Həyatın gerçəyi Yalan

İradə TUNCAY

İlk dəfə filmi gördüm. Gənc idim və bu oyunların mənə qarışacağı olmadığını zənn edirdim. Bəlli sərhədlər, prinsiplər, maneələr vardı. Həyat sərhədin bir tərəfində mövcud idi. Gerçəyin orda olduğu mənim o zamankı həqiqətim idi. Amma film tutdu məni. İndiyə qədər həmin yazıçı niyə gözümdən yayınıbmış?.. Aradım onu, aradım və bəzi gerçəkləri də qəbul etməyə çalışdım... Əzabla, əziyyətlə, amma çalışdım. Film öz ulduz yağışı ilə məni də işıqlı bir cığıra itələdi və bu günə qədər məni tərk etməyən minnətdarlıq duyğusu ilə o cığırı yola döndərdim. Sonralar illərin hökmüylə yoldan cığıra, cığırdan yola keçdikcə hər şeyin bir-birinə qarışdığını anladığım zaman da gəldi. Həyat nədi? - sualı - oyunmu, gerçəklərmi?.. Ya da gerçəklərin oyun variantımı?

Və bu günə qədər də Teatr deyəndə Raymond Paulsun melodiyası qulaqlarımda səslənir. Və bu günə qədər də hansı rolda, hansı oyunda oynasam, möhtəşəm Culiyanın təsirindən çıxa bilmirəm. Somerset Moemin "Teatr" əsərinin qəhrəmanı və mənim həyat qəhrəmanım Culiya Lembert...

HƏYATIN OYUN OLDUĞUNU DƏRK ETMƏK...

Somerset Moem mənim yazıçımdı - sarkazmı, ironiyası, ağrıları, həyatdan bezgin qəhrəmanları, bir gün hər şeydən üz döndərib, hər şeydən vaz keçə biləcək qədər cəsur obrazları ilə mənim yazıçımdı. Və mən, onun sadiq oxucusu, onun mənə təklif etdiyi həyat düsturunu həll edə-edə bu günlərimə gəlib çıxdım. İlk gənclik illərində insan o qədər cahil olur ki, İlahi... Eyforik arzuları, xülyaları, ideyaları ilə... Amma sonra bu axarın içində palçığa, çirkaba bulaşa-bulaşa müdrik bir insana dönüşürsən və düsturun cavabı onda gəlir. Nə vaxtsa, dünyanın hansısa Tanrının yadından çıxmış bir nöqtəsində bir qadın sənin yazdıqlarını oxuyacaq fikri düşündürübmü yazarı? Yekəxana, soyuqqanlı bir ingilis bunu düşünə bilərmi? Moem öz yurddaşlarına da yuxarıdan baxan biri idi. Oriyentasiyasına görə də qadınlara nifrət edirdi. Oxucunu düşünüb yazdığı fikri doğma gəlmir mənə... Amma o, mənim doğmamdı. Həm də fikirləşirəm ki, bu ədəbiyyat adlanan əbədiyyətin içində nə qədər qohum-əqrəbam var mənim. Onların içində rahatam, onların içində tənha deyiləm, onların içində oynamağa məhkum deyiləm... Oyun... Həyat... Oyun... O, yəni Moem, mənim oynadığım bu tamaşada həm də rejissor oldu deyəsən... Sən həyatının hər mərhələsində yeni obraz olmağa məhkum idin və hər dəfə uğurlu səhnə həllini tapması üçün yeni mizanlar düşünməliydin. Anlaşılan bu ki, oyunun şərtlərinə şərtsiz əməl etməyə başlayanda uğur gəldi. Sən bu səhnənin parlaq Aktrisası oldun.

TAMAŞA

Yaşı əlliyə yaxınlaşmaqda olan Culiya Lembert İngiltərənin ən sevimli aktrisasıdı - gözəldi, zəngindi, ideal ailəsi var sayılır, öz teatrının sahibəsidi və bu teatrı o, əriylə birlikdə yönətir. Maykl İngiltərədə ən uğurlu teatr prodüseridi. Yetkin yaşlı Rocer adlı oğulları bu səadət tablosunu tamamlayır.

Günlərin bir günü teatra gənc bir mühasib gəlir və vergi söhbətində yeni ideyaları ilə Mayklın diqqətin çəkə bilir. Evinə nahara dəvət edir gənci, hətta Culiyadan oğlana diqqət göstərməyini xahiş edir. Culiya da həmişəki sevimli aktrisa ədasıyla heç bir niyyəti olmadan gəncə imzalı rəsmini hədiyyə edir. Olanlar da bundan sonra cərəyan etməyə başlayır... Culiya şəkilə baxaraq həyatını xatırlayır...

Sadə bir ailədə doğulub böyüyən bu qızın istedadı və içindəki əzmi onu hər zaman irəliyə dartır. Əyalət truppasında oynayanda gələcək əriylə tanış olur və yaraşığı ilə hamının diqqətini çəkən bu gəncə aşiq olur. Maykl Culiyanı sevmir, amma gələcəyi gözəl proqnozlaşdırdığından bu izdivac ona lazımdı. Hər halda ikisi də bu ittifaqdan razıdılar. Laqeyd ərinin zəhməti də öz bəhrəsini verir - az keçmir ki, Culiya da ərinə olan dəli eşqin söndüyünü anlayır. Təsir əks təsirə bərabərdi - indi onlar ruhən bir-birindən azaddılar. Öz teatrlarını açırlar - Culiyanın parlaq istedadı, Mayklın təşkilatçılıq bacarığı onları yüksək cəmiyyətdə tanıda bilir. Tamaşaçının onu unutmayacağından əmin olan aktrisa ana olmaq üçün səhnədən uzaqlaşmağı da rəva bilir özünə. Bir sözlə, ilk baxışda həyat çox gözəl görünür. Amma şəkilə incik baxır qadın - ona elə gəlir ki, həyat yan keçib. Səhnə, şöhrət və tamaşaçı alqışı olsa da, qadın səadəti, sevgi yoxdu həyatında... Aha, deməli, teatra gələn gəncin ulduz saatıdı. Tom Fennel səhəri gün tamaşadan çıxan aktrisanı çaya dəvət edir. "Pərəstişkarı incik salmaq olmaz" prinsipi var Culiya üçün. Dəvəti qəbul edir və özünün guya necə sadə olduğunu nümayiş etdirmək üçün evinə gedir cavan oğlanın. Oğlanın evi ona ilk gəncliyini xatırladır... və qəfildən Tom qadını öpüşlərə qərq edir. Heyrətdən özünə gələ bilməyən qadın dərk edir ki, xoşdu ona bu zor. Daxilində öz hərəkətləri özünə gülməli gəlsə də, birdən-birə özünü 20 il cavan hiss edir. Və bunu da dəhşətlə düşünür ki, aşiq olub. Bəli, bəli, o, möhtəşəm Culiya Lembert, ayaqları altına bütün London bomondu döşənən fırtına qadın bu gənc oğlana aşiq olub... İlk vaxtlar hisslərini gizlətməyə çalışsa da, hər vəchlə Tomu özünə bağlamağa çalışır. Ona bahalı hədiyyələr alır, borclarını ödəyir. Culiya başını itirib - kimin onun haqqında nə düşünəcəyi də artıq onu maraqlandırmır. Həftənin üç günü Londonun ən bahalı restoranlarında, gecə klublarında görünməyə başlayırlar. Qadın onu özünün yaşadığı bahalı məhəlləyə köçürür, evini öz zövqü ilə bəzəyir. Aktrisa çoxdan unutduğu səadət, xoşbəxtlik hisslərini yaşayır və ağlına da gətirmək istəmir ki, haqqında söz-söhbət gəzməyə başlayıb. Sən demə, neçə illər dostluq etdiyi rəfiqəsi Dolli Maykla çatdırıb bu xəbəri və hətta onu da deyib ki, bu barədə oğlanın özü danışıb sevdiyi qıza, qız da bütün Londona yayıb. Qıza söz verib ki, qadın onsuz da onun dediyi bir sözü iki eləmir, deməli, ona teatrda rol alacaq. Mahir aktrisa ərinin yanında onu çulğayan əsəb qasırğasını gizlədə bilir, amma sarsıntı onu yıxır. Deməli, Tom onu sevmir, ona da Culiya vitrin, pul kisəsi kimi lazımdı. Üçüncü dərəcəli bir aktrisa gəncliyi ilə onu üstələyibmi?..

Və həqiqətən az keçmir ki, Tom Culiyanı ucuz bir teatra, həmin gənc qızın oyununa baxmağa dəvət edir. Qadın oğlanın sözünü yerə salmır guya, amma məqsədi ona rəqib olmağa iddialı bu qızı görməkdir. Tamaşa zamanı Tomun gözlərinə baxan qadın ağrı ilə dərk edir ki, Tom bu qızcığazı sevir cani-dildən və onu Culiyanın vasitəsilə məşhur etmək fikrindədi. Culiya teatrda qıza rol verəcəyini vəd edir Toma, amma bu, qisas vədidi. Culiya Lembertlə bəlkə hansısa bir yerdə rəqabət aparmaq olardı, amma SƏHNƏDƏ....

Kimsə ora əl uzada bilməz!!! Ora ancaq ona məxsusdu!!!

Sarsıntıdan qurtulmaq üçün Londondan uzaqlaşmaq istəyir, doğulduğu əyalətə - anasının yanına gedir və burda da insanların heç də şəhərdəkilərdən fərqlənmədiyini görür. Anasına qonaq gəlib əxlaqi dəyərlərdən danışan, amma masanın altında onun ayaqlarını sığallamağa cəhd edən keşiş şəhər dendilərindən nə qədər başqadı ki? Onlar hər yerdə oynayırlar, sadəcə, miqyas fərqlidi. Ancaq özünü qadın hiss etmək istəyindən də vaz keçə bilmir. Çoxdan ondan ötrü ah-uf edən lord Temerli ən gözəl namizəddi Culiya üçün - ən seksi, ən parlaq libaslarını geyinib evinə gedir lordun. Əlindən gələni edir ki, bu məhzun aşiq heç olmasa onun əlindən öpsün. Amma burda da fiasko - sən demə, lord Temerli özünün kişi kimi iqtidarsızlığını illər uzunu məhz Culiyanın adıyla gizlədirmiş... Hamı onun ancaq xanım Lembertə aşiq olduğunu düşünüb haqqında başqa bir söz deməsin... Deməli, bu da oyun imiş... Bu nədi? Doğrudanmı, onun qadın məlahəti yoxdu? Risk etmək qərarına gəlir qadın - üz-gözünü bayağı boyayıb London fahişələrinin yığışdığı məhəllədə gəzişmək istəyir. Görən orda ona qadın kimi bir təklifdə bulunan olacaqmı?.. Amma... yox, burda da ona yaxınlaşan yeganə kişi avtoqraf istəyir aktrisanı tanıdığından... Culiya özünə inamı tamam itirib - niyə O, qadın ola bilməsin? Hamı onu niyə ancaq aktrisa kimi sevsin axı? Və ondan niyə ancaq oyun istəyirlər? Həqiqəti oğlu deyir qadına:

- Mən axtarıb tapa bilsəydim, sevərdim səni... Amma hardasan sən? Görəsən, səni qatbaqat soyundursaq, əynindən sənin sənətkarlığını, qeyri-səmimiliyini, oyunlarını, köhnə rollarından olan sitatları, saxta hissiyyat qəlpələrini çıxarsaq, qəlbini görmək mümkün olacaqmı? - Rocer ona diqqət və kədərlə baxıb, zorla gülümsündü: - Ancaq çox xoşuma gəlirsən...

... Premyera yaxınlaşır... Məşqlərdə özünü yorğun, üzgün və xəstə göstərir. Və görür ki, bundan yalnız əri Maykl narahatdı - o da teatra tamaşaçı cəlb edən bir nömrəli aktrisa üçün narahatdı. Tom və onun gənc sevgilisi isə çox sevinirlər. Tamaşadan əvvəl Tomla səhnə arxasında rastlaşan Culiya anlayır ki, sevmir artıq bu gənci. Sevmir və ürəyi rahatdı. Ürəyi rahatdı, amma qisas hissi ilə dolu bir rahatlıqdı bu. Tomun sevgilisini hamının gözü qarşısında məhv edəcək, üstündən keçəcək, böcək kimi əzəcək!!!!

Tamaşa vaxtı gənc aktrisaya diqqət çəkə biləcək yeganə mizan elə dəyişdirilir ki, böyük Aktrisanın oyunu ilə salon alqışlardan titrəyir, Culiyanı on dəfə təkrar-təkrar çağırırlar səhnəyə. Pərdələr enir-qalxır, "BİS", "BRAVO" sədaları susmaq bilmir. Bu onun ZƏFƏRİDİ - AKTRİSANIN!!!

Səhnə arxasına gəlib qrim otağında güzgüyə baxır yorğun-yorğun...

Əri Mayklın:

- Ay ləçər, sən yəni məni bu səfil qızcığaza qısqandınmı? Yəni sən düşünmədinmi ki, sənin möhtəşəmliyin hamını sönük qoyur, kölgədə qoyur?... - sözləri onu təəccübləndirsə də, şirin bir təbəssümlə:

- Əzizim, mən səni hamıya qısqanıram - deyir, amma ürəyində "SƏFEH" - deyir Maykla - Anlamadın yenə... Tom da gəlib onu təbrik etməyə. O yenə Culiyanın ayaqlarına döşənməyə hazırdı, amma qadın onu əlinin arxası ilə yüngülcə itələyir (Bunu edən Aktrisamı, ya Qadınmı? İndiyə qədər də ayırd edə bilməmişəm). Və füsünkar baxışlarla, qalib baxışlarla heç nə demədən - GET - deyir. Bu hay-küyün içində aradan çıxmağın əsl vaxtıdı. "Mənim həyatımda bir daha belə anım olmayacaq və mən onu kimləsə paylaşası deyiləm" - deyir, hər kəsdən yayınıb restorana gedir. On ildi ki, arzu edib də yeyə bilmədiyi bifşteks, qızarmış kartof, pivə sifariş edir. Ay aman, bifştekslə müqayisədə Sevgi nədi ki?.. Tanınmamaq üçün başına qoyduğu şlyapasının altından restoranın ziyarətçilərini müşahidə edir, fikirləşir ki, aktyorlar və onların oynadığı rollar əslində həyat adlanan bu qarışıq, məqsədsiz oyunun simvollarıdı. Sadəcə, simvollar daha gerçəkdi. Həyatın yeganə gerçəyidi oyun....

GERÇƏK TEATR

Hər zaman diqqət mərkəzində olmağa öyrəncəli və kimsənin də sona qədər dərinliyinə vara bilmədiyi bir qadın. Həyatda qazandığı nə varsa, Oyuna borcludu. O, həmişə oynayır - ərinin, oğlunun, məşuqunun, rəqiblərinin, anasının, dostlarının, publikanın qarşısında...

Zəif nöqtələrini, yerlərini kimsəyə göstərmir... Ən əsası hisslərini kimsəyə göstərmir və bir gün anlayır ki, özü də artıq unudub nəyin doğru, nəyin yalan olduğunu... Həyatını qazanıb, amma onun gerçək kimliyini üzə çıxaracaq biri olmayıb həyatında, onu qadın kimi kəşf edən biri...

Və sonda anlayır ki, o, hamıya öz oyunlarıyla maraqlıdı, barışmaq lazımdı bununla... Özü isə ancaq səhnədə özü ola biləcək... Ən böyük eşq də, aşiq də SƏHNƏDİR.

Para-pul, sevimli iş, dostlar (daha doğrusu, heyranlar), sevmədiyi, amma hələ də İngiltərənin ən yaraşıqlı kişisi sayılan ər. Arzulara baxın hələ: "Altmış yaşım olanda özümə rahatlıq verəcəm. Ürəyim istədiyi qədər yağ-çörək yeyəcəm. Səhərlər isti bulka, günortalar qızardılmış kartof, lançda yenə kartof. VƏ PİVƏ.... Tanrım, çox sevirəm pivəni! Noxud şorbası, tomat şorbası, pudinq, vişnə piroqu istəyirəm. Qaymaq, qaymaq, qaymaq..." İlk baxışda bəsitdi, deyilmi? Amma gəncliyinin yoxsul günlərində bunları yeyə bilməyib, indi də kökəlib formadan düşmək qorxusu var axı... Deməli, ən adi istəklər də onun üçün yasaqdı... Gənc deyil, amma yaşlanmayıb da və həyatına gələn bu cavan oğlan onu yenidən aşiq olub havalarda uçmağa vadar edir. Bundan sonra içində aktrisa ilə qadının savaşı başlayır. Qadın Sevgi istəyir, Aktrisa məğrurdu, əlçatmazdı... Aktrisaya heyranların vəcdlə "BİS" qışqırığı lazımdı, Qadına bircə insanla görüş...

Erkən yaşlarından səhnədə olan aktrisa o qədər başqa həyatlar, başqa insanlar canlandırıb ki, özünün canı yoxa çıxıb onların arasında. Üstəlik, böyüyüb yetkinləşmiş oğluyla da dil tapa bilmir. Nədən danışsa, oğlu kinayə ilə: - Bu hansı tamaşadandı, hansı rolundu? - sualını verir. Hələ üstəlik, onu sevdiyini zənn etdiyi gənc də uzaqlaşıb ondan. Kim uduzub bu oyunda? Kim qazanıb? Amma pərdələr enməyib hələ, enməyib... Bəli, o, həyatda başqalarının obrazını canlandırır, amma bunu dürüstlüklə edir. Üzünə maska taxıb ətrafında yaşayan insanlardan fərqli olaraq... Kimsə yalançı eşqi oynayır, kimsə gəncliyini ön sıraya çəkir, kimsə fədakar dostdu, kimsə nəvazişkar ər... - amma oynayırlar. Kim yaxşı oynasa, həyat onundu, kim yaxşı oynasa, "BİS, BRAVO" hayqırtıları onun olacaq, kimsə də kölgədə qalacaq. Ona görə yox ki, oynamaq istəmədi, bacarmadı, sadəcə... Culiya monoloqun deyəcək!!!!

HƏYAT

Oxuduğun və sənə ədəbiyyat deyə təqdim olunan hər nümunə yadında qalmır. Əvvəl beynində saf-çürük olunur, sonra qəlbində yer tutur. Burda oyun elementləri yoxdu - sən varsan və sənin doğmaların var. Lap ruh əkizlərin də ola bilər. Sənin onlarla söhbətin alınır. Dinləyə də bilirsən, onlar da sənə qulaq asır. Onlardan öyrənirsən - burda paxıllıq da yoxdu. Nə varsa açıqdı, gizli-saxlı da yoxdu. Və zamanla hiss edirsən ki, sənin əsl həyatın burdadı. Burda kimsə səni aldatmayacaq, xəyanət etməyəcək, arzuların əliuzalı qalmayacaq.

Somerset Moemin "Teatr" romanı janrın bütün tələblərinə cavab verə bilir. Amma mənimçün bu deyildi əsas. Çox romanlar var bilirsən, bəli, gözəl yazılıb, bəli, bütün parametrlərə cavab verir - ancaq sənin deyil. Deyil, vəssalam. Vitrindəki gözəl libas kimidi, lap əyninə geyinib-soyuna da bilərsən, sənin olmayacaq. Doğma idi bu əsər mənə. Əvvəl filmi gördüm, indiyə qədər də, az qala, hər kadrını xatırlayıram. Sovet kinosunun ulduzları ilə - möhtəşəm Viya Artmane və yeni-yeni kinoya qədəm basan İvar Kalnınışla. Çox sonralar, məşhur aktrisanın ölümündən sonra İ.Kalnınışın müsahibəsini oxudum - aktyor etiraf etmişdi ki, filmə onu Viya çəkdirmişdi və həmin vaxt onların arasında böyük sevgi vardı. Deməli, film deyilən bu oyunun içində gerçək hisslər yaşanıb, yansıyıb ekranın bu üzünə. Deməli, yenə oyunla gerçəyin sərhədini ayırmaq olmayacaq. Sonra əsərin özün oxudum...

Moem mənim romançımdı - bunu anladım... Amma qadınlara bu qədər nifrət edən birinin belə obraz yaratması yenə sirrdi, mənə görə.

...Ətrafınıza baxın, cənablar!!! Hansı teatrın tamaşasındasınız? Hansı roldasınız? Bu oyuna özünüz inanırsınızmı? Gerçəklər sizi qorxutmur ki? Nəyin harda olduğunu ayırd edə bilirsinizmi? Və elə burda, bu sözlərin içində nəyin oyun, nəyin gerçək olduğunu ayıra bildinizmi?

İnsanların əksəriyyəti kölgə tamaşasında roldadı. İşığa çıxmaq cəsarət tələb edir. Bəs işıqların altında yaşamaq necə? Bunu hər kəs bacararmı? Hansı rakursdan necə görünəcəyin, hansı rəngin sənə daha çox uyğun olacağın əvvəldən müəyyən etmək necə???

Hələlik isə pərdə qalxır. O çıxır səhnəyə - işıqların və alqışların altında. Qadın artıq anlayıb bütün gerçəklər burdadı, həyatının ən böyük eşqi də burdadı - SƏNƏT deyilən oyunun içində...

"www.adalet-az.com"

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə