Hay ver mənə, leytenant...

Yaxud üç dostun hekayəti
Yaxud üç dostun hekayəti
Bəxtiyar QARACA

 

Bu gün iki dostun - Mübariz İbrahimovun yolu ilə gedən Fərid Əhmədovla Əhməd Abdullayevin şəhadət günüdür

Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə qəhrəmanlar böyütmüşlər. Onların verdiyi tərbiyə - vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə ucaltmışdır.

Üç il əvvəl tarixi bir gün yaşadıq. Həmin gün Milli Qəhrəman Mübariz İbrahimovun və şəhid baş leytenant Fərid Əhmədovun cənazələri son mənzilə yola salınırdı. Şəhidlər xiyabanında böyük qələbəlik var idi. O gün qəhrəmanlarımız yaylım atəşi altında torpağa tapşırıldı və Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Hər tərəfdə üçrəngli bayrağımız görünürdü, elə tabutların üzərində də. Bunu Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dövlət başçısına üz tutaraq söylədiyi çıxışında xüsusi qeyd etdi: "9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü ilk dəfə keçiriləcəkdir. Mən fəxr edirəm ki, bizim şəhidlərin tabutu Azərbaycanın Dövlət bayrağına bükülüb. Mən bir daha Sizə təşəkkür edirəm. Çox sağ olun deyirəm, hörmətli Prezidentimiz".

Həmin gün bütün şəhidlərimizlə yanaşı, daha üç şəhid əsgərin - Cəlilabadda Əhməd Abdullayevin, Bakıda Fərid Əhmədovla Mübariz İbrahimovun ruhu silkələnərək ayağa qalxdı...

Qəhrəmanlar harada doğulur...

Deyirlər ki, qəhrəmanlıq hamının ürəyində var, amma onun üzə çıxması şəraitdən asılı olaraq müxtəlif cür olur. O igidliyi, qəhrəmanlığı içində boğaraq özü ilə bu dünyadan aparanlar da az deyil. Cəlilabadda Fəridin doğulduğu evdə hər şey ondan danışır - qapıdakı ağaclar da, onun ayaq səslərinə həsrət qalan pilləkənlər də... Fərid Əhmədovun anası Nərgiz xanım həm həsrətdən, ayrılıqdan, həm də bunlardan danışır: "Fərid uşaqlıqdan çox qeyrətli, namuslu, istedadlı, ümumiyyətlə qeyri-adi idi. Uşaq vaxtlarında gözəl şəkillər çəkərdi. Həmin şəkillərdə də vətənpərvərlik hissləri vardı. Rəsmlərində cəngavərlik səhnələrini təsvir etməyi xoşlayırdı. Bir dəfə də şirlə pələngin döyüş səhnəsini canlandırmışdı. Həmişə mənə deyərdi ki, bunları elə-belə çəkirəm. Bir dəfə oturarsan, sənin şəklini də çəkərəm".

Fəridin yoxluğu indi ananı dünyanın ən kədərli, tənhalıq və acılarla dolu bir tablosuna, şəklinə çevirib. Burada nədənsə köhnə müharibənin ağrılarından danışan Əli Kərimin sözləri yada düşür:

Qəlpələrin torpağa

sərdiyi cavanların

analarını kədər

meydan boyu səpələr...

Nərgiz xanım deyir ki, Fəridin yas məclisinə gələn kurs yoldaşı danışırdı ki, o, bir dəfə dərsdə şəkil çəkirmiş. Birdən müəllim soruşur ki, sən orada neyləyirsən? Fərid şəkli müəllimə göstərir. Müəllim heyranlığını gizlədə bilməyib deyir: "Fərid, sənin ki belə istedadın vardı, hərbiyə niyə gəlirdin, gərək rəssam olaydın". Fərid həm də gözəl şeirlər yazardı. Uşaqlıqdan mərd, sözübütöv idi. Məktəb illərində öz yoldaşlarını müdafiə edərdi. Hər işini özü həll edər, çox şeyləri mənə deməzdi. Hərbi Akademiyada oxuduğu müddətdə iki dəfə əməliyyat keçirmişdi: bir dəfə qıçından, bir dəfə əlindən. Amma mənə 3-4 ay keçəndən sonra bildirmişdi. İstəmirdi ki, narahat olum".

 Amma artıq üç ildir ki, Fərid özündən sonra böyük bir boşluq və narahatlıq qoyub gedib. İndi övladından daha çox narahat olan Nərgiz xanım vaxtilə Fəridin ona yazdığı bir şeiri oxumaqdan doymur. Bu şeiri Fərid onun ad gününə göndərdiyi şəklin arxasına yazıb:

Həyatda şərəfim, qəlbdə

qürurum,

Qollarımda gücüm, gözümdə

nurum,

Güvəncim, qeyrətim, ürəyim,

ruhum,

Qibləgahım anam, Kəbəm

atamdır.

Fərid bu şəkli çəkdirəndə və bu sözləri yazanda bilmirdi ki, bütün bunlar onun anası və yaxınları üçün ən gözəl, ən acı və əvəzedilməz bir hədiyyə olaraq qalacaq. Dörd il idi ki, Fərid atasını itirmişdi və onun üçün Nərgiz xanım həm ana idi, həm də ata. Ömrünü körpə uşaqların tərbiyəsinə həsr edən Nərgiz Əhmədova hələ 1999-cu ildə "İlin müəllimi" adına layiq görülmüşdü. Onu "illərin valideyni" edən isə Fəridin qəhrəmanlığı və təkrarsız taleyi oldu.

1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olan Fərid 1992-ci ildə N.Gəncəvi adına Cəlilabad rayon 1 saylı orta məktəbin birinci sinfinə gedib. 2003-cü ildə məktəbi bitirib Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub. 2007-ci ildə oranı əla qiymətlərlə bitirən Fərid Əhmədov rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir, kursu uğurla başa vuraraq leytenant rütbəsi alır və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilir. Xidmətə başlayandan sonra Türkiyəyə göndərilir. Orada 6 ay yüksək təlim kurslarını başa vurur, fərqlənmə nişanı və diplomla təltif olunur. Sonra yenidən Gəncədəki "N" saylı hərbi hissəyə xidmətə qayıdır. 2009-cu ildə Fərid öz ərizəsi ilə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayır. Qısa müddət ərzində orada hörmət və etimad qazanan Fərid Əhmədov kəşfiyyat bölüyünün komandiri təyin edilir.

 

Bacısı deyir ki, "Fərid 9-cu sinifdən hərbi məktəbə hazırlaşırdı. Həm özünün marağı vardı, həm də atası onun hərbçi olmasını istəyirdi. Hərbi məktəbə qəbul olunandan sonra evimizə təşəkkürnamələr gəlməyə başladı. Yazırdılar ki, belə övlad böyütdüyünüzə görə çox sağ olun. Təsadüfi deyil ki, sonralar Türkiyədə təhsil alanda ona sertifikat verən türk general Fəridin əlini sıxaraq demişdi: "Sən əsl hərbçisən!" Cəmi iki uşaq idik ailədə: bir bacı, bir qardaş. 5 ay əvvəl, aprel ayında özü toyumu eləyib məni gəlin köçürdü. Deyərdi ki, Gülü, nə çətinliyin varsa, mənə de". Bacısı indi içindəki dərdi, həsrəti, yaşadığı çətinlikləri bölmək, danışmaq üçün qardaşını axtardığını deyir: "Fərid bizi yenə unutmur, indi də gəlir, amma yuxularda... Yaxşı ki, heç olmasa yuxularda bizi tək qoymur. Həmişə yuxuda görürəm ki, qapımızın ağzındadır, özü də həmişəki kimi gözəl, qüvvətli və məğrur..."

Qolundakı çapıq sonradan ürəklərdə bir yara oldu

Fəridin qısa həyat yolu bir anlığa Nərgiz xanımın gözləri önündən gəlib keçir: "Yadımdadır, Fəridin 8 yaşı vardı, evimiz tikilən zaman idi, bir dəfə oynayanda dəmir qolunu kəsdi. Həkim tikiş qoymalı oldu. Həmin tikişin izləri qalmışdı. Həmişə zarafatla mənə deyərdi ki, narahat olmayın, itsəm, məni bu çapıqla taparsınız. Elə bil hər şeyi bilirdi. Onun bu uşaq zarafatı kədərli gerçək oldu. Sonradan xəstəxanada biz Fəridi əlində və qolundakı həmin çapıqla tanıdıq..."

Nərgiz xanım deyir ki, Fərid Türkiyədən qayıdandan sonra özü ərizə yazıb döyüş bölgəsinə - Tərtər rayonuna xidmətə gedib. Çox şeyi bizə bildirmirdi. Hər dəfə zəng edəndə deyirdi ki, Gəncədə işlərim yaxşı gedir, narahat olma. Sonradan hərbi hissənin rəisi, zabitlər bildirdilər ki, Fərid necə xidmət göstərib, hərbi hissədə hamının hörmətini qazanıb, bir komandir kimi orada möhkəm  nizam-intizam yaradıb. Onun bacarıqlı olduğu diqqətdən yayınmır. Fəridə leytenant rütbəsi verilir və qərargah rəisi onu rota komandiri təyin edir. O vaxt Fərid çox gənc idi, cəmi 23 yaşı vardı. General şəxsən özü Fəridə demişdi ki, sən yeganə zabitsən ki, 23 yaşında bu məqamı qazanmısan. Mənə deməmişdi, amma sonradan bildim ki, Fərid kəşfiyyat bölməsinin də rəisi imiş...

Sentyabrın 3-dən 4-nə keçən gecə...

Nərgiz xanım deyir ki, iyul ayında məzuniyyət götürüb Bakıya bacımgilə getmişdim. Fərid zəng etdi ki, ana, gəlmək istəyirəm, üçgünlük məzuniyyət götürəcəyəm. Mən də dedim onda Bakıya gəl. Cavabında Fərid bildirdi ki, ana, sən qal istirahət elə, mən gedim rayona, Cəlilabada getmək istəyirəm. Balam ildə iki-üç dəfə mənim əziz qonağım olurdu. Ürəyim necə dözərdi? Beləliklə, mən də getdim rayona. İyulun 14-15-i olardı. Əhvalı mənə xoş gəlmədi Fəridimin. Narahat oldum. Hələ də bilmirəm ki, o nə üçgünlük məzuniyyət idi. Elə bil vidalaşmağa gəlmişdi. Gələn kimi bacısını görməyə getdi. Gedəndə də mənimlə pilləkəndə görüşdü, onu darvazaya qədər ötürməyə qoymadı. Mən evdə olmayanda mobil telefonunda Mübariz İbrahimovun şəkillərini nənəsinə göstərib, deyib ki, gör necə oğuldur! Vaxt gələcək, mən də şəhid olacağam.

Fəridin orta məktəb dostları da bu evi, onun uzun bir yolda olan sahibini tək qoymurlar. Danışırlar ki, Fərid Mübarizin nəşinin düşmən tərəfdə qalmasına görə çox narahat idi, həmişə deyərdi ki, biz necə hərbçiyik ki, onu qaytara bilmirik. Telefonunda Mübarizin şəkillərinin üstündən yazmışdı ki, biz səninlə fəxr edirik. Xatırladaq ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirib. Həmin il hərbi xidmətə çağırılıb. Daxili Qoşunların "N" saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə xidmət edib, çavuş rütbəsi alıb. 2007-ci ildə hərbi xidməti başa vurandan sonra bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqust ayında öz arzusu ilə hərbi xidmətə qayıdıb. Bu dəfə artıq gizir kimi xidmət keçməyə başlayıb. 2010-cu ilin aprel ayından Tərtər rayonunun "N" saylı hərbi hissəsində xidmət edib. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Birinci kursda oxuyanda Ramil Səfərov Fəridə dərs demişdi. Sonradan Ramil Macarıstanda həbs olunanda Fərid özünə yer tapa bilmirdi.

Nərgiz xanım Fəridin son döyüşündən elə danışır ki, elə bil həmin vaxt doğma balasının yanında imiş. Bəlkə də: "Sentyabrın 3-də kapitan Əhməd Abdullayevlə birlikdə (o da bizim rayondan idi) kəşfiyyata gediblər. Əhməd yaralananda Fərid rabitəçi və əsgərlərə əmr edib ki, Əhmədi götürüb geri çəkilsinlər. Özünü ermənilərin səngərinə ataraq Əhmədə deyib ki, "Sən ailəlisən, balaların var, get, səni qoruyacağam!" Fəridin kəşfiyyatdan qayıtmadığını eşidəndə yoldaşları da sərhədi keçmək istəyiblər..."

Fərid Əhmədovun dostları onun evinə tez-tez baş çəkirlər: "Fərid uşaqlıqda çox sakit, tərbiyəli və mədəni oğlan idi. Fəridlə əməliyyatda olan yaxın dostu rayonumuza gəlmişdi. Deyirdi ki, Fərid əməliyyatdan bir neçə gün öncə çox narahat idi. Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılmamasını da çox ürəyinə salırdı. Əməliyyata gedəndə deyib ki, mən gedəcəm, Mübarizi də gətirəcəm. Fərid getdi və Mübarizi gətirdi. Amma öz meyiti ilə birlikdə. Bu əməliyyatın əmr və ya şəxsi istəkləri hesabına olduğunu bilmirik. Bizim Cəlilabaddan olan digər şəhidimiz Əhməd Abdullayev hündür bir yerdə gözləyirmiş. Bu zaman görüb ki, Fərid erməni əsgərləri ilə döyüşür. Bu məqamda Əhməd əsgərləri oradan uzaqlaşdırıb. Daha sonra özü Fəridin cəsədini götürmək üçün ermənilər olan yerə qayıdıb. Bu zaman Əhmədi də güllə ilə vurublar. Ancaq Əhməd ölməyib, sürünə-sürünə bizə tərəf gəlib.  Əhməd Abdullayev də Fərid Əhmədovla bir əməliyyatda şəhid olub. Hətta biz sonradan bildik ki, Fərid əməliyyatdan öncə Əhmədə deyib ki, sən getmə, uşaqların var. Amma buna baxmayaraq, Əhməd həmin əməliyyata gedib və orada şəhid olub. İndi onun Hüseyn və Nihad adında iki uşağı atasız qalıb..."

Fəridin dayısı Aslan müəllim üçün o günlər bitib-tükənməyən xatirələrdir:

"Biz nəsillikcə namaz qılırıq, oruc tuturuq. Fərid də namaz qılırdı. Onu uşaqlıqdan kiçik dayısı öyrətmişdi. Hərbi məktəbə gedənə qədər namazını qılardı. Amma sənəti ilə əlaqədar sonradan vaxtın azlığına görə qıla bilmədi. Qəhrəmanlıqla həlak olduğu həmin gün Ramazan ayına təsadüf elədi və o gün Fərid oruc idi.  Biz təkcə dayı-bacıoğlu yox, sanki yaxın dost idik. Fərid qeyrət, namus çəkən idi. O, haqqın tərəfdarı idi. Bir dayı kimi Fəridin qəhrəmanlığı mənim üçün həm fərəhli, qürurverici, həm də kədərli bir işdir. Burada sevinc, kədər, vətənpərvərlik hamısı birləşib. "Uzaq sahillərdə" Fəridin ən çox sevdiyi film idi. Necə ki Mehdi Hüseynzadə şəkillər çəkirdi, o da elə olmaq istəyirdi. Necə ki Mehdi Hüseynzadə "Mixaylo" ləqəbi ilə tanınırdı, Fərid də düşmən tərəfdə hansısa bir ləqəblə tanınırmış. Hətta onu vuran ermənini general şəxsən özü səngərdə mükafatlandırmışdı. Bu haqda erməni televiziyalarında məlumat verilmişdir".

Ölümə sözardı

Nərgiz xanım söyləyir ki, Fərid indi də yuxularımda məndən halallıq istəyir... Xalası Kəmalə Həsənova isə deyir. "Hərbi məktəbə imtahan verməyə gələndə Fərid bizdə qalırdı. Bir dəfə evə gec gəldi. Çox narahat oldum. Dedi ki, mənə görə narahat olma, sən bilmirsən ki, mənə heç nə olan deyil?!

Doğrudur, indi Fərid də, Əhməd də heç nə olmamış kimi evlərinə gəlirlər. Amma artıq olan olub... İndi hamı, bütün Azərbaycan onlardan, öz qəhrəman övladlarından danışır. Onların ata yurdu - Biləsuvar və Cəlilabaddakı evləri də artıq böyük bir ziyarətgahı xatırladır. Mübarizin şəhid olduğu gündən - iyunun 18-dən xeyli vaxt keçməsinə baxmayaraq, respublikamızın hər yerində olduğu kimi, Biləsuvarda da hamı ondan danışır. Onun böyük şücaəti dillərdə gəzir. Rayonda ictimai yerlərdə və şəxsi maşınlarda üçrəngli bayraqlara, şəhidin şəkillərinə tez-tez rast gəlmək olur. Şəhidin ata yurdunda isə məktəblilərdən tutmuş yaşlı insanlara qədər hamı Mübarizin doğulduğu evə axışır.

Cəlilabad şəhərinə girər-girməz küçələrdə Azərbaycanın üçrəngli bayrağını və Fərid Əhmədovla Əhməd Abdullayevin şəkillərini görmək olur. Buranın ağsaqqalları deyirlər ki, qəhrəmanlarla fəxr edirlər. Cavanları isə bildirirlər ki, müharibə olsa, onlar ön cəbhədə vuruşmağa  hazırdırlar. Əhməd Abdullayevin məzarı Cəlilabadın mərkəzindəki qəbiristanlıqdadır. Fəridin anası Nərgiz xanımla Əhmədin anası Firəngiz xanım uzun illər bir bağçada çalışıblar. İndi də hər ikisi eyni taleyi bölüşməkdədirlər.

Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bunları söyləyib: "...Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Fərid Əhmədov döyüş vəzifəsini icra edərkən həlak olmuşdur. Hər ikisi ölümündən sonra Azərbaycan dövləti tərəfindən yüksək mükafatlarla təltif olunmuşdur. Mübarizin və Fəridin qısa və şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi... Bu gün, eyni zamanda, çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir".

Bunu isə şəhid övladları valideynləri adından baş leytenant Fərid Əhmədovun anası Nərgiz Əhmədova dedi: "Cənab Ali Baş Komandan, möhtərəm Prezident, bütün şəhid anaları adından Sizə təşəkkürümü bildirirəm. Bu iki cəsədin alınmağında Sizin böyük zəhmətiniz, hünəriniz oldu. Verilməyə də bilərdi, qala bilərdi. O, ana üçün, bütün Vətən üçün ikiqat ağır ola bilərdi, ağır bir dərd olaraq qala bilərdi. Şəxsən Sizə öz təşəkkürümü bildirirəm. Həm qürur duyuram, həm fəxr edirəm. Qürur duyuram ona görə ki, balam Vətən yolunda, Vətənin azadlığı, torpaqları uğrunda qurban gedib"...

 

"Azərbaycan" qəzeti, 4 sentyabr 2013-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə