«Don kixot» plagiatdır? (İDDİA)

İspan tədqiqatçıları belə demək istəməsələr də, dediklərindən başqa nəticə çıxmır

 

İspan tədqiqatçılarının fikrincə, Migel de Servantes elmi əsasları bədii yaradıcılığa gətirən ilk yazıçılardandır. Onlar Servantesin xüsusən də səhiyyə ilə əlaqədar klassik traktatlardan yararlandığını önə çəkirlər və bu önə çəkmə dahi qələm adamını plagiatda günahlandırmağa oxşayır. Hərçənd ideya müəllifləri belə bir niyyətlərinin olmadığını önə çəkirlər.

XVII əsrdə «Vikipediya» və sair bu kimi məlumat vasitələrinin mövcudsuzluğu şəraitində Servantesin evində 214 tomluq kitabxana var idi ki, yazıçı həmin nəşrlərdəki materiallardan yaradıcılığını sənədli əsaslarla zənginləşdirmək məqsədilə istifadə edirdi. Məsələn, məlumdur ki, «Don Kixot» əsərində baş qəhrəmanın evinə kitablarını yandırmaq istəyilə girilən zaman oradan cəngavər romanı tapılır. Kahin kitabları məhv etməzdən öncə orqanizmin təmizlənməsi üçün qanqalın suyundan içməyin vacibliyini deyir. İspan alimi Fransisko Lopes Munos bildirir ki, əsərin bu hissəsində söylənilənlər Servantesin kitabxanasındakı «Dioskorides» kitabından eynilə köçürülmədir. «Dioskorides» isə tibb elmi haqqında məşhur traktatlardan sayılır. Əsəri bizim eranın I əsrində yunan həkimi Pedasio Dioskorides yazıb. Sözügedən şəxs Roma imperatorları Neronun, Kaliqulanın və Klavdinin zamanındakı müharibələrdə cərrah kimi iştirak edib. Servantesin kitabxanasında «Dioskorides» XVI əsrin tanınmış ispan həkimlərindən olan Andres Laqunanın əsərə verdiyi şərhlərlə birgə saxlanılır. Həkim həmin şərhləri 1554-cü ildə nəşr etdirmişdi ki, bu barədə Amerika ispanşünası Daniel Eyzenberq də söhbət açır. Eyzenberqin və elə F.L.Munosun da bildirdiyinə görə, Laquna öz kitabında Dioskoridesin I əsrdə orqanizmin təmizlənməsi ilə bağlı həyata keçirdiyini Servantesin «Don Kixot»da tərif etdiyi kimi göstərirdi.

Hazırda İspaniyanın qızıl əsri və elmi barəsindəki kitab üzərində işləyən Munosun irəli sürdükləri yuxarıda söylənilənlərlə bitmir. Amma alim Servantesin demək olar, sözbəsöz köçürməsinə plagiat kimi baxmağın tərəfdarı da deyil. Onun fikrincə, Servantes yaradıcılığının elmi əsaslandırılmalarla çulğalaşmasına can atan ilk yazıçılardan olub.

Maraqlıdır ki, digər müəlliflər, məsələn, tarixçi Fransisko Xavyer Puerto Servantesin «Dioskorides»i heç vaxt oxumadığını iddia edir. Onun sözlərinə görə, yazıçı onsuz da həkimlərin olduğu ailədə böyümüşdü və buna görə də tibb sahəsindəki biliyi yüksək ola bilərdi. Ancaq Lopes Munos inandırıcılıq baxamından daha dolğun dəlillər ortaya qoyur.

Qeyd edək ki, Lopes Munos və digər ispan alimi Alamo 2007-ci ildə İspaniyanın yeganə elmi jurnalı olan «Anales Cervantinos»da çıxan məqalələrində həkim Laqunaya istinadən loğmanların hallisunasiya yaratma təsirləri barədə söz açıblar. Onlar bildiriblər ki, Servantes məhz bu haqda özünün «İtlərin söhbəti» novellasında bəhs edib.

Laquna loğmanlıqla hallisunasiya yaradan müxtəlif bitkilərin öyrənilməsinin əlaqəsinə dair fikir bildirən ilk həkimlərdən olub. «Dioskorides»in şərhində də bu barədə yazıb. Lopes Munos və Alamonun qeyd etdiklərinə görə, Laquna yuxu gətirən və otlardan hazırlanmış xüsusi maddə tapıb. Onu ilk dəfə bir qadının üzərində təcrübədən keçirib. Maddənin təsiri həddən artıq çox olduğundan qadın dəlilik həddinə çatıb. Daha sonra Laquna maddəni özü qəbul edib və 36 saatlıq yuxuya gedib. Ayılanda isə ona elə gəlib ki, dünyanın bütün sevincini və həzzini yaşayıb. Servantes isə bu maddənin gətirdiyi təəssüratları oxşar səhnələrlə «İtlərin söhbəti»inə də qələmə alıb.

Servantes «Don Kixot»da həmçinin rozmarin vasitəsilə yaraların müalicəsini təsvir edir. Həmin təsvir də «Dioskorides»də yazılanların təkrarıdır. Yazıçı eyni zamanda opiumun narkotik təsirini («Qısqanc estremaduralı» əsərində), bəzi pereparatların hallisunasiya yaradan xüsusiyyətlərini («Lisensiat Vidriyer» əsərində) və müxtəlif zəhərləri göstəricilərini təsvir etmişdi. Lopes Munos və Alamo isə  həmin təsvirlərin hamısının Laqunanın kitabındakılarla üst-üstə düşdüyünü vurğulayırlar.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə