Ramiz Məlik də teatrdan kənarda qaldı

“Teatrdan ayrılmaq mənim üçün çox böyük stress ola bilər. Axı bütün ömrümü teatra sərf etmişəm. Mən teatrda yaşa dolub 68 yaşına gəlmişəm. 50 ilə yaxındır bu teatrda işləyirəm. Yaxşı, mən teatrdan ayrılsam, nə olacaq? Bir adamın mənəviyyatı əlindən alınarsa, o nə hala düşə bilər? Bu mənəviyyat məsələsidir”. Bu açıqlamanı APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məlik verib.

Teatrda 65 yaşdan yuxarı aktyor heyətinin işdən çıxarılacağı barədə xəbərlərə münasibət bildirən Ramiz Məlik artıq bu problemin aradan qalxdığını deyib: “Siyahıda adları olan 5 xalq artisti və 4 əməkdar artistin hər biri ilə fevral ayında yeni müqavilə imzalanacaq. Əvvəl söhbət çıxdı ki, yaşı 65-dən yuxarı olan aktyorlar teatrdan getməlidir. İsrafil İsrafilov dedi ki, siz aktyorlar bu teatrın sütunlarısınız. Siz məni qorumalısınız, mən sizdən ilham alıb iş görürəm və sizdən necə əl çəkə bilərəm. Bu məsələni Mədəniyyət və Turizm Nazirliyinin qarşısında qaldırdı və məsələ öz həllini tapdı. Yaşı 65-dən yuxarı olan beş xalq artisti, dörd əməkdar artisti var. Onlar bu gün rollar ifa edirlər, teatrın əsas sütunlarıdır. Fevral ayında bizim müqaviləmizin müddəti bitəcək və hər birimizlə yenidən müqavilə bağlanacaq”.

68 yaşlı xalq artisti bu gün özünü formada his etdiyini və 30-40 yaşlı obrazların öhdəsindən gələ biləcəyini əlavə edib: “Biz Akademik Milli Dram Teatrıyıq, bizim adımızın üstündə akademik sözü var. Demirəm ki, biz akademikik, amma öz sənətimizdə biz həqiqətən də akademikik. Bu gün mən kor, kar, xəstə deyiləm. Bu gün lazım olsa, 30-40 yaşında oğlan rolunu oynaya bilərəm. Bu gücü özümdə hiss edirəm. Tək mən yox, mənimlə bərabər, bütün həmyaşıd həmkarlarım bunun öhdəsindən gələ bilərlər. Mən bütün rolların öhdəsindən gəlmək bacarığındayam. Rafael Dadaşov, Rafiq Əzimov, Hacı İsmayılov - hamısı iş başındadır. Teatr bizim doğma evimizdir. Bizim bütün həyatımız teatrda keçib. Korifey müəllimlərimizin bizə tövsiyələri ilə püxtələşmişik, rollar oynamışıq, dövlət mükafatı, prezidentin fərdi təqaüdünü almışıq, evlərlə təmin olunmuşuq. Biz o zamanlar Ağasadıq Gəraybəylidən, Hökumə Qurbanovadan, Nəcibə Məlikovadan, Həsən Turabovdan və digərlərindən öyrənə-öyrənə, püxtələşərək gəlib bu səviyyəyə çıxmışıq. İndiki gənclər isə bizimlə tərəf müqabili olmalı və bizim təcrübəmizi öyrənməlidir. Tədris başqa şeydir, teatr isə tamam başqa şey. Teatr sənə yola göstərir”.

Ramiz Məlik teatrda baş verən intriqalara da toxunub: “Teatrda intriqa ola bilər, bu, labüddür. Hazırda isə teatrımızda belə şey yoxdur. 10 tamaşa hazırlanıb, o tamaşalar arasında bir az zəifi də var, müvəffəqiyyət qazananı da. Teatrda iş prosesi reysə düşüb. Repertuarda müxtəlif tamaşalar var, rejissorlar dəvət olunub, işləyirlər. Keçmiş zamanla bu günü müqayisə edəndə yeniliklər çoxdur, amma bəzən biz çalışırıq ki, 70-ci illərdə olan məsələləri bu günə gətirək. O zamanın oyun tərzini gənclər görüb püxtələşsinlər, çünki onlar yaxşı məktəb keçə bilməyiblər. Tofiq Kazımov, Mehdi Məmmədov, Ədil İsdəndərov, Məlik Dadaşov kimi pedaqoqlardan, rejissorlardan dərs almayıblar. İndiki gənclər biz yaşlı nəslə baxıb örnək götürməlidirlər”.

Ramiz Məlik bildirib ki, teatrda bəzi aktyorlar rol bölgüsündən narazı qalaraq həvalə olunan rolu oynamaqdan imtina edirlər: “Ad çəkmək istəmirəm, amma aktyor ona verilən roldan imtina edir və deyir ki, ona niyə baş rol verilməyib. Bu, düzgün yol deyil və bu gün teatrda bu cür hərəkət edən aktyorlar var”.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə