İlahi, qəlbimə bir sevgi göndər... (Rəşad Məcid yaradıcılığı)

Esmira Fuad, AMEA-nın aparıcı elm işçisi

Həmişə fikirləşirəm ki, insan adlanmaq, hər hansı bir yüksək vəzifəni tutmaq asandır, amma insanlara daim xeyirxahlıq etmək, dərd-sərinə şərik olmaq, sevinc və kədərini paylaşmaq, el-obanın təəssübünü, qayğısını çəkmək kimi şərəfli və ağır yükü çiyinlərində daşımaqsa, hər adamın hünəri deyil. Bu yükü daşımağı bacaranlar məhz yaxşı adamlardır.

Tərəddüdsüz-filansız Rəşad Məcidi bu kateqoriyaya şamil edirəm. Onu ilk görüşdəncə yaxşı adam kimi tanıdım mən... Bu günə kimi də təsəvvürümdə, inanın ki, yanılmadım... Həyatımda unutmadığım məqamlar olub, o məqamların bəzilərinisə sizlərə məhz yaxşı adam kimi təqdim etdiyim Rəşad Məcid ömrümə bəzək edib. Heç unutmuram, yazıçı Anarın sayca az, ancaq məna qatı çox olan şeirləri, bir sözlə poeziyası haqqında "Taksi, gəncliyimə apararmısan?" adlı yazımı redaktoru olduğu "525-ci qəzet"də çap eləmişdi. Təbiətən Böyük İnsan olan Anar da növbəti sayda Rəşad bəyə və mənə təşəkkür etmiş, onun "Taksi, gəncliyimə apararmısan?" şeirini ustad B.Vahabzadənin çox bəyəndiyindən xəbəri olmadığını və bunu yalnız indi, həmin yazıdan öyrəndiyini bildirmişdi. Belə məqamda insan, xüsusən qələm adamı hansı hissləri keçirər?!

Gənc yazar Aysel Əlizadəninsə "Doğulacaq qadın" şeirlər toplusu haqqında düşüncələrimi yayınlamışdı. Bir gün sonra hər kəsi və hər yazını bəyənməyən Aysel zəng edərək: "Esmira xanım, bilmirəm, Siz məni məşhurlaşdırmısınız, yoxsa mən Sizi, telefonum susmur, hamı zəng vurub təbrik edir. Etiraf edim ki, çap olunmuş, yaxud bundan sonra da çap olunacaq kitablarım haqqında bəlkə də yazan çox olacaq, ancaq əminəm, heç kəs bu gözəllikdə və bu səviyyədə yaza bilməyəcək," - deyəndə həmin o unudulmaz məqamlardan, insanı qanadlandıran, göyün yeddinci qatına qaldırıb buludların üzərində gəzdirən sevincli anlardan birini yaşadım...

Sonralar Rəşad bəyin yaratdığı belə məqamlar sözlə bağlı ömrümə bəzək verə-verə bir-birinin ardınca sıralandı və daha çox "dayısı olmayan" məzlumların tərəfində olan bu xeyirxah insanın bircə istəyi oldu məndən: - Çalış, maraqlı yazılarının həcmini qəzetimizin formatına uyğun, yəni, bir az qısa elə...

Bu bir həqiqətdir ki, öz xalqının mədəniyyətinə, ədəbiyyatına və dilinə xidmət et-məkdən daha şərəfli iş yoxdur. İstər birbaşa, istərsə də dolayısı. Fərqi yox, təki yazdıqla-rında, deyib-deyəcəklərində mənsub olduğun xalqın məziyyətləri ifadə edilsin, milli kimli-yi öz əksini tapmış olsun. Əgər bu sənin qismətinə yazılıbsa, bu qismətdən qaçmaq mümkün deyil. Sözü söz üstə qoyub abidə ucaltmaq, abidələşdirmək kənardan baxanlara həmişə asan görünür: "Bunu mən də deyə bilərdim, mən də belə yazardım," - kimi düşü-nənlərin, bəlkə də böyük əksəriyyəti sözün qarşısında həmişə xəcalətli qalıblar. Çünkü söz elə bir varlıqdır ki, hər qələm sahibinin əlinin tumarına yatmaz, ram olmaz... Axı, hər yazan Əlahəzrət sözü özününküləşdirmək, ona qan, can, ruh vermək qüdrətində deyil. Sözün göy qədər ucalığını, yer qədər dərinliyini duymadan, anlamadan yazmaq müəllifinə heç bir uğur gətirmir. Rəşad bəy məhz bu istiqamətdə uğur qazanan söz adamıdır. Hələ ki, yaradıcılığı cəmi üç kitaba sığışıb. Onun ədəbi aləmdə və ictimai həyatda tanındığı müddəti nəzərə alsaq, bu, bəlkə də bəzilərinə bir qədər az görünər. Düşünürsən ki, hələ uşaq ikən şeir yazmağa başlayan və bu gün yarım əsrə çatan ömür payında oxucularıyla cəmi üç dəfə görüşə gələn Rəşad Məcidin ruhoxşayan yazılarının çapında belə "xəsislik" göstərməsinin səbəbi nədir? Axı, o, təkcə "10 sentyabr" hekayəsini yazmaqla nasir, uşaqlıq, yeniyetməlik çağlarında qələmə aldığı azsaylı poeziya nümunələri ilə şair statusunu qazanıb. Deməli, insan ömrünün dəyəri heç vaxt uzun və ya qısalığı ilə ölçülmədiyi kimi, onun təxəyyülünün məhsulu da heç bir ölçü vahidiylə müəyyənləşmir.

Rəşad bəy çağdaş ədəbi-ictimai həyatda nüfuz sahibidir, sözünün, fikirlərinin təsir gücü böyükdür, insanlar, xüsusilə də gənclər onu sevir, fikirlərilə hesablaşır, sözünə inanırlar... Düşünürəm ki, getdikcə cırlaşan, simasızlaşan, ekzistensialist kişilərinin sayı sürətlə artmaqda olan cəmiyyətimizdə qadınların etmadını qazanmaq çox çətindi, Azər-baycan qadınının hər bir anda bir kişini-insanı çox arxayınca özünə arxa, dayaq sandığı, üz tutacağı və ən əsası, ona dəyər verməyi bacaracaq bir şəxsiyyət ola bilmək, həm çətindi, həm asan, həm də çox şərəfli. O, bu şərəfə də çoxdan nail olub... Ona görə də "Birdən yazdıqlarım kölgədə qalar! - nigarançılığı yoxdur onun üçün. Bəs, onda niyə? Bəlkə əsas səbəb zamanın özündədir? Axı, Rəşad ötən əsrdə doğulub və yaşayıb, bu əsrdə yaşamağa davam edir. İki əsrin vətəndaşı olmaq ilk baxışdan adi görünsə də, bir-birinə zidd olan iki ictimai quruluşda yaşamaq qisməti, əslində bir hadisə kimi adilikdən uzaqdır. Rəşadın oxuduğu, yazmağa başladığı, püxtələşdiyi Sovet dönəmində müstəqillik insanlara şirin bir yuxu, xoş xəyal, cazibədar arzu kimi görünürdü. Və birdən yuxular çin olur, şirin arzular, xoş xəyallar gerçəkləşir. Onun yenicə formalaşmağa başlayan şeiriyyəti, poeziyanın əngin səmasında pərvaz edən ruhu dədə-baba yurdumuzun-Qarabağ ellərinin azadlığı uğrunda gedən mübarizədəki itkilərimizdən, tökülən qanlardan, verilən qurbanlardan və torpaqları-mızın ermənilər tərəfindən işğalından, hələ də müvəqqəti sandığımız məğlubiyyətdən sarsılır... Min təəssüflər ki, bu, təkcə onun deyil, milyon yarımdan çox soydaşımızın həyatını sındıran, tale yolunu dəyişən acı tarixi həqiqətdir. Amma bu dönəmdə əlinə qələm ala bilməsə də, Rəşadın sarsılmış ruhu yenə də poeziya ilə, şeirlə nəfəs alır, sözlə təsəlli tapır, sözlə ovunurdu... Özünün səmimi bir etirafı diqqətli oxucunun nəzərindən qaçmır və təfəkkürünün tam mərkəzinə millənir: "Şeir digər yazdıqlarımdan ruhuma daha yaxındır." Və elə bu üzdən də onun yazmaması imkanı xaricindəydi...

İlk şeirini 8-9 yaşlarında yazıb Rəşad Məcid... Həmin şeir 1981-ci ildə xalq şairi Hüseyn Arifin "Uğurlu yol" diləyilə "Azərbaycan gəncləri" qəzetində dərc olunanda isə 17 yaşı olub. Lakin ilk yaradıcılıq sevincini daddığı qaynar çağdan düz yeddi il sonra o sevinc duyğularından da ağır üzüntü yaşadıb, zaman və illərlə inandığımız, daha doğrusu, inandırıldığımız ideologiya ömrünə kölgə salıb: "1988-ci ildən, Ağdam da daxil olmaqla, bütün cəbhə bölgələrində olmuşam. Laçının işğalı zamanı "Ədalət" qəzetində işləyirdim. Muharibədə əlimə silah götürməsəm də, düşünürəm ki, iştirak eləmişəm. 1988-ci ilin fev-ral ayının əvvəlində Ağdamın mərkəzi meydanında Dağlıq Qarabağdan gələn azərbaycan-lıların yığışdığını gördüm. Onlar Stepanakertdəki (Xankəndindəki-E.F.) mitinqdən danışır-dılar, erməni rəhbərlərin onlara hansısa müraciəti məcburən imzalatmaq istədiklərini söyləyirdilər. İndi fikirləşirəm ki, mənim ardıcıl şeir yazmağım da, deyəsən, elə həmin günlərdə başa çatdı. Və həyatımızın yeni dövrü başlandı." Bu sözlərin səmimiyyətinə bütün qəlbimlə inanıram. İnanıram ki, işğal olunmuş Qarabağ ellərinin, əzizlərinin dərdi onu sac içindəki qovurğa tək qovurur. Şuşanın işğalı həyatının ən ağrılı dövrü, ili, ayı, günüdür. İnanıram ki, Laçından, uşaqlığının keçdiyi yerlərdən qohumlarının köçlərini götürüb çıxmasını xatırlayanda hələ də bədəni əsir, damarlarında qanı donur, iliklərində "soyuq küləklər" əsir. İnanıram ki, onun gözündə dünyada Şuşadan gözəl, Şuşadan sevimli, Şuşadan qeyri-adi, sirli yer yoxdur və ola da biməz. Şübhə etmirəm ki, Şuşanın işğalı onun fərəhini, qürurunu, heysiyyətini də işğal elədi, mənəviyyatını, iç və dış dünyasını alt-üst elədi, hər şeyi, bütün həyatını başı üstə qoydu: "Ağdama gedəndə, televiziyada 90-cı illərin kadrlarını görəndə bədənimdən sanki cərəyan keçir. Yol boyu işğal altında olan dağlara baxıram, diksinirəm, varlığım silkələnir. Çox pis oluram. Gündəlik həyatla, ictimai işlə başımı qatıram. O məsələlərin dərin qatlarına getmirəm. Gülürəm, danışıram. Ancaq məni yaxından tanıyanlar bilir ki, ürəyim, o torpaqlardadır, sinəm o torpaqların həsrəti ilə yanır."

Rəşadı yaxından tanımayanlar, ancaq yurd, doğma insan, övlad itkisi yaşayanlar, dərdin nə demək olduğunu anlayanlar, Ana torpağı qorumağın həm də bir namus məsələsi olduğunu dərk edənlər yaxşı bilirlər ki, o, nələr çəkib, nələr çəkir və əsir yurd yerlərimiz qayıtmayınca, xain düşmənin burnu ovulmayınca nələr çəkəcək...

Onun böyük ədəbiyyata doğru addım atdığı dövrün tələbləri də bambaşqaydı. Bu dövrdə kiçik bir ehtiyatsızlıq, düşünülməmiş bir hərəkət, azacıq gecikmə, yaxud tələskən-lik artıq yola düşən qatarın yalnız dalınca baxmağa gətirib çıxarardı. Zamansa işləyir, dayanmadan axırdı, sürətinin, təzyiqinin bəlli olmadığı bu məqamlarda onun nəbzini tutmaq isə çox müşkül idi. Rəşad öz usta tərpənişi, yaşına uyğun gəlməyən müdrikliyi ilə bu nəbzi yaradıcılığa təzə-təzə başlayan müasirlərinin çoxundan daha tez tutdu. Elə bunun üçün də dövrünün ona doğma olan ədəbi mühitinin ağrı-acılarını da bir təbib kimi çox doğru və düzgün aşkara çıxara bildi. Sonra da... bir gün onun gözündə aləm süd rənginə büründü, özünü, əsl yaradıcılıq yolunu tapdı. Və hər şey onun üçün məhz "525"-dən başladı, amma adətən sıfırdan başlayardı. (Bu anda Rəşadın "Gedirəm" şeirindən: Birdən ağ nura büründüm, Hər şey apaydın göründü, Bilə-bilə ki, ölümdü, Gedirəm, yenə gedirəm,-misralarını xatırladım"-Olum, ya ölüm dilemması). Əslində bu, elə belə də idi. Yaşından asılı olmayaraq istedadla yazan hər kəsə çap olunmaq imkanı yaradan bu qəzetin həmin çətin zamanlarda qarşısına qoyduğu məqsədə çatması üçün intellektli, siyasi cəhətdən ayıq-sayıq, obyektiv, qərəzsiz, hər kəsin fikrinə hörmətlə yanaşmağı bacaran bir naşirə ehtiyacı vardı. Rəşad Məcid bu ehtiyacı bəlkə də qədərindən artıq ödəyə bildi. Ola bilsin ki, onun bədii yaradıcılıqla ardıcıl məşğul ola bilməməsində bu amil də müəyyən rol oynayır.

Axı, dövrünün nümunəvi qəzet redaktorlarından biri olmağı, kollektivlə birlikdə rəhbərlik etdiyi mətbu orqanı uzun illər axsatmadan, fasiləsiz dərc etdirməyi bacarmaq bir təsadüf deyil...

Yaradıcılığının çoxşaxəli olması onun şair, yazıçı, esseist, publisist kimi tanınma-sına qətiyyən mane olmayıb. Bədii-publisistik irsini təhlil edən, ayrı-ayrı yazılarına isti münasibət bildirən Anar, Məmməd Araz, Elçin, Vaqif Bayatlı Önər, Ramiz Rövşən, Afaq Məsud, Aqil Abbas, Şahin Sinariya, Vaqif Yusifli, İlqar Qasımov, Sevda və digər dəyərli söz sahiblərinin fikirləri onun bu titulları daşımağa tam haqqı olduğunu əsaslandırır. Çünki şeir yazmaq, yaddaşlarda həkk olunacaq publisistik düşüncələrini qələmə almaq onun üçün sadəcə könül ovutmaq, şöhrət qazanmaq, sevilmək məsələsi deyil, yaşamaq, yazı masasının arxasında ölüb-dirilməkdi (mən, ən azından belə olmalıdır, düşüncəsindəyəm):

"Gərək yazınla kimisə tərpədəsən, titrədəsən, kövrəldəsən və hisslərini oyadasan. Düşündürməyi bacarasan. Bax, bədii ədəbiyyat da elə odur. Əgər onu bacarmayacamsa, sadəcə, mən Rəşad Məcidəm,- deyə bir roman yazım, qalın-qalın kitablar nəşr elətdirim. Mən bunu etməyəcəm. İndi nə qədər zarafat eləsələr də, "10 sentyabr" hekayəsini yazanda məndə dəhşətli bir inam var idi ki, Amerikanın İraqa qarşı müharibəsinin qarşısını alacam. Ən azından bir cəhd etmirsənsə, titrətmirsənsə, kövrəltmirsənsə, güc qoymağa dəyməz."

1993-cü ildə nəşr olunan "Hələ ki, vaxt var" şeirlər toplusunun ön sözündə müəllif şeir yaradıcılığındakı fasilələrin səbəbini açıqlamağa çalışarkən: "Təxminən dörd ilə az qalıb ki, dünyada ən çox sevdiyim bir işdən, şeir yazmaqdan uzaq düşmüşəm. Bu dörd ilin başlanğıcında yazdıqlarımdan qorxa-qorxa, başımı müxtəlif işlərlə, xırda, mənasız şeylərlə qarışdırırdım. Bilə-bilə ki, mənim ən güclü vaxtım, buludların üstüylə yeridiyim anlar ürəyimcə olan bir şeirin nöqtəsini qoymaqdı, yenə də qılınc kimi başımın üstünü kəsdirib bütövləşmək istəyən misralardan qaçırdım..." yazmasının səbəbləri yuxarıdakı etirafdadır. Əslində bu qorxunun bircə adı var: - Özünə və sözünə qiymət, yüksək məsuliyyət, oxucuya sayğı və ehtiram, təvazökarlıq, bir də sevgi... Bəli, Tanrı ona yazıb-yaratmaq üçün hər şey-istedad, nəyi nə zaman, necə demək bacarığı, olağanüstü çeviklik və ən əsası, məsuliyyət hissi verib... Bu məqamda 1985-ci ildə, şeir yaradıcılığının intibah dövründə yazdığı "21 yaşımla söhbət" şeiri fikrimi tutub saxladı sanki... 21 yaşın son gecəsində öz-özüylə söhbətləşən gənc şairin hər kəlməsində bir nigarançılıq, narahatlıq duyğusu sezilir. Öz sabahından daha çox milli poeziyamızın sabahından narahatçılıq hissi keçirən şairliyin daimi olmadığını bilən gənc yazar bir zaman şeirlərini əzbərlədiyi, ilhamı şam kimi yanıb tökülən, "şeirləri özlərindən tez qocalan", odları tükənən cavan şairlərin durumuna düşməmək üçün:

21 yaşımın son gecəsində

Özümün-özümlə davam başlayır.

Sevgimin atəşi dinir səsimdə

Şeirimlə, sözümlə davam başlayır, deyir. Əslində bu dava-dalaş, özündən narazılıq əbəs deyil. Nə vaxtsa yazdığını illər sonra "soyuq-soyuq", "hissiz-ürəksiz" təzə söz adına oxumağın faciəsini yaşamamaq, "gəncliyin yarımçıq misralarını yaşayıb, gözləyib oxunmaq" üçündür ağılın işığında çevik düşünə bilən bir gəncin bu savaşı, etirazı:

Gəl öldür bu axşam, sındır bu axşam

Yaşımın yaşıllı çağına baxma.

Şerin söz qoxulu səltənətinə

Ey ilham pərisi, məni buraxma!..

Rəşad bundan sonra çox yazmadı, hərdənbir, fasilərlə yazdı. Ancaq yazdıqları ilə özünü təsdiqlədi, imzasını öncüllər sırasına çıxara bildi. "10 sentyabr" adlı kitabının ön sözündə tənqidçi-publisist Bəsti xanım Əlibəylinin: "Qanadlı fantaziya, lakin illüziyalar-dan imtina, dünyaya, vətənə, anaya, qadına sevgi, lakin patetikadan, pitorikadan imtina, orijinal özünüifadə axtarışları, lakin əllaməçilikdən imtina, atalar-oğullar müstəvisində fərqli yanaşma səpkisi, lakin qatı nihilizmdən imtina-bütün bunlar isə onun yaradıcılıq məziyyətləri kimi mənsub olduğu nəsil içində özəlliyini, imzasının ömürlülüyünü təmin edib" fikri dediklərimizin apaydın təsdiqidi...

O, təbiəti etibarilə də fərqlidi, sadə, təvazökar, xeyirxah... Xarakterində çağımızda çoxlarında görə bilmədiyimiz cəhətləri qoruyub saxlamağı bacarıb... Tərbiyəli, abırlı, böyük-kiçiyin, hər bir hərəkətinin və danışığının yerini bilən, müvəffəqiyyətdən başı gicəl-lənməyən, gözü-könlü tox insan olmağı... Bu gün də bioloji atasına "Siz" - deyə müraciət edərək ehtiram göstərir, F.Qoca, F.Sadıq, N.İbrahimov, R.Rövşən, S.Səxavət, Ç.Abdullayev kimi ziyalılara dərin ehtiram göstərir, ağsaqqallıq mötəbərliyində görür. Azərbaycan ziyalılığının canlı örnəyi Anarı isə özünün mənəvi atası, ustadı sayır, ondan hələ də öyrəndiyini gizlətmir. Uşaqlıqdan əsərlərini oxuyaraq, tamaşa və filmlərini seyr edərək böyüdüyü, eyni qurumda çiyin-çiyinə işləyərək ömrünün ən sanballı son səkkiz ilini keçirdiyi, prinsipiallığını, özünə ziyan olsa belə, hansısa bir istedadsızı dəstəkləmədiyini də gördüyü yazıçı Anarı birmənalı şəkildə avtoritet hesab edir. Deyir ki, yazıçılıq, böyük həcmli əsər yazmaq bir həyat tərzidir. Elçin Əfəndiyev, Anar xüsusi istedadlı insanlardır ki, rəsmi işlə yazıçılığı bir arada apara bilirlər.

Bu düşüncələr, xüsusiyyətlər yaradıcılığına da hopub Rəşadın... Ancaq bütün bunlara rəğmən, bəzi şeirlərində özündən narazılıq halları da qabarıqlaşır:

Hardakı gecikdi istəyim, arzum

Hardakı mənzilə gec çatan oldum,

Gecikmiş qar təki qalmadı izim,

Gecikmiş qar təki baş qatan oldum.

"Gecikmiş qar" şeirində təbiətin şıltaqlığı üzündən vaxtında yağmayan, elə "otların çiynindəcə dəfn olunan" qardan həzz ala bilməyən, qartopu oynamaq arzusu gözündə qalan uşaqların təəssüf hissini verməklə, həm də bir həqiqəti - heç nəyin əbədi olmadığını, lakin hər şeyin öz vaxtı olduğunu və bu hər şeyin də məhz öz vaxtında da gözəl olduğunu vurğulayır:

Bildilər qış fəsli, qış oyunu bitdi,

Bu qardan qartopu uman uşaqlar...

Janr və üslubundan asılı olmayaraq Rəşad Məcidin yazılarında öyüd-nəsihət hissi güclüdür. O, insanları torpağı, ata yurdunu, ana torpağı sevməyə, onu qorumağa, insanları qabalıq etməkdən, bir-birinə əl qaldırmaqdan, qan töküb faciələr törətməkdən çəkinməyə çağırır. Dahilərin, müqəddəslərin fikirlərinə söykənərək nə vaxtsa olmuş bir əhvalatın, yaxud özünün uydurduğu bir hadisənin dililə böyük, qlobal məsələyə fərdi münasibətini bildirir. Bu mənada onun "Əhvalat" adlı şeiri özünün tərbiyəvi-didaktik, islahedici xarak-terinə görə yaddaqalan və əhəmiyyətlidir. "Əhvalat"ın qəhrəmanı qonaq-qara sevmir, tənhalığa qapılaraq bədbin ömür sürür. Evinin yanında fontan vuran müalicəvi Turşsuya dağdan-arandan axışıb gələn, burda şəfa tapan insanların sevincinə şərik olmaqdansa, kədərlənən qəhrəmanının faciəsini təbiətə qarşı nankorluq edənlərə görk olması üçün nümunə çəkir. Bulağın gözünə yekə bir daş basıb susdurmağa çalışan cahil sonda özü evsiz-eşiksiz qalır. Çünki dünən gözünə daş basdığı bulaq evinin içindən fontan vurur, güclü su şahə qalxır, duvarlar uçulub-dağılır, ev yerlə-yeksan olur:

Bu adi bir əhvalatdı,

Amma təbiətin qismətini

Məhv etmək istəyənlərə

Öldürmək istəyənlərə,

Görk üçün yaxşı bir xatıratdı.

Onun irili-xırdalı şeirlərində kiçik məsələ yoxdur. Uşaqlıq çağlarından ta son dəfə yazdığı şeirlərində, ümumiyyətlə poeziyasında sələfi Məmməd Arazın Vətən fəlsəfəsinin mahiyyətini duyub ondan təsirlənərək əsl vətəndaş mövqeyindən çıxış edir. Onun şeirlə-rində bölünmüş bir xalqın, millətin dərdi boy verir. İllərlə bir-birindən uzaq düşən qardaş-ların qucaqlaşdığı kimi, Araz çayı boyunca uzanan yurdun səmasında "iki tüstünün qucaqlaşma" səhnəsindən təsirlənən, Arazla görüşündə gördüklərini dərd edib ürəyinə salan şair "bəxtinə bizim diyarın düşməsində günahkar olmayan", sahilləri həsrət çəkən çayın dünəni, bugünü, bəlkə də sabahı ilə bağlı arzularını dilə gətirir:

Sahilinin çiçəklərin dərəydim, Araz

Sinən üstə gül körpüsü hörəydim, Araz.

Göy səmanda qucaqlaşan tüstülər kimi,

Yurdunu da qucaqlaşan görəydim, Araz.

Müsahibələrinin birində: "Şeirlərimin yaranmasında sevginin müəyyən təsiri olub. Şairlər tez-tez vurulur. Çünkü poeziya elə sevgi deməkdir"- söyləyən Rəşad Məcidin elə ilk şeirinin ilk misralarından da cocuqca saf bir sevginin süzüldüyünün şahidi oluruq:

Yazda meşələr çiçəkli olur,

Quşların səsi hər yana dolur.

8-9 yaşlı bir cocuq sevgisinin ünvanı, təbii ki, Ana təbiət, onun meşəsi, çölü-çəməni, gülü, çiçəyi, bənövşəsidi. Böyük anlamda isə sevgi onun üçün "ən ümidsiz anlarında, ən çıxılmaz vaxtlarında xilaskarı olan" ilahi bir qüvvədir. Bu qüvvənin cazibəsi insan ömrünün istənilən çağında onu özünə çəkir. "Xilaskarım" şeirinin hədəfi siqaret olsa da, əslində, böyük anlamda xilaskar elə sevginin özüdür. Sevgidən yaranan bu dünyamızı məhz sevginin xilas edəcəyini söyləyənlər də özlərini bu qüvvənin cazibəsindən kənarda görməyənlərdir. Əgər Rəşad Məcid poeziyasının cazibə qüvvəsi onu özünə çəkməsəydi, ədəbiyyatşünas alim və tənqidçi Yaşar Qasımbəylinin estetik düşüncələri "İlk lirikanın cazibəsi" kitabında bu qədər maraqlı alınmazdı. Y.Qasımbəyli ədəbi-mədəni mühitimizin mərkəzində duran Rəşad Məcidə özəl münasibəti ilə onun ədəbi tənqidin nəzərindən bir qədər kənarda qalmasında "bir növ günahını yuyub", fikir və düşüncələrin üfüqlərini bir qədər dəyişməyə, genişləndirməyə çalışıb. Bunu filologiya elmləri doktoru, professor Nizamədin Şəmsizadə səmimi şəkildə etiraf edir: "Onun bütün yaradıcılığını, xüsusən, poetik istedadını yetərincə qiymətləndirməmişik. Şair Rəşad Məcid ədəbi tənqidin nəzər-diqqətindən bir qədər kənarda qalmış, hərəkətdəki estetikanın son onilliklərdə xeyli zəifləmiş nəzərləri bu istiqamətə, ədib yaradıcılığının bu sahəsinə az yönəlmişdir. Məni sevindirən odur ki, tənqidçi dostum hal-hazırkı ədəbi mühitimizdə geniş yayılmış, daha çox məlum və məşhur problemlərə müraciət sindromuna qalib gələrək elmi düşüncənin işığını Rəşad dünyasının məhz bu guşəsinə yönəldə bilmişdir."

Nizamədin müəllim Y.Qasımbəylinin Rəşadın qələm təcrübələrinin bədii siqlətini və orjinallığını göstərmək üçün ədəbiyyatşünaslıqda az işlənmiş və yetərincə öyrənilməmiş ilk lirika kontekstini seçərək ona əsaslanmasını haqlı sayır, onun dəsti-xəttini, ümumi və xüsusi keyfiyyətlərini təyin etməyə nail olduğunu göstərir: "Tənqidçi yazır: "Məğrur qaya" şeirində özünütəsdiq pafosu bərq vurur. Şeirin hər bir sətri nikbin əbədi xəyallar ağuşunda çırpınır. Gələcək dramatik şair taleyindən burda hələ əsər-əlamət yoxdur...

Bu qayanın duruşundan əzəmət yağır,

Bu sahilin güvənc yeri, ümid yeridir.

Bu qayanın qarşısında dalğalar-fağır,

Yüz həmləni sinəsində ovub əridir."

Yaradıcılığının unudulmuş, diqqətə çatdırılmayan cəhətinə nəzər yetirərək onun hər şeydən öncə bir şair, özünəməxsus bir ədəbiyyatçı və millətimizin dərdlərini bütün ağrısıyla qəlbindən keçirən vətənpərvər ziyalılığının ədəbi-bədii enerjisinin mənbəyində şairliyinin durduğunu qeyd edərək: "Şair, əsl şair Vətənə canı yanan insan-yanar ürək deməkdir", - söyləyən Y.Qasımbəyli Rəşadın şeirlərindən nümunələr üzərində dayanır, müqayisə və təhlillər apararaq onu "ustad Məmməd Arazın baş müəllim olduğu ədəbi məktəbin ən istedadlı şagirdlərindən biri" kimi dəyərləndirir.

Əlbəttə, Məmməd Araz ədəbi məktəbində püxtələşmiş Rəşadın təkcə poeziyasının deyil, hekayə və məqalələrinin də baş mövzusu, ana xətti Vətəndir, onun ağrıları, problemləri, dərdləridir. Şeirlərində Vətənin rəmzləri, Vətənin insan qəlbindəki əksi, bir qisim şeirlərində isə gözlə görünən varlıqlara çevrilən Vətən-Azərbaycan vəsf edilir. "Vətən" adlı şeirində olduğu kimi:

Açıb qollarımı qucaqlayaram,

Sıxaram köksümə genişliyini.

Çən kimi çökərəm, su tək hoparam

Bu yurd sinəsində bitirər məni.

"Ədəbiyyatda elə də güclü bir iddiam yoxdur, ciddi bədii yaradıcılıqla da məşğul olmuram ki, kimisə də rəqib görüm" deyən, sakit həyatını yaşayan, yazı-pozularında da özünü, duyğularını ifadə edən Rəşad Məcidi bir şair kimi kəşf edib, sonra itirmək çox ağırdır, nə vaxtsa sönmüş ilham pərisinin qəlbinə çökdürdüyü ağrılar kimi. Sevgi dərkolunmaz qüvvədir, istədiyi məqamda, qəfildən gəlir. Bəzən yaşının müdrik çağında sevən və bu sevginin diqtəsiylə dünya mədəniyyətinə incilər bəxş edən insanlar-sənət adamları tarixdə çox olub. Rəşad Məcidin sənət sevdası, şeirə sevgisi isə vaxtında gəlmişdi. Kim bilir, bəlkə hələ də bu gənclik sevgisinin odu alovlanıb təzədən yanmaq, "10 sentyabr", "Həsrət", "Yanmayan şeir", "Yastıq", "Unuda bilməyəcəksən" kimi şeirlər yazmaq, "Sözlə yoluxub, şeirin havasından xəstələnib havalanmaq (Ramiz Rövşən)" üçün məqam gözləyir. Axı, kədərin, ağrı-acıların, çətin günlərin nə vaxtsa bitəcəyini, o şən, bəxtəvər çağlara qayıdacağını bilən və ən azından buna əmin olan Qarabağlı balasının özü də bu sevginin həsrətindədi:

İlahi, qəlbimə bir sevgi göndər...

Bu durğun dənizi tufana döndər.

İlahi, ilahi, bir məni dindir,

İlahi, ilahi, məni sevindir...

Yazı "Şərq" qəzetinin 14 fevral 2013-cü il tarixli sayında dərc olunub.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə