“Qafqaz İslam Ordusu - 95” müsabiqəsinin qalibləri mükafatlandırdı

 

Sentyabrın 14-də Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) “Azərbaycan Xalq Cümhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsi çərçivəsində “Qafqaz İslam Ordusu - 95” mövzusunda KİV təmsilçiləri arasında yazı müsabiqəsinin yekunlarına həsr olunmuş konfrans keçirib. 

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov 1918-ci ildə Bakıda bolşevik-daşnak birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımlara diqqət çəkərək, bu qətllərın qarşısının alınmasında Qafqaz İslam Ordusunun xidmətlərinin əvəzsiz olduğunu bildirib. Ə. Amaşov qeyd edib ki, Nuru Paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusunun bir neçə aylıq gərgin mübarizəsi sentyabrın 15-də tarixi qələbəylə nəticələndi. Məhz bu qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti varlığını hiss etdi. Bakı əbədi olaraq Azərbaycanın paytaxtına çevrildi. “Mürəkkəb tarixi şəraitdə belə bir zəfərin qazanılması olduqca vacib idi. Bakının işğal altında qalması təkcə müstəqilliyi yenicə elan olunmuş respublikanın varlığını təhdid etmirdi. Əgər işğal davamlı xarakter alsaydı, Bakının sonrakı tarixi mərhələdə, elə sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan torpağı kimi qalıb-qalmayacağı şübhəli idi. Bu amil sonradan, yəni ölkəmizin ikinci dəfə müstəqilliyini elan etdikdən sonra nə kimi mənfi nəticələr doğura bilərdi - zənnimcə, belə cəhətlərə də diqqət yetirmək lazımdır. Çünki bolşevizmin liderləri, o cümlədən Lenin Bakı ilə bağlı xüsusi planlara malik idilər. Bakını Azərbaycandan ayırmaq məsələsi gündəmə gələ bilərdi və hamıya məlumdur ki, tarixdə mövcud istiqamətdə cəhdlər olub. Hesab edirəm ki, Qafqaz İslam Ordusunun misilsiz missiyası Azərbaycan xalqını bütövləşdirdi, ona dönməzliyi, öz amalları, malik olduğu dəyərlər  uğrunda savaşmağı aşıladı”, - deyə Ə.Amaşov vurğulayıb.

ATXƏM-in sədri İlham İsmayılov çıxışında bildirib ki, rəhbərlik etdiyi təşkilat Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak birləşmələrindən azad etdiyi günü – 15 sentyabrı hər il xüsusi qeyd edir: “Mərkəzimiz Nuru Paşanın adının əbədiləşdirilməsi ilə bağlı rəsmi qurumlara məktubla müraciət edib. Biz ötən hər ildə 15 sentyabr tarixinin daha geniş ictimai dəstək qazandığını görürük. Lakin tarixi yaşantımızın daha böyük ictimai sferada tanıdılmasında mətbuatın xüsusi yeri var. Təşkilatımız məhz bunu nəzərə aldı və Qafqaz İslam Ordusunun 95-ci yubiley ilinin Azərbaycan Mətbuat Şurası ilə birgə keçirilməsini təklif etdi. Şura məsələyə pozitiv yanaşaraq, tədbirə dəstək verdi. Azərbaycan Mətbuat Şurası və ATXƏM 15 avqust 2013-cü ildən etibarən “Azərbaycan Xalq Cumhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsi çərçivəsində “Qafqaz İslam Ordusu-95” mövzusunda KİV-lər arasında yazı müsabiqəsi elan etdi. Müsabiqənin məqsədi Bakının 1918-ci ilin sentyabrında bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və onun görkəmli sərkərdəsi Nuru Paşanın rolunun media vasitəsilə geniş ictimayyətə çatdırılması olmuşdur. Ümumən müsabiqə KİV-lərin Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki roluna dair materiallarının daha peşəkar tərzdə təqdimatını stimullaşdırmağı, milli mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından müstəsna önəm daşıyan mövzunu hər zaman diqqətdə saxlamağı, mövcud istiqamətdə yeni jurnalist araşdırmalarının meydana çıxmasına şərait yaratmağı nəzərdə tutmuşdur”. 

Tədbirdə çıxış edən xalq şairi Nəriman Həsənzadə qeyd edib ki, Azərbaycan xalqı 1918-ci ildə erməni-bolşevik qətllərindən qurtulduğuna görə Nuru Paşaya mənəvi olaraq borcludur. “Biz bir xalq olaraq bu mənəvi borcu onun adının layiqli bir şəkildə əbədiləşdirilməsi ilə qaytara bilərik. İnanıram ki, bir gün Bakıda Nuru Paşanın əzəmətli heykəli önündə onun xatirəsini yad edəcəyik”. 

Konfransa Türkiyədən qatılan İstanbul Azərbaycan Dərnəyinin sədri  Səfər Karakoyunlu, Qafqaz İslam Ordusunun əsgəri Hüseyn əfəndinin oğlu İhsan Özköseli, Türkiyəli yazar və aydın Abbas Göyce də mövzu ətrafında geniş çıxış edərək, bildiriblər ki, Azərbaycan-Türkiyə arasındakı tarixi əlaqələr yalnız dostluq, qonşuluq münasibətlərinə deyil, ortaq tarixə, mədəniyyətə və eyni soykökə bağlılığa əsaslanır.

“Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı,  Milli Məclisin deputatı Qənirə Paşayeva, tarix elmləri doktoru, professor Anar İsgəndərli, BDU jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev də çıxışlarında Qafqaz İslam Ordusunun tarixi xidmətlərindən danışaraq, Azərbaycan xalqının taleyində xilaskarlıq missiyasını yerinə yetirmiş Nuru Paşanın adının əbədləşdirilməsini vacib sayıblar. T.Rüstəmxanlı bu məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlanmasının zəruriliyini vurğulayıb. Qafqaz İslam Ordusunun xidmətlərinin tarixi aspektlərindən ətraflı bəhs edən tarixçi alim A.İsgəndərli diqqəti ordunun eyni zamanda mənəvi missiya yerinə yetirməsinə də yönəldib: “Ordu rəsmi ordu deyildi. Avropada aparılan aramsız müharibələrdən yorğun düşmüş əsgərlərə bildirmişdilər ki, Xəzər sahillərində müsəlman bacı və qardaşların yardıma ehtiyacı var. Bu yardımın göstərilməsinin vacibliyi onlara əmr formasında yox, könüllülük prinsipinə əsasən deyilmişdi. Qürurverici məqamdır ki, həmin əsgərlərin hamısı Bakıya gəlməyə razılıqlarını ifadə etmişdilər. Hesab edirəm ki, bunun vurğulanması son dərəcə vacibdir”.

Milli Məclisin deputatı Qənirə Paşayeva istər 15 sentyabr tarixinin, istərsə də ona aparan yolun bir ibrət səhnəsinə şahidlik etdiyini dilə gətirib. Bu səhnə ortaq türk mənafelərini rəhbər tutur. Q.Paşayeva belə önəmli hadisələrin bütövlükdə türk dünyasına çatdırılması üçün ortaq tarixi kitabların yazılmasının vacibliyini vurğulayıb.

Toplantıda həmçinin Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya Bakıda abidə ucaldılması ilə yanaşı, ona Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi, paytaxt küçələrindən birinin böyük sərkərdənin adını daşıması barədə təkliflər də irəli sürülüb. 

Tədbirdə xalq şairi Nəriman Həsənzadənin “Nuru Paşa” poemasından parçalar səsləndirilib. N.Həsənzadə bu poemaya görə ATXƏM-in xüsusi diplomu ilə təltif edilib. Azərbaycan-Türkiyə tarixi ənənələrinin yaşadılmasına və ölkələr arasındakı əməkdaşlığın dərinləşdirilməsinə yönələn xidmətlərinə görə İstanbul Azərbaycan Dərnəyinin sədri  Səfər Karakoyunluya, Qafqaz İslam Ordusunun əsgəri Hüseyn əfəndinin oğlu İhsan Özköseliyə, Türkiyəli yazar və ziyalı Abbas Göyceyə Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olunub.

Sonda MŞ və ATXƏM-in elan etdiyi yazı müsabiqədə fərqlənən jurnalistlərə mükafatlar təqdim edilib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə