Xocalı ilə bağlı heç yerdə olmayan fotoların sərgisi keçirilib

Kadrlar AAC-nin təşkilatçılığı ilə nümayiş olunub

Bu gün fransalı fotoqraf Frederik Lengeyn Xocalı soyqırımının 20 illiyinə həsr edilmiş foto-sərgisinin açılış mərasimi keçirilib. Muzey Mərkəzinin Sərgi Qalereyasında baş tutan tədbirin təşkilatçısı Avropa Azərbaycan Cəmiyyətidir.

Lent.az-ın məlumatına görə, sərgidə nümayiş etdirilən fotoların müəllifi F.Lengeyn Xocalı faciəsinin canlı şahididir. 1992-ci ildə Ağdamda gördüklərini çəkib.

AAC-nin qurucusu və sədri Taleh Heydərov soyqırım qurbanları barədə məlumat verərək bildirib ki, Xocalı faciəsini törətməkdə məqsəd Azərbaycana və azərbaycanlılara zərbə vurmaq olub. O, soydaşlarımızın dünyanın müxtəlif yerlərində Xocalı soyqırımına hüquqi və mənəvi qiymət verilməsi istiqamətində böyük işlər gördüklərini diqqətə çatdırıb. Rəhbərlik etdiyi qurumun da mövcud istiqamətdə reallaşdırdığı tədbirlərdən söhbət açan T.Heydərov AAC-nin tezliklə Böyük Britaniyada Xocalı faciəsi barədə yazılmış məqalələrdən ibarət kitabın təqdimatını keçirəcəyini vurğulayıb: “Avropa Azərbaycan Cəmiyyətinin xanım fotoqrafla əməkdaşlığı nəticəsində bu unikal foto-faktlar aşkarlanıb və Xocalı soyqırımından 20 il ötməsinə baxmayaraq, ilk dəfə bu sərgidə nümayiş olunur. Biz öncə Azərbaycan ictimaiyyətinə bu fotoşəkilləri nümayiş etdirməyə, bir daha bu faciəni xatırlamağımıza qərar verdik. Məqsəd Xocalı faciəsi ilə bağlı həqiqətləri Azərbaycandan başlayaraq dünyanın hər yerində çatdırmaqdır. Fotosərgi Bakıda 4 gün davam edəcək, daha sonra fotoşəkillər Brüssel, Strasburq və Parisdə nümayiş olunacaq. Avropa Azərbaycanlıları Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq bu istiqamətdə fəaliyyətini davam etdirəcək”.

F.Lengeyn çıxışında bildirib ki, fotoqraf bəzən yalnız şəkil çəkdiyi üçün özünü günahkar hiss edir. “1992-ci ildə Ağdamda o fotoşəkilləri çəkən fotoqrafların üzündə o günah hissi vardı. O şəkillər Azərbaycandan kənardakı auditoriya üçün nəzərdə tutulmuşdu, bu gün sizin özünüzə qayıdır”, - deyə o vurğulayıb.

Latviya səfiri Hardiys Baumanis isə bu fotolara baxmağın çətinliyindən danışıb: “Bu, insanların başına gələn böyük faciədir. Baş verənlər ədalətsizlikdir. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi mümkün olduğu qədər tez həll olunacaq və Azərbaycanın işğal edilmiş torpaqları geri qayıdacaq”.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə