Rusiya və Yaxın Şərq, yaxud Qərblə İslam dünyasının arasında (BAXIŞ)

Rusiyanın Yaxın Şərqdəki siyasəti belə demək mümkünsə, sivilizasiyaların müharibəsində iştirakdan qaçmaq istəyilə izah olunur. Ölkənin intellektual və siyasi elitası isə mədəniyyətlərin münaqişəsinin qaçılmazlığı faktının qəbulundan uzaqdır. Bunu San-Fransisko Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Andrey Çıqankov «Les Echos» nəşrində getmiş məqaləsində yazıb. «Zəngin mənəvi rəngarəngliyə malik Rusiya mədəni və qlobal miqyaslı dialoq tərəfdarı kimi çıxış edir. Dialoqu dünyada sabitliyə və asayişə şərt olaraq görür», - deyən müəllifin fikrincə, Rusiya siyasətçiləri, o cümlədən prezident Vladimir Putin müxtəlif dinlər və sivilizasiyalar arasındakı sərhədlərin aşılmasını istəyir, ölkənin Qərb və İslam yönümlü düşərgələrə bölünməsinə qarşı çıxır.

Andrey Çıqankovun fikrincə, İslam dünyası ilə sıx münasibətlərin qurulması Rusiya üçün olduqca prioritet əhəmiyyət daşıyır: «Kreml Avropa və ABŞ-la əlaqələrin möhkəmləndirilməsi üzərində sanki əsir. Ancaq eyni zamanda Qərb ölkəsi olmayan dövlətlərlə də hərəkət azadlığına malik olmaq və təmasları gücləndirmək niyyətindədir».

Professor belə hesab edir ki, Rusiya elitası İslam əlayhinə mübarizədə Yaxın Şərqin orta mövqe tutan güclərinə ümid bəsləyir. «Həmas» liderləri, əfqan talibləri də daxil olmaqla dialoqa hazır hər kəslə danışıqlara getməyə meylliliyini göstərir. Çünki «ərəb baharı» Moskvada qorxu və həyacan doğurub. Kreml regionda qeyri-sabitliyin yarandığını və radikal islamçıların hakimiyyəti ələ ala bilməsinin mümkünlüyünü görüb. Buna görə də hər vasitə ilə çalışır ki, Qərb dünyası ilə İslam aləmi arasındakı sivilizasiyalar müharibəsinə qarışmaqdan uzaq dursun. Rusiya üçün Birinci Dünya Müharibəsinə girmək faciəvi səhv olduğu kimi, Moskva hazırda bu qənaətdədir ki, Qərblə İslam arasındakı qarşıdurmaya qoşulmaq böyük böyük siyasi qəza doğurmaq gücündədir.

«Kremlin yeni baxışına görə, Rusiyanın İslam təhlükəsindən yaxa qurtarması müsəlman dünyası ilə barış siyasətindən asılıdır», - deyən alim vurğulayır ki, İranla, «Həmas»la və Suriyanın Bəşər Əsəd rejimi ilə danışıqlara girən Moskva Qərbin buraxdığı səhvləri konpensasiya etmək barədə də düşünür. Çıqankovun fikrincə, Rusiya özünün Qərb partnyorlarını şərti şəkildə regionda tədrici dəyişikliklər tərəfdarlarına və Yaxın Şərqdəki rejimlərin dəyişdirilməsini istəyənlərə bölür: «Hesablamalara görə, ikincilərin mövqeyi bütövlükdə İslam dünyasının radikallaşmasına gətirə bilər. Bu təhlükə səbəbindən Rusiya onları proseslərdən kənarda tutmaq kursu seçib və istər ABŞ-ın, istərsə də Avropanın orta xətti götürən dairələri ilə əməkdaşlıqda maraqlıdır».

Andrey Çıqankov daha sonra bildirir ki, Qərbin Yaxın Şərqə yönələn siyasi və ya iqtisadi təzyiq cəhdi Rusiya tərəfindən hərbi əməliyyatlara başlamaq hazırlığı kimi qiymətləndirilir. Rusiya diplomatlarının belə düşüncə tərzinə yönəlikliyi, xüsusən də hadisələrin ən arzuolunmaz ssenarisini planlaşdırmaq meyli Liviyadakı müharibə ilə əlaqədardır. Liviyadan söz düşmüşkən, professor Çıqankov məqaləsində yaxın keçmişdə baş verən bir maraqlı məqama da toxunaraq Rusiyanın mövqeyinə aydınlıq gətirməyə çalışır. O, diqqəti BMT-də Liviya üzərində uçuşsuz zona yaradılmasına dair baş tutmuş müzakirələrə çəkir. Bildirir ki, həmin vaxt Rusiyanın prezidenti olmuş Dmitri Medvedyev çox böyük risq edərək xarici işlər naziri Sergey Lavrova V.Putinin xaç yürüşlərinə çağırış kimi dəyərləndirdiyi sənəddən kənar durmaq, əslində isə proseslərə loyal yanaşmaq göstərişi verib. Nəticədə Putinin ehtiyatlandığı hadisələr gerçəkləşdi. Qərb dövlətləri yekunda qətnamədən yararlanaraq Liviya lideri Müəmmar Qəzzafini devirdilər. Çıqankov hesab edir ki, məhz Liviya məsələsindəki fikir ayrılığı Putində belə qənaət formalaşdırdı ki, Medvedyev ikinci müddətə prezident seçilə bilməz.

Suriya böhranının start götürməsi ilə siyasi polemikalar güclənməyə başladı. Rusiya düşündü ki, Liviya rejiminin devrilməsindən həvəslənmiş Qərb Suriyaya hərbi müdaxiləyə hazırlaşır. «Kremldə Qərbin Tunis, Misir və Yəməndə dinc aksiyaları dəstəkləmək siyasətinin Liviya və Suriyada vətəndaş müharibəsinə gətirən cəhdlər olduğuna dair bitkin fikir formalaşıb», - deyən alim daha bir məqama diqqət çəkir. O, xüsusi vurğulayır ki, Qərbdə Yaxın Şərq ölkələrindəki müxalifəti silahlandırmaq çağırışları eşidilir, ancaq regiona daxil olan silah axını heç də rejimlərə qarşı çıxanların xeyrinə deyil.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə