Erməni bələdçinin parçaladığı BİZ-lər (REAKSİYA)

Əvəz RÜSTƏMOV

 

Məlum olduğu kimi, əlimizə bir erməni keçib. Bələdçiymiş, işi-gücü hərbi birləşmələrə yol göstərməkmiş. Hər halda belə deyilir. Maraqlı olan isə məsələyə reaksiya(ları)mızdır. Əlbəttə, bizlər hərəkət və davranışımızla düşmən olan ermənilərin bizə şəbədə qoşmasına rəvac verən hərəkətlərdən daşınmalıyıq. Görünür, buna görə də saxlanılan erməni ilə bağlı məsələ səbəbindən çıxan söz-söhbətlərdən narahatlıq keçirənlərimiz var. Onların hər birini anlayışla qarşılayıram. İnanıram ki, tutulan ermənidən də betər pis xarici görkəmə malik peşəkar kəşfiyyatçıların olması mümkündür. Nəyin baş verməsi mümkün olmamalıydı, çalışacam ondan danışım.

Biz bəlli toplumda yaşayırıq və reaksiya verəndə hardasa toplumun bir nümayəndəsi kimi reaksiya veririk. Bəzənsə toplumda hansısa məsələyə ehtimal olunan reaksiyanı düşünərək reaksiya veririk. Prinsipcə, məqsədimiz cəmiyyəti və onun fövqündə duran dövləti irəliyə doğru aparmaqdan ibarət olmalıdır. Bu məramı hərə öz işini düzgün yerinə yetirməklə gerçəkləşdirməlidir. İndiki durumda işin yanlışlığı məsələ barədə müxtəlif fikirlər bildirmək deyil. Nəhayət, hər kəsin düşüncəsinə hörmətlə yanaşmaq vacibdir və hər kəsin də fikrinə hörmətlə yanaşaraq hesab edirəm ki, erməni hərbi birləşmələrinə bələdçilik etdiyi deyilən şəxs məsələsinin gülüşlə qarşılanması, lağa qoyulması tam məntiqidir.

Bəli, tutulan erməni hansısa hərbi məqsədlər üçün istifadə edilən şəxs kimi təqdim edildi. Zənnimcə, belə təqdimat ümumiyyətlə olmaya bilərdi və yanlışlıq da həmin təqdimatın ortaya çıxarılmasına göstərilən yaşıl işıqdan qaynaqlanır. Hələ də anlaya bilmirəm ki, erməninin hərbi məqsədli hansısa iş üçün istifadə edildiyini qabartmaq nəyə lazım idi? Adam əlini-qolunu sallayıb cəbhə xəttini keçib. Onu kənd camaatı tutub. İlkin kadrlardan da görünür ki, əksəriyyət etibarilə mülki şəxslərin içərisindədir. Belə çıxır ki, sadə insanlar onu görməsəydi, Tovuzdan avtobusa minib Bakıya gələcəkdi?! Qardaşlar, bu, biabırçılıq deyilmi? Demirəm e, təsadüfən də əhali hansısa ermənini tutub zərərsizləşdirə bilər. Belə hallar olub da. Ancaq təqdimat beləmi olmalıydı? Çəkiliş qruplarını necə, ora kənd çamaatımı çağırmışdı? Hətta çağıra da bilər. Bəs, necə olur ki, hərbi məqsədli olduğu ehtimal edilən adamı çəkib göstərirlər? Bu məsələdə tənzimləmə yoxdurmu? Bu qədərmi asandır belə şeyləri rahatca efirə vermək?! Bəlkə o adam elə doğrudan da dəyərli kəşfiyyat məlumatlarına malikdir? O zaman niyə onu göstərək?

Bu yerdə fikrimi erməninin xarici görkəminə görə irəli sürülən dəyərləndirmələrə nəzər salaraq davam etdirəcəm. Hesab edək ki, Əvəz , Əli, Vəli, Nicat və başqası xarici görkəmə görə qiymət vermədi, axı bu camaat nə deyəcək? İnanacaqmı ki, tutulan erməni duzlu xiyara və arağa tamarzı qalmış biri deyil? Ümumən tutulub tutulub, məsələnin hərbi tərəfini aşağılar, yəni sadə camaat, elə bizlər düşünməliyiksə, hansısa formada ifadəmizə diqqət yetirməliyiksə, o zaman bizdən daha böyük, hər prosesin daha alisini fikirləşməli olan beyinlər də olmalı deyilmi? Onlar hər şeyi ölçüb-biçməlidirlər axı. Bir erməni ilə bağlı cəmiyyətə müxtəlif fikirlər sızırsa, demək, nə isə qaydasında deyil. Bu müxtəlifliyi görən birisi nə etməli, nə düşünməlidir?..

Əslində burada medinın günahı yoxdur. Media ona ötürüləni çatdırır. Jurnalistəmsə, nəyinsə sirr olduğunu ehtimal edib ondan yazmaya bilərəm və bu, mənim milli maraqları düşünməyim olar. Müəyyən mənada peşəkarlığım da. Ancaq bir şeyin ictimailəşməsi üçün rəvac verirlərsə, mən həmin ictimailəşmənin doğura biləcəyi effekti çatdırmalıyam. Ki, əlaqədar qurumlar məsələ barədə düşünsünlər, gələcəkdə indiki kimi gülünc qarşılanacaq işlər görməsinlər. Və indiki halda tutulan erməni məsələsinin bomj təqdimatı da müvafiq instansiyaların günahıdır. Heç olmasa, adamın əyninə düz əməlli paltar geyindirib üzə çıxarardılar. Nəyə lazım idi, balaca, çəlimsiz adamdan Rembo, Terminator düzəldəcək təqdimatlara yol vermək? Ay nə bilim, diversiya işləri apararkən tutulub. Təpəsinə dəysin onun diversiyası! Hələ bir ayaq üstə durmağı bacarsın!.. Ya da nə bilim deyə bilərdik ki, sadə erməni müharibənin başlamağından ehtiyatlanıb keçib biz tərəfə, orda qalanda öləcəyindən qorxub. Hər halda məlum gedişlər var. Belə etsəydik, sabah erməni mətbuatı yaza biləcəkdimi ki, o tutulan adam kəşiyyatçımızdır?.. Əlbəttə, biz onu diversant kimi təqdim edəndə, ermənilər də güləcək ki, tutduğunuz başdanxarabdır. Burda nə var ki?..

İndi deyilənlərdən, bildirilən münasibətlərdən gəlinən ümumi nəticə bundan ibarətdir ki, ələ keçən erməni ilə bağlı məsələ Azərbaycanın ictimai rəyini bir-birinə qatıb. Təəssüf, bu mənada erməni bələdçi ələ keçməklə öz missiyasını yerinə yetirdi. Bir tərəfdə dayananlar o biri tərəfdəkiləri olaya fərqli don geydirməkdə ittiham edirlər. Kimlərisə anti-vətənpərvərlik duyğularına görə günahlandırırlar. Bir qrup da kimlərinsə məsələyə bilərəkdən yanlış don geydirməsinin cəmiyyətə vura biləcəyi ziyanı düşünərək dillənir, enerjisini tükədir. Bəzənsə az qalırıq deyək ki, biz ermənidən də pisik. Nəyə görə? Lazım idimi bünün bunlar?.. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə