Qazanmaq və qazancı qorumaq (Siyasi təhlil)

Ərəstun BAXŞƏLİYEV

Gürcüstanda baş verənlərin geosiyasi amillərlə bağlılığı nə dərəcədədir?

Çox maraqlıdır ki, Qərb Qafqazı qazanmaq və itirməmək üçün 20 ildən artıq bir müddətdir ki, mübarizə aparır. Türkiyəyə bu və ya digər dərəcədə təsir edir ki, Ermənistanla qapalı olan sərhədləri açsın. Açsın ki, Qərbin mövqeləri Qafqazlarda bir az da möhkəmlənsin. Möhkəmlənsin ki, Xəzərin o tayında enerji ilə zəngin olan ölkələrlə olan əmakdaşlığını daha da artıra bilsin. Və ən nəhayət Avropanın enerji təhlükəsizliyinin təmin olunması ilə ABŞ-ın fövqəldövlət statusunu qoruyub saxlaya bilsin.

O zaman Sakaşvili ilə qalibiyyət əldə edən Qərb nədən İvanaşvili ilə barışmalı oldu?

Axı bu qalibiyyəti Qərb elə də asan əldə etməmişdir...

Axı Xəzər karbohidrogen ehtiyatlarının mənimsənilməsi hələ də davam edir.

Axı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Trans Xəzər qaz kəmərinə hələ də ehtiyac duyulmaqdadır.

O zaman nədən?

Qərb həqiqətəndəmi öz mövqelərini bir-bir güzəştə getmək fikrinə düşüb? Yoxsa, olmaya Qərbin bu addımları atmağa məcbur qalmasında müəyyən səbəblər var?

Hamıya sirr deyil ki, bu gün Rusiya amili Qərbi olduqca ciddi bir şəkildə narahat etməyə başlayıb. Hətta iş o yerə çatıb ki, ABŞ rəsmiləri SSRİ deyilən kabusun yenidən zühuruna izn verməyəcəklərini dilə gətiriblər. Sitat: “Regionun yenidən sövetləşdirilməsi addımları atılır. Ancaq buna başqa ad qoyulur. Adı  Avrasiya Birliyidir. Biz bilirik ki, məqsəd nədir. Biz bu prosesi  zəiflətmək ya  qabağını almaq üçün effektiv yollar arayırıq”.

Çox maraqlıdır ki, 2012-ci ilin iyununda ABŞ-ın Dövlət Katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə turnesi zamanı, Tiflisdə olarkən, ona “Qafqaz-2012" hərbi təlimləri zamanı Rusiyanın Gürcüstana müdaxilə etmək ehtimalı ilə bağlı sual ünvanlanmışdır və bu suala Hillari Klinton cavabı olduqca maraqlı olmuşdur: 

"Gürcü xalqı və hökuməti payızda daha mühüm məsələni həll etməlidir... Bəli, hərbi manevrlər keçiriləcək. Ancaq payızda daha vacib hadisə Gürcüstanın özündə olacaq. Gürcü xalqı səs verəcək. Bütün dünyaya çatdırılası bundan sanballı ismarış təsəvvür etmirəm. Biz yanınızda olduğumuzu təsdiq etmək üçün Gürcüstan hökumətinə konsultasiya verməkdə davam edirik. Ancaq həlledici məsələ başqa ölkələrin hərbi təlimləri yox, Gürcüstandakı seçkilərdir».

Cavabın verilməsi, seçkilərin keçirilməsi və alınan nəticə. Rusiya meyilli İvanaşvili qələbə əldə edir. 

Qərbin bu oyunda güzəştə gedib getməməsi nə qədər qaranlıq qalsa da, ancaq bu bir faktdır ki, seçimlər zamanı ABŞ-ın Cənubi Qafqazda ən etibarlı dayağı sayılan və qalstuk çeynəyən Saakşvilisinin deyil, rus rublu ilə varlanan İvanaşvilinin qələbə qazanması rus lideri Putinin bir anlıq çaşqınlığa düşməsinə və bəlkə də hazır vəziyyətə gətirilmiş ordusuna veriləcək hücum əmrinin durdurlmasına səbəb oldu.

Bu sanki güclülərin rinqə yenidən çıxması demək idi.

Çox maraqlıdır ki, Qərbin Suriyaya müdaxiləsinə saatlar qaldığı anda kimyəvi silahların Rusiyaya təhvil verilməsi ilə müdaxiləni önləyən Rus lideri bununla revanş bir addımın atılmasın da təmin edə bilmişdir.

Min bir vasitə ilə Yaxın Şərqdən Rusiya dayaqlarını söküb atmağa cəhd edən Qərbin Cənubi Qafqazdan çəkiləcəyinə inanmaq?...

Çox da inandırıcı gəlmir.

O zaman məntiqən belə çıxır ki, Cənubi Qafqazda baş verən bütün hadisələr öncədən planlanmış böyük oyunun müəyyən bir tərkib hissəsidir.

Oyundan xəbərdar olan Rusiyanın bilə-bilə oyuna qatılması da çox maraqlıdır- kim udar, kim uduzar...

Oyunun digər bir tərəf isə Cənubi Qafqazda öz milli maraqları uğrunda mübarizə aparan Türkiyə və Azərbaycan ilə bağlıdır.

Hantiqtonun Mədəniyyətlər Çatışmasında "Türkiyənin bölgəsəl güc ola bilər" mesajına cavab olaraq görünən o ki, həm Qərb, həm də Rusiyanın narahtçılığı olduqca açıqdır.

Yaxın Şərqdə Yeni Osmanlıçılıq ideyaların baş qaldırmasına izn verməyən Qərb, bir sıra problemlərlə günün bu saatında belə Türkiyənin üzərinə getmək və onu tam zərərsiz hala gətirmək üçün müxtəlif planlar cızmaqdadır.

Ermənistan və Yunan Kiprinə, o cümlədən Aralıq dənizinə rus hərbi hissələrinin yeridilməsi ilə Türkiyəni daim təhdid altında saxlaya biləcəyi məntiqi ilə çıxış edən Ruisya da Türkiyəyə qarşı eyni addımları atmaqla məşğuldur.

Yəqin narahat edən məqamlar var.

Avrasiya İttifaqına iddialı digər bir güc məhz Türkiyədir.

Deməli, oyun gedir. Hələ nə udan, nə də yetəri dərəcədə qazanan var.

Qərb bir sıra enerji layihələrini gerçəkləşməsinə nail ola bilsə də, istər Türkiyənin istərsə də Azərbaycanın yeni oyuna qatılması, Qərbin maraqları ilə daban-dabana ziddiyyət təşkil edib.

Rusiya isə Avropaya, dolayısı ilə isə ABŞ-a təsir etmək üçün itirilmiş mövqelərini geri qazanmaqda maraqlıdır. Ancaq bu da bir faktdır ki, Rusiya təhlükəsini hər zaman öz üzərlərində hiss edən Cənubi Qafqaz ölkələri heç zaman Rusiyanı seçməyəcəklər. Rusiya ilə əməkdaşlıq formatında addımlar atılsa da, bu ölkələrin Kremlin gündəmə gətirmiş olduğu hər hansı bir ittifaqa üzv olması o qədər də real görünmür. Olsa da müəyyən çərçivələr daxilində ola bilər.

Hələ ki qazanan və bu qazancı qorumaq istəyən tərəf Azərbaycan və Türkiyədir.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə