KXDR-in şantaj siyasəti (TƏHLİL)

Koreya Xalq Demokratik Respublikası haqqında danışanda ölkə tarixinin iki mərhələsini incələmək zərurəti meydana çıxır. Mərhələlərdən biri Kim İr Sen, digəri isə Kim Çen İr dövrüdür. Təbii ki, bu dəyərləndirmə heç də onların hakimiyyəti arasında hər hansı fərq yaratmağa yönəlməyib. 1994-cü ildə Kim İr Senin ölümü yalnız şərti olaraq yeni mərhələnin başlanğıcı götürülüb və burada başlıca məqam idarəçilikdəki praktiki rahatlıqla əlaqədardır ki, həmin mühit əslində Kim İr Senin vafatından bir neçə il öncə qərarlaşmışdı.

1990-cı ilin əvvəllərinədək Şimali Koreya həddən artıq nəzarətdə olan ölkə imicinə malik idi. KXDR-də şəxsi sektor tamamilə məhv edilmişdi. Hətta kənd yerlərində 100, şəhərlərdə 30 kvadratmetrdən artıq torpaq sahəsinə malik olmaq yasaq sayılırdı. Ölkə boyu total «kartoçka» sistemi tətbiq edilirdi. Məhdudiyyətlər məişət səviyyəsinə də yol tapırdı. Məsələn, evdə dalğası insanın özü tərəfindən idarə edilməsi mümkün radio qurğusuna malik olmaq beş ilədək həbs cəzası ilə nəticələnə bilərdi. Standartlardan uzaq radio qurğu siyasi cinayət sayılırdı. Ölkənin bütün dalğaları rəsmi kanallara köklənmişdi. Mövcud sistem 1990-cı illərin əvvəllərinədək hökm sürdü. Niyə məhz həmin dövrədək? İlk növbədə ona görə ki, həmin sistemin varlığını təmin edən Çin və SSRİ subsidiyaları yoxa çıxdı. Məlum oldu ki, quruluşu saxlamaq üçün ideoloqlar və nəzarətçilər ordusunu yedizdirmək lazımdır.

1992-2005-ci illər ərzində KXDR-də daxili bazarın çox ləng inkişaf dövrü yaşandı. Köhnə sistem dağılanda insanlar gördülər ki, daha «kartoçka»lar işə yaramayacaq. Aclıq başlandı və nəticədə müxtəlif rəqəmlərə görə, beş yüz mindən bir milyonadək insan həyatana itirdi. Səfalət və dövlət sektorunu aşağıdan bürüyən kollaps şəraitində tədricən şəxsi iqtisadi istəklər baş qaldırdı. Amma bu meyl Çin variantına çevrilmədi. Yəni, Çində olduğu kimi, nə isə edilməlidir deyilib işlərə start verilmədi. Məhz klassik anlamdakı şəxsi kapitalist iqtisadiyyatına xas inkişaf tendensiyası özünü göstərdi. Amma yenə fərqliliklər nəzərə çarpdı. Belə ki, sahibkarlıq formaları dövlətləşdirilmiş maskası altında yarandı. Məsələn, bir nəfər imkan taparaq Çindən beş-altı iri yük tutumlu avtomobil gətirdi və işini qurdu. Amma elə etdi ki, həmin avtomobillər dövlət tabeçiliyindəki hansısa müəssisənin balansında yer alsın. Beləcə şəxsi sahibkarlığın ən ağlagəlməz metodları təşəkkül tapdı. Dövlət bunun qarşısını almağa çalışsa da, nə isə etmək mümkün deyildi. Çünki mənfi dəyərləndirilən meyllərlə mübarizəyə təhkim olunmuş insanlar vəzifələrinin öhdəsindən gəlmir, bir çox hallarda rüşvətə görə həbsə düşürdülər.

1990-cı illərdə ekspertlərin əksəriyyətinin Şimali Koreya stalinizmi adlandırdığı dövr özünün qurub çağını yaşasa da, KXDR rəhbərliyindəki liderlər vəziyyətlərinin spesifikliyini yaxşı başa düşdüklərindən əsaslı islahatlara getmədilər. Bu adamlar özlərini çinlilər və ya vyetnamlılar kimi aparmaqla situasiyaya nəzarəti əldən verəcəklərini, ilk növbədə informasiya məsələlərinə kontrolu itirəcəklərini gözəl anlayırdılar. O zaman Cənubi Koreyanın güclü inkişaf etdiyinə dair məlumatlar yayıla bilərdi. Əlbəttə, Cənubun tərəqqisi haqqında bilgilər var idi, sadəcə nəzarətsiz həmin informasiyalar geniş vüsət alardı. Hər halda KXDR rəhbərliyi belə düşünürdü.

Çində insanlar bilirlər ki, yaponlar və amerikalılar yaxşı yaşayırlar, ancaq bu, narahatlıq doğurmur. Çünki çinlilər üçün ABŞ və Yaponiya başqa dövlət və xalqdır. Cənubi Koreya isə eyni bir ölkənin ayrılmış hissəsidir. Onu da qeyd etmək lazımdır ki, «soyuq müharibə» dönəmindəki Almaniyadan fərqli olaraq, Koreyada iki millətin mövcudluğundan heç söhbət belə açılmayıb.

Reallıq Cənubi Koreyanın rəsmi şəkildə eyni ölkənin başqa hissəsi olduğunu söyləməyə əsas verir. Cənubun inkişaf baxımından Şimaldan üstünlüyünü söyləmək üçün yalnız bir göstəriciyə nəzər salaq: birincinin adam başına düşən gəliri ikincidən minimum 15-50 dəfə artıq aralığında dəyişir. Dünyada iki qonşu ölkə arasındakı fərqin analoji nümunəsi yoxdur. Buna görə də KXDR rəhbərliyi təxminən belə hesab edə bilər ki, əgər iqtisadiyyatda islahatlar aparılsa, bu, Şimalın legitimliyinə ciddi zərbə vuracaq. Çin rəhbərliyi öz idarəçiliyi altında olan xalqın yapon və amerikalıların yaxşı yaşamasında problem görmədiyini bilir. Ola bilər, ideoloji təbliğat da öz sözünü deyir. Məsələn, imperialistlər yaxşı yaşayırlarsa, yaşasınlar. Koreya ilə belə bir məsələ qətiyyən alınmayacaq. Digər tərəfdən, KXDR hakimiyyətinin fikrincə, kapitalizmin belə demək mümkünsə, aşağıdan yayılması sistemin varlığı üçün təhlükədir. Birincisi, sərbəst bazar mühitində ətraf aləmlə bağlı informasiya yayılacaq. Yəni, həm Çin, həm də ən əsası Cənubi Koreya haqqında. İkincisi, bazar münasibətlərinə qoşulan insanlar dövlətin nəzarətindən çıxacaqlar. Yeri gəlmişkən, Şimali Koreyada məşğulluqla əlaqədar vəziyyət belədir ki, hər bir şəxsin rəsmi iş yeri var - fabrik, zavod, digər müəssisə. Orada gününün mühüm hissəsini keçirən adam eyni zamanda partiya işlərinə də cəlb olunur. Üstəlik partiya komitəsinin katibi və müxtəlif əlaltılar da fəaliyyətdədirlər. Hətta böhran vəziyyətlərində zavod və fabriklər işləməsələr də, insanlar işə gedirlər və bu, heç də o məqsədə söykənməyib ki, istehsalın yenidən başlanılmasına kömək göstərilsin. Əsas məsələ nəzarət mühitinin saxlanılmasıdır.

2002-2003-cü illərdə KXDR-də vəziyyət nisbətən yaxşılaşmağa başladı. Bunun bir neçə səbəbi var idi. Səbəblərdən biri xarici yardımın həcminin artmasıydı. Yaddan çıxarmaq olmaz ki, ABŞ, Çin və Cənubi Koreya Şimali Koreya iqtisadiyatının üç başlıca donorlarıdır. İkinci səbəb xalqın vəziyyətə öyrəşməsilə əlaqədardır. Nə qədər paradoksal səslənsə də, iqtisadi sistem insanları yedizdirməyə başlamışdı. Təfəkkür tərzinə görə, əgər insanlar bir vaxtlar olduğu kimi, acından ölmürlərsə, deməli, sistem işləyirdi. Məsələn, 1990-cı illərin əvvəllərində ölkədə qatarlar mənzil başına beş gün gecikirdilərsə, artıq bu müddət azalaraq iki-üç saat olmuşdu. Bir sözlə, müəyyən sabitləşmə yaşanmışdı.

Amma stabilləşmə nəzərə çarpan kimi, dövlət vəziyyəti keçmişə qaytarmağa başladı. 2005-ci ildən Şimali Koreyada yenidən «kartoçka» sisteminə keçildi. Əgər Avropa düşüncə tərzində mövcud sistem böhranın nəticəsidirsə, KXDR-də məsələnin əksi başa düşülür. Qeyd edək ki, Şimali Koreyada total «kartoçka» sistemi 1957-ci ildən tətbiq edilib və Kim İr Senin hakimiyyəti dövründə böyümüş hər bir şimallı üçün bu, vəziyyətin normal dövrünə qayıdışı anlamındadır.

2005-ci ildən «kartoçka» sistemi bərpa olunduğu KXDR-də 2006-cı ildən kişilərə bazarda ticarət etmək qadağası qüvvədədir. Daimi nəzarət məqsədilə kişilər yalnız fabrik və zavodlarda işləməlidirlər. Qadınlar üçünsə «bazar qadağası» 2007-ci ilədək yox idi. Həmin ildən 50 yaşdan aşağı qadınlar ticarətlə məşğul ola bilməzlər. Əlbəttə, bu qayda-qanunlara o qədər ciddi şəkildə əməl edilmir. KXDR hakimiyyəti 2008-ci ildən bazarların tamamilə qapadılması, yalnız ayda 3 dəfə fəaliyyət göstərməsini nəzərdə tutan layihə üzərində işləyir. Lakin bunu reallaşdırmaq faktiki olaraq mümkünsüzdür.

KXDR ətrafındakı hazırkı böhrana diqqət yetirməzdən öncə ölkədə siyasi hakimiyyətin strukturuna bir daha nəzər salaq. Məlumdur ki, Kim Çen İr hələ sağlığındaykən oğullarından biri Kim Çen Unu özünün varisi elan etdi və gənc Un ölkənin üçüncü ali rəhbəri kimi tarixə düşdü. Vəziyyətə gəlincə, Şimali Koreya ətrafında maraqlı qüvvələrin sayı üçdür - Cənubi Koreya, Birləşmiş Ştatlar və Çin. Üstəlik olduqca marginal şəkildə Rusiyanın və Yaponiyanın da mövqeyini nəzərə almaq lazımdır. Hazırda bu ölkələrin hər biri yaranmış vəziyyətdən narahatdırlar. Onlar həm KXDR-in nüvə silahından, həm də ümumən Şimali Koreya kollapsının hansı nəticələr doğuracağından nigaranlıq keçirirlər və mövcud situasiyada KXDR hakimiyyəti özünün qonşularını şantaj yolu tutur. Nüvə avantürasını ortaya ataraq özünü elə göstərmək istəyir ki, guya çox təhlükəlidir, gözlənilməz addım ata bilər və sair ilaxır. Əslində isə Şimali Koreya heç də qorxulu deyil. Oradakılar rasional düşüncəli və kifayət qədər ağıllı adamlardır. Onlar sadəcə özlərindəki sistemin işləmədiyini görürlər. Köhnə qvardiyanın yerinə gəlmiş yenilər yaxşı bilirlər ki, işləkliliyin təminatı üçün ciddi tədbirlər görülməlidir. Ancaq bu adamlar ənənələrdən də uzaqlaşmaq istəmirlər və nəticədə şantaja əl atmağa üstünlük verirlər. Hətta ölkənin dağıla biləcəyini də vurğulayırlar. Əlbəttə, KXDR-in iflası da geostrateji anlamda sıradan məsələ deyil və elə mövcud səbəbdən Cənubi Koreya, Amerika və Çin Şimali Koreyanı sadəcə yedizdirməyə məhkumdur.

Hazırda KXDR-in başlıca yem mənbəyi Çindir. Çin Şimali Koreyaya rəğbət bəsləmir. Pekin dairələri sadəcə öz ətraflarında yeni kapitalist düşərgəsinin yaranması ehtimalı ilə baş-başa qalmaq istəmir. Mövcud durumda Rusiyanın da təhlükəli saydığı məqamlar istisna deyil. Ən az narahat olan ABŞ-dır. Amma Vaşinqton nüvə məsələsindən ehtiyatlanır. Amerika KXDR-in dağılmasını istəsə də, prosesin loru desək, səs-küyünü proqnozlaşdırmaqda çətinlik çəkir. Buna görə də ümumən bütün qüvvələrin Şimali Koreya ilə bağlı status-kvonun saxlanılmasında maraqlı olduğu görünür. Deməli, Kim Çen Unun «dəliliklərinə» dözmək, ən əsası isə KXDR-i yedizdirmək lazımdır ki, qoca təfəkkürlü gənclər sələflərinin miras qoyduqları dövlətçilik ənənələrini yaşatsınlar.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə