Vətənpərvərliklə peşəkarlığın vəhdəti Milli Qəhrəman

Yazı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb.

 

SSRİ-nin süqutunun yaşandığı zaman kəsiyi və müstəqillik dönəminin ilk illəri sovet mətbuatı ənənələrinin təsirindən çıxmağa çalışan Azərbaycan jurnalistikası üçün yeni tendensiyalar xarakterik idi. Ötən əsrin 80-ci illərinin sonlarında sovet Azərbaycanı rəhbərliyinin ciddi müqavimətinə baxmayaraq, yenidənqurma siyasətinin yaratdığı sərbəstlikdən yararlanmaq cəhdi yerli mətbuatın timsalında daha qabarıq müşahidə olunurdu. Moskvanın birbaşa təhriki ilə ermənilərin Dağlıq Qarabağa yönəlik iddialarını ortaya çıxarmaları Azərbaycan cəmiyyətində birlik meyllərini gücləndirməklə bərabər, rəsmi ideologiyanın iradəsindən kənar jurnalistikanın təşəkkülünə də təkan verdi.

Müstəqil medianın formalaşması yeni nəsil jurnalistlərini – özlərini ideoloji-siyasi çərşivələrə salmayan, peşəkarlığa əsaslanan, obyektiv mövqe tutan qələm sahiblərini yetişdirdi. O jurnalistlər sivil dünyada uzun müddətdir mövcud olan media standartlarının Azərbaycan mətbuatında tətbiqinə başladılar.

Lakin təəssf ki, milli jurnalistikamızın inkişafındakı yeni mərhələ leksikonumuza artıq daşlaşan, lakin arzuolunmayan bir ifadə də gətirdi. 1991-ci ilin yanvarında “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərovanın Dağlıq Qarabağda erməni silahlıları tərəfindən qətlə yetirilməsi nəticəsində dilimizə “Şəhid jurnalist” ifadəsi daxil oldu. Qarabağda müharibənin alovlanması ilə şəhid jurnalist ünvanının yeni sahibləri də müəyyənləşdi.

1991-ci ilin noyabrında tanınmış telejurnalist Alı Mustafayevin dövlət rəsmiləri ilə birgə olduğu helikopter Qarakənd səmasında vuruldu. Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə birgə A.Mustafayev də həlak oldu. 1992-ci ilin iyununda isə qızğın döyüşlər zamanı çəkiliş aparan ölkənin ilk müstəqil teleradio şirkəti olan ANS-in reportyoru Çingiz Mustafayev düşmən gülləsinə tuş gəldi.

Ç.Mustafayevdən əvvəl şəhid olmuş həmkarları -S.Əsgərova ilə A.Mustafayev cəmiyyətdə tanınan, eyni zamanda, ideoloji mətbuatın “şinel”indən çıxmışdılar. Onlardan fərqli olaraq Ç.Mustafayev telejurnalistikaya sözün bütün mənalarında tam sərbəst obrazda daxil olmuşdu. Tamaşaçının ilk dəfə Dövlət Televiziyasında fəaliyyət göstərən “215 kl” studiyasının verilişlərindən görüb-tanıdığı Ç.Mustafayevin telejurnalistikaya gəlişi birdən-birə baş tutmamışdı.

Musiqidə novatorluq

Ç.Mustafayev 1960-cı il avqustun 29-da Xəzərin şimal sahillərində - Həştərxan vilayətində hərbçi ailəsində dünyaya gəlib. 4 yaşına çatanda ailəsi onun ilk addımlarını atdığı kiçik Kapustin-Yar qəsəbəsindən Bakıya köçür. Çingiz 1977-ci ildə Bakıda 167 saylı orta məktəbi bitirib Azərbaycan Tibb İnstitutuna (indiki Tibb Universiteti) daxil olur və 1983-cü ildə təhsilini başa vurduqdan sonra Dəvəçi (indiki Şabran)  rayonuna təyinat alır.

Lakin bir müddət sonra yenidən Bakıya qayıdan Ç.Mustafayev uşaqlıqdan böyük həvəs göstərdiyi yaradıcılıq sahəsində öz bacarıqlarını göstərməyə başlayır. Sovet ideologiyasının qəbul etmədiyi alternativ musiqi janrlarında olan nümunələrin təbliği ilə məşğul olan Çingiz qısa müddətdə öz çevrəsini xeyli genişləndirir. Bu istiqamətdəki fəaliyyətini daha da sistemləşdirən gələcək telejurnalist “Cəngi” birliyini yaradaraq rəsmi ideologiyaya sanki meydan oxumaq yolu tutur. Məhz onun sayəsində Bakının 30 il əvvəlki gəncliyi nisbətən əlçatmaz və fərqli musiqi ilə tanış olmaq imkanı qazanır.

Musiqidən jurnalistikaya 

Ç.Mustafayev musiqi fəaliyyətilə yanaşı, xüsusilə, televiziya sahəsində texnoloji yeniliklərlə dərindən maraqlanır, onları mənimsəməyə çalışır, özü də aradabir həvəskar çəkilişlər aparır. Çingizin mövcud sferada ilk ciddi və olduqca ağır işi 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya qanlı müdaxiləsi zamanı qeydə alınır. Həmin dəhşətli günə aid videogörüntülərin bir hissəsinin müəllifi məhz sovet əsgərlərinin çarpaz atəşi altında çəkiliş aparmaqdan qorxmayan Ç.Mustafayevdir. Həmin dövrdə yaşanmış qanlı hadisələrin təsirindən uzun müddət çıxa bilməyən Çingiz telejurnalistika ilə daha dərindən maraqlanmağa və tədricən həm də peşəkar şəkildə məşğul olmağa qərar verir.

Əvvəl dövlət televiziyasında, daha sonra isə onun nəzdində yaradılan müstəqil “215 kl” studiyasında işləməyə başlayır. Bu studiyada ilk verilişlərini, reportajlarını təqdim edən Çingiz teleauditoriya üçün yeni, eyni zamanda qeyri-adi sima idi. O, Azərbaycanda televiziyanın fəaliyyət göstərdiyi müddətdə diktor və aparıcıları məmur obrazında görməyə alışmış tamaşaçılarda başqa assosiasiya doğururdu. Amma Çingiz tamaşaçıya doğru informasiya, məzmunlu süjet və veriliş hazırlayıb göstərmək üçün belə deməm mümkünsə, rəsmi geyim akustikasının əsas şərt olmadığını təlqin edə bildi.

Ç.Mustafayevin televiziya fəaliyyətindəki dönüş təbii ki, Qarabağ müharibəsinin vüsət alması ilə baş verdi. O, müntəzəm olaraq, döyüş bölgələrində olur və ön cəbhədən ardıcıl materiallar hazırlayaraq rəsmi təbliğatın məlumatsız saxladığı auditoriyanı informasiya ilə təmin edirdi.

1991-ci il noyabrın 20-də ermənilərin Qarakənddə Azərbaycan helikopterini vurmalarından sonra Çingizin üzərinə daha böyük məsuliyyət götürməkdən çəkinmədi. Jurnalist növbəti verilişində həmin hadisənin təsiri ilə xalqa çağırış  edərək, Qarabağda erməni separatçılarına qarşı döyüşmək istəyən könüllülərin cəbhə bölgəsinə aparılmasını təşkil etdi. Onun bu təşəbbüsü o dövr üçün görünməmiş hadisə idi. Hakimiyyətin əhalini təmkinli davranışa dəvət edərək, Milli Ordunun formalaşdırılmasını yubandırdığı bir şəraitdə jurnalistin efir vasitəsilə bu cür təşəbbüs irəli sürməsi doğrudan da, riskli hərəkət idi. Buna baxmayaraq, Çingizin çağırışına yüzlərlə könüllü qoşuldu və onunla birlikdə cəbhə bölgəsinə yollandı.

Xırıltılı səsin soyqırımı rekviyemi 

Ç.Mustafayev fədakar jurnalist idi. Onun ən böyük fədakarlığı isə ermənilərin 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda törətdikləri soyqırımını tarixin yaddaşına köçürməsidir. Qətiyyətlə demək olar ki, çəkdiyi dəhşətli mənzərənin təsirindən hönkürtsünü saxlaya bilməyən Çingizin xırıltılı səsi Xocalı soyqırımı üçün ən böyük rekviyemdir.

Ç.Mustafayevin 1992-ci ilin mayın ortalarında Laçının işğalı zamanı lentə aldığı kadrların da ciddi tarixi əhəmiyyəti var. Onun Laçını tərk edən əsgərlərə haqyqırtı ilə dediyi sözlər bu gün də içimizdəki xəcalət hissini sızlatmaqda və torpaqları işğal altında qalan millət olaraq, əsas vəzifəmizi bizə xatırlatmaqdadır.

1992-ci ilin iyununda Qarabağ cəbhəsində hərbi əməliyyatların daha geniş miqyas almasından sonra Çingiz döyüş bölgəsini tərk etmədi və ən ağır şəraitdə belə çəkilişlərinə ara vermədi. Düşmən qəlpəsi onu elə iş başında – 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində gedən döyüşləri lentə alarkən yaxaladı. Həlak olmasından 5 ay sonra - 1992-ci il noyabrın 6-da Çingiz öz fəaliyyəti ilə tam haqq etdiyi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

Ç.Mustafayev öz qısa fəaliyyəti dövründə hələ sağlığında böyük bir nümunə yaratmağı bacardı. Bu nümunənin yaranmasında əsas şərt isə Çingizin daxilindəki vətənpərvərliyi və peşəkarlığı idi. Şəhid olmasından artıq iyirmi üç il keçməsinə baxmayaraq, Çingiz bu gün də hörmətlə anılır, yad edilir və xatirəsi əziz tutulur.

Xalq öz qəhrəman jurnalistini daim hörmətlə xatırlayır.

Seymur VERDİZADƏ

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə