Bir eşq hücrəsində oxunan dualar

Telli PƏNAHQIZI

Poeziya sözün sehri ilə Tanrı dərgahına yüksələn İnsan duasıdlr

Şair var bircə misrasından bəllidir içindəki duyğuların çəkisi, şair də var ki, yüz bəndinin biri də sənin tükünü belə tərpətmir, sadəcə vaxtına heyfin gəlir, az qalırsan dönüb o saatlardan üzr istəyəsən ki, onları bihudə yerə xərclədin getdi.

Elçin Mirzəbəyli birincilərdəndir. Yəni onun misraları sənin ürəyini elə şəfqət və mərhəmətlə isidir, bütün vücudunu elə səmimiyyətlə sarır ki, elə bilirsən bunlar sənin sözün, sənin kəlmən, sənin qəlbinin döyüntüləridir, ancaq bir azca kənardan, bir azca utana-utana boy göstərir, yerini nişan verir: mən burdayam, mən burdayam-deyir:

Gözünün üstünə süz həsrətimi,

Ölüm bir ilahi baxışın üstə.
Çəksinlər sonuncu portretimi,
Saçını isladan yağışın üstə!

Bu misralar elə fırçasız, boyasız da çəkdilər o aşiqin portretini! Amma mənim üçün, yəni söz adamı, poeziya vurğunu üçün önəmli olan bu portretin cizılması deyil, vacibi Elçinin o narın yağış damlasında o portreti görmək, oxucusunu da ona inandırmaq məharətidir!

Üşüyür əllərim, 
buzdu göz yaşın- 
Bir ovuc istilik ummağa qoymur.
Yarama basdığın duzdu göz yaşın,
Ölürəm...
Gözümü yummağa qoymur!

Şairlik heyrətdir! Hər kəsin gündə min yol söylədiyi sözə bədii don biçmək məharətisə Tanrının seçdiyi və sevdiyi insanlara lütf etdiyi istedad, vergidir! Bəlkə elə bu üzdən şair sözü halallıq sevir, onun hər kəlməsi az qala Tanrı pıçıltısı qədər müqəddəs və pünhandır ki, bunun da nə demək olduğunu yalnız o kəslər bilir ki, onlar ürəyinin qanını bir parça kağıza sıxıb özünü bu minvalla ovutmağa cəhd edir. Hər gün içində qaladığı tonqalın odunda yansa da yenə dözür, geri çəkilmir, usanmır, yorulmur:

Dəli bir haray var içimdə, Tanrım,

Bu yorğun səsimin gücünə sığmır.

Sığmır bu dünyanın bir dəli eşqi,

Min yerdən çat verən içimə sığmır.

Skeptiklər bəlkə də "min yerdən çat verən içimə sığmır" ifadəsi ilə razılaşmayacaqlar, "insanın içi divar, ya ağac deyil ha, çat verə"- deyəcəklər. Bəlkə də, haqlı da sayılacaqlar, çünki onlar bu ağrının, bu əzabın, bu çatın yaratdığı fəsadların nə olduğunu bilmirlər axı! Amma şair Elçin Mirzəbəyli bilir, ona görə ki, onun bu eşq aləmində Məhəmməd Füzuli boyda bir istinadgahı, ustadı var:

Ya Rəbb! Bəlayi eşq ilə qıl aşina məni,

Bir dəm bəlayi -eşqdən etmə cüda məni.

Eşqi bəla bilən dahi Füzulinin bu günkü xələfi də bu bəlanı Ulu Yaradanın öz bəndəsinə verdiyi ən gözəl duyğu, ən ali hiss kimi qəbul etdiyindən düşünüb da-şınmadan:

Bitəcək yer üzünün nisgilli yağışları,
Çarəsiz sevgilərin ümidsiz göz yaşları.
Bitəcək sinəm üstə sevdamın baş daşları,
Bu ağrı bitməyəcək, bitməyəcək bu ağrı...-deyir!

Görəcən bu ağrının bitməsini istəyirmi aşiq? Yenə göz önünə Füzuli babamız gəlir:
Aşiqəm, dersən, bəlayi-eşqdən ah eləmə, 
Ah edib əğyarı əsrarindən agah eləmə.

Elçin Mirzəbəyli də eşq oduna tutuşan həqiqi aşiqlərdəndir! Təbii ki, bu eşq təkcə onun könlünü çalan bir gözələ, bir yer vətəndaşına, əks cinsin nümayəndəsinə olan sevgisi, məhəbbəti deyil. Burada daha dərin mətləblər var. Çünki həqiqi poeziya bu duyğuların fövqündə dayanan, müqəddəs bir hissdir! Poeziya özünü dərkdir, poeziya sözün sehri ilə Tanrı dərgahına yüksələn İnsan duasıdlr!

Mən ilk dəfə Elçin Mirzəbəylinin şeirlərini oxuyanda ona belə bir ismarıc yollamışdım: "Sizin şeirlərinizdəki məhəbbət göz yaşı kimi müqəddəs və dupdurudur! Adam bu göz yaşlarında bögulmaqdan qorxmur, əksinə təmizlənir, saflaşır və dönüb bu yaş dənəciklərindən öpmək, onu öz gözlərinə yığmaq istəyir. Niyə? Çünki orada həqiqi ağrı var, elə dərunu iztirablar var ki, hər qəvvas o dəryanın dibindəki çınqılların, qumların, yosunların arasında gizlənən incini görə bilməz!"

Elçin özünü yazan şairdir - deyib də bu qeydlərimi möhürləmək istərdim. Amma hər şeyə maraq göstərən sıravi oxucunun sadəlöhv bir inadla verəcəyi suallar qulaqlarımda cingildəyir və əminəm ki, şeirdən daha çox müəllifin daxili dünyasına, şəxsi yaşantılarına maraq göstərənləri (təəssüf ki, belələri daha çoxdur) cavabsız qoysam, yazım tamamlanmayacaq! Elə bu səbəbdən belə bir açıqlama vermək istəyirəm. Bəzən sevgi şeirlərini oxuyan oxucu o dəqiqə fikirləşir ki, "görəsən şair bu şeiri yazarkən konkret kimi nəzərdə tutub, bu hissləri yaşıyıbmı, ona da sevdiyi insan xəyanət edibmi, o da sevgisindən yarımayıbmı, və s. Müəllif "yox!" desə belə heç kəs ona inanmayacaq, deyəcək ki, "ürək yanmasa, gözdən yaş çıxmaz!" 

Böyük məmnuniyyətlə şeirlərini oxuduğum Elçin Mirzəbəyli də elə bilirəm ki, hisslərinin kölgəsində daldalanmaq niyyətində deyil. Çünki onun yaşantıları sənin, mənim, onun, bir sözlə, zərif qəlbli, poetik əhvallı bütün İnsanların yaşantısıdır. Ürəyində Tanrı xofu, qəlbində Allah sevgisi olan şairlər İlahi eşqin nə demək olduğunu hər kəsdən daha yaxşı anlayır, onu sözə çevirəndə də özlərini deyil, yalnız o Sehri, o Əzabı, o Narahatlığı və o İzirabı, yəni SƏNİ -qarşısında ondan möcüzə və alışan ruhuna bircə çimdik səhər şehi çilənməsini arzulayan Söz sərrafını düşünür! 

Bir eşq hücrəsində duam yarımçıq-
Nə sən eşidirsən, nə mən bilirəm.
Məbədi dağılmış, hücrəsi uçuq

Bir eşqi özümə kəfən bilirəm!-deyir şair və sən yenə onun səmimiyyətinə inanır- san, onun sözünün işığında az qala müşkül sevgilərin, ümidsiz eşqlərin də son mənzildə olsa belə sənə kəfən əvəzi bürünək olacağına heç şübhə etmirsən və içində tərtəmiz bir uşaq saflığı gəzdirən şair Elçin Mirzəbəylinin sığındığı eşq hücrəsində özünə yer axtarırsan. İstəyirsən ki,bu hücrədə şairin yeni bir səhərə hamilə gecənin qulaqlarına oxuduğu duaya sənin də səsin qarışsın:

Yoruldum qapımı döyən küləkdən,

Üşüdür bu soyuq ev məni, Tanrım!

Sən də mənim kimi tənhasan, təksən,

Sev məni, sev məni, sev məni Tanrım!

Tanrı ilə bağımız qədim-qayım,Ulu Yaradana məhəbbət və sevgimiz əbədi olsun, Elçin bəy! Allah dualarımızı qəbul etsin! Amin!!!

www.baymedia.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə