Ərdoğanla oyun oynayıblar (TƏHLİL)

Heydər Camal: «Türkiyə hakimiyyəti İslam dünyasına xəyanət edir»

«Türkiyə hakimiyyəti İslam dünyasına xəyanət edir». Bunu Rusiyanın İslam Partiyasının rəhbəri, tanınmış politoloq və filosof Heydər Camal Türkiyə hakimiyyətinin Suriyaya hücumla bağlı istənilən qərarı dəstəkləyəcəyinə dair açıqlamasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin Suriyaya hücumu hətta BMT Təhlükəsizlik Şurasının müvafiq mandatı olmadan da dəstəkləyəcəyini vurğulayıb. Məlum olduğu kimi, belə bir məsələnin gündəmə gəlməsi üçün səbəb avqustun 21-də Dəməşq yaxınlığında gedən döyüşlərdə kimyəvi silahdan istifadə olunmasıdır. Qərb qadağan olunmuş silahın Suriya prezidenti Bəşər Əsədin tərəfdarları tərəfindən atıldığını iddia edir. Müvafiq olaraq İngiltərə və Fransa bunu əsas gətirərək Suriyaya hücumun lazım olduğunu irəli sürür. ABŞ prezidenti Barak Obama isə məsələyə konkret münasibət bildirməsə də, elə görüntü yaradır ki, guya münaqişənin həlli üçün hərbi yoldan başqa yol yoxdur. Mövcud durumda Qərbi, o cümlədən ABŞ-ı ən çox dəstəkləyən Türkiyədir. Hətta Suriya müxalifətin açıq şəkildə silahlandıran Səudiyyə Ərəbistanının rəhbərliyi də Ə.Davudoğlunun bəyanatına bənzər bəyanat vermir.

H.Camal hesab edir ki, Bəşər Əsəd heç bir halda İslam ideyasının daşıyıcısı olan adam deyil. Onun anti-Qərb mövqeyi də şərtidir, yalnız regiondakı maraqlar müstəvisindədir. Ancaq Ərdoğan hakimiyyətində də əsl siyasi İslam yoxdur. Ərdoğan konyuktura pərəstdir. Yalnız indi-indi anlayıb ki, onunla oyun oynayıblar. Buna görə də özünü və rejimini saxlamaq üçün bir şansı var - güclülərin tərəfində dayanmaq.

H.Camalın sözlərinə görə, bu il may-iyun aylarında Taksim meydanındakı çıxışların xarici agenturanın əli ilə həyata keçirildiyi artıq təsdiqini tapıb. Qərb Suriyaya müdaxilə məsələsindəki tərəddüdlərinə görə Ərdoğan əleyhinə çıxışlar təşkil etdi və hazırda Türkiyənin baş nazirinin Suriyaya hücumu iki əlli dəstəkləməkdən başqa çıxış yolu yoxdur.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə