Əkrəm Əylislini unudun...

Elçin MİRZƏBƏYLİ

Əkrəm Əylislinin «Daş yuxular» romanı haqqında bir gün öncə yazmaq istəyirdim. Amma ANS TV-də vəd olunmuş debat təxirə salındıqdan və həmin TV-nin efirindən Əkrəmin özünütəkzib monoloqunu izlədikdən sonra gözləmək qərarına gəldim.

Əkrəm tək deyil… Onun kimi düşünənlər yetərincədir. Bəlkə də belələrinin sayı çox deyil, amma az da deyil. Sadəcə Əkrəmdən və onun müdafiəsinə qalxan bir qrup gənc və orta yaşlı məcaraçılardan fərqli olaraq, onlar öz fikirlərini açıq şəkildə — ictimaiyyət qarşısında dilə gətirmirlər. Bəzilərinin danışmaq, bəzilərinin yazmaq… qabiliyyəti yoxdur. Belələri kluarlarda Əkrəmin yazdıqlarına bənzər fikirlərini pıçıldayır, erməni əsilli əqrəbasının, dostunun, tanışının azərbaycanlılara xas olmayan keyfiyyətlərindən danışır, sərt reaksiya görmədikdə isə bir az da uzağa gedərək tam çılpaqlığıyla «ermənilərin azərbaycanlılardan daha yaxşı olduğunu» deyirlər. Bəlkə də hər biriniz gündəlik həyatda belələriylə qarşılaşmısınız. Onların arasında sizin ailə üzvlərinizin, yaxınlarınızın, dost-tanışlarınızın olması da istisna deyil. Bunu ona görə yazıram ki, Əkrəmin «Daş yuxular» romanında ifadə etdiyi fikirlər və qabarıq şəkildə göz önünə sərgilənən erməni sevgisi cəmiyyətimiz və onun ayrı-ayrı fərdləri üçün yeni deyil…

Hələ 1995-ci ildə Bakı həyətlərinin erməni nostaljisi yaşadığını, neçə-neçə Siranuş və Haykanuşun və onların törəmələrinin Gulya və Zülya adlarıyla həyətimizə və həyatımıza daxil olduğunu yazmışdım. Erməni Bokanın və onu yamsılayan səməd və eyyubların bahalı maşınların yarıaçıq pəncərəsindən qulaqlarımızı dələn «Daş duşi, daş duşi, madam popuqay», «Ya idu po ulitsam» kimi mahnılarının mənəviyyatımıza, əxlaqımıza və məğlubiyyət acımıza meydan oxuduğunu da həmçinin…

***

…Gənclik illərim Bakının sovet dönəmində ermənisayaq «ermənikənd» adlandırılan ərazisində keçib. Ermənilərlə ilk tanışlığım da buradan başlayıb. Əslində erməni gənclərdən biri ilə mübahisəm düşənədək hər şey məcrasında idi. Rus dilini mükəmməl bildiyim üçün məni «ala qarğa» — «çuşka» — «əyalət adamı» kimi qəbul eləmirdilər. Hətta əyalətdən gəldiyimi bilsələr də… Amma erməni gənci ilə məhz onun günahı üzündən başlanan mübahisə mənə qarşı olan münasibəti bir neçə dəqiqənin içərisində kökündən dəyişdi. Həmin bu erməni gəncinin «ara, pomaqite» (kömək eləyin) çağırışından sonra ətrafda yaşayanlar küçəyə axışdılar. Hə baş verdiyinin fərqinə belə varmadan erməninin müdafiəsinə qalxdılar. Onların əksəriyyəti milliyyətcə erməni deyildi…

Mən hələ də bu ərazidə yaşayıram. Doğrudur, indi buranı «ermənikənd» adlandıran yoxdu, adını-soyadını dəyişdirə bilməyən, güclü himayədarı olmayan ermənilər də məlum hadisələrdən sonra köçüb gediblər. Amma vaxtilə erməni gəncinin müdafiəsinə qalxanların bir hissəsi hələ də burada və özünü bu millətdən sayan, Azərbaycanın istiqlalı, ərazi bütövlüyü uğrunda gəncliklərinin ən gözəl illərini, sağlamlıqlarını, daha yaxşı yaşamaq imkanlarını qurban verənlərdən daha yaxşı yaşayırlar. Bahalı evlərində və avtomobillərində erməni Bokanı, onlarsız ötüşməyən «elit məclislər»də isə Bokanın milliyyətcə azərbaycanlı olan varislərinin mahnılarını dinləyirlər…

***

…Əkrəm bədbəxt adamdı. Vaxtilə «Camaat, sizə şad xəbərim var, ermənilər Bakıya qayıdır», — deyən Əbdülrəhman Vəzirov kimi… bambılıdır. Anar demişkən, «Əkibala»dı.

Bu adam həmişə axına qarşı getmək və çoxluğun mövqeyi əleyhinə çıxış etməklə fərqlənmək istəyib. Çoxluğun mövqeyinin haqlı, yaxud haqsız olduğunun fərqinə varmayıb. Qorxaq adamdı Əkrəm. Hərdən içindəki özündən dəfələrlə kiçik olan əkrəmciyəz ortalığa çıxıb «mən də varam» demək istəyir. Amma var gücü ilə çığırmağa və çığırdığının arxasında dayanmağa cəsarəti çatmır. Sonra hamıdan küsüb gedir Əylisə və içindəki əkrəmciyəzlə baş-başa qalıb natamamlıq kompleksindən doğan bütün qəzəbini yazdıqlarının üzərinə boşaldır, onu öz qənaətinə görə lazımınca dəyərləndirməyi bacarmayan azərbaycanlıları ermənilərdən aşağı tutmaqla, yaxud erməniləri böyütməklə qisas aldığını düşünür.

Ona «İstiqlal» ordeni umduğu halda «Şöhrət» ordeni verirlər, küsüb Əylisə gedir…

Yubileyini keçirmirlər, yenə də küsüb mənən sərhədləri çərçivəsindən kənara çıxa bilmədiyi Əylisə tapınır… Onu ziyarətə gələnlərin yanında unudulduğundan, dövlətin və millətin onu yaddan çıxardığından şikayətlənir və sonra yenə öz əməllərini davam etdirir, umduğu və küsdüyü milləti aşağılamaqla içindəki əkrəmciyəzi böyütmək istəyir.

…Əkrəm nə birincidi, nə də sonuncu. Orxan Pamuk da, özlərini ona bənzətmək üçün sürü təfəkkürü ilə çıxış edənlər də həmçinin…

***

…Hələ miladdan öncə 356-cı ildə Efes sakini Herostrat şöhrət qazanmaq və tarixdə qalmaq üçün Artemida məbədini yandırmışdı. Herostrat cəzasını aldı… Hətta onun unudulmasıyla bağlı xüsusi sərəncam da verildi. Onillər boyu carçılar Yunanıstanı qarış-qarış gəzərək «şöhrətpərəstliyi ucbatından ilahə Artimedanın məbədini yandıran Herostratı xatırlamağa cəsarət etməyin» desələr də, Herostrat unudulmadı. Beləliklə Herostrat öz istəyinə nail oldu, arzuladığı əbədi şöhrəti qazandı. Amma bu rüsvayçı şöhrət oldu…

***

…Tələbə yoldaşım Məmməd (ad şərtidir — E.M) Əkrəm Əylisli yaradıcılığının vurğunu idi. Kitabları əlindən yerə düşmürdü. Özünü ona bənzətməyə, üslubunu təkrarlamağa çalışırdı. Məmmədin Əkrəm Əylisi yaradıcılığının təsiri altında yazdığı hekayələrindən biri doğulduğu kəndə, uşaqlıq illərinə və arzularına həsr olunmuşdu. Hekayənin süjet xətti təxminən belə idi: «Balaca Məmməd hər gün dərsə gedəndə kolxoz sədrinin əlində üzərinə kərə yağı və povidla çəkilmiş böyük çörək parçası olan şişman oğlu ilə qarşılaşır. Kolxoz sədrinin oğlu əlindəki çörəyi paylaşmaq istəmir onunla. Sonra Məmməd böyüyür, pilot olur və günlərin birində kəndlərinin üzərindən uçaraq kolxoz sədrinin oğluna yuxarıdan aşağı baxır».

…Səbəbini bilmirəm, amma hər dəfə Əkrəm Əylislini görəndə tələbə yoldaşımın bu hekayəsini xatırlayıram.

***

…Əkrəm Əylislini müdafiə edənlər «Daş yuxular»ı az qala cəsarət nümunəsi kimi qələmə verirlər. Belələrinə görə, Əkrəm axına qarşı üzür. Amma bu axının həqiqət olduğunu, bir toplumun, bir millətin təkzibolunmaz, İlahi haqqı olduğunu deməyə eimsənin cəsarəti çatmır. Əkrəm torpaqlarının 20 faizi işğal altında olan, soyqırımına məruz qalan bir millətin üzərinə işğalçının silahı ilə silahlanaraq gedir. Erməninin yanında olmaq axına qarşı getmək deyil, böyük güclərin himayə etdiyi şərin, yalanın və ədalətsizliyin yanında olmaqdı. Hanı bəs sizin humanizm prinsipləriniz? Məgər, əzənin, zülmkarın yanında olmaq cəsarətdir?

…Əkrəm axına qarşı yox, şər, böhtan, yalan, saxtakarlıq, zülm və ədalətsizlik axını ilə hərəkət edərək, torpağı, haqqı, qüruru yağmalanmış bir millətə qarşı gedir. Bu isə cəsarət deyil, miskin cəsarətsizlik, qorxaqlıq və xüdpəsəndlikdi.

***

«Daş yuxular» romanından seçdiyim iqtibaslar…

Oxuyun və dəyərləndirin!

Bu yazılanların şərhə ehtiyacı yoxdu…

***

«…Həkim, mənim əziz həkim… öldürdülər. Günün günorta çağında döydülər, məhv elədilər. Yerazlardı, həkim, yerazlar. Beş-altı yeraz gənci… Bu qaçqın it uşağının insanlara zərrə qədər də hörməti yoxdur».

***

«…Sən demə bu yaşlı bir erməni imiş. Çörək almağa çıxıbmış və burada da yerazların əlinə düşüb. Ev paltarında… başmaqda… Mən həmin yerə çatanda bədbəxti öldürüb hovuza atmışdılar. …Məndən öncə orda olanlar deyirdilər ki, ermənini əvvəlcə hovuza atıblar — bumbuz suya. Yaşlı olduğu üçün soyuq suda qala bilməyib. Hovuzdan çıxmaq istəyirmiş. Bu gənclərsə hovuzun kənarında dayanıb onu ölənədək təpikləyiblər».

***

«Cəmi 10-15 gün bundan əvvəl həkim Fərzani buradaca, elə bu əməliyyat otağında, bir Allah bilir xəstəxanaya hansı çətinliklərlə çatdırılmış 14-15 yaşlı erməni qızı üzərində olduqca çətin bir əməliyyat aparmışdı. Metroda, adamla dolu olan bir yerdə bir neçə azərbaycanlı qadın bu erməni qızının üzərinə atılıb ona yüzlərlə adamın gözü qarşısında divan tutmuşdular».

***

«Nuvariş Qarabağlı (milliyyətcə ermənidir -red.) öz şəxsi evində belə bir dəqiqə rahatlıq, hüzur tapa bilmirdi. Yuxu üzünə həsrət qalmışdı. Ona görə ki, Baksovetin kiçik, ancaq pullu vəzifələrindən birini tutan yekəqarın pezəvəng teatrın qarderobunda çalışan Qreta Sarkisovna Minasovanın Nuvarişlə eyni gündə və qonşuluqda aldığı, yaşadıqları binanın sonuncu — 10-cu mərtəbəsindəki mənzilini ələ keçirmiş və burada sözün əsil mənasında fahişəxana açmışdı. Şaiyələrə görə, bu pəzəvəng Şuşanın varlı adamlarından imiş. Bakıya yenicə gəlib. Baksovetdə işə düzəldikdən sonra Nuvarişin evinin yanındakı kooperativ binadan 4 otaqlı mənzil də alıb. Bu adamın hətta adı və soyadı belə Nuvariş Qarabağlı üçün qəddarlıq və allahsızlıq ifadəsi idi: Şahqacar Ərmağanov!»

***

«Deyirlər nə zamansa Əylisdə çoxlu sayda erməni yaşayırmış. Bizim müsəlmanlarla çox yaxşı, dost kimi dolanırlarmış. Həkim Abbasəliyev o erməniləri çox tərifləyir. Deyir ki, belə mədəni, dürüst, zəhmetsevər insanlar dünyanın heç bir yerində yoxdur.»

***

«Sünnət mərasimində Saday Sadıqlıya hörmətli qonaq kimi söz verirlər. …O isə bu adəti məsxərəyə qoymağa başlayır. Sonra lap uzağa gedərək, Allah bağışlasın, Peyğəmbərin özünə ilişir. Deyir ki, doğrudanmı sizin peyğəmbəriniz Allahdan ağıllıdır? İnsanın bədənində artıq nə isə olsaydı, Allah kor deyil ki, görərdi də bunu… Belə çıxır ki, Tanrı insanın üzünü, gözlərini, burnunu, qulaqlarını yaradanda hər şeyi düz edib, lənət şeytana, məhz həmin yerə çatanda birdən məktəbli kimi səhvə yol verib. Kim sizin Peyğəmbərinizə Allahın səhvlərini düzəltmək səlahiyyəti verib?»

***

«Eçmiədzinə getmək, katalikosun xeyir-duası ilə xristianlığı qəbul etmək, orada ömrünün sonuna kimi rahib kimi qalmaq və Allaha dua edərək müsəlmanların ermənilərə qarşı etdikləri şər əməllərə görə əfv istəmək Saday Sadıqlının ürəyində Sumqayıt hadisələrindən sonrakı gecələrin birində baş qaldırmışdı».

***

«Mən sadəcə heyrətə gəlirəm: Gör ermənilər üçün Əylis nə deməkdi? Görəsən çaqqal və ilanlarla dolu, daşın su və topaqdan milyon dəfə çox olduğu bir yerdə cənnət guşəsi yaratmaq onların nəyinə gərək idi?»

***

«Bizim Vəngdəki kilsə Eçmiədzin kilsəsinin dəqiq surətidir». Bu sözləri həkim Abbasəliyev bir vaxtlar Vəng kilsəsinin həyətində öz gələcək kürəkəninə demişdi. Maraqlı olan bir şey idi: Görəsən artist (Saday Sadıqlı — red.) Eçmiədzinə aparan çoxsaylı yollardan birinin məhz Vəng kilsəsindən keçdiyini haradan bilirdi?»

***

«Abbasəliyevin dediklərinə görə bir zamanlar Əylisdə 12 kilsə varmış. Saday Sadıqlı onlardan səkkizinin yerini bilirdi. Yerdə qalan dörd kilsənin xarabalıqlarının yeri heç Abbasəliyevə də bəlli deyildi. Əslində, bu səkkiz kilsəni də sözün tam mənasında kilsə adlandırmaq mümkün deyildi. Çünki bu kilsələrdən yalnız miskin dağıntılar qalmışdı…»

***

«Bu kilsəsələrdən ən qədimini əylislilər İstazın» adlandırırdılar. İndinin özündə belə Əylisdə bir kimsəni bu kilsənin İstazın yox, erməni dilində «Allah evi» anlamını verən Astvaçadun olduğuna inandıra bilməzsən. Hə zamansa ermənilərin Məkkə və Mədinəsi olan bu kilsədən yalnız iki divar və iki zirzəmi qalıb».

***

«İş belə olmuşdu: Əylisin erməni əhalisi öncədən duyuq düşməsin deyə Adif bəyin 30-40 türk atlısı səhər tezdən həm ermənilərin, həm də azərbaycanlıların evlərini gəzmişdilər və bəyan etmişdilər ki, bu gün barışıq olacaq və bunun üçün də hamı təcili olaraq hansısa bir erməninin həyətinə toplaşmalıdır. Camaat deyilən yerə toplaşdıqdan sonra türk əsgərləri müsəlmanları ermənilərdən ayırıb həyətin ayrı-ayrı köşələrində sıraya düzdülər. Birdən haradansa yüksək səslə «Atəş!» komandası verildi və həyəti hər tərəfdən əhatəyə alan türk əsgərləri ermənilərin üzərinə güllə yağdırdılar».

***

«21 dekabr. Müqəddəm Foma məbədinin qoruyucusu arximadrit Petros məbədin hər tərəfindən yüksək hasar çəkilməsilə bağlı göstəriş verdi. Günbəzin və zəng qülləsinin inşasında çay daşından və bişmiş kərpicdən istifadə olunurdu. Kürdistandan ustalar gəldilər… — o zamanlar türk vilayətləri Van, Bitlis, Diyarbəkir Kürdüstan adlanırdı…»

***

«Səhərdən axşama qədər azadlıq, müstəqillik və Qarabağ haqqında şüarlar çığıran Uluruh Turanməkan ərə getməmiş qadınların əsəbi kütləsinin önündə gedərək küçələri dolaşırdı. İndi isə, axşama az qalmış Parapetin yaxınlığındakı erməni kilsəsinin qarşısında növbəti mitinqini təşkil etmişdi. Xalillullahın əlaltıları yarım saat olardı ki, kilsəni yandırmağa çalışırdılar. Ancaq kilsə yanmaq istəmirdi və bu vəziyyət şairin ətrafına toplaşmış qarımış qadınları özündən çıxarırdı».

Yazı www.xalqcebhesi.az saytından götürülüb

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə