Ərdoğanın anti-İsrail çıxışı, yaxud sionizmin bəşəri cinayət dövrünün “təhqir mərhələsi” (TƏHLİL)

Hazırda dünya Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın anti-İsrail çıxışından, xüsusən yəhudi sionizmini faşizmlə müqayisə etməsindən danışır. Ankaranın ali təmsilçisi Vyanada BMT-nin «Sivilizasiyanın alyansı» forumundakı çıxışında bildirib ki, «islamafobiya sionizm, antisemitizm və faşizm kimi insanlıq əleyhinə cinayət olaraq qiymətləndirilməlidir».

Məlum olduğu kimi, Türkiyənin baş nazirinin söylədiklərinə ABŞ reaksiya verib. Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbəri Con Kerri Ərdoğanın fikirlərinin həddən artıq təhqiredici səciyyə daşıdığını vurğulayıb. Təbii ki, hökumət rəhbərini qınağa çəkənlər içərisində Qərbi Avropanın yəhudi icmaları və İsrail dövlətinin özü də var.

Ekspertlər bildirirlər ki, Ərdoğan belə fikirlər səsləndirməklə qonşusu İranla münasibətləri qaydaya salmaq niyyətindədir. Onlar ümumən son zamanlar Ankaranın xarici siyasətində Şərq istiqamətinin mühüm rol oynadığını önə çəkirlər. Şərq istiqaməti dedikdə isə, Türkiyənin Avropa Birliyinə qoşulmaq istəklərindən imtina etməsi, Rusiyanın, Çinin, Qazaxıstanın qoşulduğu, İranın, Hindistanın və Pakistanın can atdığı Şanxay Əməkdaşlıq Təşkilatı perspektivi əsas götürülür.

Əslində bununla bağlı diskussiyalar ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ötən ilin yayında Rusiya prezidenti Vladimir Putinlə hansısa mənada zarafat səciyyəsi daşımış söhbətindən sonra açılmışdı. Onu da deyək ki, belə bir təklif əslində daha əvvəl də səslənmişdi. Təxminən 10 il öncə Türkiyənin Milli Təhlükəsizlik Nazirliyinin (Milli İstikbarat Teşkilatı) o zamankı baş katibi Tuncər Kılınc Avropa Birliyinə alternativ kimi Rusiya və İranla ittifaqın vacibliyini vurğulamışdı. Beləcə məlum olmuşdu ki, millətçilərin Avrasiya layihəsi var.

Qeyd edək ki, son zamanlar Türkiyənin hakim partiyası olan AKP-nin daxilində də Qərbə münasibətdə fərqli baxışlar formalaşmağa başlayıb. Qurumda tez-tez dilə gətirilən «bizim sivilizasiya» çağırışlarında Qərb başqa sivilizasiya kimi götürülür. Əlbəttə, AB-dən uzaqlaşma müstəvisində Türkiyə üçün ŞƏT kimi layihələr cəlbedici görünə bilər. Əslində buna ölkə daxili siyasi tələbat da var. Məsələn, millətçilər Avrasiya ittifaqına hakimiyyətin dəyişməsinin qarşısını almaq tədbiri baxımından zəruri yanaşırlar. AKP çalışır ki, ŞƏT kimi Avrasiya strukturlarına meyl göstərməklə Türkiyə özünün dəyərlər sistemini və suverenliyini qoruyaraq sərbəst hərəkət etmə imkanını genişləndirsin. Mövcud anlamda Ankaranın hazırkı anti-İsrail ovqatı da məhz həmin sərbəstliyə can atmaq niyyətindən xəbər verə bilər.

Bu yerdə həmçinin Ərdoğanın İsrail prezidenti Şimon Peresə qarşı 2009-cu ilin Davos forumunda sərt dillənməsini, xüsusən də 2010-cu ildə yaşanmış «Mavi mərmərə» olayı ilə Türkiyə-İsrail münasibətlərinin pisləşməsini, birincinin rəsmi Tel-Əvivə ünvanladığı sərt fikirləri yada salmaq mümkündür. O zaman nəinki ərəb, bütövlükdə müsəlman dünyasına böyük təsir göstərmiş hadisələrdən sonra mütləq təsəvvür yaranmışdı ki, ölkələr arasında müharibə başlayacaq.

Əlbəttə, Yaxın Şərqdə müharibə başlandı. Birləşmiş Ştatların qlobal «ərəb baharı» ssenarisi işə salındı və Türkiyə faktiki olaraq İsrailin illər ərzində ABŞ-ın Yaxın Şərq siyasətinə verə bilmədiyi töhfəni verdi. Tunis, Misir, Liviyada devrilmiş diktatorların hər biri hakimiyyətdən getməzdən öncə anti-İsrail siyasətilə müsəlman dünyasında mövqelərini möhkəmləndirmiş Ərdoğanın özlərinə münasibətdə səslənmiş sərt çıxışlarını loru desək, əlləri üzlərində qalaraq qarşıladılar. Necə bir oyuna düşdüklərini anlamadılar. Amma ortada Amerikanın çox böyük oyunu var idi ki, onun reallaşmasında Ərdoğanın müstəsna missiya daşıdığını unutmaq olmaz. Məsələyə mövcud aspektdən yanaşsaq, hazırda Türkiyənin baş nazirinin sionizm əleyhinə səsləndirdiklərinə də nə isə qeyri-adiliyin, yəni gözlənilməzliyin sığışdırılması mümkündür. Ola bilər, Ərdoğan yeni Amerika meylli həmlə üçün bir növ, xal qazanır.

Amma məlumdur ki, Ankara Suriya kampaniyasında Ağ Evin gözləntilərini doğrultmadı. Əslində Rusiyanın və İranın fəal dəstəyi ilə hərəkət edən Bəşər Əsədə qarşı Türkiyə tək buraxıldı da demək olar. Yaxın Şərqin ərəb teokratları prosesə zəruri dəstək göstərmədilər. Vaşinqton isə BMT-də ilişib qaldı. Suriya qaçqınlarına öz ərazisində yer ayıran Türkiyə sanki qəflət yuxusundan ayılırmış kimi, getdikcə yaxın qonşusu olan Rusiya  və İranla münasibətlərinin pisləşdiyinin fərqinə vardı və bir növ, özünü Suriya kampaniyasından soyutdu. Belədə Vaşinqtonun özünün köhnə müttəfiqinə - İsrailə üz tutması planlaşdırılandır. Mövcud labirintdə Türkiyə həmişəkitək müsəlmanların lideri iddiasında qalacaq və hazırkı statusla da onun bir qədər öncə haqqında bəhs etdiyimiz ŞƏT-in timsalında belə desək, Şərqə inteqrasiyası tam məqbuldur. Bütün bunları nəzərə alsaq, Ərdoğanın sionizm əleyhinə səsləndirdiyi fikirlərin Amerikanı ciddi şəkildə narazı saldığını da söyləmək yerinə düşür. Yeri gəlmişkən, Kerri deyib ki, Türkiyənin baş nazirinin düşüncələri Vaşinqtonla Ankara arasındakı münasibətlərə zərər gətirir. Onun sözlərinə görə, sionizmi insanlıq əleyhinə cinayətlərlə müqayisə etmək böyük təhqirdir. Məsələnin həqiqətən təhqir müstəvisində dəyərləndirilməsinin mümkünlüyünə diqqət yetirmək üçün yaxın keçmişə müraciət zərurəti yaranır. Düşünürük ki, qısa tarixi ekskurs dünyanın, o cümlədən Amerikanın təhqirlə necə yaşadığına aydınlıq gətirəcək.

Qeyd edək ki, 1975-ci ildə BMT-nin Baş Assambleyası SSRİ-nin təşəbbüsü ilə sionizmi rasizm və irqi diskriminasiya forması kimi qiymətləndirən 3379 nömrəli qətnamə çıxardı. Buna əsas verən amil İsrailin Fələstin ərazisində həyata keçirdiyi repressiya siyasəti idi. Həmin vaxt BMT sionizmi insanlığa təhlükə kimi dəyərləndirdi və bəşəriyyəti bu ideologiyaya qarşı tədbirlər görməyə çağırdı. Qətnamə İsraili aparteid (irqi ayrıseçkilik) siyasəti yürüdən Cənubi Afrika Respublikası və Rodeziya ilə eyni cərgədə qoydu. Analoji qətnamələri BMT-nin müxtəlif ixtisaslaşmış qurumları da qəbul etdi.

1991-ci ilin dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovej razılaşması imzalandı. Bundan 8 gün sonra, yəni dekabrın 16-da BMT-nin Baş Assambleyası 4686 saylı qətnaməni müzakirəyə çıxardı. Sənədə 111 dövlət səs verdi ki, onlardan 30-u əvvəlki qətnaməni bəyənənlər idi. 25 dövlət əleyhinə, 13-ü birətərf qalmaqla qətnamə qüvvəyə mindi. Maraqlıdır ki, SSRİ-nin varisi sayılan Rusiya da 4686-ya səs verdi.

Müşahidəçilərin bildirdiklərinə görə, 1991-ci ildə belə demək mümkünsə, sionizm qətnaməsi hər hansı əsas irəli sürülmədən ləğv olunmuşdu. Burada qlobal beynəlxalq siyasətin dəyişməsi və ABŞ-ın təzyiqi açıq duyulurdu. Həmin vaxt nüfuzlu «Jerusalem Post» qəzeti yazmışdı ki, Birləşmiş Ştatların müxtəlif ölkələrdəki səfirlərinə təmsil olunduqları dövlətlərə aşağıdakı məzmunlu ismarıc çatdırmaq tapşırılmışdı: 3379 nömrəli qətnamənin ləğvinə səs verməmək Vaşinqtonla münasibətlərə mənfi təsir göstərəcək.

Onu da deyək ki, sionizm ideologiyası klassik anlamda yəhudilərin Qüdsə toplaşaraq öz dövlətlərini yaratmasını nəzərdə tutur. İsrail dövlətinin mövcud olduğu hazırkı dövrdə həmin məfkurə öz məqsədinə çatmış kimi görünsə də, müsəlmanlar onu özlərinə qarşı mübarizə vasitəsi kimi görürlər.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə