Gün eldə mövlud olmayanda...

Əvəz RÜSTƏMOV

Günel Mövludun yazılarını oxuyurdum. Sosial şəbəkələrdə paylaşırdım da. Bu xanım yazar maraqlı gəlirdi. Hesab edirdim ki, fikir plüralizmi baxımından ölkəmizdə onun kimi mühakimə yürüdənlərin də olması vacibdir. Erməni mətbuatına müsahibəsini də dinlədim. Əksəriyyəti müsahibədə hiddətləndirən cəhət odur ki, Günel nəyə görə belə deyək, dərdini düşmənə bölüşüb? Mən də eyni fikirdəyəm ki, Azərbaycanda az-çox tanınan sənət adamı Ermənistan mətbuatına o səpkidə danışmamalıydı. Ancaq ümumən məsələyə bir qədər fərqli yanaşıram.

İlk növbədən ondan başlayım ki, Günel Mövludun dediklərində yalan var. O, peşəkar fəaliyyəti səbəbindən hədələnsəydi, çox güman, bunu bütün ölkəyə bəyan edərdi. Hər halda xanım yazar naturasından qorxaq adama oxşamır. İndiyədək nə istəyib, onu deyib və yazıb. Əslində söylədikləri sırf siyasilik baxımından elə bir fövqəladə əhəmiyyət daşımayıb. İndi müsahibədə bildirdiklərinin əksər qismi subyektiv yanaşmadır. Özü də bu yanaşmada çoxsaylı siyasi çalarlar açıq görünür. Özündən dissident düzəltmək istəyi də həmçinin.

Bir xeyli şeylərdə, xüsusən hicab məsələsində primitivlik var. Hətta ifrat yanaşma da müşahidə olunur. Götürək, insanların savadsızlıqdan dinə yuvarlanmalarına dair söylədiklərini. Əlbəttə, ölkədə savadsızlıq da var, onun doğurduğu dinə yuvarlanma da. Amma bisavadlığın insanları total şəkildə dinə köklətdiyini, qadınları çadraya bürüdüyünü tendensiya kimi irəli sürmək doğru yanaşma sayılmaz. Hər halda bu şəkildə müqayisə aparmaq özünü fikir adamı sayan kəsə yaraşmaz. Digər tərəfdən, Azərbaycanda sürətlə dini fanatizmə meyllənmə halı yoxdur axı. Təbii, müsahibədə səslənən fikirlərdə müəyyən həqiqət payını da inkar etmək olmaz. Amma nə olsun, o həqiqəti xanım Mövluddan daha uca səsləndirənlər Ermənistanda düz əməlli mətbuat nədi, heç qəzetin olduğunu belə qəbul etmirlər.

Əlqərəz, Günelin məqsədi bəllidir. Ölkəni hay-küylü tərk edənlərin yazıçıya, şairə çevrilmədən, loru deyim, sadəcə həkimdən arayış alaraq qət etdiyi yola böyük çətinliklərdən çıxdıqdan sonra düzəldi - özünə əziyyət verib kitablar, məqalələr yazdı, dünya şöhrətli sənət adamlarının kəlamlarını paylaşdı...

Günel Mövlud müsahibəsində deyir ki, kənardan Azərbaycan daha yaxşı müşahidə olunur. Məntiqlə, o, beş-altı il öncə ölkədən getsəydi, qürbətdəki düşüncələri ilə xalqa daha böyük xeyir verə bilərdi (?). Bu mənada təsəvvür edə bilərsinizmi ki, Azərbaycan çox böyük istedadının zamanında xaricə yol almamasından nəyisə itirib? Yox, bu cür düşünmək mümkün deyil. Günel Mövlud yaradıcılıq demirəm, qopartdığı yaradıcılıq isterikası baxımından Əkrəm Əylisli olmayıb, heç ola da bilməz. Xalqın haqlı təpkilərinə baxmayaraq, Əylisli hələ də Azərbaycandadır. Məntiqlə xanım yazıçının baxışlarında yer alan və mental dəyərləri nizəyə çevirən xalq Əkrəmi indiyədək dərmə-deşik etməliydi. Hanı “Daş yuxular”? Çoxdan unudulub və şübhəniz olmasın ki, Günel də unudulacaq... Gəlin, bunu da deyək ki, Günel Mövlud öz ətrafında müəyyən nələrisə də formalaşdırmağı bacarmışdı. Yazıçı Anara, Elçinə, yaxud bir başqa tanınmışa qarşı çox hallarda qurşaqdan aşağı sayılacaq zərbələr vururdu. Amma bunlara rəğmən onu anlamaq olurdu. Deyək ki, məsələn, azad seksdən danışanda bir növ, insan azadlığının ekstazını canlandırdığının fərqinə varmaq mümkün idi. Tutalım, yeni düşüncə sahibinə malik gənc kimi azadlığın sərhədlərini daha geniş görürdü və sair ilaxır. Uzatdıqca bu fikirləri uzatmaq mümkündür. Nə olar, azad cəmiyyətdə belələri də olmalıdır.

Unutmaq mümkün deyil, amma bir anlığa ermənilərin bizimlə düşmən olduğunu da unuduram, torpaqlarımızın işğalı faktını da. Görəsən, Ermənistan Günelin nəzərdə tutduğu dəyərlərin anlaşıldığı yerdirmi? Düşünək görək, onun müsahibəsi Ermənistan kimi ölkədə azad fikir nümunəsi olaraq özünə yer tapa bilərmi? Tutalım, Azərbaycanda xalq Güneli təcrid edir, ay nə bilim mentalitet sıxır. Nədi, erməni ictimai rəyi beləmi irəlidədir ki, Günelin dediklərini satqınlıqdan fərqli tərzdə qiymətləndirsin?! Yazıçı xanım bu müsahibəni Tbilisidən yola düşdüyü Almaniyanın mətbuatına versəydi, yenə məsələ anlaşılan idi. Almaniya demokratik ənənələrə malik ölkədir, oranın fərqli cəmiyyəti və dəyərləri var. Yaxşı, bəs, Ermənistanın nəyi var? Bəlkə Yerevanın küçələrindən demokratiya, söz azadlığı çələngi hörülür?!

Yəni, hər hərəkətini – yalnız erməni mətbuatına müsahibəsində özünü çılpaqlığı ilə göstərən siyasi baxışlarını da, Azərbaycanı bəyənmədiyini də, əsl ziyalılıqdan uzaq olsa da, xalqı cahil sayıb müəyyən mənada ona həqarət yağdırmağını da bir kənara qoyur və hesab edirəm ki, Günel Mövlud Ermənistan kimi anti-demokratik ölkənin mediasına müsahibə verib Azərbaycanla bağlı mənfi fikirlərini erməni cəmiyyətinin dişinə salmaqla ilk növbədə öz dəyərlərini satmış adama çevrilir. Yazıçılığını, publisistliyi və şairliyini demirəm, kənardan ali dəyərlərin daşıyıcısı kimi görünən insanlığını itirir. Zənnimcə, ən pisi də elə budur. Və bu cür düşüncənin sahibi normal ömür sürmək üçün əziyyət çəkib Almaniyaya getməsə də olardı, Ermənistan onun xöşbəxtlik tapması, itirilmiş uşaqlığını gen-bol xatırlaması üçün ən doğru məkandır.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə