ABŞ Suriya ilə bağlı hansı addımı atmalıdır? (TƏHRİK)

Suriya ətrafındakı vəziyyətin qeyri-müəyyənliyinə baxmayaraq, bir məsələ tam aydındır: ölkəyə xarici müdaxilə daha pis sonluqlar verə bilər, hərəkətsizliyin mənfi nəticələri isə günbəgün artır. Bunu nüfuzlu «Foreign Policy»də getmiş məqaləsində Vaşinqton Yaxın Şərq İnstitutunun eksperti Dennis Ross deyir. Ekspertin bildirdiyinə görə, Suriya münaqişəsi təkcə bir ölkənin ərazisi ilə məhdudlaşmır, eyni zamanda qonşu dövlətləri də təhdid edir. Suriyadan qaçqın axını İordaniya, Livan və İraq üçün artan təhlükəyə çevrilir.

ABŞ-ın xarici siyasətində iki cərəyanın mövcudluğuna diqqət çəkən politoloq onların nümayəndələrini idealistlər və realistlər kimi dəyərləndirir və vurğulayır ki, birincilər mənəvi dəyərlərə və humanizmə kökləniblər. Belələri böyük mənəvi məqsədlər naminə güc tətbiqini əsaslandırırlar. Realistlər isə əmindirlər ki, ABŞ yalnız özünün həyati vacib maraqlarının müdafiəsi üçün beynəlxalq münaqişələrə qarışmalıdır. Yeri gəlmişkən, deyək ki, realistlər Birləşmiş Ştatların körfəzdəki müharibəsini dəstəklədikləri halda, 2003-cü ildə İraqa müdaxiləni düzgün saymamışdılar. Onlar Liviya əməliyyatını da məqbul qiymətləndirməmişdilər.

D.Ross isə hesab edir ki, tarixin gərdişi məhz Suriya məsələsində idealistləri və realistləri birləşdirməlidir. Onun fikrincə, bu birləşməni zəruriləşdirən yüksək mənəvi amal da göz önündədir. Həm qan tökülməsini dayandırmaq lazımdır, həm də Suriya rejiminin kimyəvi silahı «Əl Qaidə»nin əlinə düşə bilər ki, bu da ABŞ-ın maraqlarına zərbədir: «İlk baxışdan hər şey aydındır. Ancaq problem ondadır ki, Birləşmiş Ştatlar Əfqanıstanda on illik müharibədən çıxıb, Suriyadakı xaosu isə tez bir zamanda sahmana salmaq mümkünsüz görünür. Ölkə müxalifətinin tərkibində birlik yoxdur. Ancaq bütün bunlar Vaşinqtonu saxlamamalıdır. Hər şeydən öncə üsyançılarla rejim arasındakı, həmçinin müxalifətin özünün də daxilindəki qüvvələr nisbətini dəyişmək lazımdır. İkincisi, əhalini qorumaq zəruridir. Nəhayət, münaqişəni Suriyanın sərhədləri daxilində saxlamaq, onun ətraf bölgələrə yayılmasının qarşısını almaq mühüm vəzifədir».

Ekspert Suriya üzərində uçuşsuz zonanın yaradılması təklifini irəli sürsə də, çox da baha başa gəlməyən variantı da məqbul sayır. Məlumdur ki, NATO Türkiyə-Suriya sərhəddində Patriot zenit-raket kompleksini yerləşdirib. «Nəyə görə elan edilməsin ki, sərhəddə 50 mildən artıq yaxınlaşan hansısa hərbi təyyarə vurulacaq?» deyərək fikrinə aydınlıq gətirən Rossun qənaətincə, bu tədbir iri Suriya şəhəri olan Hələbi hava hücumundan müdafiə edəcək və nəticədə müxalifətin nəzarətindəki rayonların sayı artacaq.

Ross eyni zamanda bildirir ki, Suriyadakı hərəkətsizlik ABŞ-ın İranla bağlı siyasətinə də mənfi təsir göstərə bilər: «Biz nüvə problemilə əlaqədar siyasətimizin uğur qazanmasını istəyiriksə, elə etməliyik ki, İranın ali rəhbəri Əli Xamneyinin danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə Birləşmiş Ştatların gücə əl atacağını anlamasını qətiləşdirək. ABŞ-ın maraqları daxilində olan məsələ hansısa siyasi landşaftı dəyişdirməkdir, nəinki dəyişikliyə reaksiya vermək. Belə bir tərz Amerikanın dəyərlərinə də cavab verəndir».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə