Çinin SSRİ dərsləri, yaxud Si Çzinpin Qorbaçovdan necə fərqlənmək istəyir? (TƏHLİL)

Bu günlərdə ABŞ-ın məşhur «Nyu-york tayms» qəzetində Çinin yeni lideri Si Çzinpini qoyun görməkli mühafizəkar kimi göstərən material dərc olunub. Doğrudur, nəşrin məlumatında bildirilib ki, Çzinpin islahatların keçirilməsinə dair fikirlər səsləndirərkən SSRİ rəhbəri Mixail Qorbaçovun səhvlərini təkrarlamayacağına dönə-dönə söz verib.

Əlbəttə, Si Çzinpinin Çin Kommunist Partiyasının ali rəhbərliyində təmsil olunan şəxslərin qarşısındakı çıxışında ölkədə islahatların aparılmasının zəruriliyini dilə gətirməsi ən başlıca məqamlardandır. Həm də ona görə ki, Qorbaçovun «yenidənqurma» adı altında həyata keçirdiklərinin nəticəsi məlumdur. Çin üçünsə keçmiş müttəfiqinin aqibəti həm də bir dərsdir.

SSRİ-yə münasibət

Çinin SSRİ-yə münasibəti həmişə göz qabağında olub. Ölkələr arasındakı yaxınlığa baxmayaraq, ÇKP-nin liderləri Sovet İttifaqına heç də marksizmin üstünlüklərinin bərqərar olduğu nümunəvi məkan kimi yanaşmayıblar. SSRİ Çinə məhz dağıldıqdan sonra daha cəlbedici görünməyə başlayıb. Bu mənada Si Çzinpin keçmiş imperiya ilə bağlı düşüncələri olan ilk lider də deyil. Digər tərəfdən, artıq 20 ildən çoxdur ki, mühafizəkarlardan tutmuş liberallaradək bütövlükdə Çinin siyasi palitrasının nümayəndələri Sovet İttifaqının süqutunun səbəblərini araşdırırlar. Məsələyə diqqət o qədər böyükdür ki, Çin Xalq Respublikasının ictimai elmlər akademiyasının ayrı-ayrı müəssisələrində belə demək mümkünsə, Çin marksizminin üstünlükləri geniş tədris olunur və mövcud sahədə aparılmış tədqiqatlar sonrası əsasən belə nəticəyə gəlinir: ÇKP xaricdən təzyiq olmayanadək korrupsiya və digər sosial problemləri yoluna qoymalıdır… Qeyd edək ki, bu barədə və ümumiyyətlə Çinin SSRİ-nin dağılmasından dərs götürməsinin müxtəlif məqamları ilə bağlı Devid Şambonun 2009-cu ildə çapdan çıxmış «Çin Kommunist Partiyası: astrofiya və adaptasiya» kitabında da ətraflı qeyd olunub.

Sözügedən nəşri vərəqləyərkən Çinin partiya liderlərinin islahatları necə qarşıladıqları barədə aydın təsəvvür formalaşır. Şambonun tədqiqatları göstərir ki, islahatlar mövzusu Pekinin və Şanxayın siyasi dairələrində ən çox müzakirə predmetinə çevrilən məsələlərdəndir. Ölkənin əvvəlki lideri Xu Çzintaonun hakimiyyətinin aralıq mərhələsində, Çinin rəsmi mətbuatının Qərb təsirinə məruz qaldığı bir dönəmdə korrupsiya söz-söhbətləri daha çox yayılırdı. Şambo isə kitabında vurğulayır ki, Xu Çzintao korrupsiya ilə mübarizəni partiya daxilində nizam-intizamı yaratmaqla həyata keçirmək istəyib. Lakin bu üsul gözlənilən nəticəni verməyib.

Maraqlıdır ki, hazırda Çinin hakim siyasi elitası yerində olmayan islatahların Qorbaçovun siyasətinin səhvlərindən olması ətrafında düşünməyə başlayıb. Başlıca vurğu ona qoyulub ki, SSRİ liderinin rəhbərliyi altında Kommunist Partiyası ölkədəki iqtisadi inkişafı təmin edə bilmədi. Eyni zamanda effektiv idarəçilik metodu irəli sürməkdə çətinlik çəkdi. Çinin İctimai Elmlər Akademiyasında məhz SSRİ üzrə mütəxəssis olan Li Çzinçze də Şambo ilə söhbətində mövcud məqama diqqət yetirib. O bildirib ki, Sovet İttifaqının dağılmasının əsas səbəbi ölkənin dəyişməyi bacarmamasıdır: «SSRİ-nin süqutu partiyanın suqutu idi. İttifaqın kommunist liderləri iqtisadiyyatdan heç nə anlamırdılar və inadkarcasına dəyişikliklərdən qaçırdılar. Gözləri tutulmuşdu. İnanırdılar ki, modelləri işləyir. Sovet İttifaqının Kommunist Partiyası yeni dövrün reallıqlarını uyğunlaşmırdı. 70 illik hakimiyyət müddətində qurum demokratiya yoluna qədəm qoymaq istəmədi. Qorbaçovun zamanında buna gediləndə isə artıq çox gec idi. Heç yenidənqurma strategiyası da düzgün seçilməmişdi. Qorbaçovun dönəmində həyata keçirilənlər əslində SSRİ-nin süqutunu bir qədər də tezləşdirdi».

Qorbaçovdan fərqlilik

Hazırda Çinin gənc liberalları üçün Rusiya qorxulu bir yerdir. Mövcud xüsusda ona da diqqət yetirək ki, Çində SSRİ-nin dağılmasını böyük hesabla demokratiyanın təntənəsi kimi yox, həddən artıq azadlıqların vaxtından öncə verilməsinin doğurduğu özbaşınalığın bariz nümunəsi olaraq dəyərləndirirlər. Ümumən çinlilərin əksəriyyətinin baxışlarında Rusiyanın demokratik idarəçilik yoluna qədəm qoyması birinci növbədə ərazinin böyük hissəsinin itirilməsi, yeni dövlət quruluşlarının formalaşması ilə assosiasiya olunur. SSRİ də dağılanda torpaq itkisi baş vermiş, 15 müttəfiq respublika müstəqilliklərini elan etmişdi. Ərazisində separatçı meyllərilə xarakterik iki böyük əyalətin mövcudluğunu nəzərə alsaq, Çin hökuməti, elə ictimaiyyəti də əslində başqa cür düşünməməlidir. Və onlar üçün Koreyanın və Tayvanın modeli daha cəlbedici görünməlidir. Qeyd edək ki, həm Koreyada, həm də Tayvanda sistemli iqtisadi inkişaf və tədricən orta sinfin sərhədlərinin genişləndirilməsi nəticəsində demokratiyaya keçid kifayət qədər sakit məcrada baş vermişdi.

Bütün bunları nəzərə alsaq, Si Çzinpinin çıxışında SSRİ-nin mənfi təcrübəsini yada salması elə-belədən deyil. O, əslində ÇKP-nin üzvlərinin diqqətinə Çində islatahların zəruriliyini çatdırmaqla heç də kommunizmin ideoloji bazasından uzaqlaşmağı vacib saymayıb. Uzaqlaşmanın mümkünsüzlüyünü dəfələrlə vurğulayıb. Əlbəttə, o, hələlik islahatlar dedikdə ölkədə senzuranın aradan qaldırılmasının, peşəkar ordunun yaradılmasının və klassik demokratik cəmiyyət baxımından səciyyəvi sayılan digər məsələlərin zəruriliyini də bildirməyib. Ancaq yenə də kim ehtimal edə bilərdi ki, Çinin əvvəlki rəhbərliyinin xeyir-duası ilə hakimiyyətə gəlmiş birisi ümumi axarı hansısa formada dəyişmək barədə ciddi-ciddi düşünəcək? Amma görünr, bu, reallığa çevriləcək.

Çzinpin qoyun olmaya bilər

Sonda onu da bildirək ki, Çinin yeni liderinin sovet mirasına müraciəti ölkəsində mütəmadi surətdə  gerçəkləşdiriləcək islahatların reallaşdırılmasına işarə kimi qiymətləndirilsə də, şübhəsiz, mövcud  dəyərləndirmə yeniliklərin məhz əvvəlki sistem daxilində gerçəkləşməsinin mümkünlüyü prinsipinə söykənir. Korrupsiya ilə ciddi şəkildə mübarizə aparmaq, daxili bazarı inkişaf etdirmək və ya dövlətin iqtisadiyyatdakı rolunu azaltmaq - bütün bunlar məqsəd və vəzifələrin icrası mexanizminin effektivliyindən asılı olaraq, Qorbaçovun yolunu davam etdirmək deyil, həqiqi inkişafa çatmaq istəyinin real vasitələri kimi gerçəkləşə bilər. Yəni, Si Çzinpinin amerikalıların söylədikləri kimi, qoyuna çevrilməyəcəyi daha çox proqnozlaşdırılandır.

168.az-ın Analitik Qrupu

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə