Milli Şuranın elektoratında dolaşan ritorik sual...

Aydın Quliyev,
Aydın Quliyev, "Bakı xəbər" qəzetinin baş redaktoru
"Kim kimdən birinci imtina edəcək?"

 

Milli Şuranın "əriməsi" prosesi əslində Putinin Bakıya səfərindən dərhal sonra başladı. Müxalifətin tarixdə ən kamil (?) birliyi kimi təqdim olunan Milli Şuranın içində və çevrəsində hamının ümidləri bu səfərin nəticələrinə yönəlmişdi. Səfərin nəticələri ilə bağlı real və soyuq təhlil aparanlarla yanaşı, əksəriyyət eyforiyaya qapılaraq ssenarilər qururdu. 

Ortada Qəbələ RLS, Transxəzər boru kəməri, Avrasiya Birliyi və Gömrük İttifaqı kimi məsələlər olduğu üçün Putinin İlham Əliyevlə görüşdən məyus qayıdacağı və bunun dərhal Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılaraq namizəd kimi qeydiyyata alınmasına yol açacağı həmin eyforiyanın əsas elementini təşkil edirdi. Lakin eyforiyalar elə eyforiya kimi söndü, Putin - İlham Əliyev danışıqlarının nəticələri Şuranın son ümidlərini dəfn etdi. Bu andan etibarən Şuranın təbliğatı zəiflədi, öz içində ruh düşkünlüyü başladı, siyasi mübarizənin perspektivlərinə qeyri-müəyyənlik çökdü, ictimaiyyətin narazı elektorat deyilən kəsimində baş qaldırmış sönük ümid işartıları elə öz "kapsulunda partladı".

Araşdırmalar göstərir ki, müasir dünyanın heç bir ölkəsinin yaxın tarixində özlərini demokratiya uğrunda mübarizlər sayan daxili müxalifətin beynəlxalq çevrələrdən bu qədər asılı olduğuna dair ikinci fakt yoxdur. Bu fakt eyni zamanda "Şura müxalifəti"nin ölkənin içində xalqdan əsaslı dəstək ala bilməməsinin bariz nümunəsidir. Əgər xalqın yetərli dəstəyi olsaydı, Azərbaycana hər hansı xarici ölkə prezidentinin səfəri Şuranı indiki kimi "böyrü üstə" qoya bilməzdi. Daha dəqiq desək, əcnəbi ölkə prezidentinin Bakıya gəlişi ilə "Şura müxalifəti"nin fəaliyyəti arasındakı mübahisəsiz əks-təsir əlaqəsinin bir həlledici səbəbi var - Şura xalqın dəstəyinə söykənmir...

Hazırda Milli Şuranın içində baş verənlər onu göstərir ki, Putindən başlayan "ərimə" prosesi dağılmanın son fazasına keçib. Hər hansı bir təşkilatın içində siyasi-taktiki mübahisələri dərinləşdirmək və uzatmaqla onu ictimai rəydə daha möhkəm oturtmaq taktikası çoxdan köhnəlib. Vaxtilə bolşeviklər bu taktikadan çox uğurlu istifadənin klassik nümunəsini göstərmişdilər. Kütləvi demoqogiya şüarları üstündə sonradan menşevik, eser, kadet, sosial-demokrat, anarxistlər və sair adlandırılan qüvvələr arasında nəhayətsiz mübahisələri "samizdat listovkalara" bükərək kütlələrə paylamaq taktikası leninçilərə o dövrün bütün siyasi cərəyanlarından daha geniş dəstək qazandırdı. Elə 80-ci illərin sonlarında Xalq Cəbhəsi də öz içində kütləvi şüarlara söykənən diskussiyaları geniş tirajlamaqla sovet KQB-nin alternativ strukturlar yaratmaq planlarını pozmuşdu. Lakin yalnız zamanında özünü doğruldan belə taktikalar sonradan əksinə, dağıdıcı rol oynaya bilir. Milli Şuranın içində bilərəkdən, ya bilməyərəkdən bu gün açılan diskussiyalar sürətlə onun axırına çıxır. Az əvvələ qədər həmsədrlik vəzifəsinin yaradılması ətrafında gedən diskussiyalara bənzər proses hələ avqust-sentyabr aylarında da gedirdi. O zamankı diskussiyanın mövzusu belə idi - "Rüstəm İbrahimbəyovla bərabər ehtiyat namizəd (Müsavat taktikası) olsun, olmasın". O zaman bu mübahisələr Putinin məşhur Bakı səfəri ərəfəsinə təsadüf etdiyi üçün onun ziyanlı təsirləri o qədər də hiss olunmadı. Yəni Putinin səfəri daha böyük bir hadisə kimi onu kölgədə qoydu. Lakin son günlərədək "Şura müxalifəti" daxilində gedən həmsədrlik müzakirələri isə dünyanın bütün aparıcı təşkilat və prezidentlərinin İlham Əliyevi seçilmiş prezident kimi dalbadal tanıması fonunda baş verdiyi üçün onun dağıdıcı təsirlərindən, istəsən belə, yaxa qurtarmaq mümkünsüz hala gəlib. Tam aydındır ki, həmsədrlik postunun təsis edilməsinin əsas əleyhdarı olan Müsavat Partiyasının ehtiyatlandığı perspektiv variant var idi. Müsavat ehtiyatlanırdı ki, Milli Şurada həmsədrlik postunun Cəmil Həsənlinin əlinə keçməsi gələcəkdə İsa Qəmbərin əsas şuradaxili rəqibi olan Əli Kərimlinin mövqelərini möhkəmləndirə bilər. Daha doğrusu, Müsavat Partiyası Milli Şuranın həmsədrlik postu ilə Əli Kərimlinin dolayı təsiri altına düşə biləcəyini həzm edə bilmirdi. Əslində isə Şuranın oradakı personalardan kiminsə, ya bir neçə şəxsin təsiri altında olmasının əsas hədəfə çatmaq baxımından mənasız olduğunu ya anlamırlar, ya da fərqinə varmırlar. 

Milli Şuranı tədricən dağıdan həmsədrlik diskussiyaları ilə paralel olaraq, aşkar şəkildə Şuradan geri çəkilən tanınmış şəxslərin olduğunu da nəzərə alsaq, heç uzağa getmədən, yaxın aylar üçün Şuranın nə günə düşəcəyini təsəvvür etmək çətin deyil.

Milli Şurada Müsavatın göstərdiyi son 2 siyasi "poz" onun dağılmasının qarşısıalınmaz fazaya keçdiyinin əyani sübutudur. Əvvəlcə Rüstəm İbrahimbəyovun həmsədrlik perspektivinə sərt müqavimət göstərən Müsavat başqanı bütün bunların arxasında saxladığı əsl niyyətinin boşa çıxdığını görəndə ümumiyyətlə Milli Şuradan uzaqlaşmaq niyyətini ortaya qoydu. "Rusiya vətəndaşı olan adamın fəxri sədr olduğu qurumda qala bilmərik" tezisi əslində Müsavat üçün şirmadır. Necə olur ki, Rusiya vətəndaşının Azərbaycan prezidentliyinə vahid namizədliyini qəbul edirsən, ancaq həmin şəxsin indi ən yaxşı halda ancaq adı qalmış siyasi təşkilatın fəxri sədri olması ilə barışa bilmirsən? Əslində məsələ başqadır. Rüstəm İbrahimbəyovun fəxri, Cəmil Həsənlinin real sədr kimi təsdiqlənməsi ilə Müsavat bu qurumu öz çevrəsində və tabeliyində kollektiv siyasi təşkilata çevirmək şanslarını həmişəlik itirdiyini anladı. Sözün qısası, Şuradan vahid namizəd olmaq iddiaları boşa çıxmış İsa Qəmbər Milli Şuranın ya sədrliyinə, ya da həmsədrliyinə göz dikmişdi. Cəmil Həsənli - Rüstəm İbrahimbəyov anlaşması bu niyyətə imkan vermədi. İsa Qəmbərin müxalifətin az qala 20 illik həsrətdən sonra təkcə bu il qovuşa bildiyi geniş birlik və vahid namizədin qələbə üçün tutarlı faktor olmadığını elan etməsi də təsadüfi deyil. Nə oldu? 2003, 2005, 2008-ci illərdə əcnəbi təşkilatların və siyasətçilərin qapısı yağır edilmişdi ki, bizim birləşməyimizə mane olan hakimiyyətin təsirlərini neytrallaşdırın, bizə kömək edin birləşək. Xarici diplomatların dilindən olmazın ümidverici yalanlar uydurulmuşdu ki, onlar yalnız birləşəcəyimiz və vahid namizəd irəli çıxaracağımız halda bizə real dəstək verəcəklərini pıçıltı ilə açıq söyləyirlər. Bəs nə oldu ki, İsa Qəmbər müxalifətin 20 illik çabalardan sonra nail olduğu geniş birliyi və vahid namizəd taktikasını mənasız bir şey etdi, üstəlik Milli Şuradan çıxacağına eyhamlar vurmağa başladı? Qaranlıq mətləb yoxdur. İsa Qəmbər başa düşür ki, müxalifətin bundan sonra Milli Şuradan güclü və populyar birliyi olmayacaq, Milli Şura yaşasa, onun vahid namizəd kimi gələcəkdə dəstək verəcəyi liderlər sırasında imkanlarına görə və ya İsa Qəmbərin indiyədək "qayb etdiyi" şanslara görə Əli Kərimli onu xeyli geridə buraxa bilib. Bütün dövrlərdə, harada olursa-olsun özünü əzəli və əbədi "birinci" statusda görmək adəti Müsavata bu perspektivlə barışmağa imkan verməz. Odur ki, Müsavat başqanı hazırkı şəraitdə özü üçün ən əlverişsiz taktika olan vahid namizədi mənasız elan edərək Milli Şuradan çıxmaq, gələcəkdə isə öz çevrəsinə toplaya biləcəyi "kiçik lider-peyklərlə" həmin çevrənin əsas namizədi kimi seçkiyə getmək yolu tutub. Bunun neçə dəfə, neçə seçkidə təkrar oluna biləcəyinin onun üçün fərqi yoxdur. Təki o həmişə öndə olsun, təki onun adı hansısa müxalif namizədin xeyrinə geri çəkilən partiya sədri kimi tarixdə qalmasın.

Müsavatın diqqət çəkən ikinci siyasi "poz" nümayişi dekabrın 15-də "Məhsul"la "Maydan" arasında seçim etməsi ilə bağlıdır. Həmin gün Milli Şuranın Bakıdakı "Məhsul" stadionunda da mitinqinin olmasına baxmayaraq, İsa bəy Kiyevə getməyə və Maydanda təxminən bir aya yaxın müddətdə davamlı keçirilən mitinqlərdən birində iştirak etməyə üstünlük verdi. Nəticə nə oldu? İsa bəy Kiyevdə mitinq aparıcısı tərəfindən "Azərbaycanın məşhur siyasətçisi" kimi təqdim edildi, Kerri ilə görüşü barədə xəbər yayıldı, Bakıda isə həmin gün keçirilmiş Milli Şuranın mitinqi cəmi 700-800 nəfərin 30 dəqiqə duruş gətirə bildiyi əsl "fiasko" oldu. 

Son ay ərzində Kiyevdə mitinq tez-tez olduğu üçün həmin gün Kiyev səfərini təxirə salmaq, Bakıdakı mitinqə qatılmaq da olardı. Ancaq nəzərə alaq ki, dekabrın 15-də Bakıda və Kiyevdə toqquşan mitinqlərə qədər İsa Qəmbər Milli Şuradan nə vaxtsa aralanmaq niyyətini artıq açmışdı və təbii Milli Şuranın 15 dekabr mitinqinin hədsiz az sayda keçirilməsində məhz onun Şuradan çıxmaq niyyətlərinin həlledici rol oynadığını göstərmək onun üçün maraqlı idi: "Mən sizinlə olanda qüdrətli olursunuz, mən gedəndə qüdrətdən düşürsünüz" Ancaq Milli Şuranın 15 dekabr mitinqinin hədsiz zəif keçirilməsinin İsa Qəmbərin siyasi hərəkət trayektoriyasından asılı olmayan və artıq bir neçə məqamına toxunduğumuz xüsusi səbəbləri var. Şübhə yoxdur ki, hətta İsa Qəmbər özü də iştirak etmiş olsaydı belə, Milli Şuranın 15 dekabr mitinqinin olduğundan artıq əzəmətini təmin edə bilməzdi. Mitinqin zəif alınması nə İsa Qəmbərin həmin gün Kiyevdə olması, nə də onun hələ həftələr öncə Milli Şuradan ayrıla biləcəyi barədə bəyanatları ilə bağlı deyildi. Ancaq mitinqin uğursuzluğunun məhz MŞ-dən ayrıla biləcəyi barədə öncədən verdiyi bəyanatlarla bağlı olduğunu göstərmək İsa bəyə sərf edirdi.

Milli Şurada qalıb-qalmamaqla bağlı Müsavatın öz içində gedən bugünkü diskussiyalar, bəzi funksionerlərin fərqli mövqe göstərməsi İsa bəyin niyyətlərindən müəyyən narazılıq əlamətləri kimi də qəbul oluna bilər. 

Ən maraqlısı odur ki, Şuranın çox kiçik dairəsində çəkişənlər onun məyus elektoratının nə düşündüyünü nəzərə almırlar. Halbuki, müşahidələr göstərir ki, içəridə personaların öz oyunları naminə çəkişdikləri bir vaxtda elektoratın da öz planları var. 

İndi "Şura müxalifətinin" rəhbərliyində olan şəxsləri düşündürən suallar belədir: "Aparılan mübarizənin taleyini necə xilas etməli?" "Öz taleyimizi necə xilas etməli?" hələlik onlardan çox az bir qismi partiya rəhbərliyindən və siyasətdən birdəfəlik getmək yolları barədə düşünür. "Şura müxalifətinin" elektoratı da müəyyən suallar üzərində düşünür. Təhlillər göstərir ki, bu elektoratın hazırkı siyasi-psixoloji durumu onun sıralarında aşkar təbəqələşmə ilə yanaşı gedir. Hamı eyni cür düşünmür, hər kəs öz gələcəyini və ya bütünlüklə Şuranın gələcəyini aydınlaşdırmaq istəyir. Bu maraqlı axtarışlar həmin elektoratı şərti qruplar üzrə bir-birindən kəskin fərqlənən siyasi qənaətlərə gətirib çıxarır. Bu gün hətta orta məktəb uşaqlarını da inandırmaq mümkünsüzdür ki, Milli Şuranın sıralarında boyartım prosesi gedir. Şura qazanmır, sürətlə itirir. Başqa cür ola da bilməz. Daha dəhşətlisi odur ki, Milli Şura partiyalarında 20 ildən az və çox ömür qoymuş klassik müxalifətçilər də artıq fəal şəkildə perspektiv axtarışındadır. Onlar başa düşür ki, əks halda ömürlərini Şura müxalifətinin dəfnində moizə oxuyan rövzəxan kimi başa vura bilərlər. Bu, bər-bəzəkli fraza yox, sadəcə, bir çoxlarını gözləyən reallıqdır. 

Dərin siyasi perspektiv axtarışlarına baş vurmuş Milli Şura elektoratını hansı yollar gözləyir? 

1. Elektoratın müəyyən hissəsi uzun illərin yorucu və nəticəsiz siyasi mübarizəsindən bezərək, ümumiyyətlə fəal siyasət meydanını tərk edəcək. Mümkündür ki, onların bəziləri imkan daxilində ölkədən mühacirət etsin. 

2. Siyasətdən ayrıla bilməyənlərin bir qisminin həm siyasi genetika, həm də müxalifətçilik statusu nöqteyi-nəzərindən oxşar olduqları Milli Məclis müxalifətinin sıralarına qoşulacağı real görünür. Məhz bu istiqamətin gerçəkləşməsi yaxın gələcəkdə parlament partiyalarının sıralarında müəyyən boyartımına gətirib çıxara bilər. 

3. Şura elektoratının bəlli bir kəsiminin daha radikal siyasi qərar verərək, hətta hakim partiyaya keçməsi, ya da heç olmasa hakim siyasətin "partiyasız dəstəkçiləri" mövqeyinə keçməsi də istisna deyil. 

Burada Şura müxalifətinin bəzi rəhbərlərinin düşüncəsində özünü hələ də göstərən perspektivsiz və mənasiz bir çox yeni eyforiyalar barədə də danışmaq lazım gəlir. Məsələn, hər kəs özü haqqında yüksək düşünərək hesab edir ki, nəinki onun şəxsi elektoratı öz yerində "sap-sağlam" qalacaq, üstəlik, müttəfiqi olduğu digər partiyanın elektoratı sonuncu "nokaut-məğlubiyyət"də öz sədrini müqəssir bilərək onun partiyasına adlayacaq. Ancaq sadə Şura elektoratının oradakı liderlərdən hər hansı birini gələcəyin perspektivli lideri saymasına dair əsaslı görüntülər yoxdur. Başqa sözlə desək, Şura liderləri öz arxalarında böyük bir şövqlə dayanmış elektorat təsəvvür etdikləri halda, həmin elektorat öz qarşısında o liderləri artıq görmür, onları atmaq barədə düşünür. Hətta Şura elektoratının çevrəsində bu gün ritorik bir sual da dolaşır: "Kim kimi birinci atacaq - liderlər elektoratı, ya elektorat liderləri?" Liderlərin öz elektoratından könüllü imtinaya hazırlaşmadıqları ironik görünsə də, elektoratın öz liderlərindən birdəfəlik imtinası barədə düşünməsi kifayət qədər əsaslı səslənir. Sadəcə, müəyyən kənar amillərin azacıq təsiri olsa, bu təmayülün real proses olduğunu hər kəs görəcək. Kənar amillər deyəndə, ilk növbədə Milli Məclis müxalifəti nəzərdə tutulur.

Hələlik Milli Məclis partiyaları "Şura elektoratı"nda baş qaldırmış meyllərə lazımi həssaslıq göstərməkdə, bununla da çoxsaylı bir kütlənin "Şuradan Məclisə doğru" real dönüşünə yol açmaqda gecikir... 

"Bakı xəbər" qəzeti, 20 dekabr 2013-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə