Avropa ku-kluks-klançılığı (TƏHLİL)

 

Altmış il əvvəl kimsə Avropanı nasist təbliğatının bürüyəcəyini desəydi, inanan olmazdı. Hətta faşizmin beyişi sayılan İtaliya və Almaniyada belə məsələ gülüşlə qarşılanardı. Axı prinsipcə insanlar nasizmin gətirdiyi bəlaları xatırlamalıdılar.

İkinci Dünya Müharibəsindəki qələbənin növbəti ildönümünün qeyd edildiyi bu günlərdə Almaniyanın Baden-Vürtemberq torpağının polis rəisi vaxtilə Amerikada mövcud olmuş Ku-kluks-klan təşkilatının ardıcıllarının meydana çıxdığını bəyan edib. Əsasən terrorçuluq təmayüllərinə köklənmiş bu qurum ağların daha üstün olduqları ideyasını ortaya atır. Qeyd edək ki, analoji təşkilatlar Almaniyada əvvəllər də olub.

Ku-kluks-klançılığın tarixi

Ku-kluks-klan təşkilatı 1865-ci ildə ABŞ-ın Tennesi ştatında yaradılıb. 24 dekabr 1865-ci ildə ştatın Pulaski şəhərinin sakinləri vətəndaş müharibəsindən sonra yeni ili qarşılamağa hazırlaşdıqları bir vaxtda ku-kluks-klançı dəstələr əhalini, xüsusən də uzun müddətdən sonra azadlığına qovuşmuş qaradərili əhalini qorxutmaq yolu tutur və hər şey beləcə başlayır. Yeri gəlmişkən, bəzi tarixi ədəbiyyatlarda ABŞ prezidenti Avraam Linkolnun məhz bu təşkilatın fəalları tərəfindən qətlə yetirildiyi bildirilir.

Qaralar ku-kluks-klançı ağ süvariləri sanki ruhlar kimi görür və hər gecə peyda olaraq vahimə yaratmalarından ehtiyatlanırdılar. Tədricən anarxist qurumun sıraları qaraların azadlıq əldə etməsilə barışmayanların hesabına genişlənir. 1867-ci ildə ku-kluks-klançılar özlərinin ilk konqreslərini çağırırlar. Həmin tədbirdə təşkilatın nizamnaməsi qəbul edilir. Qurumun üzvləri ağlarla qaraların bərabərliyinə imkan verməyəcəklərinə and içirlər. Əsas şüarları isə belə olur: ölkəni qaraların hücumundan qurtarmaq.

Həmin dövrdə ABŞ-ın müxtəlif şəhərlərində zorakılıqlar və qətllər artmağa başlayır. Ku-kluks-klançılar qarşılarına çıxan qaradərili qadınların başlarını qırxırlar. Kişiləri isə bir çox hallarda hamının gözü qarşısında asırlar. Hakimiyyət klanla mübarizə aparsa da, bunun elə bir nəticəsi olmur. Xöşbəxtlikdən o zaman ku-kluks-klançılar daxildən parçalanır və xırda qruplaşmalara bölünürlər. Ancaq bu vəziyyət onların sonradan birləşmələrinə maneçilik törətmir. Doğrudur, birləşmə xeyli gec - artıq XX əsrdə, daha dəqiq desək, 1915-ci ildə baş verir. Klanı Corciyadan olan vəkil Uilyam Simmons bərpa edir. Artıq təşkilat leqal fəaliyyət göstərməyə başlayır və hiddətinin başlıca ünvanı Avropadan gəlmələr olur. Xüsusən də irlandlar və italyanlar. Ancaq gözə görünməyən imperiya çox da uzun ömür sürmür və 1944-cü ildə dağılır.

Ku-kluks-klançıların dördüncü yüksəlişi ötən əsrin 70-ci illərində yaşanır. Bu dəfə qurumun üzvləri seksual azlıqlara qarşı mübarizə aparmağa girişirlər. 1993-cü ildə təşkilat üçüncü dəfə buraxılır.

Ku-kluks-klançıların zühuru

Belə nəticəyə gəlmək olur ki, ku-kluks-klançılar dördüncü dəfə meydana atılacaqlar. Avropanı bürümüş maliyyə böhranı və miqrant axını sözügedən təşkilatın indi artıq «köhnə qitə»də zühuru üçün geniş zəmin yaradır.

Avropada rasizm və ksenofobiyanın yayılma faizi ekspertlərin hesablamalarındakı rəqəmlərdən yüksəkdir. Bunu deməyə İnsan hüquqlarına nəzarət üzrə Avropa Agentliyinin apardığı sorğunun nəticələri də əsas verir. Sorğuda Avropa Birliyinə daxil olan ölkələrdəki miqrantların və etnik azlıqların fikirləri öyrənilib. Ümumilikdə 23 min adamın rəyi soruşulub və məlum olub ki, onlardan 12 faizi bu və ya digər dərəcədə rasizm zorakılıqlarıyla üzləşib. Belə aqibəti yaşayanların yalnız 20 faizi polisə müraciət edib. Yerdə qalanlar hakimiyyətin kömək göstərə biləcəyinə inanmadığından bu addımı atmayıb. Ən çox zorakılığa məruz qalanlar isə Afrika mənşəlilər və qaraçılardır.

Sorğuda rəyi soruşulanların 55 faizi diskriminasiyanı Avropanın ciddi problemi kimi dəyərləndirib. 37 faiz isə özünün birbaşa olaraq diskriminasiyaya məruz qaldığını önə çəkib. Bir məqamı da vurğulamaq lazımdır ki, ksenofobiya elementləri özünü daha çox yeniyetmələr içərisində göstərməkdədir. Məsələn, Almaniyada hər yeddi uşaqdan biri xaricilərə nifrət hissi daşıyır. Yeniyetmələrin 4,9, gənclərini isə 2,6 faizi müxtəlif radikal qruplaşmaların üzvləridirlər. Nəzərə alsaq ki, bu göstəricilər nasizmdən əziyyət çəkən ölkəyə məxsusdur, məsələ xüsusilə dramatik səciyyə daşıyır.

Nə etməli?

Hazırda Avropa ölkələrinin rəhbərliyi həm demokratik prinsipləri və dözümlülük mühitini qoruyub saxlamalı, həm də Asiya və Afrikadan olan miqrant axınının qarşısına çıxmalıdırlar. Ekspertlərin hesablamalarına görə, Avropa Birliyinin sərhədlərini aşaraq qitəyə həmişəlik məskunlaşmaq üçün gələnlərin sayı hər il 8,8 faiz artır. Axının başlıca istiqaməti Fransa, Britaniya, Almaniya və İtaliyayadır. Gəlmələrin əksər hissəsi müsəlmanlardır. Təkcə Londonda təqribi rəqəmlərə görə, yarım milyon müsəlman yaşayır ki, onların da əksər hissəsi Pakistandan, İraqdan və Əfqanıstandan gəlmələrdir. Təbii ki, mövcud durumda Avropanın köklü əhalisi belə məskunlaşma hallarına qarşı dərhal tədbir görülməsini zəruri sayacaq. Ancaq tədbirlər necə olmalıdır, bu da qeyri-müəyyəndir. Çünki AB-nin rəsmi sənədlərində imiqrasiya ilə mübarizəyə dair heç nə yoxdur. Üstəlik, belə mübarizə anti-demokratik təmayül, bəyan edilmiş ali dəyərlərə zidd sayılır. Nəticə etibarilə qanuni prosedurun mövcudsuzluğu isə  çoxsaylı millətçi təşkilatların baş qaldırmalarını və problemi gəlmələrlə şəxsi mübarizə müstəvisində həll etməyə girişmələri kimi mənfi meylin geniş vüsət almasına gətirir.

Təkcə Britaniyada irqi, dini və milli ayrıseçkiliyə köklənmiş onlarla ekstremist qruplaşmalar mövcuddur. Əslində vəziyyət sadə avropalılar içərisində də bölünməyə gətirib. Onların bir qismi belə düşünür ki, «islam işğalçıları»nı xristian torpaqlarından təmizləmək lazımdır. Digər qrup miqrantlara qarşı zorakılığı haqlı saymır.

Bütün bunları ümumiləşdirərək, eyni zamanda tarixə müraciət edərək belə qənaətə gəlmək mümkündür ki, istənilən halda ağ-qara, müsəlman-xristian, ari və ari olmayan söhbətləri qanlı toqquşmalara səbəb olub və mövcud mənada istər ilkin orta əsrlərdəki ərəb işğallarını, istərsə də sonrakı dövrün xaçlı yürüşlərini göstərmək mümkündür. Mövcud mənada İkinci Dünya Müharibəsini doğuran irqi motivləri də yada salmaq yerinə düşər. Bu səbəbdən Avropanın məsələyə həssas yanaşması zəruridir. Nəzərə alınmalıdır ki, qitənin qanunları həmişə şəxsiyyətin qorunmasını əsas tutub. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə