AKP-yə Taksim pazı və ya Türkiyədə «ağac inqilabı» (YANAŞMA)

Əvəz RÜSTƏMOV

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan heç xoşum gəlməyib və gəlməyəcək də. Məndə həmişə belə təəssürat yaranıb ki, bu adamın peşəkar siyasət meydanında həyata keçirdikləri oyunbazlıqdan, artistlikdən başqa bir şey deyil. Ümumən Türkiyənin hazırkı AKP hökumətinin mahiyyətinin birbaşa oyun üzərində qurulduğu qənaətindəyəm. Amma hər oyunun bir sonu var.

Əlbəttə, indi AKP-nin sonunun gəldiyini söyləmək niyyətindən uzağam. Bir şey aydındır ki, vaxtilə Topxana meşəsi Dağlıq Qarabağda münaqişə ocağının yaranmasına necə bəhanə olmuşdusa, hazırda Taksimdə ağacların qırılması da eyni mahiyyət daşımaqdadır. Yəni, ağac məsələsi labüd proses üçün gerçək səbəb deyil.

İndi Ərdoğan və ətrafı sosial şəbəkələri sanki topa tutur. Ümumiyyətlə Türkiyənin baş naziri kələfin ucunu əməlli başlı itirib və mövcud reallıq əslində onun xalqa əsl münasibətinin illərdir demokrat pərdəsi altında gizlənmiş qorxunclarını göstərir…

Bəlkə Ərdoğanın dedikləri düzdür. Yəni, ola bilər, Türkiyədə yaşananlar şişirdilir. Elə şişirdilir də. Amma hər şey AKP hakimiyyətinin apardığı siyasətin acı nəticələrindən xəbər verir. Söhbət heç də birbaşa Ərdoğanın daxildə gerçəkləşdirdiklərindən getmir. Bununla işim yoxdur. Hərçənd daxili narazılıqların da hazırkı iğtişaşlarda rolu var. Zənnimcə, əsas təhlükə xaricdən gəlir.

Ehtimal böyük olsa da, Qərbin, o cümlədən ABŞ-ın Taksimdən başlanan qığılcımlarda nə dərəcədə əlinin olduğuna dair birmənalı fikir yürütmək çətindir. Ancaq Türkiyədə yaşananlarda AKP hakimiyyəti adına ilahi qanunauyğunluq var və bu qanunauyğunluğa regiondakı maraqlar baxımından diqqət yetirərkən yadıma Misirin «ərəb baharı» nəticəsində devrilmiş prezidenti Hüsnü Mübarəkin hiddət dolu təəccübü düşür. O, təəccüblənməkdə haqlı idi. Deyirdi ki, Misirin əhalisi 80 milyondur. 80 milyonun 10 milyonu istefa deyə bağırırsa, nəyə görə getməlidir? Halbuki həmin vaxt sosial şəbəkələrdəki təsvirlər tamam başqa mənzərə formalaşdırırdı. Elə təəssürat yaranırdı ki, bütün Misir çalxalanır və o zaman Ərdoğan özünün pafoslu bəyanatları ilə həmin çalxalanmada böyük rol oynamışdı. Guya Misirin məzlum əhalisinin haqqını qoruyurdu.

Türkiyənin baş naziri Liviyanın keçmiş lideri Müəmmar Qəzzafinin devrilməsi və qətlə yetirilməsi ilə nəticələnən oyunda da baş rolu ifa etdi. Demokrat obrazını ərəb-müsəlman dünyanısa necə lazımdısa sırıdı. Bu dəfə yazıq liviyalıları diktatorun cəngindən aldı. Aldı və atdı Amerikanın qucağına. Liviya xalqı indi-indi hansı girdaba düşdüyünü anlamağa başlayıb. Təbii, artıq gecdir…

Növbə Suriyaya çatdı. Ərdoğan başladı Bəşər Əsədə demokratiya dərsi deməyə. Ancaq yekunda Suriya nə Misir oldu, nə də Liviya. Əsəd geri durmadı və Suriyada uzun müddətdir sürən qanlı qarşıdurmalar bu günlərdə Rusiyanın «S-300» raketlərinin bölgəyə gəlməsilə sanki sınma nöqtəsini tapdı. Vəziyyət Əsədin xeyrinə dəyişdi. Deməli, Ərdoğan üzərinə düşən missiyanı yerinə yetirə bilmədi və Suriya məsələsinə Amerikanın regiondakı əsas müttəfiqi olan İsrailin özünəxas dəlisovluqla qoşulması da bundan xəbər verirdi. Amma «S-300»lərin qarşısında İsrail də bir şey edə bilməzdi…

Yeri gəlmişkən, Ərdoğan müəyyən vaxtlarda Rusiyanın və Çinin əsas rol oynadığı, İranın qoşulmağa cəhd göstərdiyi Şanxay Əməkdaşlıq Təşkilatına doğru da baxdı. ABŞ-ın Yaxın Şərq missiyanı faktiki olaraq yerinə yetirmədiyini görən Türkiyə hakimiyyəti bu yolla öz aləmində müstəqil olduğunu göstərdi. Şərqə boylanmaqla çox güman, Vaşinqtonu şantaj etdi.

Görünür, şantajla, populist fikirlər səsləndirməklə, demokrat donu geyməklə olmurmuş. Son illərin Türkiyəsi İsraillə Amerikanın ən yaxşı övladı olmaq yarışına girişməkdən, «Ergenekom» adı altında ölkənin hərb sistemini sındırmaqdan başqa bir şeylə yadda qalmadı. Ən əsası isə Birləşmiş Ştatların mənafeyinə uyğun olaraq böyük qonşuları Rusiya və İranı əsəbləşdirdi.

Bir məqama da diqqət yetirim ki, 1952-ci ildə sovet təsirindən yaxa qurtarmaq üçün tez-tələsik NATO-ya daxil olmağı çıxış yolu kimi görən Ankara prinsipcə elə həmin vaxtdan Qərbin plasdarmıydı. Mövcud reallığı SSRİ qəbul etmişdi. Onun varisi sayılan Rusiya da vəziyyəti dəyişməyə cəhd göstərmədi. Ərdoğanın hakimiyyətə gəlişi ilə bu plasdarm özünü regionun lideri kimi göstərməyə başladı və həndəvərindəkilərə meydan oxudu. Odur ki, indiki durumda qonşularından hansınınsa Türkiyə daxilindəki vəziyyətə AKP-nin xeyrinə nüfuz etməsi mümkünsüzdür. Təxminən belə: Amerikanın ölkəsidir, özü bilər nə edər. İstər İran, istərsə də Rusiya hələ lap çoxdan Qərbin Türkiyə plasdarmının özləri üçün məqbul sayılmayan hər cür perspektivini götür-qoy ediblər. Onları Ərdoğandan sonra Türkiyədə hakimiyyətə kimin gələcəyi strateji planda maraqlandırmır da. Rusiya və İranı narahat salan Suriya idi ki, artıq müharibəni udulmuş saymaq mümkündür.

Mövcud durumda Qərbin AKP hakimiyyətini cəzalandırmasına əsas səbəb ikincinin prinsiplərində ardıcıl ola bilməməsidir. Hazırda Amerika belə düşünə bilər ki, Ərdoğan Bəşər Əsədə qarşı mübarizədə real iş görə bilmədiyindən onun hakimiyyətdə qalması doğru deyil. Mövcud durumda Türkiyənin hazırkı hakimiyyətinin qonşuları ilə münasibətləri yaxşılaşdırması mümkünləşə bilərdi ki, bu, Qərbin Yaxın Şərq ssenarisini tamamilə iflasa uğradardı. Odur ki, hadisələrin növbəti axarı «geridə qalan atlar güllələnir» məntiqi ilə getməliydi və gedir də. Nəticədə hadisələrə reaksiya baxımından Ərdoğanla Mübarək və ya Qəzzafi arasında fərq olmur. Baxın, vəziyyət elə gətirib ki, Türkiyənin baş naziri də «ərəb baharı»nın katalizatoru rolunda çıxış edən sosial şəbəkələri təxminən şeytan əməli kimi qələmə verir. Qanlı və zorakılıq dolu səhnələr də eynilə Tunis, Misir və Liviyadakı kimidir. Hətta CNN-nin, BBC-nin sujetlərində də oxşarlıq var. Bu telekanalların müsahibə götürdüyü etirazçılar Türkiyədə inqilabın baş verdiyini deyirlər...

Sonda bir məqamı da vurğulamaq istərdim: əgər Mübarək və Qəzzafiyə qarşı etiraz dalğasının başlanması üçün sosial şəraitə oxşar nə isə var idisə, peşəkar siyasətçi kimi Ərdoğanın düşdüyü durumun biabırçılığı böyükdür. Burada məsələ məhz ağac məsələsidir. Taksim meydanından qoparılmış ağaclar sanki paz olub keçib AKP-nin canına. Nəzərə alsaq ki, Taksim meydanı İstanbulun və elə ölkənin də belə demək mümkünsə, ən qərbləşmiş yeridir, o zaman oradakı ağacları da obrazlı desək, amerikalıların əkdiyini və becərdiyini söyləmək mümkündür. Deməli, Ərdoğanın səhvi həm də Birləşmiş Ştatların Türkiyədəki ağaclarını qoparmaq cəhdindən ibarətdir. Siyasətdə iyrəncilik olsa da, iyrənc oyunları həyata keçirənləri cəzalandırmaq kimi özəllik var.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə