Bir dayan görüm... (TƏƏSSÜRAT)

Mustafa SAATCI

İlk dəfədir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə tarixi, memarlıq abidələri, təbiəti və zəngin mədəniyyəti ilə göz oxşayan “Yaşıl ada” - Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edirəm... Ərcan Hava Limanından Lefkoşaya aparan yolboyu göz işlədikcə uzanan qızılı tarlalar yaddaşıma həkk olur. Salam Kipr!..

Kiprin məlum 8000 illik tarixini salamlayırıq. Bizdəki ilk xoş təəssüratı gözoxşayan təbiət və gülərüz Kipr xalqı oyadır. Əsrlərlə mühüm geosiyasi əhəmiyyətə malik Aralıq dənizində yerləşən bu adanın sakinlərində buraya xas təbii bir asudəlik müşahidə edirik... Hər şey ahəstə-ahəstə...

Hava limanından çıxanda ilk qarşılaşdığım kiprli Şimali Kipr Türk Cümhuriyyətinin Bakıda təmsilçisi işləyən Zəki Qazioğlu idi. Maşınların yolun solundan çay kimi axması, əhalinin şirin ləhcəsi, Lefkoşanın sarı daş binaları və bir-birindən gözəl qapıları yaddaşımda qalan ilk mənzərələrdir... Və şübhəsiz ki, şən meydanları, coşqun insanları...

Buralara gəlməkdə gecikməyimdən doğan hüzndənmi tənhalıq və ümidsizlik hissi məni çulğamışdı, yoxsa Kiprin ana təkin mehribanlığı, istiqanlılığımı məni ağuşuna almışdı, bilmirəm. Ancaq onu bilirəm ki, bu “yavru vətən” bir toxunuşla bütün yaralarımı sağaltdı, bir busə ilə bütün nigarançılığımı aradan qaldırdı, ətri ilə ruhumu cana gətirdi, səsi ilə damarımda axan qanı cuşa gətirdi.

Həmişə acığım tuturdu Kiprin övladlarına, ləngər vura-vura, yavaş-yavaş yeridiklərinə, yorulduqlarına, özlərinə qapandıqlarına, ruhlarının istilasına razı olduqlarına görə...

Acığım tuturdu Kiprin övladlarına, elə hey şikayətləndiklərinə, günahkarı kənarda axtardıqlarına, bir-biri ilə didişdiklərinə görə...

Acığım tuturdu Kiprin övladlarına, keçmişi tez unutduqlarına, qərar verməkdə tələsdiklərinə, tez təslim olduqlarına görə...

Bu səfərdə Kipr təbəssümlə layla çaldı, oxşadı məni... “Bir dayan görüm”, - dedi... “Dayan görüm... Sən hələ məni tanımırsan”. Göz qırpıb gileylənirdi: “Övladlarımdan şikayət edirsən... halbuki sən də tələm-tələsik qərar verirsən, sən də tez ümidsizliyə qapılırsan. Əslində övladlarımı ittiham etməklə öz məğlubiyyətini sorğu-sula çəkirsən...”

Qulağıma gələn o mehriban səs aram-aram hirsimi soyutdu... Yəqin bildiyi nəsə var Kiprin... Övladlarına bu qədər güvənirsə, sözsüz bir bildiyi var...

ŞKTC-nin Prezidenti Dərviş Əroğlu, Baş Nazir İrsən Küçük, xarici işlər naziri Hüseyn Özgürgün, turizm, ətraf mühit və mədəniyyət naziri Ünal Üstəl ilə rəsmi görüş keçirdik. Bununla yanaşı, televiziya, qəzet, universitet və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə birgə seminarlar keçirib, təcrübə mübadiləsi apardıq. Bu görüşlərdə Kiprin öz övladlarına güvənməkdə nə qədər haqlı olduğunu öz gözlərimlə gördüm.

Qonaqpərvərliyini, haqq mübarizələrini bezib-usanmadan dünyaya çatdırmağa çalışdıqlarını gördükdən sonra Kiprə ümidim artdı. Üstəlik, siyasi baxımdan təkcə Türkiyə Cümhuriyyəti tərəfindən tanınan ŞKTC-nin ali məktəblərində təhsil alan yüzdən artıq ölkənin tələbələri ilə özünü bütün dünyaya tanıtdığını gördüm, qəlbim sevincə qərq oldu.

Kiprin övladlarının Azərbaycana sevgi və məhəbbətini görməyimə, Kiprə qarşı düşüncələrimin dəyişməsinə səbəb olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərliyə, nümayəndə heyətinə və bütün kiprlilərə təşəkkür edirəm.

Milli mübarizədə yolun açıq olsun, ey doğma Kipr...

Bax: Sevginin yaratdığı Güc 

Bax: Qorxunun yaratdığı Güc...

"Zaman Azərbaycan" qəzeti, 30 aprel 2013-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə