“Qalib ölkə”nin məğlub siyasəti və ya Ermənistan iqtisadiyyatının son akkordları (TƏHLİL)

Ərəstun BAXŞƏLİYEV, Siyasi Araşdırmalar İnstitutunun analitiki

Hazırda Cənubi Qafqaz ölkələri içərisində ən çətin durumda olan ölkə Ermənistandır. Bu dövlətin yürütmüş olduğu daxili və xarici siyasət ölkəni tamamilə iflas həddinə çatdırmışdır. Artıq iş o yerə çatmışdır ki, ölkə əhalisinin sayı sürətlə azalaraq, kənd və şəhərlərdə sözün həqiqi mənasında, ölü mənzərələr yaranmışdır.

Rəsmi statistk məlumatlara görə gün ərzində Ermənistan ərazisini orta hesabla 400-ə yaxın insan tərk edir ki, onların da üz tutduqları ölkələrdə məskunlaşaraq, həmin ölkənin vətəndaşı olmaq uğrunda mübarizə aparırlar. 

Ermənistan Miqrasiya İdarəsinin rəsmisi Ruben Yeganyan açıqlamasında bildirir: "Son hesablamalara görə, Ermənistan əhalisi sürətlə azalmağa doğru gedir. Bu gedişlə ölkədə işçi qüvvəsi qalmayacaq və iqtisadiyyat daha da ağır böhran nəticəsində tənəzzül yaşayacaq. Çünki gedən miqrantların böyük əksəriyyəti bir daha geri qayıtmır. Ölkədə 2 milyondan da az əhali yaşayır. Ölkəni tərk edənlərin əsas əksəriyyəti isə xaricdə işləmək üçün gedirlər. Təssüflər olsun ki, onların arasında iqtisadiyyatın əsasını təşkil edən iş adamları da vardır. Bir ölkədə ki, 2 milyona yaxın adam qala, orda nə iş imkanlarından, nə də irəliləyişdən danışmaq mümkündür. Regionlarda  isə vəziyyət daha ağırdır. Hətta elə rayonlar var ki, orada boş qalan - ölü kəndlər əmələ gəlmişdir". Ermənistanın "Lragir" qəzeti bu ölkənin Miqrasiya Xidmətinə istinadən yaydığı məlumata görə son üç ildə Ermənistanı 160 min nəfərə qədər əhali tərk etmişdir. Cari ilin 11 ayı ərzində isə Ermənistanı tərk edənlərin sayı ölkəyə gələnlərdən 71 min 374 nəfər çox olmuşdur. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz  çox deməkdir.

Erməni mətbuatının verdiyi məlumata görə təkcə bu ilin 3 ayı ərzində Ermənistanı 35 min 300 nəfər əhali tərk etmişdir ki, bu da ötən ilin analoji tarixi ilə müqayisədə 10 min nəfər artıq göstəricidir. 

Vəziyyətə aydınlıq gətirən "Joxovurd" qəzetinin fikrincə, bu, sadəcə respublika əhalisini yoxsullaşdıran ağır sosial-iqtisadi vəziyyət ilə əlaqədar olmayıb, həm də erməni ictimaiyyətinin ölkənin gələcəyinə olan ümidlərinin saxtalaşdırılmış prezident seçkilərindən sonra puça çıxması ilə bağlıdır. Sitat: "Ölkədə keçirilmiş prezident seçkilərindən sonra ölkə əhalisinin gələcəyə olan ümidləri tamamilə puça çıxmışdır. Əhali vəziyyətin yaxşılaşmasına yardım edəcək dəyişikliklərə artıq inanmayaraq ölkəni davamlı şəkildə tərk edirlər. Bu gün ölkədə bir nömərli problem miqrasiyadır".

Maraqlıdır ki, məsələ ilə bağlı açıqlama verən Erməni Milli Konqresinin katibi Aram Manukyan da prezidentin inauqurasiyasından sonra ölkəni tərk edənlərin sayının nəzərə çarpacaq dərəcədə artdığını və bunun yenə də artan tempi ilə davam etdyini bildirmişdir. Manukyanın sözlərinə görə proses belə davam edərsə, o zaman 5 ildən sonra Ermənistanda nə işçi qüvvəsi, nə də ki gənclər qalacaq. Bu isə təbii olaraq, orduya da öz mənfi təsirni göstərəcək. Burada maraqlı paradoks isə ondan ibarətdir ki, bu gün Ermənistanı nəinki yoxsullar, eyni zamanda, ölkənin gələcəyinə inanmayan zəngin iş adamları da tərk edir. 

Ermənistan KİV-in yazdığı məlumata görə, hakimiyyət vəziyyətdən xəbərdar olsa da, ancaq özünü elə aparır ki, guya ölkədə hər şey qaydasındadır və ya insanlar rahat və yaxşı yaşayırlar. "Lakin hökumətin özünü arxayın göstərməsi heç də hər şey demək deyil. Çünki mövcud durum hakimiyyətin yürütmüş olduğu qeyri-münasib siyasət nəticəsində ölkəni bir qədər də uçuruma yuvarlamışdır. İqtisadi vəziyyəti azacıq da olsa düzəltməyə gəlincə isə Ermənistanın iqtisadi potensialı və resursları demək olar ki, yox dərəcəsindədir. Bu isə öz növbəsində Ermənistan iqtisadiyyatının xarici təsirlərdən asılı vəziyyətdə gətirib çıxarıb. Hazırda inflyasiyanın səviyyəsi  o qədər yüksəlmişdir ki, milli valyuta olan dram adi kağız parçasına çevrilmişdir. Ermənistana, demək olar ki, xarici kapital qoyuluşu yoxdur və bunu heç gözləməyə də dəyməz".

Qeyd edək ki, Ermənistandakı mövcud durum, yerli mətbu orqanları ilə yanaşı bəzi xarici mətbu oraqnlarının da diqqət mərkəzindədir. Belə ki, hələ 2011-ci ildə Almaniyanın "Stern" jurnalında dərc olunan "Qafqazdakı yoxsul ölkə" adlı yazıda Ermənistan iqtisadiyyatı və ölkədəki mövcud durum şərh olunaraq göstərilir "Ermənistan iqtisadiyyatı üç əsas sektora bölünmüşdür. Ən böyük və daha gəlirli sahələr prezident Serj Sarkisyanın ailəsi, onun iqtidarındakı adamların və həmin adamların ailə üzvlərinin nəzarətindədir. İkinci sahə Ermənistanın Rusiyanın müxtəlif şirkətlərinə satdığı müəssisələr, istehsalat subyektləri və sahələrdir. Üçüncü, ən kiçik və ən zəif sektor isə yerli iş adamlarıdır ki, onların da vəziyyəti çox ağırdır. Hakimiyyətdəki insanlara "yaxın" olmağa çalışmayan və müstəqil qalmağa cəhd edən iş adamlarının biznes strukturları hədsiz təzyiqlərə məruz qalırlar. Ölkədə kiçik və orta sahibkarlığın durumu xüsusilə ağırdır. Bütün bunların ölkə iqtisadiyyatına mənfi effektini dəfələrlə ağırlaşdıran ünsür isə hakimiyyət dairələrinin şəffaflıq, qanunlara tam riayət etməmək və demokratik prinsiplər kimi dəyərlərdən çox uzaq olmasıdır".

Maraqlıdır ki, daha bir erməni iqtisadçı professoru Qrant Baqdasaryanın təbirincə əslində ölkədə baş verən bu proselərin arxasında dövlətin yürütmüş olduğu səhv siyasət dayanır. Sitat: "10 ildə Ermənistanın iqtisadiyyatı tamamilə cinayətkar qruplar tərəfindən idarə edilib və xalqa məxsus pullar açıq şəkildə mənimsənilmişdir. Prezident Sarkisyanın iqtisadi inkişaf barədə söylədikləri yalan və uydurma faktlardan başqa bir şey deyil. Sarkisyan hakimiyyəti dövründə inflyasiya 10 faizdən artıq olmuş, əhalinin gəlirləri isə kəskin şəkildə azalaraq, iqtisadi vəziyyətin düzəlməsi üçün heç bir addım atılmamışdır. Əməkhaqları və pensiyalar artırılmayaraq, ölkə büdcəsi oliqarx-məmurlar tərəfindən talan edilmiş və onların mənafeyinə xidmət edən siyasi layihələrin həyata keçirilməsinə sərf olunmuşdur. Ölkədə oğurluq və korrupsiya dövlət siyasəti səviyyəsinə bir qədər də yüksəlmişdir. Bir qrup oliqarx-məmur quldurluq yolu ilə xalqın malını, milli sərvətlərini talayıb satır və əldə etdiyi çirkli pullar vasitəsilə xarici ölkələrdə daşınmaz əmlak alaraq özlərini kübar cəmiyyətin adamları kimi təqdim etməyə çalışırlar. Halbuki onların hamısı fırıldaqçı və cinayətkardırlar. Bunları görən diaspor təşkilatları da artıq Ermənistana yardım etməkdən boyun qaçırırlar".

Məlumat üçün onu da bildirək ki, Ermənistan Milli Statistika Xidmətinin verdiyi məlumata görə, hazırda ölkədə yoxsulluq səviyyəsi 35,8 faiz təşkil edir ki, bu da 1,2 milyondan artıq insanın dilənçi vəziyyətində yaşaması deməkdir. Erməni mətbuatının müstəqil tədqiqatlara söykənərək verdiyi məlumata görə isə əslində Ermənistanda yoxsulluq səviyyəsində yaşayan əhalinin həcmi 48 faizdən bir qədər artıqdır və bu göstəricinin irəliki ay və illərdə artan temp ilə davam edəcəyi də demək olar ki, gözəniləndir. Maraqlıdır ki, BVF-nin qiymətləndirmələrinə görə, xaricdən Ermənistana edilən yardımları vətəndaşların büdcəsindən çıxarsaq, o zaman gerçək yoxsulluq həddinin 50 faizdən az olmayacağının şahidi olarıq.

Hesablamalara əsasən,  Ermənistanın indiki daxili və xarici borclarının tam ödənməsi üçün Sarkisyan iqtidarı köklü islahatlar apararaq məmur özbaşınalığı, korrupsiya, haqsız rəqabət, kiçik və orta sahibkarlığa qarşı aparılan total terrora son qoymayacağı təqdirdə, durumun yaxşılaşdırılması üçün ən azı 16 il vaxt sərf edilməlidir. Erməni analitiklərin fikrincə, vəziyyətin bu halında bu gün ölkədə hər hansı iqtisadi inkişafdan belə söhbət gedə bilməz və bütün bunların məntiqi nəticəsidir ki, ölkədə yerli istehsal və ixracat demək olar ki, yox səviyyəsindədir. Hakimiyyətin kiçik və orta biznesin inkişaf etdirilməsi ilə bağlı bəyanatları isə sadəcə deklarativ xarakter daşıyır. 

Ermənistan Müstəqil İqtisadi Araşdırmalar Mərkəzinin son hesabatında isə bildirilir ki, prezident Serj Sarkisyanın yürütdüyü iqtisadi siyasət birmənalı şəkildə ölkəni uçuruma doğru aparır. Sitat: "Hazırda yürüdülən bu siyasət kənd təsərrüfatı ilə yanaşı, ölkənin azsaylı sənaye müəssisələrinin də məhvinə gətirib çıxarmışdır. Belə ki,  əksəriyyəti Rusiyaya satılan strateji sənaye müəssisə və obyektlərdə istehsal  səviyyəsinin geriləməsi artıq iki rəqəmlə ifadə olunur və müəssisələrin bir çoxu demək olar ki, öz fəaliyyətlərini dayandırmışlar". Maraqlıdır ki, Ermənistanın sabiq baş naziri Qrant Baqratyan da Ermənistan iqtisadiyyatının çöküşünün qaçılmaz olduğunu vurğulayaraq demişdir: "Bizim iqtisadiyyatımız sürətlə çökür. Bu  il ölkədə inflyasiya ikirəqəmli həddə olacaq. Əməkhaqlarının artımı isə - 0 faiz olacaq. Bu isə o deməkdir ki, əhali  daha da pis yaşayacaq. Son 5 ildə Ermənistanda istehlak mallarının qiyməti 55 faiz bahalaşıb, əməkhaqları isə  bundan 4-5 dəfə az artıb".

Bir çox xarici ekspertlərin fikrincə, Ermənistan iqtisadiyyatının tənəzüllünə əsas səbəbləri sırasında iqtisadi inkişaf üçün ciddi resursların olmaması, xaricdən edilən yardımların getdikcə kəsilməsi, ölkə rəhbərliyinin yürtümüş olduğu səriştəsiz daxili siyasət ilə yanaşı işğal və terrora dayanan siyasət də mövcuddur ki, bu da Ermənistan iqtisadiyatına daha ciddi zərbələr vurmaqdadır. Belə ki, Azərbaycan torpaqlarının qeyri-qanuni işğalından dolayı istər Azərbaycan, istərsə də Türkiyə tərəfdən iqtisadi embarqolar ilə rastlaşan Ermənistan, son günlərdə İrana tətbiq olunan embarqolar səbəbindədən də ağır iqtisadi durum ilə üz-üzə qalmışdır. Gürcütsan vasitəsi ilə Türkiyə ilə əlaqələrin qurulması isə ölüm stolunda can verən insana sünü nəfəs aparatının qoşulması təsirini bağışlamaqdadır. Bu arada Ermənistan "İRS" partiyasının rəhbəri Ruben Akopyan parlamentdə çıxış zamanı bəyan edib ki, inhisarçılığın, kölgə iqtisadiyyatın və korrupsiyanın mövcud olduğu bir ölkədə sosial proqram həyata keçirilə bilməz: "Inhisarçılıq, kölgə iqtisadiyyatı və korrupsiya sistemi artıq təhlükəli həddə çatıb. Nəticədə biz bu gün sosial üsyan ərəfəsindəyik. Çoxsaylı sosial gərginlik, eləcə də alınan qazın qiymətinin qalxması sosial partlayışa səbəb ola bilər"

Maraqlıdır ki, hazırki ağır iqtisadi vəziyyətin Ermənistanda siyasi böhranın daha da dərinləşməsinə yol açacağından, müxalifətin başladığı etiraz aksiyalarının isə sosial və siyasi hadisələrin daha gərgin məcrada inkişafını stimullaşdıracağından narahat olan böyük dairələr və ölkələr, bu dövləti xilas etmək üçün bir sıra addımlar atmağa başlayıblar. Çünki əvvəllər mümkün olsa da, dünyada yaşanmış olan qlobal maliyyə böhranı və bu böhranın bu günə kimi davam edən fəsadları, hazırkı Ermənistan hökumətinə lazımi yardımların göstərilməsini də mümkünsüz etmişdir. 

Belə ki, ABŞ və Rusiyanın, habelə Avropanın bir çox dövlətlərinin iqtisadi tənəzzül yaşadıqları bir dövrdə onların Ermənistana müəyyən maliyyə yardımı göstərə biləcəkləri də absurd kimi görünür. Məhz bunu nəticəsidir ki, istər ABŞ, istərsə də Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Birliyi tərəfindən Ermənistan ilə sərhədlərin açılması və qonşu ölkəyə olan münasibətlərin "normallaşdırması" ilə bağlı rəsmi Türkiyəyə mütəmadi olaraq müraciətlər və ya basqılar edilir. 

Məlumat üçün onu da bildirək ki, dünya maliyyə böhranının hələ də səngimədiyi bir dövrdə Ermənistanı daha çox narahat edən məqam qlobal maliyyə böhranının yeni dalğasının başlanması ehtimalının hələ də gündəmdən düşməməsidir. Belə ki, qlobal maliyyə böhranının  yeni dalğasının başlanması Ermənistan üçün əsil fəlakət sayılır və hesab edilir ki, əgər bu hal baş verərsə, o zaman ölkənin iqtisadiyyatının məhvə yuvarlanmasının qarşısını heç kim və heç nə ala bilməyəcək. Böhran baş verərsə, o zaman bu, Ermənistan əhalisinin aclıq problemi yaşamasını da qaçılmaz duruma gətirəcəkdir. Çünki böhran şəraitində həm xarici dövlətlərdən, həm də erməni diasporundan göndərilən yardımların miqdarı da əhəmiyyətli dərəcədə azalacaq ki, bu da birmənalı olaraq ölkə iqtisadiyyatını qəbrə gömmüş olacaq.

"Səs" qəzeti, 29 may 2013-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə