Karl Marks: prezident adlandırılmış peyğəmbərliyə iddialı «vəhşi qaban» (TƏZAD)

Kommunist internasionalının banisinin 195 yaşı tamam olur

195 il əvvəlin bu günlərində alman şəhəri olan Tririn Bryukkerhas küçəsində yaşayan vəkil Henrix Marksın ailəsində sevinc yaşanırdı. Səbəb onun üçüncü övladının dünyaya gəlməsiydi. Körpəni Mozes Mordeham Levi adlandırdılar. Bu uşaq sonradan sadəcə Karl Marks adı ilə  məşhurlaşdı.

Əksəriyyətimiz yaşadığı sovet dönəminin təsiri ilə Lenini birmənalı qaydada tanıyırdıq, hətta tanımağa məhkum idik də. Marks və Engelsə gəldikdə isə əsas fərqləndirici göstərici saqqal idi. Yeri gəlmişkən, Marksın saqqalla bağlı xüsusi fikri olub. Bu fikir özündənrazılıqla çulğalaşır və ortaya olduqca maraqlı mənzərə çıxarır.

Karl hələ tələbəlik illərində hamının onu tanıdığı xarici görkəmə özünün xüsusi statusunu göstərmək üçün müraciət etmişdi. Nə az, nə çox, iddialıydı ki, dünya onu yeni peyğəmbər və ya yeni fəlsəfənin yaradıcısı olaraq tanısın. Haradasa Musa ilə Sokrat, bəzi ehtimallara görə hətta Məhəmməd Peyğəmbər kimi görünmək istəmişdi. İnqilabı isə Gerçendən belə demək mümkünsə, oğurlamışdı.

Marks saqqalsız gəncliyi dönəmində o zaman hələ doğulmamış Mayakovskinin sonradan daşıyacağı böyük miqyaslı təbliğatçı, uca və zəhmli səslə danışmağa üstünlük verən natiq və lider funksiyasına iddialıydı. Tələbəlik illərində daşıdığı ləqəblər də bunu deməyə əsas verirdi. Hələ Bonn Universitetinin birinci kursunda oxuduğu vaxtlarda «vəhşi qaban» kimi tanınan Marks üçün xarakterik xüsusiyyətlər daim qalmaqalda olmaq, inadkarlıq idi. Daha sonra onu «Pivə həvəskarları klubunun prezidenti» və ya sadəcə «Prezident» adlandırmağa başladılar.

K.Marksın karyerasına diqqət yetirsək, bütün təxəllüslərini doğrultduğu qənaətinə gəlmək elə də çətinlik törətmir. Deyilənə görə, hətta məişət donuzluğu kimi qiymətləndirilən hərəkətlərə də yol verirmiş. Filosofun Londonda olduğu müddətdə izlənilməsinə təhkim edilmiş alman agenti Vilhelm Ştirberin söylədikləri də bunu təsdiqləyir: «Şəxsi həyatda Marks çox pintidir, bərbad ev sahibidir. Çox az hallarda yuyunur və paltarlarını dəyişir. Çox içir və tez sərxoş olur. İş masasının üstündə qəzetlər, kitablar dağınıq haldadır. Otağında hər yerdə çirkli boşqablara, fincanlara, çəngəl və bıçaqlara rast gəlmək mümkündür. Tütün külləri ətrafla birdir. Evindən çıxanda sanki mağaradan çıxır».

«Vəhşi qaban» ətrafdakılara da donuz kimi yanaşırmış. Özü də təkcə düşmənlərinə deyil, inqilab dostlarına da eyni müsasibəti əsirgəmirmiş. Bir dəfə elə olur ki, o, Almaniyadakı qısa müddətli və uğursuz inqilabın rəhbərlərindən sayılan Avqust fon Villixi savadsız axmaq və dəyyus adlandırır. Gerçenə gəldikdə, əsl inqilabçı kimi tanınan bu tarixi şəxsiyyət Marks haqqında fikirlərini belə ifadə edir: «Marks dedi ki, məni şəxsən tanımır və mənə qarşı heç bir iradı da yoxdur. Ancaq mənfi münasibəti var idi. Sadəcə ona görə ki, mən rusam». Marksın Gerçenə münasibəti birincinin Engelsə ünvanladığı məktubdan da bəllidir: «O, iyrənc rus-kalmık qanı olan nifrət doğuran moskvalıdır».

Bu məktuba diqqət yetirərək Marksda açıq rusfobiyanın olduğunu bildirirlər. Ancaq belə mühakimə əbəsdir. Çünki Kommunist internasionalının banisi əsl internasionalist olub. O, hamıya nifrət bəsləyirmiş. Məsələn, slavyanları Avropanın xərçəng şişi sayırmış. Fransızları başıboşlar yığını, ingilisləri alverçi və zorakılar adlandırırmış. Hətta özünün mənsub olduğu yəhudilik barədə də mənfi dillənirmiş: «Yəhudilik ən anti-ictimai elementdir».

Maraqlıdır ki, xoşagəlməz xarakteri ilə Marks nəinki sosialistləri öz ətrafında toplamağa müvəffəq olur, həmçinin təşkilatdakı rəqiblərini, o cümlədən Bakunin kimi nəgəngi sıxışdırmağı bacarır. Görünür, hansısa izaholunmaz cəhətə də malik imiş.

Pul qazanmaq anlamındakı planları iflasa uğramış Marks altı uşağının böyüməkdə olduğu ailəsi ilə heç də kasıb həyat tərzi sürmür. Fridrix Engels dostunu öz himayəsinə götürür. Bunu yetərsiz sayan Karl demək olar, Avropanın hər yerindəki təmaslarından pul alır. Çox vaxt həmin pulları geri də qaytarmır. Halbuki bu pullar ona borca verilirdi. Mövcud mənada bir maraqlı hadisə də diqqətdən yayınmır. Deməli, günün birində Karl hollandiyalı əmisi FIilip Marksın yanına borc istəməyə gedir. Qardaşı oğlunun bədxərcliyini və etibarsızlığını bilsə də, Filip Karla bir ailənin orta hesabla bir il yaşaya biləcəyi məbləğdə pul verir. Karl bu pulu cəmi ikicə aya xərcləyir. Yeri gəlmişkən, əmisinin firması həmin vaxtdan indiyədək fəaliyyət göstərir və hazırda «Filips» adı ilə tanınır. Beləcə ortaya maraqlı mənzərə çıxır: əmi burjua mülkəradı, ondan pul alan qardaşı oğlu isə belə desək, burjuaziyanın qəbir qazanı.

Qeyd edək ki, Karl Marks özünü inqilabçı və elə «qəbir qazan» sayırdı. Ancaq onu dünya miqyasında məşhurlaşdıran cəhətlər sırasında filosofluğu, ədəbiyyatşünaslığı və şairliyi xüsusi yer tutur. Karyerasına da sadəlövh romantik şair kimi başlayıb. Ancaq həyat və yaradıcılığında başlıca yeri tutan məşhur «Kapital»dır. Müasirləri bu əsəri  Conatan Svift ruhunda olan satirik bədbin fantastika adlandırırlar. Amma etiraf edilir ki, Marks yazıçı fantast kimi öz zamanını xeyli qabaqlamışdı.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə