Qartal özünə “arıq quzu”nu şikar seçib (PRİZMA)

Rafiq ƏLİYEV, fəlsəfə elmləri doktoru, professor

(Hər bir süurlu insan vacib qərar qəbul etməzdən əvvəl yaxşı-yaxşı düşünür. ABŞ prezidenti Barak Obama da bu baxımdan istisna deyil. Amma nədənsə bu dəfə onun fikirləşməyi həmişəkindən çox uzun çəkdi. Təki bunun sonu xeyirli olsun).

Fikirləşmək üçün onun kifayət qədər vaxtı var. Sentyabrın 10-na – ABŞ Konqresinin toplaşmasına hələ bir neçə gün qalıb. Barak Obamanın dili ilə desək, o, “konqresmenlərlə məsləhətləşmək və ortaya çıxa biləcək məsuliyyəti onlarla bölüşmək” qərarına gəlib. Son sözün kəsb etdiyi məna olduqca böyükdür.

Bu, Suriya da daxil olmaqla bütün ölkələrdə şagirdlərin parta arxasında əyləşib müəllimlərindən tapşırıq və tövsiyə alacaqları vaxta təsadüf edəcək: “Fikirləşin, yaxşı-yaxşı fikirləşin!” Ətraflı düşünüb-daşınmaq, götür-qoy etmək məktəbli üçün ən mühüm prosesdir. Amma Suriya məktəblərində fikirləşmək üçün şagirdlərin də zamanı məhduddur. Necə də olsa, sentyabrın 10-na sayılı günlər qalıb. Bilmək olmaz, bir də gördün, Barak Obama konqresmenlərin neqativ tövsiyələrinə belə baxmayaraq, Suriyaya qarşı hərbi əməliyyata başlamaq qərarına gəldi.

Dövlət işlərində fikirləşib düzgün qərar qəbul etmək sağlam düşüncəli dövlət başçısının üzərinə düşən əsas, hətta deyərdim ki, bir nömrəli vəzifədir. Elə bu səbəbdən insanlar ən ağıllı, təmkinli və səbirli olanları seçirlər. Hər kəs onların düşünən beyinlərinə arxayın olub, idrakla intellektlərinin bilavasitə sıx əlaqədə olmasına ümid bəsləyir. Xalqın bu gözləntiləri o zaman doğrulur ki, seçilən dövlət başçısı yalnız vətəndaşların və ölkəsinin, eləcə də digər dövlətlərin mənafeyinə xidmət edən qərarlar qəbul etsin. Ölkə rəhbəri vətəndaşların təhlükəsizliyini, onların hüquq və söz azadlıqlarını qorumağa,  qanun və ədalət mövqeyindən çıxış etməyə, həm öz ölkəsində, həm də bütün dünyada sülhün bərqərar edilməsinə xidmət etməyə borcludur. Dövlət başçısı yalnız bu yolla öz hakimiyyətini və müsbət imicini qoruyub saxlaya, hörmət qazana və bütün dünyada sülhün keşikçisi kimi tanına bilər!

Dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş bu universal dəyərlər dövlət başçısı üçün əsas meyar olmalıdır.

Əksər hallarda bu, elə belədir. Amma bəzən bütün dünyanın taleyi bir dövlətin başçısının qəbul edəcəyi qərardan asılı olur və həmin qərar “Olum, ya ölüm” məsələsinə çevrilir.

Üstəlik, həmin dövlət başçısı elə hey düşünür – necə etsin ki, həm müharibədə qalib gəlsin, həm də minlərlə insan tələfatı (konkret olaraq Suriya vətəndaşlarından  söhbət gedir) və dağıntılardan sonra alnıaçıq, başıuca öz xalqı qarşısına çıxsın və düşmənə qalib gəlməsi ilə öyünüb, qürurla ordusunun, rəhbərlik etdiyi dövlətin məğlubedilməzliyindən bir daha ağızdolusu danışsın. Həqiqət isə ondan ibarətdir ki, ABŞ-ın ciddi təhlükə adlandırdığı bu dövlət ondan 10-15 min km uzaqda yerləşir və onun əlli ştatından biri kimidir. Amerikalıların isə 75 faizi qanlı-qadalı müharibəyə “yox” deyir. Bax budur əsl həqiqət və mövcud vəziyyət...

Bu yaxınlarda məqalələrimdən birində ABŞ-ı yüksəklikdə uçan, hərdən aşağı enərək, caynaqlarını işə salıb şikarını ələ keçirən, sonra havaya qalxıb yenidən hündürlükdə qanad çalmağa davam edən Qartala bənzətmişdim. Deyəsən, “Qartal şikarını ovlamazdan öncə onu uzaq məsafədən dəqiq hədəf alır və çox nadir hallarda öz hesablamasında yanılır” deməkdə tamamilə haqlı idim. Qurbanına gəlincə, bu, ya dovşan, ya da quzu olur.

Qartal öz taktikasından bu gün də əl çəkmir. Bu dəfə o, təəssüf ki, müdafiəsiz arıq quzunu hədəf alıb. Ora-bura qaçmaqdan əldən düşmüş bu quzunun ümidi isə yalnız etibarlı bir sığınacaq tapıb, Qartalın qurbanına çevriləcəyi günün vaxtını bir qədər uzatmağa qalıb. Amma nə etmək olar ki, Qartal bu dəfə yaman bərk acıb. Üstəlik, o, çoxdandır ki, şəxsən özü ova çıxmır. Uzun müddətdir şikara xüsusi təlim keçdiyi canavar və kələzləri göndərən Amerika Qartalı onlardan ov məkanını təmizləməyi tələb edir. Yaxın keçmişdə iki dəfə belə olub – İraqda və Liviyada. Sonuncuda dövlət rəhbəri M. Qəddafini xüsusi amansızlıqla öldürüb, meyidini günlərlə baxmaq üçün “sərgi”yə qoyub ləzzət almışdılar.

Amma bu şad xəbərləri almaq sevinci Qartalın şəxsən özünün çıxdığı şikar – “nadinc” dövlət başçılarına müharibə zamanı yaşadığı həzz hissini əvəz edə bilmir. Üstəlik, bu “əyləncə”nin əvvəlki iştirakçılarının heç də hamısı Qartalın yeni dəvətini birmənalı qarşılamır. Ən əsası isə Qartalı təəccübləndirən və məyus edən  “kef yoldaşları”nın sayının gündən-günə artmasıdır. Həqiqətən də Qartalın ətrafında qan içmək eşqi ilə alışıb yanan əvvəlki qədər müttəffiq yoxdur. Növbəti ov zamanı Qartala yoldaşlıq etmək gücündə olanların bir qismi onu yarı yolda buraxdı. Onlar müharibədə dostluğa xilaf çıxdılar. Qartalı ən çox məyus edən isə parlamentin qərarı ilə öz gənc “ovçu”sunun – ingiltərəli baş nazirin ümidlərini puça çıxaran Böyük Britaniya hakimiyyəti oldu. Almaniya, o cümlədən də rəsmi NATO rəhbərliyi də budəfəki ov zamanı Qartalı müşayiət etməkdən boyun qaçırdı. Fransa  isə dərin düşüncələrə dalıb... Fransua Olland Liviya və İraq, eləcə də qanlı savaşın bir addımlığında olan Suriyada baş verənlərlə bağlı uzun-uzadı düşünmək üçün kimsənin ona mane olmayacağı sakit yer axtarır. Getdikcə səmada istiqamətini itirmiş zəif qartal balasını xatırladan əvvəlki nəhəng yırtıcı quş indi nə etsin?! Düzdür, ov planının tamamən alt-üst olmaması üçün bəziləri ona nələrsə vəd edir. Amma həmin o bəziləri bunu öz istəkləri ilə deyil, Qartalın qəzəbinə düçar olmaq qorxusu ilə edirlər. Çox çətinliklə də olsa, Qartal getdikcə anlayır ki, onun budəfəki aksiyası sağlam düşüncə tərzinə, din nöqteyi-nəzərindən qonşuluq və qardaşlıq anlayışlarına, o cümlədən də beynəlxalq normalara tamamilə ziddir. Əgər təlaşa düşüb, şübhələrə qapılmasaydı, qərar qəbul etmək üçün Qartal bu qədər düşünməzdi. Deməli, ovdan imtina üçün hələ şans var.

Bir məqamı da qeyd etmək yerinə düşər ki, Türkiyə istisna olmaqla, Qartalın bu ov aksiyasına, yürüşünə cəlb etmək istədiyi mütəffiqlərin hamısı xristianlardır. Yəqin ki, bu dövlət başçılarının bir qismi, elə Barak Obamanın özü də unudub ki, Bibliyanın müəyyən etdiyi 10 qadağa arasında bu ikisi də var – “Öldürmə!” və “Yalan şahidlik etmə!”. Bunlar böyük günah hesab olunur.

Təsirin əks-təsir doğurması hamıya yaxşı bəllidir. Odur ki, istənilən addımı atmazdan öncə onun nəticələrini gözə almalısan. Çünki insan hər bir hərəkəti üçün mənəvi və hüquqi cavabdehlik daşıyır. Bu cür məsuliyyətə barmaqarası yanaşmaq yolverilməzdir. İslam dininin daşıyıcısı olan Türkiyə rəhbərliyinə nəyisə məsləhət görmək istəməzdim. Onlar dinin sərt qanunlarını məndən daha yaxşı bilirlər.

Bu gün dünya səhnəsində zəiflərin haqlarının kobudcasına pozulması, bir çox xalqların təhqir olunması, bəzi dövlətlərin nüfuzdan salınması, BMT-nin Avropa və ABŞ-ın hüdudlarından kənarda yüz minlərlə günahsız insanın qətlə yetirilməsinə, Yaxın Şərq və Afrikada qanlı müharibələrin aparılmasına göz yummasına şahidlik edirik. Bütün bunlar transmilli narkomaqnatların dəbdəbəli həyat tərzi, qanunsuzluq və ədalətsizlik fonunda müşahidə olunur. Fələstin, İraq, Əfqanıstan, Liviya, keçmiş Yuqoslaviya və digər ölkələrdə tüğyan edən qanlı savaşların, günahsız körpələrin, qadın və qocaların axıdılan qanının hesabı kimsədən soruşulmur.

Bu gün bəzi siyasətçilər və dövlət xadimlərinin beynəlxalq səviyyədə həyata keçirtdikləri fəaliyyətin çox hissəsi bundan ibarətdir. Onlar müxtəlif mümkün yollarla qulaqlarını tutub, gözlərini yumaraq, bütün hissiyyat üzvlərini, o cümlədən də ağıllarını ətrafda baş verənləri duyub anlamaqdan məhrum ediblər. Yəqin özlərini bu yolla daha təhlükəsiz və rahat hiss edirlər. Onlar elə zənn edirlər ki, baş verənləri az təsəvvür etməklə vicdanlarının qəzəbini bir az soyuda bilərlər.

Müşahidə edilənlər bir növ bütün informasiyanın fərddən asılı olmadan toplandığı şüuraltı zonaya təsir göstərən hipnozu, Ziqmund Freydin metodunu xatırladır. Şüuraltı sirlərin üstünün açılması qorxusu ən çox üzərində təcrübə aparılan şəxsi narahat edir: Axı necə olur ki, ətrafda baş verənlər onların diqqətindən kənarda qalır və  eyni zamanda şüuraltı təbəqəyə yol tapır?!

Barak Obamanın son qərarı müharibə olsa, mövcud situasiyada bu proses artıq savaşdan sonra yaşanacaq.

Bəlkə də Freydin metodunu müharibəni oyuna çevirən  bəzi qabiliyyətsiz siyasətçi və dövlət başçılarının üzərində sınaqdan keçirmək olar. Amma unutmayaq ki, bu oyunun iştirakçıları canlı əsgərlər, qurbanları isə günahsız insanlardır. Bu gün həmin dövlət başçıları və siyasətçilər hərbi əməliyyatın uğurlu keçiriləcəyindən böyük qürur hissi ilə danışır, hər hanısa müstəqil dövlət başçısını öz xalqının əli ilə parça-parça etdiriləcəyini (Müəmmər Qəddafini xatırlayın), yaxud da ictimaiyyətin gözü qarşısında edam etdirib günlərlə torpağa tapşırmadığını (Səddam Hüseyni yada salın) fəxrlə xatırlayır. Bu, nə xristianlığa, nə də müsəlmanlığa yaraşan əməldir. Əslində cinayətdir. Bəli, cəzasız qalan onlarla cinayətdən biri...

Nə dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş beynəlxalq normalar, nə də müqəddəs kitablardakı yazılar kimsəyə düşünməyi qadağan etmir. Sadəcə, həmin fikirlər sülhü tərənnüm edən xoşniyyətli də ola bilər, qətli, müharibəni təbliğ edən bədniyyətli də. Seçim insanın ideya, emosiya, istək və illüziyalarından asılıdir... Müharibə əmri verib minlərlə günahsız insanın qanına bais olmaq isə həm beynəlxalq normaların, həm də müqəddəs qaydaların dəstəkləmədiyi qərardır. Bu əmələ görə onlar nəinki qanun qarşısında cəzalandırıla, hətta Allahın əmrilə cəhənnəmə göndərilə bilərlər. Yeri gəlmişkən, orada Qartalın xeyli sayda yerli və əcnəbi həmkarları var. Qoy özü düşünsün: onların əbədi əzaba düçar olduqları cəhənnəmə yollanmaq istəyir, yoxa qanlı müharibə və amansız qətllərdən uzaq  olan cənnətə?!

Pis niyyətləri özündən uzaqlaşdırıb, ədalətsiz müharibələrə və qətllərə “yox” deməklə həm beynəlxalq normalara, həm də müqəddəs kitablarda buyurulanlara əməl etmək olar. Bu zaman Allah da onlardan razı qalar. Amma Qartal hələ ki, düşünür. Konqres öz işinə başlayana qədər onun fikirləşməyə zamanı var. Verəcəyi son qərar isə Qartalın axirətdəki taleyini həll edəcək. Amma qoy o, heç olmasa, özü və vicdanı ilə təkbətək qalanda düşünsün ki, Qiyamət günü gəlib yetişəndə kimsə ilahi məhkəmədən canını qurtara bilməyəcək!

O qədər də çox olmayan dini biliklərimə əsaslanaraq, hər şeyin Tanrının əlində olduğunu zənn edirəm. Allah istəsə, ABŞ prezidenti cənab Barak Obama müharibəni başlada da bilər. Nə qədər ki, həyatdadır, qoy ABŞ prezidenti o dünyada nələrlə qarşılaşacağı barədə yaxşı-yaxşı düşünsün!

Yox əgər Uca Tanrı Barak Obamanı fikrindən döndərmək istəməsə, deməli, müqəddəs yazılarda deyildiyi kimi, O, dünya xalqlarının payına düşmüş digər zalım hökmdarlar kimi qüdrətli dövlətin 44-cü prezidentini də əvvəlcədən mühakimə etmək qərarına gəlib. Bu məsələdə Tanrının iki həll yolu var:  dünyanın hegemonu olmasına baxmayaraq, ya digər adi adamlar kimi o da könüllü şəkildə amansız müharibələrdən və günahsız insanların qanını axıtmaqdan imtina edəcək, ya da o dünyada İlahi ədalət qarşısında ən ağır cəzaya məhkum ediləcək. Təbii ki, Uca Yaradan öz bəndələri üçün ən xeyirlisini seçmək istəyər. O, hər zaman həm bu dünyada, həm də axirətdə – istər cəhənnəm olsun, istərsə də cənnət yaratdıqlarının qayğısına qalmalıdır. Allah cəhənnəmdə də müəyyən tarazlılıq yaratmağa, ədaləti bərpa etməyə çalışır. Bütün bunları düşünəndə insanın hər şeyin müsbət sonluqla bitəcəyinə ümidi artır. Qoy beynəlxalq normaları və ilahi qanunları pozmağı adi hala çevirənlər də bu barədə fikirləşsinlər.

Vaxta çox az qalıb...

Gözləməkdən başqa çarəmiz yoxdur. Allah səbirliləri sevir. Çox istərdim ki, Barak Obama Tanrının lütfünə sığınanlardan, hifz edilib bağışlananlardan olsun! Amma bunun üçün o, özü də hərəkət etməlidir. İlk növbədə ABŞ prezidenti dünya ictimaiyyətinin qəbul etdiyi qanunlara sözdə deyil, əməldə riayət etməli, özündə güc tapıb Suriyaya hərbi müdaxilə qərarından vaz keçməlidir. Əminəm ki, bunu edəcəyi halda onun reytinqi qısa müddət ərzində sürətlə yüksələcək.

Bizə isə yalnız bunu demək qalır: “Allah köməyi olsun!”

P.S. Oxuculara ABŞ-ın üç sabiq prezidentinin sözlərinin xatırlamaq istərdim.

a) ABŞ-ın ikinci prezidenti Con Adams: “Demokratiya heç zaman uzun müddət mövcud olmur! O, qısa vaxt ərzində zəifləyib taqətdən düşür, sıradan çıxır və özü-özünü məhv edir. Elə demokratiya yoxdur ki, onun sonu sui-qəsdlə bitməsin”.

b) ABŞ-ın üçüncü prezidenti Tomas Cefferson: “Demokratiya, sadəcə, insanların 51 faizinin yerdə qalan 49 faizinin hüquqlarını tapdalayan kütlə hakimiyyəti deməkdir.

c) ABŞ-ın dördüncü prezidenti Ceyms Medison: “Demokratiya idarəçiliyin ən çirkin növüdür”.

Bu dahi amerikalıların dediklərinin heç bir əlavəyə ehtiyacı yoxdur. Həqiqət göz önündədir!

"525-ci qəzet"

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə