Qərbin Putini anlamasının Soljenitsın yolu varmış (BAXIŞ)

15 il öncə Vladimir Putin hakimiyyətə gələndə dünya cənab Putinin əslində kim olduğu barədə düşünürdü. Almaniyanın Rusiya üzrə tanınmış eksperti Aleksandr Rarın nüfuzlu «Die Welt» nəşrində dərc edilmiş məqaləsi belə başlayır. Rarın fikrincə, üzərindən 15 il keçdikdən sonra mövcud suala cavab olduqca ziddiyyətli təsir bağışlayır. Bəziləri üçün Putin hakimiyyət vurğunu olan, Sovet İttifaqını bərpa etmək üçün insan hüquqlarını ayaqlar altına alan avtokratdırsa, digər qisim hesab edir ki, Kreml rəhbəri Rusiyanı iflasdan qurtaran, ölkəsinə sabitlik gətirən, onu dünya siyasətinin ilk cərgəsinə qaytarmağı bacaran uzaqgörən siyasətçidir.

Qeyd edək ki, «Forbes»in sorğusuna görə, məhz Putin 2013-cü ildə dünyanın ən nüfuzlu siyasətçisi adını qazanıb. Rarın qənaətincə, xarici siyasətdə dominant mövqe tutan Rusiya prezidenti 2014-cü ildə də dünyanın ən nüfuzlu dövlət xadimi olacaq. «Putin hazırda başqa bir Avropanın mənəvi lideri qismində çıxış edir. O Avropa isə xristian-mühafizəkar dəyərlərə üstünlük verir və Qərbi Avropanın müasir ultraliberal baxışlarına qarşı çıxır. Bu baxışlar öz növbəsində Rusiya əhalisi içərisində, həmçinin Qərbin mühafizəkar dairələrində geniş dəstək qazanır. Ümumən Qərbdə Putin demokratiyanın düşməni sayılsa da, rusiyalıların əksəriyyəti üçün güclü dövlət və sosial sabitlik demokratiyadan və hüquqi dövlətdən olduqca vacibdir», - deyən ekspertin bildirdiyinə görə, Rusiya əhalisinin 75 faizi bazar iqtisadiyyatına inanmadığı kimi Sovetlər Birliyinin süqutu reallığı ilə də barışmır. Təsadüfi deyil ki, bu günlərdə Rusiyanın dövlət başçısı tərəfindən əfv olunaraq azadlığa çıxmış keçmiş oliqarx Mixail Xodorkovski Putinin rusiyalıların 80 faizindən daha liberal olduğunu vurğulamışdı.

«Əgər Qərb həqiqətən Putini anlamaq istəyirsə, ilk növbədə Kreml rəhbərinin uzun müddət məsləhətləşdiyi dissident yazıçı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının ideyaları ilə tanış olmalıdır. Yazıçının baxışları isə kommunist rejiminin yenidən qurulmasına və güclü milli rus dövlətinə çevrilməsinə əsaslanırdı. Putin məhz bu missiyanın tarixiliyinə inanır. Məqsədinə çatmağın yolunu isə prezident inhisarçılığı və hakimiyyətində görür», - deyən almaniyalı ekspertin gəldiyi qənaət bundan iarətdir ki, xüsusi xidmət orqanlarının köməyilə öz gücünü göstərmək istiqamətində addımlar atan Rusiya prezidenti əslində Avropa Birliyinin düşməni deyil. Putin Lissabondan Uzaq Şərqə qədər azad ticarətin tərəfdarı kimi çıxış edir, energetika sahəsindəki əməkdaşlığı dəstəkləyir, onu tənqid edənlərlə ehtiyatlı dialoqa üstünlük verir: «Bəli, Putin Avrasiya İttifaqının yaradılmasında israr edir. O, Ukrayna və Belarusu bir vaxtlar Qərbi Almaniya vətəndaşlarının Şərqi Almaniyanı gördükləri kimi görür. İnanır ki, bu iki dövlət xalis rus torpaqları üzərində yaranıb. Ancaq Kreml rəhbəri heç bir halda Avrasiya İttifaqını Avropa Birliyinə qarşı qoymaq istəmir. Putin istəyir ki, Avrasiya İttifaqı Avropa Birliyinə inteqrasiya etsin. Ancaq gərəkdir ki, ikincinin özü də ABŞ-la azad ticarət müstəvisində itib-batmasın».

A.Rar eyni zamanda əmindir ki, Putin Avropanı təhdid etmək istəmir və bunu bacarmaz da. Ancaq köhnə qitənin ictimai rəyi ilə dəyərlər məsələsində hər hansı dialoq aparmağı da ağlından keçirmir. Avropa Birliyi Rusiyaya texnologiya və kapital gətirməlidir, demokratiya yox. Rusiya prezidenti demokratiya sahəsindəki kritik dialoqu ölkəsini dünya siyasətində yox etmək istəyi kimi qavrayır. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə