamların nəzərə alınması gələcəkdə Rusiyanın yeni prezidentinin belə demək mümkünsə, hazırkı göz yaşlarından irəli gələn fəaliyyətinin mühüm tərkib hissəsi olmalıdır. O zaman V.Putin aşağıdakı video-görüntüdə səsləndirdiyi və dahi Yeseninin qələmindən çıxmış sətirlərdəki istəyinə həqiqi mənada qovuşacaq. Bu qovuşma reallaşsa, onun əbədi olacağı və tarixdə dərin iz buraxacağı şübhəsizdir.

168.az-ın Analitik Qrupu

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə