Qərb «ərəb baharı» məğlubiyyətini etiraf edir (BAXIŞ)

«Misiri etirazlar dalğasının və zorakılıqların bürüdüyü, demək olar ölkədə vətəndaş müharibəsinin getdiyi bir vaxtda «ərəb baharı»na kompleks yanaşmağın vaxtının gəlib çatdığı qənaətindəyəm». Bunu nüfuzlu «Forbes»in şərhçisi Mark Adomanis yazır. Onun sözlərinə görə Hüsnü Mübarək rejiminin devrilməsindən 2,5 il keçdikdən sonra Misir küçələrində yenə də dinc nümayişçilərin qətlə yetirildiyinə diqqət yetirsək, o zaman ərəb inqilabına skeptik yanaşanların doğru olduqlarını söyləmək mümkündür. Mövcud xüsusda Rusiyada «ərəb baharı» hadisələrinin işıqlandırılmasının və təqdimatının Qərbdən tamam fərqli olduğunu vurğulamaq lazımdır. Rusiyada təkcə Kremlin mənafeyini güdən ekspertlər və təbliğatçılar deyil, ümumilikdə ölkənin elmi ictimaiyyəti də Yaxın Şərqdə baş verənlərə xüsusi entuziazmsız münasibət göstərib. Qərbli həmkarlarından fərqli olaraq rusiyalı mütəxəssislər regiona iqtisadi kollaps, dini münaqişə və siyasi xaos müstəvisindən yanaşıblar.

Mark Adomanis bildirir ki, Kremlin Yaxın Şərqdə baş verənlərin hər bir detalı ilə bağlı konkret strategiya hazırladığı bir dönəmdə Rusiya ictimaiyyəti tam əmin idi ki, «ərəb baharı» məhz iflasla sona çatacaq. Ekspertin fikrincə, rusların xalq hərəkatlarına inamsızlığı özlərinin tarixi təcrübələri ilə, həmçinin SSRİ dönəmindən qalmış əhalinin siyasətə qarışmaması tendensiyası ilə əlaqədardır. Həmin meyl ölkənin hazırkı hakimiyyəti tərəfindən inkişaf etdirilir.

Konkret olaraq Misirdə baş verən hadisələr üzərində dayanan Adomanis onu da bildirir ki, Qərb təhlilçiləri ölkədəki Hüsnü Mübarək rejiminin devrilməsilə bütün problemlərin aradan qalxacağını düşünürdülər. Əslində isə 2011-ci ildən sonra Misirin xaotik iqtisadiyyatının, dini ayrıseçkiliyinin və siyasi institutlarının yetkinsizliyi sindromunun tarixə qovuşacağı sadəcə möcüzə olardı.

Sonda Adomanis belə qənaətə gəlir ki, Qərb «ərəb baharı»nın dəhşətlərindən nəticə çıxarmalı, kütləvi hərəkatlara skeptik yanaşmalı, özünün hərəkat və davranışlarının əks tərəfini dəqiq təhlil etməlidir. «İnsanlar onları kimin və necə idarə edəcəyini də özləri seçməlidirlərmi?» sualını səsləndirən ekspert onu da vurğulayır ki, kasıb ölkələrdəki üsyanlar tarixilik nöqteyi-nəzərdən heç də yaxşı imicə malik deyillər: «Deyəsən, ruslar bunu yaxşı yadda saxlayıblar, biz isə gərək xatırlayaq».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə