«Ərəb baharı»nın piramida qarəti dövrü (MƏDƏNİ TƏCAVÜZ)

«Ərəb baharı» nəticəsində Hüsnü Mübarək rejiminin süquta uğramasına baxmayaraq, Misirdə vəziyyət heç də sabit deyil. Ölkənin ayrı-ayrı yerlərində özbaşınalıqlar hökm sürür, iqtisadi göstəricilər aşağı düşüb, yeni hakimiyyətə qarşı narazılıqlar günbəgün artmaqdadır. Bütün bunlar öz yerində. Haqqında bəhs edəcəyimiz məsələ isə piramidalar ölkəsinin mədəni abidələri ilə bağlı durumun da acınacaqlı hala düşməsindən xəbər verir.

Yerli arxeoloqların məlumatlarına görə, Misirin maddi mirası açıq qarətə məruz qalır. Əhəmiyyətli tarixi komplekslərdəki nümunələr müxtəlif istiqamətlərə daşınır. Vəziyyət o qədər acınacaqlı şəkil alıb ki, belə hərəkətə yol verənlər üçün xüsusi adlandırma da mövcuddur - «qara arxeoloqlar». Hazırda Gizə, Luksor, Sakarra kimi özündə qədim keçmişi yaşadan yerlərin abidələri məhz onların təcavüzüylə üzləşib. Dünya tarixinə sağalmaz yara vurduğu bildirilən sanksiyalaşdırılmamış qazıntı işləri qədim Dahşur şəhərində də aparılır. Həmin Dahşurdakı ki, orada Misirin IV sülaləsinin banisi Snofrunun piramidaları mövcuddur.

Şəhərdə indiyədək sistemli arxeoloji qazıntılar həyata keçirilməyib. Alimlərin fikrincə, indiki dövrdə tədqiqat adı altında məsələyə kortəbii yanaşma tərzi qədim çarlığın tarixi ilə bağlı yeni bilgilərin öyrənilməsinə maneçilik yarada, piramidaların tikintisinin əsl səbəblərinin və yollarının aşkara çıxarılmasını əngəlləyə bilər. Məsələn, yerli arxeoloq Monika Hanna bildirir ki, Dahşurda marodyorlar Snofrunun piramidası ətrafında mənasız dəlik yaradıblar. Bu, tikilinin dayanıqlılığı baxımından təhlükəlidir. Misirşünas onu da deyir ki, sözügedən şəhərdə qazıntı işləri heç də bir-iki nəfər tərəfindən aparılmır. Prosesə içərisində əli silahlıların da yer aldığı, təxminən 40-a yaxın üzvü olan dəstələr cəlb olunublar. Deməli, sırf qarət məqsədilə həyata keçirilən işlərdə müəyyən planlaşdırma da var. Dahşurdakı kompeksin mühafizəçisi Səid Hüseynin bildirdiyinə görə, həm polis, həm də milli qvardiya inqilabdan sonra meydana çıxmış «qara arxeoloqların» özbaşınalıqlarına tam laqeyd yanaşır. Komplekslərin mühafizəçilərinə silah verilmir. Öz növbəsində Misirin Qədim Abidələr Nazirliyinin əməkdaşı Kamal Vahid inqilabdan sonra turizmin iflasa uğramasının tarixi nümunələrin qorunub saxlanması üçün də maliyyə çatışmazlığı yaratdığını vurğulayır. O, eyni zamanda diqqətə çatdırır ki, maddi mədəniyyət abidələrinin tədqiqi bahalı texniki avadanlıqlar tələb edir və buna görə də «qara arxeoloqların» həmin avadanlıqları əldə etmək imkanları yoxdur. Yenə də belə çıxır ki, məsələ daha çox qarət mahiyyəti daşıyır. Ümumən Misirdə qanunsuz qazıntıların hələ inqilabdan öncə də aparıldığı bildirilir, ancaq «ərəb baharı»ından sonra proses kütləviləşib. Əks tədbirlər isə görülmür.

Qeyd edək ki, Mübarəkin zamanında Dahşur rayonu YUNESKO-nun dünya mədəni irsi siyahısına salınmışdı və ərazi hərbi zona olduğundan orada istər yerli, istərsə də xarici arxeoloqlara iş aparmağa icazə verilmirdi. Buna görə də hazırda marodyorlar tədqiq olunmamış şəhərə daha çox maraq göstərirlər. Çox güman, məşhur firon Tutanhamonun qəbrinə oxşar sənət şedevri tapa biləcəklərinə ümid edirlər. Lakin hələlik onlar elə bir şey tapa bilməyiblər. Belə həvəskarların tapıb ortaya çıxardıqları isə asanlıqla qara bazarlara yol tapır və çox ucuz qiymətə satılır. Bundan başqa Dahşur qəbirlərindən aşkara çıxarılanların Avropa bazarlarına daşınması da baş verir ki, bu da məsələyə yaxşı təşkilatlanmış qruplaşmanın rəhbərlik etdiyini söyləməyə əsaslar verir. Belə bir məlumat da var ki, artıq Avropa bazarlarına əsrarəngiz Qahirə muzeyinin, eləcə də Misirin digər milli qoruqlarının eksponatları da çıxarılır.

Mövcud özbaşınalıq durumunda yeni hakimiyyətin hələ Mübarək dövründə ölkədən aparılmış eksponatların geri qaytarılması ilə bağlı fəaliyyət apardığına dair məlumatlar olduqca maraqlı təsir bağışlayır. Eyni zamanda Misirin yeni rəhbərləri Böyük Britaniyadan qiymətsiz Rozetta daşını geri qaytarmağı tələb edir. Rozetta daşının tarixi əhəmiyyəti onun köməyilə Misir heroqliflərinin sirrinin açılmasından ibarətdir.

Rəsmi Qahirənin xaricdən ölkəyə gətirmək istədiyi digər maddi mədəniyyət nümunələrinə gəldikdə, bunlar Berlinin Misir muzeyindəki Nefertitinin, Böyük Piramidanın memarı Hemiunun heykəlləridir. Ancaq mətləbdən yayınmayaraq deyək ki, Misir hakimiyyətinin hazırda dünya mədəniyyətinin incisi sayılan abidələri yetərincə qorumaq iqtidarında olmadığı aydındır. Hakimiyyət əldə olan abidələrin saxlanılmasına zəruri vəsait ayırmır, digər tərəfdən də «qara arxeoloqlar» ordusu at oynadır. Hazırkı vəziyyətdə ölkə xaricindəki abidələri tələb etmək əlbəttə, gülünc təsir bağışlayır. O da görünür ki, təxminən beş ildən sonra Misirə qədim dünyanın incisi kimi yanaşmaq mümkünsüzləşəcək.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə