Neokonservatizm, yaxud ABŞ-ın dünya hegemonluğunun ideya prinsipi (TƏHLİL)

Neokonservatizm İkinci Dünya Müharibəsindən sonra ABŞ-da formalaşmış başlıca ideya cərəyanıdır. XX əsrin 70-ci illərindən bu cərəyan ölkənin xarici və daxili siyasətinə gizli təsir göstərirdi. 80-ci illərdən başlayaraq isə sözügedən məfkurə faktiki olaraq Amerika hakimiyyətinin siyasi ideologiyası rolunda çıxış etsə də, neokonservatizmin statusu qeyri-rəsmi səciyyə daşımaqdadır.

1990-cı ildə ideoloji baxımdan dominant mövqe tutan Respublikaçılar Partiyası neokonservatorların düşərgəsinə çevrilməsi ilə xarakterik idi. Maraqlıdır ki, həmin vaxt cərəyan tərəfdarlarının əksəriyyətini əvvəllər Demokratlar Partiyasının fəalları olmuş şəxslər təşkil etdi. Neokonservatizmin başlıca ideyası isə dünyada Birləşmiş Ştatların liderliyinin təminatı, söz və ifadə azadlıqlarının, insan hüquqlarının qorunması üçün fəal, hətta lazım gəldiyi təqdirdə aqressiv birtərəfli siyasətinin reallaşdırılmasına yönəldi. Amma bu prosesə daha öncədən hazırlıq getmişdi. Təsadüfi deyil ki, hələ 1970-1980-ci illərdə neokonservatizmin xarici siyasət doktrinası ABŞ-ın dünya ağalığının yaradılması naminə mübarizə aparacaq «demokratik ölkələr» mühitinin formalaşmasına yönəlmişdi.

Ümumən cərəyanın xarici siyasət kursunun mərkəzi prinsipini ABŞ-ın milli maraqlarının mümkün qədər çox yayılmasını, bu siyasətə əks baxışların aradan qaldırılmasını, istənilən vasitələrlə sıradan çıxarılmasını təmin etməyə əsaslanır. Bu baxışlar 2002-ci ildə Birləşmiş Ştatların Milli Təhlükəsizlik Strategiyasında da əksini tapıb və həmin strategiya başlıca məqsədin gerçəkləşdirilməsi yolu ilə terrorizmlə qlobal mübarizəni, preventiv hərbi zərbələrin endirilməsini nəzərdə tuturdu.

Əslində neokonservatizmin təməli hələ «soyuq müharibə»nin başlandığı zaman qoyulub. Məhz həmin vaxt ABŞ-ın xüsusi xidmət orqanları onu kommunizmlə rəqabət aparmaq gücünə malik ideya kimi irəli sürdülər. Tədricən neokonservatorlar etilar qapalı təbəqəyə çevrilməyə başladılar. Onların əksəriyyəti mənşəcə yəhudidirlər və açıq sionizm ruhundadırlar. Yəqin elə buna görədir ki, ABŞ İsrail dövlətinin mənafeyini özunun milli maraqlarına yamaq edib.

Nekonservatorlar arasında nəzəriyyəçi ideoloqlar da var. Onlar Pentaqonda, Ağ Evdə və digər vacib orqanlarda mühüm vəzifələr tutublar və ideologiyanın tərcübədə həyata keçməsinə nəzarət edirlər.

Tarixə nəzər salsaq, İrvinq Kristol neokonservativ hərəkatın banisi sayılır. O, Norman Podqoreçlə birgə öz baxışlarını hələ ötən əsrin 50-60-cı illərində «Commentary» jurnalında açıqlamışdı. İdeyaların məğzini ABŞ-ın humanitar qlobal hegemonluğu təşkil edirdi. Bu yolda Birləşmiş Ştatların mənəvi, mədəni və sosial üstünlüyünü və siyasi dəyərlərini yaymaq prinsip olaraq götürülmüşdü. Hegemonluq isə Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı kimi institutların köməyilə təmin edilməliydi. Təbii ki, bu prosesdə hərbi potensialın artırılması və birbaşa hərbi müdaxilələr də mühüm yer tuturdu.

İrvinqin oğlu sosioloq Uilyam Kristol yazırdı: «…böyük dövlətlər üçün «milli maraqlar» geosiyasi anlayış deyil. Burada istisna kimi ticarət, ətraf aləmin qorunması məsələləri götürülə bilər. Yalnız kiçik millətlər ədalətli şəkildə hesab edirlər ki, maraqlar sərhədlərlə məhdudlaşır. Buna görə də onların beynəlxalq siyasəti həmişə qoruyucu xarakter daşıyır. İdentifikasiyası ideologiya üzərində qurulmuş böyük millətlər sözsüz ki, ideoloji maraqlara malikdirlər. Fövqəladə vəziyyətləri nəzərə almasaq, ABŞ həmişə özünü demokratik qüvvələri anti-demokratik rejimlərdən qoruyan qismində təqdim edəcək. Məhz buna görə də bizim milli maraqlarımızda İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniyanın və Fransanın müdafiəsi prioritet təşkil edirdi. Və məhz buna görə də bu gün biz İsraili müdafiə zərurətini hiss edirik. Burada millətin hansısa çətin geosiyasi izahlara əsaslanan milli maraqları tam istisnadır».

Söhbət belə demək mümkünsə, praktiklərdən gedirsə, bu zaman ilk növbədə 2001-2009-cu illərdə ABŞ-ın vitse-prezidenti postunu tutmuş Dik Çeyni yada düşür. O, neokonservatorluğun «Amerikanın müdafiəsini qurarkən» adlı konseptual sənədinin təşəbbüskarlarından idi. Sənəd «Yeni Amerika» layihəsi çərçivəsində hazırlanmışdı. Orada hərbi gücün köməyilə Fars körfəzi regionunda nəzarətin yaradılması vurğulanırdı.

Bütün bunlar öz yerində, amma əslində neokonservatizm bütöv sistem kimi daha cəlbedicidir. Həmin sistemdə isə müxtəlif tərkib hissələri var. Bu baxımdan sosioloq Deniel Bell ideya cəbhələrini dörd düşərgəyə bölür:

- Liberal konservatorlar - (görkəmli nümayəndəsi Milton Fridmen) azad bazara və fərdlərin öz həyatlarını müəyyənləşdirməsi hüququna inanırdılar.

- Konservativ konservatorlar - (Leo Strauss) onlar inanırlar ki, kütlə intellektual elitaya doğru yönlənməlidir. Senzurasız rüsvayedici kitabların oxunmasının qarşısını almaq mümkünsüzdür.

- Konservativ liberallar (Pol Samuelson) -  qarışıq iqtisadiyyat tərəfdarlarıdırlar.

- Liberal liberallar (Con Makhovern) - böyük dövlət xərclərinin tətbiqini və sosial dəstəyi əhəmiyyətli dərəcədə artırmağı vacib sayırlar.

Böyük aktual siyasi ensiklopediyada isə neokonservatizmlə əlaqədar daha bir maraqlı təsnifat irəli sürülür. Bu təsnifata görə:

- Liberalizm iqtisadi mərkəzçi cərəyandır. Məsələni iddia edənlər içərisində Xayek, Fridman kimi libertanizm fəlsəfəsini bölüşən şəxslər xüsusi fərqlənirlər. Burada fərdin hər cür məcburiyyətlərdən azad olması ideyası başlıca meyar kimi götürülür. Ədalət və bərabərliyə bazar iqtisadiyyatı və fərdlərin azadlığı kimi məhz azad rəqabət prizmasından yanaşılır. Bildirilir ki, azad bazar cəmiyyətin hər bir üzvünün imkanlarını realizə etmək şansını tanıyır.

- Etnosentrizm. Bu cərəyan öz təsdiqini Fransadakı yeni sağların ideologiyasında daha çox tapır. Sosioloq alim Benuanın baxışlarına söykənir. Etnosentrizm mədəniyyətin və etnosun problemlərini əsas götürür. Yeni sağların baxışlarına görə, Avropa mədəniyyəti kelt-alman köklərini yadda saxlamalıdır və özünə yad sayılan yəhudi-xristian və ərəb (islam) ənənələrindən uzaqlaşmalıdır. Neokonservatizmin bu variantında konservatizmin dinə, xüsusən də xristianlığa əsaslanmış köhnə cəhətlərindən fərqlilik var. Əslində isə iradlar daha çox dinə yox, birbaşa xristianlığa qarşıdır. Neokonservatorların fikrincə, xristianlıq XIX-XX əsrlərdə Avropada sosializmin və kommunizmin yaranmasına səbəb oldu.

- Neokonservatizmin üçüncü və ortodoksal konservatizmə daha yaxın olan təsnifatında cərəyan ənənələrə, daimi dəyərlərə və ideya institutlarına sadiq qalır.

Neokonservatizm əvvəllər də Birləşmiş Ştatlara böyük rol verirdi. Buna misal kimi Vyetnam müharibəsi və SSRİ ilə aparılmış «soyuq müharibə» qeyd edilir. O dövrün xarici siyasəti ABŞ-ın daxili siyasətini təmin etmək naminə başqa ölkələrdə demokratik rejimlərin dəstəklənməsini, o cümlədən maliyyələşdirilməsini, müxalifət qüvvələrinə kömək göstərilməsini, hətta birbaşa hərbi müdaxiləni də nəzərdə tuturdu. Burada eyni zamanda Ştrausun ezroterik «xoş məramlı yalan»ından da istifadə edilirdi. Məsələyə birbaşa ideya baxımından yanaşsaq, neokonservatorların üç başlıca ideyası aşağıdakılardır:

ABŞ-ın qlobal hegemonluğunun dəstəklənməsi üçün hər il hərbi büdcənin artırılması. İdeya Birləşmiş Ştatların hərbi gücünün istənilən potensial təhlükə mənbəyinin hərbi gücünü bir neçə dəfə üstələməsini mühüm şərt olaraq müəyyənləşdirir;

Cəmiyyətdə ABŞ-ın hərbi nüfuzunun artırılması. Ordu və cəmiyyət arasındakı uçurumu aradan qaldırmaq, hərbi xidmətlə bağlı təbliğatı gücləndirmək əsas sayılır. Hər bir vətəndaş orduya xidməti özünün borcu saymalıdır;

Mənəvi aydınlıq. Bu prinsip hər hansı düşmənçilik aktlarının baş verməsini gözləmədən demokratiyanı, bazar iqtisadiyyatını və azadlıqlara ehtiramla yanaşmanı bütün dünyaya yaymaq üzərində köklənib;

Bəs, görəsən, neokonservatorlar nəyə görə İsraili dəstəkləyirlər? Məsələ burasındadır ki, onlar qeyri-sabit Yaxın Şərq regionunda İsrailin simasında Amerika ordusuna kömək bazasını görürlər. Cərəyanın təmsilçiləri üçün İsrail regionda demokratiya rəmzidir. Hesab edilir ki, avtoritarizm və teokratiya Yaxın Şərqdə anti-amerikanizmin çiçəklənməsinə və yayılmasına gətirir. Regionun demokratik islahatlardan keçməsinin zəruriliyini vurğulayan neokonservatorların bu istiqamətdəki fəaliyyətə məhz İraqdan başladıqları məlumdur.

Neokonservatorların strukturuna gəlincə, aşağıdakıları fərqləndirmək mümkündür:

1) Neokonservatorların «beyin mərkəzi» ABŞ-ın Müdafiə Nazirliyinə yaxın qeyri-dövlət institutlarının tərkibində yerləşir.

a) Amerika sahibkarlığı İnstitutu. Burada artıq uzun müddətdir ki, Birləşmiş Ştatların sabiq vitse-prezidenti olmuş Dik Çeyninin həyat yoldaşı Linn Çeyni çalışır. İnstitutun əməkdaşlarının üçdə ikisi prezident Barak Obamanın administrasiyasında müəyyən vəzifələr tuturlar.

b) Yeni Amerika əsri layihəsi. Bu, əslində Amerika sahibkarlığı İnstitutunun layihəsidir.

c) Milli Təhlükəsizlik üzrə Avropa İnstitutu. İsrailin «Likud» partiyası tərəfindən dəstəklənir. İnstitut Amerikanın analitik mühafizəkar mərkəzlərini İsrailin lobbi və diaspor təşkilatları ilə əlaqələndirir. Bu əlaqələndirmə Ağ Evlə də aparılır.

2. ABŞ Dövlət Departamentinə yaxın qeyri-hökumət strukturları. Bu sırada Mövcud təhlükələrlə bağlı Komitəni, Xarici əlaqələr üzrə Şuranı, Demokratiyanı müdafiə Fondunu, Yaxın Şərq Forumunu, Çeçenistanda sülh üzrə Amerika Komitəsini göstərmək mümkündür.

3. Neokonservativ mərkəzlərlə qarşılıqlı əlaqələrin qurulması sahəsində xidmət göstərən qeyri-hökumət təşkilatları. Bu cərgədə ilk olaraq SSRİ ilə aparılan «soyuq müharibə»də qələbəni təmin etmiş və fikirlər fabriki kimi dəyərləndirilmiş «REND Korpareyşn»i fərqləndirmək olar.

Azərbaycana da yaxından tanış olan «Fridom haus» hüquq-müdafiə təşkilatı da vurğulanmalıdır. Təşkilat 1941-ci ildə yaradılıb.

Daha bir qurum nüfuzlu İrs Fondudur (Heritage Foundation). 1980-ci ildə bu təşkilat hadisələri qabaqlayaraq «Liderlik mandatı» adlı minillik proqram işləyib hazırlamışdı. Sənəd 70-80-ci illərin konservativ inqilab doktrinası kimi dəyərləndirilirdi və təbii ki, SSRİ-nin süqutunda həlledici rol oynamışdı.

4. Tərkibində nüfuzlu kütləvi informasiya vasitələri olan media imperiyaları

Bu baxımdan «Foks nyus» respublika yönümlü teleşəbəkənin adı ilk növbədə çəkilir. Təbii ki, şəbəkə orientasiyasını daha çox demokratlar üzərində götürür.

Konrad Blekin rəhbərlik etdiyi «Milli maraqlar» (The National Interest) jurnalı da xüsusi vurğulanmalıdır. Jurnalın tərkibinə «Yerusəlim post», həmçinin İngiltərədə və Kanadada böyük nüfuzu malik «Holinqer» qəzet imperiyası da daxildir.

«Vaşinqton tayms». Ona Cənubi Koreya peyğəmbəri kimi qələmə verilən San Mun Men rəhbərlik edir.

Bütün bu deyilənləri ümumiləşdirirək onu da demək olar ki, nekonservatorlar əslində ilk baxışdan üzdə olan, eyni zamanda qapalı bir elitar təbəqəni təmsil edirlər. Onun üzvləri isə bir-biriləri ilə həm qohumluq əlaqələri, həm də biznes münasibətləri baxımından bağlıdırlar. Onlar siyasətə həm xidməti vəzifələrinin icrası yoluyla, həm şəxsi əlaqələrilə, həm də qeyri-hökumət təşkilatlarının köməyilə nüfuz edirlər.

Neokonservatorlar inanrırlar ki, SSRİ-nin iflasından sonra ABŞ dünyada yeganə böyük dövlət oldu və bu statusu mümkün qədər uzun müddət saxlamaq, Birləşmiş Ştatlarla paritetə nail olmaq istəyənlərin cəhdlərini əngəlləmək, zəruri vəziyyətlərdə hərbi gücə də əl atmaq lazımdır. Onların fikrincə, ABŞ hegemonluğunu dünyanın Amerika formulu kimi yeritməlidir. Bu formulda isə xoşagəlməz ölkələrdə rejimlərin dəyişdirilməsi mühüm həlgəni təşkil edir. Neokonservatorlar eyni zamanda hesab edirlər ki, İkinci Dünya Müharibəsindən sonra əsası qoyulmuş və hazırda BMT-nin Təhlükəsizlik Şurasının qərarlar çıxararkən söykəndiyi unilateralizm prinsipi köhnəldiyindən mövcud istiqamətdə dəyişiklik aparılmalıdır. Bu xüsusda dövriyyəyə buraxılan başlıca fəaliyyət zərurəti ABŞ-ın ona hücumu gözləmədən hücuma keçməsidir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə