Bayramımız da mübarək (BAXIŞ)

Əvəz RÜSTƏMOV

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov hər dəfə televiziya ekranlarında, qəzet səhifələrində görünəndə media məkanımızda sanki bayram ab-havası yaşanır. Vətəndaşlarımız da Tağı müəllimin belə demək mümkünsə, cızıltısına və cuzultusuna öyrəşiklikdirlər. Onun özünəməxsus kobud dəst-xətti haradasa adama şirin də gəlir. Artıq heç fərqinə varmırıq ki, bu adam Azərbaycan adlı məmləkətin strateji əhəmiyyətə malik vəzifə sahiblərindəndir, hərəkət və davranışı ilə cəmiyyətə örnək olmalıdır. Deyilənə görə, öz işinin, yəni metronun nadir bilicilərindəndir, ancaq neyləyək, gəlişigözəl cümlələri sıralayaraq örnək olmaq Tağı müəllimlik deyil. Deyil, deyil, nə edək. Ölkədə kimsə cızıldamalıdır, ya yox? Nəzərə alsaq ki, metro elektriklə işləyir, o zaman orada cızıltı ən təbii səsdir. Ən azından ortada qısa qapanma məsələsi var. Bir də ki, mən Tağı Əhmədovun danışdırılmasının, ondan hansısa məsələyə görə münasibət öyrənilməsinin əleyhinəyəm. İmkan vermək lazımdır ki, adam «yeraltı dünya»nın problemləri ilə rahat şəkildə məşğul olsun.

Keçək belə demək mümkünsə, yerüstü dünyamıza. Bu dünyanın mahiyyətinə insanı hər cür əndərəbadiliklərlə təəccübləndirmək hakim kəsildiyindən adam bilmir, nədən başlasın. Amma hər halda başlamaq üçün dayaq nöqtəsi var. O nöqtələrin sayı artıb əndazədən çıxanda istər-istəməz qələmə, daha doğrusu komputerə sarılırsan. Məsələn, bir neçə gün öncə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı hörmətli Hadı müəllim Rəcəbli «lent.az» portalında yayımlanmış yazısında bildirib ki, «virtual aləmdə yalnız beyin işlədiyi üçün psixi problemlər yarana bilər». Belə görünür, cənab deputat «facebook»un və digər sosial şəbəkələrin ziyanını öz aləmində əsaslandırmaq istədiyindən belə yazıb. Amma ortaya elmə məlum olmayan bəzi yeniliklər çıxarıb. Deməli, Hadı müəllimin fikrinə əhəmiyyət versək (prinsipcə, əhəmiyyət verilməlidir), o zaman real aləmin insanında psixi problemlərin nədən qaynaqlandığı maraq doğurur. Digər tərəfdən, sual yaranır: real aləmdə işləməsilə digər bədən üzvlərini hərəkətə gətirən beyin deyil, bəs nədir? Ümumiyyətlə bu cümlə, nə deməkdir? Adama deyərlər, a kişi, sənin nəyinə lazımdır varlığına düz əməlli inanmadığın hansısa virtuallıq. Milli Məclisin Sosial siyasət komitəsinin fəaliyyəti ilə sosial şəbəkə arasında körpü yaratmaq istəyirsən, tutalım xub, amma ta belə də yox da. Yeri gəlmişkən, Hadı Rəcəblinin məqaləsinin adı da kifayət qədər poetik səslənir - Virtual dünyamız.

Tağı müəllimin yeraltı dünyasından Hadı müəllimin virtual dünyasına keçid alarkən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovun hələlik adını müəyyənləşdirə bilmədiyim dünyasına boylanmaq istərdim. Oradan qorxunc səs gəldi - əə… Bəli, söhbətimin bu yerində Bayram müəllimin məlum reaksiyasından söz açmaq istəyimi çox güman, duydunuz.

Bilirsiniz, məsələ heç də cənab başçının Tağı müəllimsayağı səslənməsində deyil. Zənnimcə, ən maraqlısı cənab Səfərovun bu vaxtadək dözməsidir. Çünki zahirən bu adamla bağlı hər şey ortadadır. Bayram müəllim maşallah, görünüşcə məşhur boksçuların - Hori Fildin və ya Mayk Taysonun bənzəridir. Di gəl, Azərbaycanın boks üzrə milli komandasının deyil, işğal altında olan Dağlıq Qarabağımızın azərbaycanlı icmasının rəhbəridir. Hörmətli boksçularımız üzrlü saysınlar, Bayram müəllimlə onlar arasında paralellər aparmaq niyyətindən uzağam. Yoldaş Səfərov dünən dediklərini dilinə gətirməsəydi, zahiri görkəmi barədə təəssüratımı da bölüşməyəcəkdim. Bu arada onu da deyim ki, siyasətlə əlaqəsi olmayan nə boksçunun, nə də idmanın qeyri sahəsinə aid şəxsin Bayram müəllim kimi ifadəsinə diqqət yetirməyəcək duruma düşəcəyi qənaətindəyəm… Hə, zahiri görkəmdən danışırdım axı. Görünür, onun daxilə sirayət etməsilə əlaqədar deyilənlər tam doğrudur. Yəni, Bayram müəllimin də öz dünyası, deyək ki, boksçu dünyası var. Amma nəzərə alsaq ki, Qarabağ işğaldadır, deməli, cənab icma rəhbəri nokautdadır. Yəqin, ona görədir ki, xarici diplomatlar onunla görüşmürlər.  Yaxşı olsun, Səfərov diplomatları özü qəbul etmək istəmir.

Nə isə, Bayram Səfərovla görüşmək istəməyən bütün xaricilər qurban-sadağa getsinlər onun seyrək telinə. Cənab başçının ürəyinin yerinə gəlməsi üçün deyim ki, jurnalistlərimizin ermənilərin Kəlbəcərdə tikdirdiyi məktəb binası ilə bağlı sualı da təxribatçıdır… Gəlirəm, Bayram müəllimin ordu və əsgər ölümlərilə əlaqədar dilinə gətirdiklərinə. İcazə verin, bu yerdə cənab Səfərovun işğal altında olan bölgəyə məxsus icmanın rəhbəri, düşmən tapdağına çevrilmiş Şuşanın icra başçısı adının həqiqi daşıyıcısı olduğuna inanım. O, böyük ehtimalla təsəvvür edir ki, müharibə gedir, hücuma keçmişik, hər tərəfi atəş səsləri, yaralı nalələri, döyüş nərələri bürüyüb. Ordumuzda düşmən gülləsinə tuş gələrək həyatını itirənlərimiz də var. Əlbəttə, bu yerdə «orduda əsgər ölməsin, kim ölsün» şəklində sual verilə bilər. Bayram müəllimi də qınamayın, torpaqlarımızın geri qayıdacağı arzusu ilə alışıb-yanır. Onun üçün hər gün müharibə xatirəsi, savaş salnaməsidir. Özünü döyüş meydanında sanır. Jurnalistlər də belə adamı pis-pis suallarla çək-çevirə salmağın, yerindən tərpətməyin günah olduğunu nəhayət, anlasınlar. Birdən xəbər tutar ki, bəs, ordumuzun əsgərləri səngərdə deyil, hərbi hissələrdə canını tapşırır, heç yaxşı düşməz, ayıb olar.

P.S. Bayram müəllimin söz menyusuna bir zəruri əlavəm də var. İmkanı varsa, nəzərə alsın ki, əsl orduda əsgərlər ölmürlər, şəhid olurlar.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə