Əhməd Qaya - Vətəndə məzarı olar deyirlər (SƏNƏT)

«Türkiyənin bu gün yaşadığı demokratik, şəffaf mühitin xəyallarını quran, ancaq arzularının həyata keçdiyini görməyən Əhməd Qayanın məzarını ziyarət və dua etmə imkanımız oldu… Kürdcə mahnıya görə başı ağrımışdı. Bu gün dövlətin 24 saat kürdcə yayımı var. O isə azadlığının cəzasını vətən həsrəti çəkərək ödədi. Zərər çəkdi. Onu qınayanlar peşman oldular». Bu fikirlər tanınmış sənət adamı, müğənnisi Əhməd Qayanın Fransanın paytaxtı Parisdəki qəbrini ziyarət edən Türkiyənin Avropa Birliyi ilə əlaqələr naziri Egemen Baxışa məxsusdur. E.Baxışın açıqlamasındakı başlıca məqama gəldikdə, bu, şübhəsiz, böyük sənətkarın və ictimai xadimin məzarının Türkiyəyə gətirilməsi ilə bağlıdır. Nazir mərhumun ailə üzvlərinin arzu edəcəkləri təqdirdə məsələnin reallaşma mümkünlüyünü önə çəkib.

Əslində Ə.Qayanın məzarının Türkiyəyə gətirilməsi məsələsi müxtəlif dövrlərdə gündəmdə olub. Yada salaq ki, ustad sənətkarın ölümünün 11-ci ildönümü günü, yəni 16 noyabr 2011-ci il tarixdə Malatyadan olan millət vəkili Vəli Ağbaba belə bir təşəbbüslə çıxış etmişdi. 2009-cu ildə oxşar təklif səsləndirmiş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın isə 16 il əvvəli xatırlayıb-xatırlamadığını söyləmək çətindir. Hər halda böyük ehtimalla xatırlaya bilər. Çünki məhz 1997-ci ildə Ərdoğanın həyatında yada salınmalı bir çox xoşagəlməzliklər yaşanmışdı. O zaman İstanbul bələdiyyəsinə rəhbərlik etmiş hazırkı baş nazir mitinqdə oxuduğu  şer səbəbindən 9 aylıq həbs cəzasına layiq görülmüşdü. Radikal İslam və radikal sol baxışların bir-birə zidd qütblərdə dayandığı həmin dövrün Türkiyəsində islamçılar bu hadisəyə münasibətdə sərt mövqe tutarkən, solçu cəbhədən kimsə səsini çıxartmamışdı. Təbii ki, Qayadan başqa. O demişdi: «demokratiya hamımız üçündür. Düşüncə azadlığının mənim üçün nə qədər var olması lazımdırsa, Tayyib bəy üçün də o qədər olması lazımdır. Kimsə oxuduğu bir şer səbəbindən azadlıqdan məhrum olunmamalıdır!»

Ə.Qayanın belə münasibəti solçuları özündən çıxartmışdı. Əhməd islamçı tələbələrin universitetlərə baş örtükləri ilə girmələrinə icazənin verilmədiyi dönəmdə «mən adi paltar geyinə bilirəmsə, o da hicab taxa bilər» bildirdikdə qəzetlərdəki köşə yazılarında demokratiya və azadlıq anlayışlarıyla əlaqədar dərin mübahisənin başlandığı elan edilmişdi.  «Məni sağçılar sevməz, məni solcular sevməz, məni islamçılar sevməz, yaxşı qardaşım, mənim albomlarımı alan milyonlar, konsertlərimə gələn on minlər kimlərdir?», - deyə hayqıran Qaya bu sualı verməkdə haqlı idi. Əslində 1997-ci ildə oxuduğu şer səbəbindən həbsə atılan Ərdoğanı müdafiə edərkən nə qədər haqlıydısa, 1999-cu ildə 10 fevral gecəsi doğma kürd dilində bir mahnı oxumaq istədiyini bəyan edəndə də bir o qədər haqlıydı: «Başqa bir dildə, məsələn, italyan, ərəb və ya ingiliscə mahnı söyləyəcəyimi desəydim, yenə vətən xaini elan edilərdimmi? Sizcə, hər yerdə eşitdiyimiz, danışılan bu dili tutalım mən bilməyim, bu dili bilən, bu dildə danışan milyonlarla insanla eyni torpaqda olmağım kimi obyektiv həqiqət varsa, bu dildə bir mahnı oxumaq istəyim Türkiyə xalqının, övladlarımın qarşısında vətən xaini kimi günahlandırılmamımı tələb edir?!» (Əhməd Qayanın kürdcə mahnı oxumaq istəyi səbəbindən üzləşdiyi məhkəmə prosesindəki çıxışından)

Hazırda E.Baxışın dediyindən bəlli olur ki, Əhməd Qayaya qarşı 14 il öncəki iddialar və tələblər əsassız imiş. Və türkiyəli nazir onu da yerində vurğulayır ki, Ə.Qaya azadlığının cəzasını vətən həsrəti çəkərək ödədi. Ancaq bu ödəmə heç də asan başa gəlmədi və bu, tanınmış müğənninin Parisdə səsləndirdiyi fikirlərdən də duyulmaqdaydı. Daşıdığı niskil ürəkləri kövrəltməkdə, gözləri doldurmaqdaydı: «Mən Türkiyənin cəzalarından heç birinə layiq deyiləm. Adam öldürmədim, kimsəni aldatmadım, soyğunçuluq etmədim, vergidən yayınmadım, namussuz olmadım, narkotik satmadım… Sadəcə düşündüklərimi söylədim. Bu an Parisin mərkəzində olmaqdansa, İstanbuldakı evimdə, bir ayağı qırıq manqalımın başında olmağı, adlarını bilmədiyim şərabların yerinə, qoxusunu və dadını heç vaxt unuda bilməyəcəyik bir qədəh rakı içməyi istərdim. Ya da boğaza enərək köftə-çörək yeməyi. Ardınca evə hər zaman olduğu tək küçələrdə polislərlə zarafatlaşaraq getməyi.

Təbii ki, belə bir adam məzarının da Türkiyədə olmasını istərdi. İlk gördüyündə dərin dərəyə bənzətdiyi İstanbuldamı, Malatyadamı, bu da maraqlıdır. Bir qədər öncə haqqında bəhs etdiyimiz millət vəkili V.Ağbaba iki il əvvəl Malatyada yenidən torpağa tapşırılmasının vacibliyini bildirmişdi. Çünki Qayanın dağları fəth edən yolçuluğu məhz Malatyadan başlamışdı.

Malatyadan başlanmış yol

Əhmədin atası Adıyamandan Malatyaya iş tapmaq üçün gəlmişdi. Kürd kökənli bu adam türk qadınıyla evlənmişdi. Ailədə sonuncu - beşinci övlad olan Əhməd dünyaya 1957-ci il oktyabrın 28-də gəlmişdi. Həmin vaxt nə parça fabrikində fəhlə kimi çalışan atasının dünyanı dəyişdirmək kimi iddiası, nə də doğulduğu qırx kvadratmetrlik evlərinin dünyanın gözəlliklərinin rahatca görünə biləcəyi pəncərəsi vardı. O illərdə təbiətin nemətlərini əsirgəmədiyi torpaqların gözəllikləri də ərşə çəkilmişdi. İkinci Dünya Müharibəsinin yoxsullaşdırdığı Türkiyə kiçik Əhmədin doğumundan üç il sonra cümhuriyyətin ilk böyük hərbi çevrilişinə şahid olacaq, edam kürsülərində baş nazirlərini, nazirlərini görəcəkdi. Həqiqətən həmin dönəmdə otuz dörd illik gənc dövlət çox böyük ağrılara sanki hamilə qalmışdı. Min illər ərzində din, qızıl və hətta bəzən qadın uğrunda milyonlarla insanın qanının töküldüyü Anadolu torpaqlarının acısı isə daha böyük idi.

Dolanışıq səbəbindən ailəsi Malatyadan İstanbula pənah aparmağı qərara almışdı. Türkiyədə köç dövrü kimi yadda qalan həmin vaxt yüzlərlə avtobus və yük maşını şərqdən qərbdəki şəhərlərə, xüsusən də İstanbula doğru yön almışdı. Hər gün minlərlə uşaq balaca Əhmədin də o zaman hiss etdiyi kimi, böyük şəhərin içlərinə saldığı qorxunu yaşamışdı. Qaya burada eyni dildə danışdıqları halda nitqindəki ləhcə səbəbindən özünə qeyri-ixtiyari aşıladığı «başqası» kompleksinin girovuna çevrilmişdi.

Qayanın və təlatümlü Türkiyənin həyatı

Ötən əsrin 70-ci illərinin ikinci yarısına doğru Türkiyədə inkişaf edən ictimai müxalifət özünə dayaq nöqtəsi tapa bilmirdi. Bu naməlum şəraitin soyuqluğunda ən çox üşüyənlərdən biri də Əhməd idi. Nəyin baş verəcəyinin bilinmədiyi məmləkətdə illər sonra dediyi kimi, özünü təsdiqləmək üçün mahnılar bəstələməkdə, pul qazanmaq naminə naçarcasına küçələrdə dolaşmaqdaydı. O günlərdə bədbinliyini və ümidsizliyini aradan qaldırmaq məqsədilə heç tanımadığı insanların olduğu toy salonuna girdiyini, dəli kimi özünü oradakıların içərisinə atıb ağlayaraq rəqs etdiyini illər ərzində unutmayacaqdı.

Başqası olmanın, çarəsizliyin birləşdirdiyi gənclər həyatı dəyişdirmək iddiaları ilə hər sahədə təşkilatlanmağa başlamışdılar. Qaya da inqilabçı yoldaşları kimi Xalq Elmləri Dərnəyinə gedib-gəlmiş və oradakı mədəni işlərə qoşulmuşdu. Dərnəkdəki yoldaşlarıyla musiqi və xalq oyunları nümayişlərini təqdim etmək niyyətilə Türkiyənin müxtəlif yerlərinə baş çəkmişdi. Həmin yoldaşların bir qismini 1977-ci ilin may ayının 1-də İstanbulun Taksim meydanındakı fəhlə bayramı təntənəsində ətraf binalardan indi də kimlər tərəfindən açıldığı bilinməyən atəş nəticəsində itirmişdi. Oradan sağ-salamat xilas olsa da, dost ölümlərinə şahidliyin ilk ağrısını Taksimdə yaşamışdı.

Ümumən Qayanın həyatı və yaradıcılığının Türkiyənin təlatümlü çağlarına təsadüf etdiyini söyləmək mümkündür. Bu mənada 1980-ci ilin 12 sentyabrını xüsusi vurğulamaq yerinə düşər. Həmin gün ölkə səhəri yuxudan marşların sədaları altında açmışdı - hərbi çevriliş baş vermişdi. Bütün hökümət kabineti və prezident həbsə atılmış, küçələrdə isə sanki bir ov başlanmışdı. Əhmədin yoldaşlarının çoxu tutularaq naməlum yerlərə aparılmış, gedənlərdən xəbər almaq mümkünsüz işə çevrilmişdi. O zaman təxmini hesablamalara görə, 600 min adam müxtəlif səbəblərlə həbsxana həyatına məhkum edilmişdi. Minlərlə insan işgəncədən həyatını itirmiş, qaçaq yollarla xaricə gedib başqa-başqa ölkələrə sığınmışdı.

Əhməd həbs olunmamış, amma yalqız qalmışdı. Çünki yoldaşları, demək olar ki, tanıdığı hər kəs qazamatda, yaxud bilinməyən yerlərdəydi. Həmin vaxt artıq evli olan Qaya dərdlərini musiqiyə çevirib izah etmək, həbsdəki dostlarına səsini çatdırmaq istəmişdi. Daha bir məcburiyyəti isə ailəsini dolandırmaqla bağlı olmuşdu. 1982-ci ildə qız övladı dünyaya gəlmişdi. Adını Çiğdəm qoymuşdu. Qaya bu hadisə münasibətilə qoşduğu bəstədə Çiğdəmin doğulduğu dünyanın pisliklərinə ağlamamasının, gələcəklə bağlı ümidlərini yaşatmasının vacibliyini vurğulamışdı: «Ağlama bəbəyim, ağlama sən də, ümid səndə, sabah səndə ... Çox uzaqda elə bir yer var, o yerlərdə xoşbəxtliklərin paylaşılmasına hazır həyat var ...»

Tezliklə həyat yoldaşı Əminə çətinliklər səbəbindən Çiğdəmi götürərək evi tərk etmiş və beləcə Qayanın ailəsi dağılmışdı. O, tamamilə tək qalmışdı. Qızını isə 1985-ci ildə çox böyük çətinliklərlə buraxdığı «Ağlama bəbəyim» adıyla çıxan albomunda yaşatmışdı. Ardınca İstanbulun o günlərdəki ən nüfuzlu salonlarından biri olan Şan Teatrında konsert vermiş, teatr binası gözlənilməz izdiham meydanına çevrilmişdi.

Kürd Qaya

90-cı illərdə Türkiyədə kürd məsələsi baş qaldırır. Ölkənin şərq və cənub-şərq vilayətlərində PKK ilə türk ordusunun mübarizəsi qısa zamanda təsirini bütün məmləkətə göstərməyə başlayır və indiyədək davam edən daxili müharibəyə çevrilir. Həmin dövrdə kürd deməklə PKK demək az qala eyniləşdirilir. Milyonlarla kürd və türk uzun illərdir, dost olaraq yaşadıqları coğrafiyada bir-birinə yad olan qüvvəyə çevrilir. Bu, elə bir dövr idi ki, PKK ilə əlaqəsi olmasa da, kürd dilinin və mədəniyyətinin qəbulunun, ona hörmət göstərilməsinin vacibliyini söyləyən bir çoxları vətən xaini adlandırılır. Əhməd Qayaya da ilk dəfə xain damğası məhz həmin vaxt vurulur.

Qaya çıxışlarında Türkiyə Cümhuriyyətinin bölünməsini deyil, daha da güclənməsini arzuladığını deyir, tam demokratik ölkədə hər irqdən olan insanla qardaşlıq şəraitində yaşamaq istəyini dilə gətirir. Vurğulayır ki, dövlət ölkədə kürdlərin də yaşadığını anlamalı, kürd dilini və mədəniyyətini tanımalı, şərqdə kürd əhalinin sıx məskunlaşdığı yerləri daha yaxşı təhsil və həyat şərtləri ilə təmin etməlidir. Heç bir zaman, heç bir təşkilatı dəstəkləmədiyini, sənətinin qurumlardan üstün mövqedə dayandığını bildirir, yalnız «kürd deyə bir şey yox» fikirlərinə qarşı çıxırdı. Mətbuatda «kürd» rubrikalı “Əhməd Qaya başlıqları” da sərtlik qazanırdı.

1996-cı il. Qayanın «Ulduzlar və yakamoz» adlı yeni yaradıcılıq məhsulu ölkənin ən çox satılan albomlarındandır. Hər musiqi toplusu hadisə olduğu kimi, hər söylədiyi fikir də böyük olaya çevrilirdi. Kürd dili və kürd mədəniyyətinə rəğbət ruhlu çıxışları ilə diqqət mərkəzinə gələn Əhməd artıq istənilən mövzuya münasibətilə də hədəfdəydi.

Küskünlük sənətkarın yaradıcılığına da təsir göstərir və 1998-ci ildə ikinci həyat yoldaşı Gültənlə birgə yaratdıqları GAK studiyasında (Gültən Ahmet Kaya) yazdıqları “Dosta düşmənə qarşı” albomu ərsəyə gəlir. Tezliklə bu toplu da satış rekordlarını qırır. Albomdan «Giderim» və «Qorxuram» adlı parçalar indinin özündə də böyük maraqla qarşılanmaqdadır.

Xainlik damğası

Bu arada Əhməd Qayaya vurulacaq və ölkəni tərk edərək Fransaya yollanmasına səbəb olacaq xainlik damğasının küləkləri əsməyə başlayır. Əslində 1999-cu ilin 10 fevralınadək də mövcud mənada bir sıra xoşagəlməzliklər baş vermişdi. Amma onların heç biri «Show TV»nin canlı efirində yaşananlar tək olmamışdı.

Qaya orada - Türkiyənin ən məşhur sənətçilərinin və simalarının olduğu bir salonda ölkənin ən yaxşılarının mükafatlandırılması mərasimində heç zaman heç bir sənət adamının üzləşmədiyi bir durumla üzləşir. E.Baxışın təbirincə desək, kürdcə mahnıya görə başı möhkəmcə ağrıyır. Hadisə isə belə olur - ilin müğənnisi adına layiq görülmüş Qaya səhnəyə alqışlarla çıxır, mükafatını alır, «Giderim» mahnısını oxumaq üçün mikrofonu əlinə alır və qarşıdakı həyatında dərin iz buraxacaq çıxışını səsləndirir: «Mən bu mükafat üçün İnsan hüquqları dərnəyinə, media təmsilçilərinə, bütün Türkiyə xalqına təşəkkür edirəm. Yeni hazırladığım və önümüzdəki günlərdə yayımlayacağım albomda kürtcə bir mahnı söyləyəcəyəm və bu mahnıya klip çəkəcəyəm. Aramızda bu klipi yayımlayacak ürəkli televiziya əməkdaşlarının olduğunu bilirəm, yayımlamasalar, Türkiyə xalqı ilə necə hesablaşacaqlarını bilmirəm».

Mərasim zalına çökən dərin sükutun ardınca 10 fevral gecəsi sanki Varfalamey gecəsinə çevrilir. Qaya məşhur «Giderim» mahnısını bitirdikdən sonra salonu etiraz səsləri bürüyür. Ona sağdan-soldan çəngəl-bıçaq atmağa başlayırlar. Həyat yoldaşı Gültənin və yaxın tanışlarının oturduğu masaya çətinliklə yaxınlaşa bilir. Bu qarışıq vəziyyətdə kameralara Əhmədin yalnız acı gülümsəməsi yansıyır. Qaya zalı tərk etmək məcburiyyətində qalır.

Qəzetlərin, televiziyaların gözündə isə həqiqi vətən xaininə çevrilmiş Ə.Qaya 1999-cu ildə Türkiyə ilə İstanbul hava limanında dost-tanışlarının yolasalma mərasimi olmadan sağollaşır və Fransaya üz tutur. Parisdə yaşadığı müddətdə konsertlərini verir, çıxışlarını davam etdirir. Mətbuat yenə də onun fikirlərinə istinad edir, dedikləri ilə müxtəlif manipulyasiyalara yol verir. O, «mənim hesabım türk xalqıyla, ya da Türkiyə Cümhuriyyəti ilə deyil, mənim problemim özüm kimi ağlayan kürd xalqı ilədir» deyərək car çəkir. Türkiyədə isə hələ vətənində olarkən başlanılmış məhkəmə prosesinin yekununda ona 3 il 9 ay həbs cəzası verilir. Bu, geri dönmənin mümkünsüzlüyü anlamına gəlir.

Sol romantizm süqut edir…

Ə.Qayanın Parisdə yaşadığı bir il ömrünün son ili olur. 2000-ci il noyabrın 16-da 43 yaşında ürək tutmasından dünyasını dəyişir. 43 ildə biri sağlığında işıq üzü görməmiş 18 albom, 200-ə qədər mahnı, Türkiyə xalqının yaddaşında ən az bir misra buraxıb gedir. Ürəyinin içindəki hüznü daşıya bilməyib dayandığı günün ertəsi onu son mənzilə yola salmaq üçün Parisə Türkiyədən və Avropanın hər yerindən 30 mindən çox pərəstişkarı toplaşır. Həmin vaxtın qəzetlərindəki manşetlərdə «Kürtcə kaseti çıxara bilmədi», «Ürək xəstəliyindən öldü», «Əhmət Qaya ürəyinə məğlub oldu», «Sürgündə öldü», «Məmləkətinə küsgün getdi», «An gələr, bitər məhəbbət» kimi başlıqlar yer alır.

Sonda onu da deyək ki, Türkiyənin təlatümlərdən qurtulduğu anın gəldiyini birmənalı söyləmək çətin olsa da, hazırda ölkənin ictimai rəyi böyük əksəriyyət etibarilə Ə.Qayanı oxuduğu «Yorğun demokrat» mahnısında canlandırdığı demokrat obrazında görür. Bir vaxtlar onu meydandarda tək buraxmış dostları indi kürd dilincə mahnılar oxuyurlar, adını bayraq edərək, məzarının Vətəninə gətirilməsini tələb edirlər.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə