Qarşılığı olmayan ən bütöv azadlıq belə yarımçıqdır

İlqar RƏSUL

Bizli planımız bizə düşmədi. Bizim görüş yeri plana düşdü. Söküldü ağac-ağac. Sovruldu adam-adam...

Küləkdi, gedək dənizə baxaq. Susaq. Qağayılar bizi qısqandırsınlar dənizlə səmanın arasında asılıb qalmaq sevgiləri ilə. Külək sevgili dənizini necə ehtirasla qollarında göylərə qaldırıb yatağına çırpdığını göstərsin bizə... Dalğalar su ilə qurunun arasında əbədi uzanıb onları gözləyən sahilə çırpılaraq sevdiyinə əslində necə içdən qovuşmaq gərək olduğunu gözümüzə soxsunlar...

Baxaq və anlayaq ki, sahilə düşmüş balıq əslində susuzluqdan yox, sevgili dənizsizlikdən partlayıb ölür...

Anlayaq ki, külək meşənin, səhranın yox, dənizin alın yazısıdır...

Və nəhayət anlayaq ki, qarşılığı olmayan ən bütöv azadlıq belə yarımçıqdır... Anlayaq və hava qaralanda gedək ocaq qalayaq. Yanaşı oturub alovun odunlara minib dilim-dilim göylərə uçaraq necə azad olmasına tamaşa edək...

Sonra komplekslərimizə etiraz edək. Soyunaq... Odunları biz olan başqa bir ocaq qalayaq.. Kirlənək tər təmiz olana qədər. Tərləyək susuzluqdan donana qədər. Yanaq, ehtiras nəfəsi boğana qədər...

Aramızda bütöv bir azadlıq doğulsun... Sudan, torpaqdan, oddan və havadan yaranmış azadlıq. Tərli, kirli, təngənəfəs, ehtiraslı bir azadlıq...

Sonra öz azadlığımızı özümüzdən də azad eddək. Ölək, asılıb qalmasın bizdən bizim azadlığmız. Qoy bizi öz azadlığımız yesin....

Yazı İlqar Rəsulun "facebook" səhifəsindən götürülüb

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə