Sən niyə susursan?

Elçin MİRZƏBƏYLİ

 

…Son bir il ərzində, «Bəyin oğurlanması» filmində deyildiyi kimi «kinoçəkənlər»lə bağlı mövzunun gündəmdən düşmədiyini nəzərə alsaq, bu yazımın mərhum kinorejissor Həsən Seyidbəylinin uğurlu yaradıcılıq işlərindən bir sayıla biləcək «Sən niyə susursan?»-la eyni adı daşıması təəccüblə qarşılanmamalıdır.

…Əslində son günlər hər şey kinofilmlərdə olduğu kimi baş verir və Sovet dövrünü xatırladır… Ssenari Moskvada yazılır, yaxud Bakıda yazıldıqdan sonra rəngini dəyişmiş qırmızı imperiyanın paytaxtında redaktə olunur və film(in çəkilişləri) başlayır.

Ağ və qaranın sərhədi

…Aqressiv millətçilik bütün dövrlərdə olduğu kimi bu gün də rus imperiya şüurunda əsas qıcıqlandırıcı və birləşdirici faktor rolunu oynayır. Məşhur rus fikir adamı Vladimir Solovyovun yazdığı kimi, «qadın xislətli rus torpağı» yenisini doğmaq və yaratmaq iqtidarında deyil. O sadəcə üzərinə səpilən toxumları cücərdir, böyüdür…

Və hər şeyin kənardan gələcəyini, bir az mübaliğəli desək, göydən düşəcəyini gözləyir.

…Gözləyir ki, ağ atın belində xilaskarlar, qara atın belində isə düşmənlər gələcək, ağ atlılar onları yedirdəcək, içirdəcək… və qara atlılardan qoruyacaqlar. Vəssalam! Rus xalqına yüz illərdir aşılanan ideoloji-siyasi şüurun təməlində iki xətt, iki rəng dayanır: Ağ və qara, dost və düşmən! Ona görə də velikorus şovinist şüurunun formalaşdırdığı rus xalqının əhəmiyyətli hissəsi və bu xalqın yaratdığı dövlətlər dosta sağmal inək kimi yanaşır… İnək süd verməkdən imtina etdikdə və yaxud süddən kəsildikdə… dostluq başa çatır… Həm də sadəcə başa çatmır, düşmənçiliyə çevrilir…

Məhz buna görə də Rusiyanın dostu yoxdur, zorən müttəfiqlər var.

Nə yardan doyur…

…Təxminən bir öncə Rusiyanın federal subyektlərindən birində — Dağıstanda dünyaya göz açmış, Rusiya vətəndaşı Ruslan Mirzəyev təsadüf nəticəsində başqa bir Rusiya vətəndaşını qətlə yetirəndə Moskvadan başlayan və Kreml tərəfindən idarə olunan TV-lərdə düzənlənən siyasi-ideoloji-kriminal şouları yəqin ki, çoxları xatırlayır. Həmin dövrdə rus siyasi elitasının düşünməyi bacaran və ədalət hissini itirməyən azsaylı nümayəndələrini bir sual düşündürürdü: Rusiya nə istəyir? Əgər Rusiya dövləti özünün federal subeyktlərində yaşayan vətəndaşlarını mərkəzi şəhərlərdə görmək istəmirsə, onlara qarşı kin və nifrət hissi bəsləyirsə, onları aşağılamaqdan həzz alırsa o zaman nədən bu subyektləri rahat buraxıb cəhənnəm olub getmir…

…Qlobal anlamda eyni yanaşmanı MDB-yə də aid etmək olar. Rusiya həm keçmiş Sovet respublikalarını özünün dominant rol oynayacağı yeni və daha sıx inteqrasiyaya hesablanmış birlikdə — Avrasiya İttifaqında görmək istəyir və həm də bu respublikaların vətəndaşlarına qarşı misli görüşməmiş anti-humanist siyasət yürüdür. O zaman sual olunur, biz Rusiyanı nə üçün sevməliyik? Əgər o bizi nəinki sevmir, hətta nifrət edirsə…

«Bu həna o hənadan deyil»

Moskvanın Qərbi Biryulevo rayonunda Yeqor Şerbakov adlı Rusiya vətəndaşını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Orxan Zeynalovun Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin «qəbulu»na necə gətirildiyini görəndə, bu sual haqqında bir daha düşündüm…

Bir ölkənin daxili işlər naziri kamera önündə, ictimaiyyətin gözü qarşısında özünü quldur kimi aparırsa, hüququn bütün prinsiplərini ayaqlar altına atırsa, o zaman bu dövlətə necə etibar etmək, güvənmək olar?

…Amma bir müddət öncə bəziləri Rusiyanı az qala dünyanın ən demokratik dövləti kimi qələmə verməyə çalışırdılar. Hanı bəs Moskvada oturub Azərbaycanın ünvanına hədyanlar yağdıran Rüstəm İbrahimbəyov və onun «Milli Şura»sı? Nədən səsini çıxara bilmir? Öz məktubunda Rusiya prezidentini utanıb qızarmadan insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verən Mehman Əliyev nə üçün susur? Nədən Putinə növbəti məktubunu yazmır, yaxud yaza bilmir? Bəs hanı üzündə və mahiyyətində intellekt işığından əsər-əlamət olmayan Söyün Sadıqov və onun «züytutanları»? Susurlar… Çünki «bu həna o hənadan deyil». Çünki danışsalar üzləri, saç-saqqalları hənasız-filansız da qızara bilər…

"Xalq cəbhəsi" qəzeti

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə