Seks haqqında yazı... (BAXIŞ)

Elçin MİRZƏBƏYLİ

...Əslində bu yazının bəlkə də Azərbaycanda kütləvi olaraq qəbul edilən seks anlayışına bir o qədər də aidiyyatı yoxdur. Amma bu məmləkətin insanına bir neçə yüz işarəlik xəbərdən başlamış bir neçə yüz səhifəlik kitabadək nə isə oxutmağın başqa yolu olmadığı üçün yazıya "seks" sözünü calaq etmək məcburiyyətində qaldım.

Yazmaq istəyim isə istedadına və şəxsiyyətinə sayğı duyduğum Vüsalə Məmmədovanın sosial şəbəkələrdən birində paylaşdığı "Toydan əvvəl sevişməlimi, sevişməməlimi? Bu haqda yazıram. Görək necə olur" statusundan sonra baş qaldırdı... Bu status Vüsalə xanımın səhifəsində yer alan kimi şərhlərin ardı-arası kəsilmədi. Bəlkə də hələ də yazırlar...

...Nə baş verir bu ölkədə? Seksual inqilab? Əsla! Hətta inqilabın belə, nəticəsindən asılı olmayaraq, pis-yaxşı düzəni, hərəkətverici və idarəedici qüvvəsi olur. Bu inqilab deyil... Estetikadan, zövqdən uzaq, aqressiv və yırtıcı şəhvətin hökm sürdüyü xaosdur, şizofrenik anarxizmdir...

Və bu xaos hər birimizin qapısının kandarında dayanıb, bəşəriyyətin əsrlərdən bəri formalaşdırdığı estetik dəyərlərə yumruq silkələyir, bu KÜTLƏvi xaosdan yayınmağa çalışan hər kəsi öz ağuşunda boğmağa çalışır. Kütlə "estetikası" bütün yüksək dəyərlərə hakim kəsilib bu məmləkətdə... Atılıb-düşməyi sevən bir millət olduğumuzu nəzərə alıb ölkəmizdə çoxluğun seksual münasibətlər haqqında təsəvvür və təxəyyüllərini musiqinin janrları ilə müqayisə edəcəyəm:

Azərbaycanda müəyyən istinalar olmaq şərtilə əksəriyyətin seks haqqında anlayışı... klassik musiqi deyil, bluz... heç deyil, rok da, hətta rep də deyil, "can-cana"dı... Məhz "can-cana"! Janrı, "soyu-kökü", milli-mədəni, cinsi mənsibiyyəti, estetik, fəlsəfi mahiyyəti olmayan..., düşünməyi düşünməyən, dərk etmək və anlamaq haqqında təsəvvürləri olmayan birhüceyrəlilərin müsiqisi, amöblərin "estetika"sı...

Çıqqada çıkın...

Lakkada çıkın...

Ən yaxşı halda isə:

Lakkada, lakkada, lakkada çıkın....

...Budur bizim həyat fəlsəfəmizin "simfoniyası"!

...Əlimizi qulağımızın dibinə aparıb bəh-bəhlə muğam dinləsək də, toplum içərisində səbrimizi basıb Bethovenin, Şopenin, Motsartın..., Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun... əsərlərinə qulaq assaq da... son nəticədə "can-cana"ya gəlib çıxırıq. Çünki bizim fəlsəfi-estetik dünygörüşümüzün ritmi 4/5, 10/11 ölçülərindən uzağa gedib çıxa bilmir.

...Bizə inqilab yox, cəmiyyəti inkişafdan saxlayan, saxta, qondarma "dəyər"ləri alt-üst edə biləcək dəyişikliklər lazımdır. Tabuları götürmək, pərdələri qaldırmaq..., gizlinləri aşkara çıxarmaq, fərd, ailə və cəmiyyət kimi açıq və şəffaf görünmək... Olduğumuz kimi, necə varıq elə! Və yalnız bu halda cəmiyyətimiz yanında bədii ifadələrlə estetik intim münasibətlər haqqında bircə kəlmə danışılanda "Bıyyyy, ətin tökülsün elə..." deyib, gizlində parnoqrafik saytlarda gün keçirən, "əxlaqlı" obrazında daha baha qiymətə satılmaq naminə bütün "pərdə"lərini bir pərdəni qorumaq üçün qurban verənlərin üfunət qoxuyan saxta mühitindən xilas olacaq.

...Və yalnız o zaman hər kəs öz seçdiyi və layiq olduğu həyatı yaşaya biləcək!

baymedia.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə