İman və etiqad, din və hakimiyyət məsələlərinə bir baxış

Rafiq ƏLİYEV, fəlsəfə elmləri doktoru, professor

Ölkədə qanun birdir, dinlər isə çox. Əsas Qanun yalnız dinin əksəriyyət üçün universal olan dəyərlərini nəzərə ala bilər.

Tarixdən məlumdur ki, indiki suveren Azərbaycanın ərazisində çoxlu dinlər mövcud olub. Zərdüştlük (atəşpərəstlik) onlardan ən qədimi hesab olunur. Atəşpərəstlərin məbədi bu gün də ziyarətçiləri qəbul edir. Azərbaycan ərazisində Alban xristian kilsələrinin tarixi kökləri eramızın IV əsrinin başlanğıcına gedib çıxır. Rusiya pravoslav sinodu tərəfindən 1836-cı ildə (Azərbaycan Rusiya İmperiyasının tərkibində olduğu zaman) ləğv edilməsinə baxmayaraq, Alban Xristian Kilsəsi inşa edilmiş bəzi məbədləri qoruyub saxlaya bilib. Bu gün Azərbaycan ərazisində üç belə kilsə bərpa edilir və milli sərvət kimi qorunur. Bu yaxınlarda dövlətin səyləri nəticəsində alban-udin kilsəsi bərpa olunub və Azərbaycanın Alban-udin xristian icması qeydiyyata alınıb. Ölkəmizin tarixi çox müharibələrin şahidi olub, lakin biz hər zaman fəxr hissi ilə qeyd edirik ki, onların heç birinin əsasında din amili durmayıb.

Məlumdur ki, dinlər mənəviyyatın əsasını təşkil edir. Biz hesab edirik ki, cəmiyyətin normal fəaliyyət göstərməsi üçün şərait yalnız dövlətin bütün ali hakimiyyətə sahib olduğu, ictimai-siyasi və dini təşkilatların isə açıq hakimiyyət institutlarına müsbət təsir göstərmək imkanına malik olduğu vaxt yarana bilər. Qanun cəmiyyətin normal inkişafını dövlətin icraedici strukturlarının fəaliyyətinə, eləcə də cəmiyyətdə hökm sürən, əsasən din mənşəli mənəvi-əxlaqi prinsiplərə və adət-ənənələrə istinad edərək təmin edir. Dövlət cəmiyyətin həm sosial-iqtisadi, həm də mənəvi sahələrini tənzimləyir. Onlar, təəccüblü olsa da, sıx qarşılıqlı əlaqədədirlər. Buna görə də o, bütün dinlərin fəaliyyəti üçün eyni şərait yaratmalıdır. Dinlər və konfessiyalar arasındakı tolerantlıq və dözümlülüyün əsası bundan ibarətdir.

Hamımız bilirik ki, qanunlar yalnız hüquqların qorunması və müdafiə olunmasına deyil, eləcə də insana təbiətən xas olan bir sıra azadlıqların müəyyən dərəcədə məhdudlaşdırılmasına yönəlib. Bu, normal hal hesab olunur. Yəhudi, xristian, islam və başqa dinlərin Müqəddəs Kitabları da icazələrdən daha çox qadağaları əks etdirir. Bu səbəbdən də həqiqi dindar adamlar dövlətləri tərəfindən qəbul edilmiş qanunları qəbul etməli və onlara hörmətlə yanaşmalıdırlar.

Bizim vəzifəmiz isə ən sadə şəkildə mömin və mömin olmayan insanlara yalnız mənəviyyata əsaslanan güclü hakimiyyətin cəmiyyətdə azadlığı təmin edərək, dinin özünü, etiqad və əqidə azadlığını qoruya biləcəyini aydınlaşdırmaqdan ibarətdir. Buna görə də hakimiyyət və dini strukturların vəzifələri bir çox məqamlarda üst-üstə düşür.

Ölkədə əsas qanun birdir, dinlər isə  çox. Bu səbəbdən də, qanun hər bir dinin bütün məqam və incəliklərini nəzərə ala bilməz: o yalnız universal ümumbəşəri dəyərləri nəzərə alaraq və bunun əsasında da inam və əqidəni hər bir insanın şəxsi işi kimi onun öhdəsinə buraxaraq, möminlərlə münasibətlərini qura bilər.

Son 15 il ərzində Azərbaycanda hakimiyyət dini praktika üçün maksimum şərait yaratmağa çalışır. 2003-cü il mart ayının ortalarında Bakıda Qafqazda ən böyük sinaqoq və Azərbaycanın pravoslav xristianlarının baş Kafedral kilsəsinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycanda katoliklərin sayının az olmasına baxmayaraq, 2008-ci ilin mart ayında Bakıda Katolik kilsəsi istifadəyə verilib. Necə deyərlər, tarixi ədalətsizlik bərpa olunub (1930-cu ildə katolik kilsəsi bolşeviklər tərəfindən dağıdılmışdı). Hər üç məbədin tikintisində həm müsəlmanlar, həm də xristianlar iştirak edib. Onlar maliyyə yardımı göstərməklə yanaşı, tikinti prosesində bilavasitə iştirak ediblər. Rus pravoslav yeparxiyasının 1907-ci ildə azərbaycanlı milyonçu Zeynalabdin Tağıyev tərəfindən inşa edilmiş Kafedral kilsəsi təxminən yüz il keçdikdən sonra müsəlman olan digər bir şəxs – iş adamı L. Qurbanov tərəfindən tam bərpa edilib.

Azərbaycan Demokratik Respublikası (1918-1920-ci illər) Şərqin müsəlman dövlətləri arasında bütün din və əqidələrin qanun qarşısında bərabər hesab olunduğu və dinin dövlətdən ayrıldığı ilk dünyəvi respublika olub. Əhalisi müsəlman olan ölkələrdə bu, birinci belə hadisə idi. Beləliklə, müsəlman aləmində tarixi nümunə, din-dövlət münasibətləri modeli yaradıldı.

Bu gün həmin ənənəni Azərbaycan Respublikası davam etdirir. Bu hüquq bərabərliyi Konstitusiyada təsbit olunub və ölkəmizdə dini müxtəlifliyin mövcudluğunu nümayiş etdirir. Bu zaman hakimiyyət ciddi şəkildə dinin dövlətdən ayrılması prinsipini əsas tutur. Doğrudur, bu, bizim hakimiyyətin yalnız siyasi-ideoloji xarakterini müəyyənləşdirir. Əxlaq və mənəviyyat meyarları, o cümlədən də milli-mənəvi dəyərlər din ilə sıx bağlıdır və həmçinin hakimiyyətin xarakterinə müəyyən təsir göstərir.

Müasir demokratik cəmiyyətdə din və dünyəvi dövlətin dinc şəkildə birgə yaşaması modelini formalaşdırmaq lazımdır. Dövlət bu ideyanı həyata keçirməyə və ondan həm dinin özü, həm də cəmiyyət üçün xeyir əldə etməyə çalışır. Yəqin elə buna görə də müntəzəm olaraq müxtəlif dini icmaları cəlb etməklə, tədbirlər təşkil edilir: beynəlxalq konfranslar, beynəlxalq müşavirələr, seminarlar, “dəyirmi masalar” və s.. Qeyd edilməlidir ki, nadir istisnaları çıxmaq şərtilə, bütün bu görüşlər olduqca faydalıdır.

Eyni zamanda, qeyd etmək istərdik ki, son zamanlar din başqa məqsədlər, xüsusilə, terror və ekstremizm üçün də istifadə olunur. Buna görə də din və əqidə azadlığından danışarkən biz həm Şərq və həm də Qərb tarixində dini şüarlar pərdəsi altında qanlı müharibələr aparan bir çox dini liderlərin mənfi rolunu da unutmamalıyıq. Elə bu günün özündə də dünyanın müxtəlif nöqtələrində müharibələr aparmaq və qanlı münaqişələri qızışdırmaq məqsədilə insanların dini əqidələrinin istismar olunmasına dair çoxlu sayda misal gətirmək olar. İnsanların əqidələrinə hörmət etməklə yanaşı, biz hərdən onları əsaslı şəkildə şübhə altına almalıyıq. Heç də bütün əqidələr, o cümlədən də dini əqidələr təmiz olmur və xeyir naminə xidmət etmir. Əminəm ki, xəyali dini şüarlar altında tamamilə günahsız insanları həyatdan məhrum edən terror aktları, yalnız təhrif olunmuş dini əqidəyə malik insanlar tərəfindən törədilir. Cəmiyyət yaxşı əqidələri pislərdən fərqləndirməyi bacarmalıdır. Biz dinin təmizliyinin tərəfdarıyıq, biz dövlətin öz vətəndaşlarına dinlər haqqında daha çox məlumat verərək, onlara dini maarifçilik və düzgün etiqad seçimində yardımçı olmasının tərəfdarıyıq. Bunu həm məktəblərdə, həm də ali təhsil ocaqlarında həyata keçirmək mümkündür. Göstərilən sahədə kütləvi informasiya vasitələri də öz rolunu oynaya bilər və oynamalıdır. Bu bütövlükdə cəmiyyətin və hər birimizin işidir.

İMAN VƏ HAKİMİYYƏT BALANSI

Hər bir əmlak şüurun bəhrəsidir. Şüura malik olduqda əmlaka da yiyələnmək mümkün olur.

Bu yazıda söhbət inamları arzu etdikləri gələcək hakimiyyətin ideologiyasına çevrilmiş dini hərəkatlardan gedəcək. Şüura, sosial əxlaqa ümumi təsir etmək xüsusiyyətinə və hakimiyyəti ələ alıb cəmiyyəti idarə etmək bacarığına malik olan adamların hazırlanması, əlbəttə, çox mürəkkəb məsələdir. Hakimiyyətlə bağlı məsələnin belə qoyulması və həllinə cəhd ən azı iyirmi il vaxt tələb edir. Bu vaxt ərzində dini intellektuallar öz zərif süzgəcindən bir neçə yüz, hətta min gənci keçirməlidir. Hakimiyyəti əldə edib uzun müddət saxlamaq, qəbul edilmiş qərarları yerinə yetirmək üçün bu, zəruri bir mərhələdir. Bu yolla formalaşdırılmış təbəqə üçün hakimiyyət əldə etmək son məqsəd deyil. Ən əsası, elə etmək lazımdır ki, hakimiyyət özü tədricən onlara demokratik yolla keçsin. Güman edilir ki, yüzlərlə yaxşı hazırlanmış dini intellektual, doğrudan da, bu hakimiyyəti əldə saxlaya biləcək. Türkdilli xalqlar və dövlətlər məkanında belə hərəkatlardan birini keçən əsr dünyasını dəyişən Səid Nursinin tərəfdarları təmsil edirlər. O öz hərəkatının əsasını qoyub və uzun müddət Türkiyə həbsxanalarında saxlanılıb. Hazırda onun işini Amerikada mühacir kimi yaşayan və heç də müəllimindən az tanınmayan Fətullah Gülən uğurla davam etdirir. Türkiyə hökuməti hələ 30 il bundan qabaq onun düşüncə tərzini və planlarını xoşlamayıb. İndi vəziyyətin necə olduğunu isə bilmək çətindir. Bununla belə, onun “xoşbəxt cəmiyyət” naminə elm və dinin sintezinə yönəlmiş ideyaları Azərbaycanda kifayət qədər tərəfdar toplayıb – bizdə onlar 1992-ci ildən meydana çıxmağa başlayıblar. Artıq 15 ildir ki, Fətullah Gülənin ideyaları yüksək səviyyəli təhsil və intellektə malik ağıllı gənclərimiz tərəfindən istifadə olunur. Onlara bütün media və maarifçilik layihələrini maliyyələşdirən F. Gülənin Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq yaradan tərəfdarları təhsil verir. Onun liseylərinin şagirdləri artıq cəmiyyətin gözəçarpan hissəsinə çevriliblər. Onları özlüyündə hakimiyyət deyil, uzun zaman fərdlər üzərində hökmranlıq etmək imkanı qazanmaq, insanları Səid Nursi ideyalarının təsiri altında saxlamaq prosesi maraqlandırır.

Hökmranlığın özü ideyaların hegemonluğu olmadan, mahiyyət etirabilə, cəmiyyəti qanunların köməyi ilə idarə etmək vasitəsi kimi müvəqqəti və keçici hesab olunur. Ən əsası, insanları onlar üçün həyat normasına, vacib mövcudiyyət atributuna çevrilmiş ideyalar vasitəsilə idarə etmək lazımdır. Şərqdə bu cür idarə üsulu hər zaman cəmiyyət və hakimiyyət başında duranlar tərəfindən tələb olunub. O, bu gün də çox böyük əhəmiyyət kəsb edir, lakin ən başlıcası odur ki, belə bir məqsədə çatmaq mümkündür – İranın və bir sıra müsəlman ölkələrinin nümunəsi bizə bu haqda danışmağa tam əsas verir. Yaxud, misal üçün, məgər bugünkü Britaniyanı mütləqiyyət (monarxiya) ideyaları olmadan təsəvvür etmək mümkündürmü? Bu haqda düşünmək özü belə hər bir həqiqi ingilis üçün təhqiredicidir. Bu kimi dövlətlər Avropanın özündə də olduqca çoxdur. Belə hakimiyyət forması əsrlərdir ki mövcuddur və başlıcası, o özünü doğruldur. Bu ölkələrdəki toplumda alternativ ideyalara tələbat minimaldır. Belə bir fikrə ingilislər, hollandlar və isveçlilər deyil, yalnız ruh və imana dair ideyalara ciddi ehtiyacı olan miqrantlar yol verə bilərlər. Onların olmaması bu gün müşahidə etdiyimiz kimi, Fransa, İngiltərə və digər Avropa dövlətlərində kütləvi və öz mahiyyətinə görə nizamsız aksiya və dağıdıcı hərəkətlərə gətirib çıxarır. Aydın olduğu kimi, bu insanlar öz sosial və iqtisadi vəziyyətlərindən daha çox bu cəmiyyətlərdə onlar üçün ideya oriyentirlərinin olmamasından narazıdırlar. Buna görə də hakimiyyət onların qəlbinə yol tapa bilmir və çox güman ki, tapa da bilməyəcək, çünki onların zədələnmiş şüurlarını dəyişmək yolları hələ də məlum deyil. Hansısa bir fransızın yanında olduqda mühacirlərdən heç biri özünü ona bərabər tutmur və ola bilsin ki, artıq bu anadangəlmə ideya çatışmazlığı və tam dəyərə malik olmama kompleksi heç bir sosial-məişət xarakterli qərarla aradan qaldırıla bilməz. Təəssüflər olsun ki, nəyə görəsə hamı səbəbləri məhz bu cür insanların ictimai-iqtisadi problemlərinin həllində axtarır, lakin mənə elə gəlir ki, bu amil yalnız ikinci dərəcəli rol oynayır. Səbəb isə onların sosial davranışında əsas ola biləcək ideyaların olmamasındadır. Əgər Fransa hökuməti onlar üçün ən müasir yaşayış kompleksləri tiksə və həmçinin bütün miqrantları iş və müavinətlərlə təmin etsə belə, yenə də sakitlik yalnız müvəqqəti xarakter daşıyacaq – bu şəxsləri birləşdirən ideyaların olmaması tez ya da gec özünü göstərəcək. Vandalizm, talanlar və yanğınlar üçün bir çox digər səbəblər də tapmaq mümkündür. Ona görə də ideyalar hər birimizin həyatında həlledici rol oynayır – onlar bizim şüurumuzu qərar qəbul etməyin bu və ya digər istiqamətinə yönəldir.

Bütün bunlar insanların şüuru üzərində hakimiyyətin qeyri-məhdud hüquq və səlahiyyətlərə malik olan dünyəvi hakimiyyətdən daha güclü və vacib olduğunu bir daha təsdiqləyir. Hakimiyyətin bu iki forması müqayisəedilməzdir, lakin onlar bir əldə cəmləndiyi zaman belə hakimiyyət möhkəm və uzunömürlü olur. Düşünürəm ki, bunu əmlaka deyil, şüura yiyələnməyi daha üstün tutan kəslər daha yaxşı anlayar. Hər bir əmlak şüurun bəhrəsidir, şüura malik olduqda əmlaka da yiyələnmək mümkündür. Bu, hakimiyyətə aparan uzun və zamanının sınağından keçmiş ən doğru yoldur. Hətta Qüdrətli Allah öz istədiklərini həyata keçirəndə belə birinci növbədə təfəkkür tərzini dəyişə bilən şüur amilini nəzərdə saxlayır. Çünki Onun özünün yaratdığı insanın, yüzillik tarixin göstərdiyi kimi, şüuru bəzən Allah tərəfindən müəyyən olunmuş sərhədlər çərçivəsindən kənara çıxır. Uca yaradan bu vacib amili nəzərə alaraq insanlarla münasibətlərini tənzimləyir. Allah tərəfindən nazil olmuş Müqəddəs Kitabların bizə öyrətdiyi kimi, bəzən insanın müəyyən olunmuş sərhədlər daxilinə qayıtma yolu cəhənnəmdən, günahını təmizləmədən və Allah tərəfindən düşünülmüş və kitablarda öz əksini tapmış digər cəzalardan keçir.

Güman edirəm ki, sonuncu abzası bu kiçik söhbətdə deyilənlərdən çıxarılan nəticələr hesab etmək olar.

BİZ DÜZGÜN ETİQAD EDİRİKMİ?

Dünya tarixi daha çox dinlər tarixidir. Hər kəs özünün Allahı dərk etmə səviyyəsinə uyğun olaraq etiqad edir.

Bu gün bütün dünya dinlərin sürətlə yayılmasının və eləcə də aralarındakı münasibətlərin arabir açıq qarşıdurmaya keçdiyi təriqətçi hərəkatların inkişaf və artımının şahididir.

Qərbi Avropa ölkələri və ABŞ-dan olan ayrı-ayrı dinşünas ekspertlər dünya ictimaiyyətinin diqqətini tez-tez ona yönəldirlər ki, guya bu kimi dini canlanmanın səbəbi radikal islam fundamentalizmidir və bununla əlaqədar olaraq islamçılara və ümumilikdə islama qarşı qlobal mübarizəyə keçməyə çağırırlar. Təəssüflər olsun ki, onlar bir faktı nəzərə almır və ya nəzərə almaq istəmirlər ki, özlərinin uydurma antiterror əməliyyatları, o cümlədən onların fikrinə görə nədənsə adətən islamla əlaqələndirilən dünya terrorizminə qarşı silahlı mübarizə vasitəsilə daha çox yalnız islam və xristianlığın deyil, eləcə də müxtəlif növ destruktiv dini təriqət və icmaların da geniş yayılmasına şərait yaradılır. Beləliklə, gördüyümüz kimi, son zamanlar dini zəmində dünya qarşıdurması haqqında danışaraq, mahiyyət etibarilə müxtəlif siyasi layihələr həyata keçirilir. Artıq dəb halını almış həmin mədəniyyətlərarası münaqişənin başlanması üçün obyektiv şəraitin yaradılması prosesi süni surətdə tezləşdirilir. Bu cür obyektiv şəraitə uyğun ölçülüb-biçilməyən, əsas etibarilə son səmavi din olan İslamın tərəfdarlarına qarşı yönəlmiş hərəkətlər, gözlənilən nəticələri vermir. Müsəlmanlar öz gələcəklərini vəd edilmiş qərb demokratiyasında deyil, öz tarixi köklərinə, yəni islamın mənəvi-əxlaqi dəyərlərinə və yerli adət-ənənələrlə sıx “bağlı olan” əsaslara qayıtmaqda görür. Bu onlarda özünümühafizə və özünümüdafiə hisslərini daha da gücləndirir.

Lakin bildiyimiz kimi, belə qarşıdurma və dinlərarası müharibələr bəşər tarixində artıq bir neçə dəfə baş verib. Eramızın əvvəllərindən bəri, demək olar ki, ağırlıq dərəcəsindən asılı olmayaraq heç bir müharibə dinin iştirakı olmadan baş verməyib, onların əksəriyyəti isə yalnız dini xarakter daşıyıb. Ona görə də qərb xəyalpərəstlərinin fikrincə, Üçüncü dünya müharibəsinə çevrilə bilən və hətta, çevrilməli olan dinlərarası qarşıdurmanın yaxınlaşması daha mükəmməl silah növlərindən, o cümlədən də görkəmli alimlər, təbiətin ən gözəl əsəri olan insanlar tərəfindən yaradılmış kütləvi qırğın silahlarından istifadə etməklə tarixdə baş vermiş qanlı müharibələrin ssenarilərinin bütün dünya miqyasında təkrarından başqa bir şey deyildir. Elm və texnika dahiləri, təəssüflər olsun ki, öz yüksək zehni qabiliyyətlərini nəinki bütün Yer kürəsini məhv edəcək, hətta Kainatın özünü lərzəyə salacaq silahların yaradılmasına yönəldiblər. Belə təsəvvür yaranır ki, insan yalnız bir-birini məhv etməkdə yarışaraq yeni silah növlərini yaratmaq üçün dünyaya gəlir. Bəşər övladı yarandığı ilk gündən bir-biri ilə ölüm-dirim mübarizəsinə girişir.

Problemin belə sadə, lakin ilk baxışda olduqca məntiqli qoyuluşu zamanı bir çox qəliz məsələlər yenə də cavabsız qalır. Nə etməli? Bu gün bütün eşitdiklərimiz və gördüklərimizə necə reaksiya verməliyik? Bu nədir: doğrudan da, vaxtilə fərsiz Nostradamusun qabaqcadan xəbər verdiyi, indi isə müasir siyasi “gələcəyi görənlərin” bizə artıq real fakt kimi sübut etməyə çalışdıqları dünyanın sonunun başlanğıcıdırmı? Yoxsa, papaqlarımızı qarşımıza qoyub, dünyanın müxtəlif ölkələrindən olan “mədəni” insanların bizim hamımızı belə “mehribancasına” hara itələdikləri haqqında fikirləşməliyik? Görəsən, onların nəyi əskikdir və onlar nə istəyirlər? Bəlkə, kimsə Makedoniyalı İskəndər, Yuli Sezar və nəhayət, Vladimir İlyiç və ya Adolf Hitlerin “qəhrəmanlıqlarını” təkrarlamaq istəyir? Axı, bu insanların tərcümeyi-halı və ən əsası, onları birləşdirən bütün dünyanı idarə etmək ideyası artıq hamıya məlumdur. Belə ki, onlar çox ağır uğursuzluğa düçar olublar.

Hər zaman xalqlara sonsuz sayda bəlalar gətirən xəyallar gec-tez bu ideyaların “yaradıcıları” üçün acınacaqlı sonluqla nəticələnib.

Dünya tarixi daha çox dinlər tarixidir. Buna görə də biz hesab edirik ki, hal-hazırda dünyanı idarə etmək istəyənlər (tək, yaxud kollektiv surətdə – bu, artıq xırdalıqlardır), hər halda, mömin insanlardır. Nəticə etibarilə, onlar artıq çoxdan anlamalı idilər ki, dünyanı təkcə dünyəvi təsəvvürlü qüvvələr idarə etmir. Çoxəsrlik tarixi və həyat təcrübəsi qəti surətdə göstərir ki, nəinki qonşularla, həmçinin qüdrətli Tanrılarla da dostcasına yaşamaq lazımdır: bu, bizi narahat edən bütün suallara ən təbii və sadə cavab olardı. Lakin Allah ilə dostcasına yaşamaq üçün, ən azından, öz qonşun ilə dost olmaq və başqasının malına qəsd etməmək lazımdır. Başqasının  malına göz dikməklə bədbəxtlik arasındakı yol isə çox qısadır və dünyanın bütün düşüncəli, vicdanlı vətəndaşları bunu yaxşı bilir.

Bu gün tarix bizə nəinki müxtəlif dinlərin tərəfdarları arasında, eləcə də ayrılıqda götürülmüş bir etiqad daxilində baş verən mürəkkəb qarşılıqlı münasibət proseslərini daha yaxşı dərk edib, anlatmaq üçün lazımdır. Buna görə də vətəndaşlarımızın bəzən müxtəlif dinlərin tərəfdarları arasında ədavətə çevrilən ziddiyyətləri etiqadların mövcud olması həqiqəti kimi dərk etməsi vacibdir. Buna sakit və səbirlə yanaşmaq və həmin münaqişələrin daha yüksək səviyyəyə qalxmasına yol verməmək lazımdır.

Deyilənlərdən belə aydın olur ki, ziddiyyətlər məhz dinin öz strukturu daxilindədir. Bir Müqəddəs Kitabı və bir peyğəmbəri olan insanlar Allah Kəlamının mahiyyətini müxtəlif cür başa düşür, öz peyğəmbərlərinin hərəkətlərini, hətta, onun sağlığında müzakirə və şərh edirdilər. İncilin müxtəlif variantları (Luqa (Luka), Yuhənna (İoann), Mata (Matfey) və s.), eləcə də İslamda müxtəlif hüquq məktəbləri və cərəyanları bu səbəbdən yaranmışdır. Ona görə də bir çox alimlər belə hesab edirlər ki, dindaxili ziddiyyətlər, inanılmaz olsa da, ilk başlanğıcdan bu və ya digər dinin təsirinin saxlanılması və yayılmasının əsas amili olub. Gördüyümüz kimi, mürəkkəb məsələlərin həlli də məhz buradadır. Təriqətçilik nəyə görə meydana gəlib? Nə üçün hətta bir dinin tərəfdarları da bəzən biri-birilərinə bu qədər nifrət və şübhə ilə yanaşırlar?

Biz başa düşürük ki, bu olduqca mürəkkəb, mənəvi-əxlaqi və psixoloji suallara yalnız səmavi və dünyəvi dinlərin tarixindən bəlli olan real faktların sadalanması ilə cavab vermək qeyri-mümkündür, baxmayaraq ki, belə misallar təsəvvür etdiyimizdən də çoxdur. Lakin bizi narahat edən bu deyil.

Eramızın iki minilliyinin tarixi hadisə və faktları bir mənada bizi əmin edir ki, dinlər, əslində, yalnız onların hər birinin tərəfdarlarının Allaha müxtəlif cür etiqad etdiklərinə görə mövcuddur. Əsas nəticə: əgər hamı eyni cür etiqad etsəydi, (bu da öz-özlüyündə qeyri-mümkündür), o zaman ümumiyyətlə, heç bir din uzun müddət yaşamazdı: onda “din” anlayışının özü olmazdı. Xristianlıq tarixi buna ən parlaq nümunədir: pravoslavlıq və katoliklik, protestantlıq və yüzlərlə müxtəlif istiqamətlərə parçalanan təriqətlər, eləcə də din və etiqad təcrübəsinin onlarla forması. Əgər buna hətta üç əsas konfessiya arasında tez-tez müşahidə edilən barışmazlıq faktlarını da əlavə etsək, İsa peyğəmbər və onun 12 həvarisinin zamanında mövcud olan ilkin xristianlığın etiqad təcrübəsindən indi nə qaldığını təsəvvür etmək mümkündür.

Bu cür mürəkkəb mənzərəni digər səmavi və dünyəvi dinlərdə də müşahidə etmək olar: etiqadın mahiyyətinin hər cür şəraitdə əvvəlki kimi dəyişməz qalmasına baxmayaraq, Allaha imanın forma və üsulları bir-birindən çox fərqlənir. Buna görə də hər bir mömin Uca Tanrıya aparan yolu, təəssüf ki, müxtəlif cür təsəvvür edir, yəni hər kəs öz istədiyi kimi və əsas etibarilə yanlış etiqad edir. Bu yanlışlıq isə, gördüyümüz kimi, dinlərin saxlanmasına və yayılmasına lazımi şərait yaradır. Beləliklə, tam obyektiv olaraq müxtəlif konfessiyalar, denominasiyalar, təriqətlər və mömin qrupları meydana gəlir.

Din etiqadın xüsusi formasıdır və hər kəs özünün Allahı dərk etmə səviyyəsinə uyğun olaraq düşünür və etiqad edir. Yəqin ki, dünyada peyğəmbərlər və Allahın elçiləri eyni olmadığı kimi, eyni cür etiqad edənlər də yoxdur. Onların hamısı bir-birindən fərqlənirdi, baxmayaraq ki, Allahın təkliyinə inanır və öz tərəfdarlarını da tək Allaha inanmağa çağırırdılar.

Beləliklə, bir fikirlə razılaşmaq olar ki, dini şüurun bir nəsildən başqasına keçməsi adətən, müxtəlif etiqad formalarının yaranması nəticəsində baş verir; bu zaman hər kəsin Allaha aparan ən qısa və ən asan yolu tapmaq imkanı olur. Mömin insana müxtəlif variantlar – Yerdə ədaləti bərpa etmək və kafirləri, yəni bizim düşündüyümüz kimi, düzgün etiqad etməyənləri (onlar isə olduqca çoxdurlar) cəzalandırmaq üçün İsa peyğəmbərin və ya imam Mehdinin ikinci gəlişini gözləmək də daxil olmaqla, onlarla müxtəlif variantlar təklif olunur. Çoxluq haradadırsa, orada da onların qaydaları və fikirləri irəli sürülür. Deməli, insanlar gələcəkdə də əvvəllər adət etdikləri kimi yanlış etiqad edəcəklər. Başlıcası odur ki, bu, başqalarına Allaha öz istədikləri kimi etiqad etməkdə mane olmasın!

Yazı "525-ci qəzet"də gedib.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə