Üzrxahlıq sindromu (TƏHLİL)

 

Məlum olduğu kimi, ötən həftə İsrail Ankara ilə münasibtlərini normallaşdırmaq istiqamətində böyük, haradasa gözlənilməz təsir bağışlayan addım atdı. Ölkənin baş naziri Benyamin Netənyahu 2010-cu ilin «Mavi Mərmərə» olayında türk vətəndaşlarının ölümünə görə Türkiyədən rəsmi şəkildə üzr istədi. Hazırda qardaş ölkə ictimaiyyəti bunun eyforiyası ilə yaşayır. Paytaxt Ankaranın küçələrinə baş nazir Rəcəb Tayyib Ərdoğana minnətdarlıq dolu lövhələrin vurulması da bunu deməyə əsas verir. Əlbəttə, Tel-Əviv-Ankara dialoqunun ABŞ-ın aktiv vasitəçiliyi fonunda gerçəkləşməsinə diqqət yetirərək məsələyə soyuq yanaşanlar da var.

Vaşinqtonun İsrailin Türkiyədən üzr istəməsi üçün hansı diplomatik gedişlərə baş vurduğu barədə ehtimallar irəli sürmək mümkündür. Bu, öz yerində. Amma ondan başlayaq ki, Ankara Ərdoğanın simasında üzrxahlığı nəinki qəbul edib, eyni zamanda bildirib ki, indiyədək İsrail qarşısında qoyduğu bütün şərtlərin yerinə yetirilməsinə çalışacaq. Bu şərtlərin içərisində İsrailin Qəzza sektorunu blokadada saxlamasının aradan qaldırılması müstəsna yer tutur. İsrail dairələrinə gəlincə, onların bir çoxu Ərdoğanın üzrxahlıqdan sonrakı bəyanatını anlaşılmazlıqla qarşılayıb. Məsələn, ölkənin iqtisadiyyat naziri Naftali Benneta bildirib ki, Türkiyənin baş naziri şəxsi qərəzliklə məşğuldur.

Ankara ilə barışın ənənəvi əleyhidarlarından biri də İsrailin sabiq xarici işlər naziri Aviqdor Libermandır. O, Netənyahunun Türkiyədən üzr istəməsini kobud səhv adlandırıb. Sabiq nazirin sözlərinə görə, İsrail hərbçiləri «Mavi Mərmərə» olayında terrorçularu hədəf götürmüşdülər. Liberman həmçinin həmin vaxt ölkəsinin əsgərlərinin özlərini müdafiə etdikləri qənaətindədir…

Mənafe və maraqlar üzərində dayanaq. Bu ilin əvvəlində İsrail Qəzza sektorunda blokadanın aradan qaldırılması və fələstinlilərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atıb. İsrail hökuməti habelə fevralda Türkiyəyə ərazidə xəstəxana tikintisi üçün materiallar göndərmək icazəsini verib. Məlum olduğu kimi, Türkiyə Qəzzada 150 yerlik müasir tibb mərkəzinin inşasını planlaşdırır. Ancaq Netənyahu Türkiyənin Qəzzanın blokadasının tamamilə aradan qaldırılması ilə bağlı tələbinin yerinə yetiriləcəyinə dair informasiyaları təkzib edib.

Türkiyədə bəzi dairələr B.Netənyahunun üzr istəməsini İsrailin zəifliyi kimi dəyərləndirir. Görünür, Ankara Tel-Əvivin maksimum dərəcədə güzəştə getməsinə çalışır. Yada salaq ki, əvvəllər Ərdoğan Türkiyə səfirinin İsrailə qayıtması üçün üç şərt irəli sürmüşdü. Bunlandan birincisi üzr istəmək idisə, digəri «Mavi Mərmərə»də həlak olanların ailə üzvlərinə təzminatın ödənilməsi, daha biri Qəzza sektorunun blokadasının aradan qaldırılmasıydı. Hazırda Türkiyə hakimiyyəti konpensasiya qismində İsraildən astronomik sayılacaq məbləğ - 9 milyon dollar tələb edir. Deməli, məsələ təkcə üzrxahlıqla bitmir. Görəsən, Netənyahu ikitərəfli münasibətlərin bərpası üçün başqa qurbanlar verməyə hazırdırmı?

İsrail və Türkiyə arasında hərbi-texniki və strateji əməkdaşlığın bundan sonra hansı məcrada qurulacağı da diqqət çəkməkdədir. Məlumdur ki, Qəzza sektorunda müharibə başlayanda ölkələr barrikadaların müxtəlif tərəflərində dayanmışdılar. İndiki dövrdə də ərəb-İsrail münaqişəsindəki hər hansı yeni dalğa Ankara ilə Tel-Əviv arasındakı duruma mənfi təsir göstərə bilər. Digər yandan, İsraildə Türkiyənin «Həmas»la və «Hizbullah»la mübarizədə etibarlı tərəfdaş olacağına az adam inanır.

Ancaq Fələstin məsələsinə münasibətdəki baxışların fərqliliklərinə baxmayaraq, Türkiyə və İsrailin birləşdirən ortaq mənafe var. Bu, Suriya münaqişəsidir. Əslində Türkiyənin müəyyən dairələrinin üzrxahlıq məsələsinə sevinməməsi də elə həmin münaqişə ilə əlaqədardır. Türkiyədə müəyyən kəsim belə düşünür ki, ABŞ Suriyadan sonra qolunu İrana çırmayacaq. İranın siyasi arenadan silinməsi isə gec-tez Türkiyənin də parçalanması ilə nəticələnəcək prosesin başlanğıcını doğuracaq. Buna görə də həmin kəsimin fikrincə, xalq heç bir halda üzrxahlığın gətirdiyi eyforiyaya qapılmamalı, onun arxasındakı siyasi oyunların məcrasını götür-qoy etməyi bacarmalıdır.

Eyni zamanda nəzərə alsaq ki, İsrailin üzrxahlığı ABŞ-ın təşəbbüsü ilə baş tutub, Vaşinqtonun Ankara üçün vacib əhəmiyyət daşıyan bu məqamı dəyərləndirməklə hansı məqsədlər güddüyü barədə proqnozlar yürütmək mümkündür. Bununla əlaqədar birinci məqamı qeyd etdik - Suriya. Bəşər Əsədin dirənişi fonunda Ankaranın ona münasibətdə əvvəlki inadkarlığından əsər-əlamət yoxdur və hazırkı status-kvo Birləşmiş Ştatların maraqlarına uyğun sayıla bilməz. Amma Ağ Evi təkcə Suriya münaqişəsi deyil, ümumən qlobal-regional mənafeləri baxımından narahat salan digər məsələ də var ki, o da Türkiyənin loru desək, Şərqə boylanmasıdır. Söhbət Ankaranın Avropa Birliyindən imtina edərək Rusiyanın, Çinin, Qazaxıstanın qoşulduğu, İran, Hindistan və Pakistanın can atdığı Şanxay Əməkdaşlıq Təşkilatına inteqrasiya niyyətlərindən gedir. Mövcud yöndə diskussiyalar ölkənin baş nazir Ərdoğanın ötən ilin yayında Rusiya prezidenti Vladimir Putinlə hansısa mənada zarafat səciyyəsi daşımış söhbətindən sonra gündəmə gəlmişdi.

Ekspertlərin bildirdiklərinə görə, Türkiyənin hakim partiyası olan AKP daxilində də Qərbə münasibətdə fərqli baxışlar formalaşmağa başlayıb. Qurumda tez-tez dilə gətirilən «bizim sivilizasiya» çağırışlarında Qərb başqa sivilizasiya kimi götürülür. Əlbəttə, AB-dən uzaqlaşma müstəvisində Türkiyə üçün ŞƏT kimi layihələr cəlbedici görünə bilər. Əslində buna ölkə daxili siyasi tələbat da var. Məsələn, millətçilər Avrasiya ittifaqına hakimiyyətin dəyişməsinin qarşısını almaq tədbiri baxımından zəruri yanaşırlar. AKP çalışır ki, ŞƏT kimi Avrasiya strukturlarına meyl göstərməklə Türkiyə özünün dəyərlər sistemini və suverenliyini qoruyaraq sərbəst hərəkət imkanını genişləndirsin. Əlbəttə, AB-yə üzvlükdə mərkəzi ideya demokratiklikdir. Amma o da var ki, əgər məqsəd iqtisadi və siyasi regional gücə çevrilməkdirsə, o zaman Türkiyənin ŞƏT-ə qoşulmaqla demokratikliyini saxlayacağına dair suallar o qədər də önəm kəsb daşımır. Onsuz da ölkənin illər ərzində mənimsədiyi dəyərlər, daxili qüvvələrin təmərküzləşmə cəhətləri fərqli, yəni anti-demokratik istiqamətə sapmanı mümkünsüzləşdirir.

Ümumiləşdirmə aparsaq, deməli, ABŞ İsrailin Türkiyədən üzrxahlığına nail olmaqla Ankaranın regional plasdarm kimi əhəmiyyətini bir daha təsdiqləmiş olur və çalışır ki, o heç bir halda Şərqə üz tutmasın. Çünki müsəlman dünyasında kifayət qədər divident toplamağı bacarmış Türkiyənin əvvəlki mövqeyinin dəyişməsindən Vaşinqtonun böyük ölçülü qlobal planlarının gerçəkləşib-gerçəkləşməməsi asılıdır. Mövcud durumda Türkiyə hansı addımları atacaq, ABŞ-ın xoşməramlı jestini lazımınca dəyərləndirəcək, yoxsa öz yolunu tutacaq, bütün bunların qarşıdakı müddətdə beynəlxalq siyasətin vacib həlqəsini təşkil edəcək məsələlərə çevriləcəyi şübhəsizdir. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə