Arzuların Avropasının süqutu (TƏHLİL)

Avropa böhranı aradan qaldıra bilmir, batır. Əlbəttə, bu deyim köhnə qitənin ərazi-coğrafi planına aid deyil. Söhbət Avropa ideyasından gedir. Sanki bir layihəyə çevrilmiş arzuların Avropasının iflası nəzərdə tutulur. Və əlbəttə ki, söhbət fenomenologiyanın banisi, alman filosofu Edmund Qusserlin 1938-ci ildə Avstriyanın paytaxtı Vyanada və Polşanın paytaxtı Praqada keçirilmiş konfranslar zamanı səsləndirdiyi fikirlərdəki ruhun ölümündən gedir.

Filosofun təbirincə desək, ümumi iş anlamında gözəl obraza doğru təsəvvürün və can atmanın ölüm halı yaşanır. İdeoloji kluarlarda bildirildiyi kimi, ataların yaratdığı Avropa tarix səhnəsindən silinib gedir. Doğrudan da yeni ideya olaraq xalqları İkinci Dünya Müharibəsindən çiçəklənmə, demokratiya yoluna çıxaran Avropa məfkurəsində ciddi çatların yarandığı göz önündədir.

Demokratiya ilk növəbədə Afinada məhv olur. Halbuki ellin dövrünün yadigarı olan bu məhfumun cəmiyyətin dərin qatlarına kök salması uğrunda müxtəlif vaxtlarda Şatobriandan Bayrona, Berliozdan Delakruaya, Puşkindən Viktor Hüqoyadək müxtəlif dövrlərin tanınmış sənət adamları, filosofları çarpışıb-vuruşublar. Hazırda isə onların heç birinin mənəvi irsinin varisi kimi meydana çıxan ideyalar toplusundan əsər-əlamət qalmayıb kimi görünür. Hər şey elə qurulub ki, sanki böyük avropalıların varisləri sayılan şəxslər mövcud olmaq uğrunda mübarizə apardıqları bir vaxtda ellinləri rüsvay etməkdə, məhz yunanların simasında sələflərinin meydana çıxardıqları bəşəri prinsipi dəfn etməkdədirlər.

Demokratiyanın növbəti məhv olma ünvanı Romadır. O Roma ki, mənəviyyatın və biliyin operasıydı. Məhz bu qədim şəhər-dövlətdə sonradan bütün dünyaya demokratiya modeli olaraq ixrac edilən dəyərlər, qanunla hüquq, insanla vətəndaş arasındakı fərqlər müəyyənləşmişdi. Bu Roma ənənələri zaman-zaman belə demək mümkünsə, berliskonizmin zəhəri ilə xəstələnərək hazırkı parok dövrünə qədəm qoyub. Avropa sivilizasiyası üçün çox şeylər etmiş bu mənəvi və mədəni paytaxt hazırda yaramaz maliyyə maxinasiyalarının hökmran olduğu yerə çevrilib. Əlbəttə, rüsvayçılıqdır.

Necə bir nəticəyə gəlmək olar? Demək olarmı ki, demokratiya özünün dayaqlarını hər yerdə itirir? Başqa cür düşünmək də olmur. Çünki əsrlər ərzində Avropanın dondurmaq, özündən kənarlaşdırmaq, kölgəyə salmaq istədiyi və insanların dinc birgə yaşam qaydalarını təhdid edən cərəyanlar dirçəlməyə başlayıb. Sanki bir vaxtlar Londonu, Berlini, Romanı, Parisi hərəkatlar bürüməmiş, məşhur çex yazıçısı Milan Kunderanın «əsir Avropa» adlandırdığı məkanın insanıyla həmrəylik nümayiş etdirilməmişdi. Eyni fikir azad ağılların kiçik internasionalına da aiddir. Axı, məhz o internasional 20 il öncə Avropanın ürəyi uğrunda mübarizə apararaq Sarayevadakı etnik təmizləmə siyasətinə qarşı haqq səsini ucaltmışdı. Görəsən, nə oldu? Nə oldu ki, artıq köhnə Avropa yoxdur?

Avropanı avronun sonsuz böhranı obrazlı desək, yuyub aparır. Elə təəssürat yaranır ki, bu vahid valyuta sanki uçan abstraksiyadır və onun arxasında hər hansı konkret iqtisadiyyat, resurslar, sistemli vergi təchizatı dayanmır. Axı, siyasi layihələrin dəstəkçisi qismində vahid valyutanın, ümumi bazarın çıxış etdiyi belə tezliklə unudulmamalıydı. Məgər vahid valyutanın mövcudluğu üçün minimum büdcənin, maliyyə normalarının, sərmaye prinsiplərinin, bütövlükdə ümumi siyasətin mövcudluğuna dair dəmir qanun yoxdurmu?

Hazırda böhrandan qurtulmaq üçün yollar axtarılır. Bərabərləşdirmə qaçılmaz kimi görünür və belə ideya irəli sürülür ki, federativ quruluş olmadan valyutanın xilası mümkünsüzdür. Daha dəqiq desək, siyasi birlik qurulmasa, valyutanın yalnız bir neçə on il ərzində ömrünü sürdürməsindən söhbət gedə bilər. Sonra ya yeni böhran dalğasından, ya da müharibədən süqut başlanacaq.

Başqa sözlə desək, siyasi inteqrasiya prosesində proqres yaranmasa, milli dövlətlərin varlığından və bununla da səlahiyyətlərin bir qismindən imtina edilməsə, yəni Avropa dövlətlərini əslində təcrid hala salan suverenlik tərəfdarlarının baxışlarından uzaq durulmasa, avro 150 il öncə ABŞ-dakı vətəndaş müharibəsində cənubluların qələbəsinin baş verəcəyi halda dolların gözlədiyi proqnozlaşdırılan aqibəti yaşayacaq.

Əvvəl Avropada deyilirdi: sosializm, yoxsa varvarlıq. İndi isə «siyasi ittifaq, yoxsa varvarlıq» formulu üzərində dayanılır. Bundan başqa federalimz, yaxud süqutdan, ardınca reqresdən, həyatın davamsızlığından, işsizliyin yüksək artımından, kasıblıqdan danışılır. Hətta belə bir fikir də bildirilir ki, ya Avropa siyasi inteqrasiya yolunda inamlı addım atır, ya da qitə tarixdən silinir, xaos məkanına çevrilir. Onu da nəzərə alaq ki, əslində siyasi inteqrasiyadan bir çox ədəbiyyatlarda, eləcə də qəbul edilən sənədlərdə geninə-boluna yazılır. Amma nəyəsə görə milli hislər onun gerçəkləşməsinə maneçilik törədir və nəticədə iqtisadi konsolidasiyanın yükü çəki etibarilə siyasi yaxınlaşmaya maneçilik törədən elementlərdən az çıxır. Beləcə natarazlıq da yaranır. İndinin Avropası məhz həmin natarazlıqdan əziyyət çəkərək əsrlər ərzində əldə etdiyi dəyərləri xərcləmək üzrədir.

Bütün bunlara görə də köhnə qitənin elitası ciddi şəkildə düşünür: ya siyasi ittifaqa getmək, ya da ölmək!

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə