Seçilən Türkiyə TƏHLİL

Zahid Oruc, Milli Məclisin deputatı

 

30 martdan hansı siyasi qüvvənin və ya platformanın qalib çıxacağından daha çox, yeni Türkiyənin şəkillənəcəyini hər kəs rahatlıqla söyləyir. Yerli seçkilər olmaq mahiyyətini tam itirərək az qala beynəlxalq bir önəm daşıyan bu milli turun əhəmiyyətinin şişirdilmədiyi də bir faktdır və hazırki iqtidarın məğlubiyyətinə çalışan xarici dairələr son illərin ən ağır siyasi müharibəsini məhz indi apardılar.

Türkiyə içində Qərbin dayaqları və NATO-nun əsas söykənəcəyi qüvvələr həmişə Silahlı Qüvvətlər olub. Konstitusiyanın keçmiş formulundan da onlar çox ustalıqla bəhrələniblər və böhran situasiyalarında Ordu əsas hakimiyyət mücəssiməsi kimi meydana çıxıb. Sayın Ərdoğanın ən çox üstünə getdiyi güclər də məhz onlar oldu. Etiraf edək ki, heç kəsin cəsarəti çatmazdı buna. Açıq iqtidarını risq altına qoyaraq yaxası döyüş ordenləri ilə dolu olanların rolunu endirmək qərarı ilə Konstitusion islahatlara baş vuruldu. Ultra-millətçi Ergenekonçuları, ”dərin dövlət” qurucularını görəvdən alınaraq həbsə atmanın ardınca Qərbin artıq islami qatdan hökumətə yeridiyini bəyan edib hizmətçilərlə savaş açmaq yalnız öz gücünə inanan bir liderin qərarı ola bilərdi. Hərçənd ki, hamı onu eyforiyaya qapılmaqda, demokratiyanın və sandığın sultana çevirdiyi, reallıq hissinin itirmiş Krallara çevrilməkdə qınayırdı. Lakin bu ittihamlar AK partiya rəhbərliyini seçdiyi kursdan daşındıra bilmədi.

Paralel strukturlar tam sarsıldımı, bunu hələ ki, demək çətindir. Lakin yaxın və uzaq xaricin addım-addım izlədiyi Türkiyənin Ərdoğanlı dönəminin davamı artıq Amerikanı və İsraili narahat etməkdədir. Çünki kənardan himayə olunan sistemlər sarsıldıqca onlar ən patriotik ideolojiləri örtük edib xalqın adından danışan digər qüvvələrin sırasına soxulub hazırkı iqtidarın üzərinə gəlirlər. Türkiyənin regionda güclənməsi və buna millətin verəcəyi səs insanların yetkinlik dərəcəsini ortaya qoyacaq. Əgər əvvəlki kurs etimad qazanacaqsa, bu o anlama gələcək ki, Türkiyənin müsəlman dünyasında təsiri və rolu artmaqda davam edəcək.

Təkcə Misiri misal göstərmək yetərlidir. ”Ərəb baharı” zamanı iqtidara gələnlər siyasi model axtarışında məhz qardaş ölkənin idarəetmə quruluşuna istinad etməkdə tərəddüd göstərmədilər. Görünür, məhz elə bu da “Müsəlman qardaşları”nın öldürücü səhvi idi. General Sisi indi minlərlə insanın edamına qərar verir, lakin heç kəs onu demokratik tövrdən kənara çıxmaqda ittiham etmir. Gəzi parkında ölən bir yeniyetməni isə yüzminlərin kumirinə çevirirlər. Ünlü xarici telekanallar hər gün demokratiya mücahidindən silsilə repotajlar verir. Məqsəd aydındır-xalq içindəki davanı daha çox körükləmək, çarpışmanın şiddətini artırmaq.

Türkiyənin qalib gələcəyi seçkilər islam ölkələrinin də qalxınması demək olacaqdır. Çünki inqilablardan sarsılmış və hər gün müharibə itkiləri ilə barışmış bir dini toplumun həyati inamını qaytarmaq üçün bu çox önəmlidir. İstədikləri ssenarini burada həyata keçirə bilmədilər. Türkiyəyə qurulan torların çoxu yırtıldı. O xalqının dərin ənələrinə və siyasi fəhminə uyğun olaraq ayıqlıq imtahanını uğurla verə bildi.

Vaxtilə sayın Ərdoğan bələdiyyə seçkilərindən böyük siyasətə və tarixi qələbələrə ilk addımlarını atmışdı. İndi kimin nə qədər səs itirəcəyi o qədər faciə olmaz. Əsas millətin səsi itməsin!

Qalib partiyanın qabağında az qala qazandığı qədər ona nifrət edən digər kəsim olacaqdır. Bax ən böyük nəticə və gələcək üçün çalışma bunun üzərində qurulmalıdır. Həmin qütbləşmiş toplumu vahid bir millət etməyi təkrar bacaran qüvvə əsl Türkiyənin uğurunu təmin edəcəkdir.

Bütün hallarda 30 martdan sonrakı Türkiyə yeni olacaqdır. Hətta hakim qüvvənin əvvəlkindən də artıq səs əldə edəcəyi bu hökmü dəyişməz. Türkiyə yeniləndi və seçildi. İndi xəritəsi üzərinə onlarla partiyalı rəngi çilənmiş bir məmləkətin bu gündən bir aylı-ulduzlu Uca Bayraq altında toparlanması gərək. Xeyirlisi olsun və hər zaman qüdrətli bir dövləti qarşımızda görmək ümidi ilə!

Yazı Zahid Orucun facebook səhifəsindən götürülüb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə