İranda seksual inqilab (ARAŞDIRMA)

 

168.az nüfuzlu «Foreign Policy»də İran İslam Respublikası ilə bağlı getmiş məqaləni təqdim edir:

İran adı gələndə yada nə düşür? Çox güman, ayətullalar, dini fanatizm, çadralı qadınlar. Bəs, seksual inqilab necə, ağlınıza gəlirmi? Bəli, məsələyə seksual inqilab müstəvisində yanaşmaq üçün əsaslar var. İş burasındadır ki, son 30 ildə Qərbin kütləvi informasiya vasitələrinin İslam Respublikasının radikal siyasətinə yönələn fikirlər səsləndirdikləri bir vaxtda ölkə ciddi sosial və mədəni transformasiyalar yaşamaqdadır.

İranın seksual inqilabı barədə birmənalı şəkildə mənfi və ya müsbət mülahizə yürütmək mümkünsüz görünsə də, istənilən halda bu, görünməmiş, haqqında söz açılmamış məqamdır. Ölkənin sosial quruluşu o qədər dəyişib ki, son bir neçə ildə İslam Respublikasına gələn diaspor nümayəndələri şok keçirirlər. Onların bildirdiklərinə görə, hazırkı Tehranla müqayisədə London daha mühafizəkar şəhərdir. Birbaşa seksual düşüncələrə gəldikdə isə, İran böyük sürətlə Britaniya və ABŞ istiqamətinə doğru gedir.

Əlbəttə, iranlıların seksual vərdişləri haqqında səlist məlumat almaq çox çətindir. Ancaq İslam Respublikasının rəsmi statistikasına dayanaraq bir çox məqamlardan söz açmaq mümkündür. Ölkədə doğum faizi aşağı düşüb və mövcud cəhət ailə planlaşdırmasının kontraseptik və digər formalarının yayıldığı barədə mülahizə yürütmək üçün kifayətdir. Bu isə ənənəvi ailənin rolunun aşağı düşməsi anlamına gəlir. Ümumən son iyirmi ildə ölkədə doğum faizi ciddi şəkildə aşağı düşüb. Belə bir enişə bəşəriyyət tarixində ümumiyyətlə rast gəlinməyib. Hazırda İranda təbii artım cəmi 1,2 faiz təşkil edir. Nəzərə alsaq ki, iranlıların yarısı 35 yaşdan aşağı şəxslərdir, vəziyyətin gərginliyi göz önündədir.

Son 30 ildə İranda nigaha daxil olan kişilərin orta yaş həddi 20-dən 28-ə qalxıb. Hazırda ölkə qadınlarının əksər hissəsi 24-30 yaşlarında ərə gedirlər. Halbuki on il əvvəl bu rəqəm orta hesabla 18-24 arasında dəyişirdi. Rəsmi statistikaya inansaq, İslam Respublikasında nigah yaşına çatmış insanların 40 faizi subaydır. Bundan başqa boşanma göstəricilərində də sürətli artım müşahidə olunur. Əgər 2000-ci ildə 50 min boşanan qeydə alınmışdısa, 2010-cu ildə mövcud rəqəm 150 min təşkil edib. Hazırda hər yeddi nigaha bir boşanma düşür. Böyük şəhərlərdə isə durum daha pisdir. Məsələn, Tehranda 3,76 nigahdan biri ayrılır. Bu isə nigahların 42 faizinin boşanma ilə nəticələndiyi Böyük Britaniyanın göstəricisinə bərabərdir.

İranlıların nigaha və boşanmaya dəyişən baxışları onların seksə münasibətini də dəyişdirib. 2008-ci ildə ölkənin Gənclər Nazirliyi tərəfindən aparılmış sorğu müəyyənləşdirib ki, rəyi soruşulan kişilərin böyük əksəriyyəti nigaha qədər ən azı bir qadınla cinsi əlaqəyə girdiyini etiraf edib. O da müəyyənləşdirilib ki, belə əlaqələrin 13 faizi hamiləliyə və aborta gətirib. Bir müddət əvvələdək İranda mövcud tendesiyanın nə vaxtsa müşahidə ediləcəyi heç ağla belə gəlməzdi. Nazirlik hesab edir ki, qeyri-sağlam münasibətlər və mənəvi yayğınlıq gənc İran cütlüklərinin ayrılmasını doğuran mühüm faktorlardandır.

Bütün bunlarla yanaşı, qeyd edilməlidir ki, son illər İranda gözəgörünməz seks industriya da geniş vüsət alıb. Ötən əsrin 90-cı illərində ölkədə fahişəlik yalnız böyük şəhərlərdə idisə və fahişələr gözəgörünməz tərzdə fəaliyyət göstərirdilərsə, hazırda fahişə tapmaq olduqca asandır. İndiki dövrdə belə desək, seks işçiləri ayrı-ayrı küçələrdə dayanır və özlərinin təsadüfi müştərilərini gözləyirlər. Hələ on il öncə yerli «Entekhab» qəzeti yazmışdı ki, təkcə paytaxt Tehranda 85 min fahişə fəaliyyət göstərir…

Əlbəttə, İran fahişələrinin düzgün göstəricilərini müəyyənləşdirmək çətindir. Təkcə onu demək lazımdır ki, ölkənin ictimai araşdırmalar aparan dövlət təşkilatlarından biri bəzi statistikanın cəmiyyətə mənfi təsir göstərə biləcəyini önə çəkərək ondan ümumiyyətlə danışmamağı vacib sayır. O da maraqlıdır ki, əldə edilmiş bəzi rəqəmlər İran fahişələrinin 10-12 faizinin nigahlı olduğunu təsdiqləyir. Ən qəribəsi isə İslam Respublikasındakı seks işçilərinin heç də hamısı qadınlardan ibarət deyil. Belə ki, İranın təminatlı orta yaşlı və gənc qadınları qısa müddətli cinsi təmas üçün kişi cinsindən olan seks işçilərinin xidmətlərinə üstünlük verirlər.

Təbii ki, İran cəmiyyətindəki ənənəvi dəyərlərin tamamilə sıradan çıxdığını söyləmək də doğru sayılmaz. Ölkənin patriarxal mədəniyyəti hələ də güclüdür. Mühafizəkarlıq sosial təbəqələr içərisində, xüsusən də ayrı-ayrı şəhər və kəndlərdə öz qüvvəsini saxlamaqdadır. Ancaq seksual liberallığın yalnız böyük şəhərlərin təbəqələri içərisində vüsət aldığını da söyləmək mümkünsüzdür.

Beləliklə, İranda seksual inqilaba təkan verən nədir? Məsələyə izah vermək üçün iqtisadi faktorlar da daxil olmaqla bir sıra məqamları vurğulamaq olar. Mövcud xüsusda urbanizasiya, yeni kommunikasiya alətləri, həmçinin yaxşı təhsil görmüş qadınların meydana çıxması seksə münasibətin dəyişməsinə gətirən cəhətlər kimi önə çəkilir. Ancaq bu cəhətlər bir sıra digər ölkələrdə də müşahidə edilir ki, onlar barədə İran haqqında söylənilən fikirləri dilə gətirmək mümkünsüzdür. Yaxın Şərq ölkələrinin bir çoxu sosial konservatizmə doğru yön aldığı indiki məqamda İranda əks proses yaşanır. Bəs, İslam Respublikasını fərqləndirən xüsusiyyət nədir? Parodaksal görünsə də, ancaq məhz puritan, real həyatdan ciddi şəkildə ayrı salınmasına cəhd göstərilmiş dövlətdə yeni liberal mərhələ müşahidə olunur. İranda da eyni hal yaşanır.

1979-cu ilin İran İslam İnqilabından sonra kollektiv dəyərlər prinsipinə söykənmiş yeni rejimdə şəxsi və ictimai mühit arasındakı sərhədlər silindi. Məhz qatı dini prinsiplərə əsaslanma quruluşun legitimliyini təsdiqləyən faktor rolunda çıxış etdi. Lakin bu durumu saxlamaq mümkün olmadı. Siyasi və iqtisadi böhranla mübarizədə çətinlik çəkən İran hakimiyyəti ideoloji və mənəvi baxımdan da utopik cəmiyyətin tələblərini ödəməkdə çətinlik çəkdi və indi də çəkməkdədir.

Hazırkı durum insanları sıxır. Nəticədə seksual baxışlardakı dəyişiklik özünü rejimə qarşı passiv müqavimət kimi meydana çıxmış hərəkatın tərkib hissəsi olaraq biruzə verir. İran hakimiyyətinin qeyri-qanuni cinsi əlaqələrin yolverilməzliyinə dair çağırışları isə əslində əks reaksiya doğurur və hər hansı fayda vermir. Yekunda yavaş-yavaş da olsa, İranın seksual inqilabı dövlətin ideoloji strukturuna da neqativ təsir göstərməyə başlayır.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə