ABŞ səfiri qərbyönümlü fəalları necə tutdurdu? (TƏHLİL)

Bahəddin Həziyev, "Bizim yol" qəzetinin baş redaktoru

Azərbaycan inqilabına... 14 milyon ayrılıb. "Azərbaycan prokurorluğunda Qərblə işləyən QHT-lərin cinayət işini araşdıranlar  belə bir rəqəm söyləyiblər. 14 milyondur, ya deyil - bunu da istintaq və məhkəmə sübut etməlidir;  ittiham edən tərəfin isbatlamağa borclu olması hüququn sütunudur. Amma milyonlarla vəsaitin Qərb institutlarından Azərbaycan QHT-lərinə ayrıldığını deyə bilərik. Bu vəsait həqiqətən də inqilaba xərclənibmi? Buna da cavabımız yoxdur. Yalnız ölkə Prezidentinin açıqlamasına istinad edə bilərik; Füzuli və Beyləqan rayonlarına səfər zamanı çıxışında dedi ki, o pulların heç də hamısı nəzərdə tutulan məqsədlərə xərclənməyib. Zatən rəsmi açıqlama olmasa belə, hər şey ortadadır; 14 milyona Azərbaycan kimi ölkədə belə güclü dövlətin Konstitusiya quruluşunu dəyişmək və ya belə güclü bir hakimiyyəti devirmək mümkün olan iş deyil, amma hər halda o 14 milyon inqilaba xərclənmiş olsaydı, ən azı inqilaba cəhd görərdik. Bunların heç biri ortada yoxdur deyə, düşünürük ki, o cəhdi edəsi, edə biləcək, etmək istəyən qüvvələr də artıq, demək olar ki, yoxdur. Bənzətmə qüsurlu olsa da, 399-cu ilin yazında ölüm hökmünə məhkum edilərkən Sokratın andlı hakimlərə dediyi sözləri xatırladım: "Onsuz da qocayam, yetmiş yaşım var, bir az da gözləsəydiniz özüm təbii ölümümlə ölüb gedəcəkdim". Son həbslər, Qərbdən inqilab ixracı ilə bağlı aparılan cinayət işləri Sokratın bu çıxışını xatırladır mənə. Onsuz da bu cəhdlər edilmirdi, ya da yetərincə edilmirdi, inqilab ideyası, inqilab həvəsi təbii ölümüylə ölüb gedirdi. Amma o biri tərəfdən, hakimiyyətin də öz məntiqi var - Liviya kimi, Suriya kimi, Yəmən, Tunis kimi ölkələrdə ABŞ və Avropa İttifaqının aparıcı dövlətləri boş yerdən müxalifət yaratdılar, silahlandırdılar (həm də sadəcə, ideoloji ilə deyil, gerçək Kalaşnikov avtomatları ilə). Deməli, siyasətdə, özəlliklə də geosiyasətdə səhvlər onu edənləri... bağışlamır.  Və ölkə içində onun daxili tarazlığını, siyasi və hüquqi konstruksiyasını pozmaq istəyənlərin təbii şəkildə əriyib yoxa çıxacağını gözləmək hətta ən güclü iqtidarlar üçün də səhv sayılır. O başqa məsələdir ki, rəqibə qarşı atılan addımlar, verilən qərarlar adekvatdırmı?

5 milyard dollarlıq "layiqli gələcək" 

Mən hələ 2011-ci ildə bir çoxları ərəb səhrasındakı siyasi burulğanın Azərbaycanı da cənginə alacağı haqda peyğəmbərlik iddiasına düşəndə "Bizim Yol"da "İnqilab söhbətləri" adlı iki məqalə dərc etdirdim. Həmin məqalələrdə proqnoz verdim ki, ərəb inqilabları Azərbaycanda təkrarlanmayacaq. Və bu proqnozum tam doğru çıxdı. Daha sonra bu inqilabların həmin ölkələrə gətirdiyi bəlaları da təhlil etdik. Hər şey onsuz da ortadadır. 3 ildən də çox vaxt keçib və biz dönüb yenidən Tunisə, Liviyaya, Misirə baxırıq. İnqilab ixracının xarabazara çevirdiyi Suriyanı hələ demirəm. Bunu Azərbaycana arzulayanlar, özəlliklə tətbiq etmək istəyənlər o ölkələrdəki durumu görürmü? Təbii ki, görür. Ancaq nəticə çıxarmır. Mən Azərbaycanda konkret olaraq kimlərinsə, hansı təşkilatlarınsa inqilab etmək istədiyini, cəhd etdiyini deyə bilmərəm - bunun üçün əlimdə faktım yoxdur. İstintaq obyektiv araşdırırsa, bu suala cavab verəcək. Amma belə bir cəhddə bulunan insanlar və qüvvələr varsa, onlar dünyada, Yaxın və Orta Şərqdə baş verənləri görməmiş deyillər axı. Təkrar etməkdə fayda var: Suriyada inqilab cəhdi və bunun sonucunda başlayan, hələ də davam edən iç savaş artıq 200 minə yaxın insanın həyatına son qoyub. Liviyaya Amerikadan qırıcıların və bombardmançıların qanadlarında ixrac olunan inqilabı xatırlayırsınız. Nə baş verdi? Həmin o inqilabçılar ki, Qəddafini qətlə yetirmişdilər, qalib gələndən sonra eyni qəddarlıqla ABŞ-ın bu ölkədəki səfirini də öldürdülər, indi isə Amerikanın Tripolidəki səfirliyindən hovuz kimi istifadə edirlər. Ya da elə Ukraynanı götürün. Avropanın şərqində böyük, gələcəyə böyük ümidləri olan sabit bir ölkə idi. Doğrudur, Kuçma Ukraynasında demokratiya çatışmazlığı, hətta diktatura haqda iddialar, ittihamlar vardı. Amma ölkənin gələcəyi vardı. Sonra nə oldu? ABŞ "narıncı inqilab" ixrac etdi. Bu inqilabın sonucu olaraq hakimiyyətə gələn "narıncı koalisiya" güc-bəla ilə bir Konstitusion müddət iş başında qala bildi. Və yenidən Rusiyameylli qüvvələr revanş imkanı qazandılar. Baxın, Azərbaycanda 14 milyona inqilab etmək həvəsinə düşən Amerika Ukraynaya milyardlar xərcləmişdi. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland 2013-cü ilin dekabrında dedi ki, ABŞ 1991-ci ildən bəri  "Ukraynanın layiq olduğu gələcəyə çatması üçün" 5 milyard dollardan çox pul xərcləyib. NED Ukraynaya "layiq olduğu gələcəyi" 60-dan çox layihəni maliyyələşdirməklə vermək istəyib. Amma baxın, Ukraynaya hansı gələcəyi verdilər? Rusiya ilə yarımleqal, amma sözün tam anlamında müharibə. Allah göstərməsin, hesab edin ki, Türkiyəni Azərbaycanla müharibəyə sövq edə bilsələr necə olar?! (Hərçənd həmin Qərb illərdir Türkiyə ilə Azərbaycanı toqquşdurmaq, arasını açmaq üçün dayanmadan cəhdlər edir, nəticəsi olmasa da, belə cəhdlərin olması faktını konstatasiya etmək zorundayıq). Rusiya ilə Ukraynanın timsalında iki qardaşı bir-biri ilə düşmən edən Qərb Moskva-Kiyev siyasi qarşıdurması silahlı konfliktə və açıq savaşa çevriləndə Prezident Obamanın dili ilə: "Biz Ukrayna üçün hərbi qarşıdurmaya gedən deyilik" dedi. "Ukraynaya layiq olduğu gələcəyi" vermək adı altında bu ölkəni bütünlüklə Rusiyanın gülləsinin, raketinin qabağına verdi. Ukraynanın gələcəyini əlindən aldı; Putin Avropa Komissiyasının sədri Barrozoya: "Ukraynanı NATO-ya qəbul etsəniz, o adda bir dövlət, sadəcə olaraq, mövcud olmayacaq" demişdi. Bu gün Putinin: "İstəsəm, Kiyevi iki həftəyə alaram" təhdidinin qarşısında nə Obamanın, nə Merkelin, nə də başqalarının səsi çıxır. 

"Foreign Affairs"in etiraf etdiyi gerçək

Bəli, kimsə deyəcək ki, Ukraynadan bizə nə? Məsələ də budur ki, dərs çıxarmağı öyrənmək lazımdır. Ukrayna "layiqli gələcək" adı altında Qərbin inqilab ixracının ən son qurbanlarından biridir və bu inqilabların nələrə gətirib çıxardığını, necə baha başa gəldiyini, sonucda da heç bir gələcək vermədiyini, millətin, dövlətin gələcəyini əlindən aldığını anlamaq üçün əyani vəsaitdir. Əlbəttə, təsəvvür etmək nə qədər çətin olsa da, bir anlıq gözümüzün qarşısına gətirək ki, Azərbaycan da Yanukoviç Ukraynası kimi ötən ilin dekabrında Avropa İttifaqı ilə assosiasiya sazişinə getsəydi, sonra daha pisi - Rusiyanın təzyiqləri altında bundan imtina etsəydi, nələr olardı?! Təbii ki, İlham Əliyev Yanukoviç deyil və kəskin dönüşlər, düşünülməmiş, hesablanmamış manevrlər etmədi. Azərbaycan tamamilə haqlı bir sualı Avropa siyasətçiləri qarşısında qoydu - Gürcüstan, Moldova kimi ölkələr Avropanın enerji təhlükəsizliyində əsas rollardan birini oynamaq o yana qalsın, heç bir rol oynamaq iqtidarında olmadığı halda, nədən onların ərazilərindəki münaqişələrlə bağlı bir mövqe var, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı isə başqa mövqe (daha doğrusu, mövqesizlik) ortadadır? Bu halda Azərbaycan niyə o sazişlərə həmin ölkələrlə eyni əsaslarda qoşulmalıdır? Üstəlik, Ermənistanla Azərbaycana eyni (ən yaxşı halda eyni) şərtlər təklif olunur və Rusiyanın təhdidlərindən qorunmaqla bağlı heç bir qarantiya da yoxdur. İndi bəzi siyasətçilər və təhlilçilər Azərbaycanda da tez-tez vurğulamağı sevirlər ki, Bakı Avrointeqrasiyada qəti qərar verməlidir, Avropanı seçməlidir və sair. Baxın, Avropanı seçən Ukraynaya. İyunun 27-də assosiasiya sazişinin iqtisadi paketini də imzaladı. Sonra nə oldu? Azərbaycanı belə bir təhlükəli perspektivə, daha doğrusu, perspektivsizliyə, sonu qaranlıq olan yola, macəraya səsləməyin özü ən azı siyasi naşılıqdır, ən çoxunu isə bu düşüncə sahiblərinin özləri desin. Yanukoviç böyük bir gəmini tufanlı havada, nəhəng dalğaların arasında kəskin olaraq Avropa sahilinə tərəf döndərmək istədi, bərk yırğalandı, bu dəfə naşı kapitan olaraq əvvəlkindən də daha sərt şəkildə Rusiyaya doğru çevirdi, sonucda gəmi o qədər yana çox əyildi ki, su almağa başladı. O özü xilas olmaq üçün gəmidən qaçdı, sükanı ələ keçirənlər gəmini bu dəfə əvvəlkilərdən daha kəskin formada yenidən Qərbə döndərəndə gəmi artıq batmaq təhlükəsi ilə üz-üzə qaldı. Ən dəhşətlisi də odur ki, gəmini Qərbə çağıran Avropa dövlətləri və ABŞ yeni kapitanların SOS siqnalına məhəl belə qoymur. Biz bu yolla getmədik, Azərbaycan özünün seçdiyi, doğru bildiyi yolla getməyə qərar verdi. Bu gün (dünən - red.) ABŞ-ın "Foreign Affairs" nəşrində "Ukrayna böhranında Qərb niyə günahkardır?" başlıqlı redaksiya məqaləsi dərc edib və orda yazılır: "Hazırda Amerika Birləşmiş Ştatları və onun Avropadakı müttəfiqləri seçim qarşısındadır: onlar ya Rusiya ilə indiki konfrantasiya siyasətini davam etdirərək Ukraynanı da dağıdırlar və hamı məğlub olur, ya da Ukraynanı çiçəklənən, Rusiyaya təhlükə törətməyən, neytral (məhz NEYTRAL -B.H.), Qərblə Moskva arasında münasibətləri qaydaya salmağa imkan verən bir dövlətə çevirirlər və bundan bütün tərəflər uduşlu çıxır". Bunu biz deyil, ABŞ-ın aparıcı mediasında dünya miqyaslı siyasi ekspertlər deyir. Və bu fikirlər - gəlinən nəticə bir daha onu isbat edir ki, Azərbaycan doğru kurs seçərək bütün bu münaqişəli durumlarda neytral, daha doğrusu, müstəqil siyasət aparıb. Krım məsələsində Azərbaycanın BMT-dəki səsvermədə, eləcə də, Ukraynanın ərazi bütövlüyünün lehinə, Rusiyanın AŞ PA-da mandatının dondurulmasının əleyhinə səs verməsi konkret faktlardır. Bu yazı yazılmazdan bir gün öncə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Gömrük İttifaqına qəbul edilməsi haqda sərəncam verdi, elə həmin gün Azərbaycanın Avropa İttifaqı ilə viza sadələşdirməsi və readmissiya haqda sazişləri qüvvəyə mindi. Ermənistan başqa bir paytaxtda haqda sərəncam verildi, Azərbaycan isə ikitərəfli bərabərhüquqlu tərəfdaş kimi Aİ ilə imzalanan sazişlərin qüvvəyə mindiyini bəyan etdi. Bu faktlar o deməkdir ki, Ermənistan müstəqilliyini tamamilə itirdi; indi artıq onun Rusiyanın federasiya subyektlərindən bir fərqi qalmadı. Azərbaycan isə öz qərarlarını özü verdiyini təkrar və əyani olaraq bir daha dünya qarşısında vurğuladı. İlham Əliyev Avropaya assosiasiya sazişinə qoşulmaq vədi vermədiyi kimi Rusiyanın Avrasiya İqtisadi İttifaqından bəlli məsafəsini qorudu. Avropa İttifaqı ilə hamı üçün eyni şərtlərlə və Avropa paytaxtlarının istəyinə uyğun olan müqavilə imzalamadı, təklif olunan sazişlərdən özü öz ölkəsinin maraqlarına cavab verən sazişləri imzaladı. Bu zaman həm Avropa İttifaqı ilə, həm Rusiya ilə münasibətləri və məsafələri qoruyub saxladı. Bu, diplomatiyada çox mühüm nəticədir. Uzağa getməyək; Avrasiya İqtisadi İttifaqını Rusiya ilə birlikdə yaradan və onun ilk toplantısına da ev sahibliyi edən Qazaxıstana Putinin münasibətini gördük - "Qazaxıstan heç vaxt dövlət olmayıb" dedi. Qazaxıstan sadəcə Ukrayna ilə münasibətləri davam etdirəcəyini söyləmişdi. Amma Azərbaycan Ukrayna ilə bu siyasi və iqtisadi münasibətləri heç zaman pozmadı, amma nəinki Avrasiya İqtisadi İttifaqının sahibi olan dövlətin belə bir münasibətinə məruz qaldı, əksinə İlham Əliyevin bir məktubu ilə bu qurumda Azərbaycana dair ədalətli xətt bəlirləndi (erməni politoloqlarından birinin də etiraf etdiyi kimi, İlham Əliyev bir məktubu ilə Avrasiya İqtisadi İttifaqının qərarlarına təsir etdi və Sarkisyanı noqdauna saldı). Azərbaycan Avropa İttifaqı ilə öz maraqlarına cavab verən formatda əməkdaşlıq etdiyi kimi bunu Avrasiya İqtisadi İttifaqına da şamil etmək xətti yürüdür. Və təbii ki, belə bir müstəqil xətt bölgədə nüfuz savaşı aparan böyük gücləri qane etmir (bu məqam Prezidentin son çıxışlarında da dəfələrlə vurğulanır). Bu situasiyada hakimiyyət bir tərəfdən, Ermənistan-Azərbaycan cəbhəsində mümkün təxribatlardan, o biri yandan, böyük dövlətlərin və beynəlxalq qurumların Azərbaycanda daxili stabilliyi pozmasından ehtiyatlanır və saysız-hesabsız, üzdə görünən və görünməyən sualtı qayaların və aysberqlərin arasından öz gəmisini ağlagəlməz çeviklik tələb edən manevrlərlə aparır, zədələnməkdən, hər cür fəlakətdən qoruyub saxlayır. Buna görə də indiki mürəkkəb siyasi situasiyada bu və ya başqa qlobal gücün maraqları baxımından kəskin qərarlar vermir və bunu ölkə üçün təhlükəli sayır.  Və, təbii ki, bu siyasətin alternativi də görünmür. 

Qərbyönümlü fəalları Amerika səfiri necə tutdurdu?

Bu yerdə yenidən məqaləmin əvvəlindəki fikirlərə qayıdıram. Mən hər zaman doğru bildiyimi yazıram. Bu dəfə də istisna olmayacaq. Son vaxtlar inqilab suçlamalarına və  əksinqilab görsənişlərinə baxsaq, burda da, prinsipcə, yeni heç bir şey baş vermir. Son vaxtların həbsləri, başlanılan cinayət işləri, bunlardan doğan hadisələr, şübhəsiz ki, bir vətəndaş və qələm əhli olaraq məni də çox narahat edir. Təbii ki, bu və ya başqa ittihamlarla cəmiyyətdən təcrid olunan insanlara üzülürəm. Doğrudur, ermənilərlə "xalq diplomatiyası" kimi avantüraları da heç vaxt qəbul etməmişəm və etmirəm, bunu hər zaman yanlış, hətta zərərli saymışam. Ancaq yenə də insanların həbs olunması faktları üzücüdür. Bununla yanaşı bir məqamı da vurğulamaq lazımdır. Əslində bu gün haqlı, ya haqsız həbs olunan bir çox insanların - Qərb qurumları ilə işləyən QHT, media təmsilçilərinin təqib olunmasının günahı həm də Qərbin özündə, xüsusilə də, ABŞ-dadır. Mərz ABŞ səfiri Morninqstarın bütün diplomatik etiketləri heçə sayaraq Azərbaycanı Ukraynasayağı "Maydan"la təhdid etməsi hakimiyyətin Qərbin ölkədəki siyasi infrastruktura qarşı daha sərt mövqeyə keçməsinə gətirib çıxardı. Onsuz da Ukraynada olduğu kimi, sonunda müdafiə etməyəcəyi insanları maraqlandırıb, ya həvəsləndirib hakimiyyətə qarşı qaldırmaq cəhdləri hər zaman belə nəticələr verir. Bəli, hakimiyyət Qərbyönümlü siyasi fəallara qarşı sərt repressiyalara gedir, cinayət təqibini daha da artırır. Buna isə konkret halda Amerikanın və Avropanın siyasi dairələrinin açıq və gizli hərəkətləri, açıqlamaları səbəb olur. 2005-ci ildə hakimiyyətin içində bir qrupla - Fərhad Əliyevin təmsil etdiyi qrupla müxalifətdən bir cinahın ittifaqını yaradaraq "rəngli inqilab"a maraqlandıran və həvəsləndirən Amerika siyasətçiləri və diplomatları məğlubiyyət məqamında həmin şəxsləri meydanda qoyub geri çəkildilər.  Harnişin İnqilab ssenarisini xatırlamamış olmazsınız - yaxın tarixdir. Lap bu yaxınlarda isə səlahiyyət müddətinin bitməsinə az qalmış səfir Morninqstar ABŞ adından Azərbaycanı inqilabla, çevrilişlə təhdid etməyə çalışdı. Hətta vida görüşlərində, çıxışlarında: "Biz Azərbaycanda sabitliyi pozmaq istəmirik" dedi. Diplomatik dilin incəliklərinə vaqif olanlar bunun nə demək olduğunu yaxşı bilir: "Hələ istəmirik, istəsək, pozarıq" deməkdir. Təbii ki, o ranqda diplomat üçün bu dərəcədə məsuliyyətsiz bəyanatlar Qərblə, xüsusilə, ABŞ-la bu və ya başqa formada tərəfdaşlıq edən yerli vətəndaş cəmiyyəti, media və sair çevrələrin təmsilçilərini zərbə altına qoyur, hədəfə gətirir. Təbii ki, baş verənlərə haqq qazandırmıram, amma Qərb siyasi və diplomatik çevrələrinin Azərbaycanı "ərəb küçəsi"nə çevirmək cəhdlərini də heç vaxt qəbul etməmişəm, bu gün də qəbul etmirəm. 

bizimyol.info

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə