Elmin Mirzəcanzadə zirvəsi (XATİRƏ)

Xoşbəxt YUSİFZADƏ, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik

Azad Mirzəcanzadə

Coşqun və uğurlu elmi-pedaqoji fəaliyyəti, cəsarətli və orijinal elmi ideyaları və onları gerçəkləşdirmək istedadı, mexanika və neft-qaz yataqlarının işlənilməsi sahəsində dünya praktikasında ilk dəfə təklif etdiyi qanunlar, metodları və sistemli analizləri ilə ölkəmizdən uzaqlarda da böyük şöhrət qazanmış akademik Azad Xəlil oğlu Mirzəcanzadə yaddaşlarda Azərbaycan elminin fəxri, onun ən parlaq simalarından biri kimi yaşayır.

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Fitri istedadı, sərbəst düşünmək və mürəkkəb məsələlərin həllinin optimal yollarını tapmaq bacarığı müəllimlərinin diqqətini çox tez cəlb etmiş, onlarda böyük heyrət doğurmuşdu. Orta məktəb imtahanlarını ekstern yolu ilə verərək bitirmiş və 15 yaşında ikən Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) tələbəsi olmuşdu. Bu, Azad Mirzəcanzadə fenomeninin ilk cücərtisi, ilk parıltısı idi.

Az sonra bu fenomen dünya elmində güclü mayaklardan birinə çevrildi. A.Mirzəcanzadə artıq 23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 34 yaşında Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü oldu. Bu nailiyyətlər böyük elmi istedadla yanaşı heyrətamiz işgüzarlıq, elmlə həyatın bağlılığının, istehsalatın elmdən gözləntilərinin alim tərəfindən dəqiq müəyyən edilməsi sayəsində əldə olunmuşdu.

Elmi laboratoriyalar hələ tələbəlik illərindən A.Mirzəcanzadənin ikinci "ev"inə çevrilmiş və əmək fəaliyyətinə də o, elmi laboratoriya əməkdaşı kimi başlamışdı. İnstitutu bitirdikdən sonra kiçik və böyük elmi işçi, Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunun, Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun laboratoriya və neft ekspedisiyası bölməsinin rəhbəri, Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika və geofizika kafedralarının elmi işçisi olmuş və elə gənc yaşlarından həmkarlarının diqqətini ən müxtəlif elmi problemlərə qeyri-standart yanaşma tərzi ilə cəlb etmişdir. Təsadüfi deyil ki, 1957-ci ildə Azad Mirzəcanzadə fenomenal nəzəriyyə sayılan özlü-plastik mayelərin hərəkətinə həsr olunmuş doktorluq dissertasiyasını müdafiə edərkən məşhur akademik Aleksey Antonoviç İlyuşin demişdir: "Mən bu işdən daha çox faydalandım, nəinki Mirzəcanzadə məndən - özünün elmi rəhbərindən. Müəllif neft ədəbiyyatında ilk dəfə olaraq, özlü-plastik mayelər hidrodinamikası əsərini yaratmışdır".

Bu sözlər o dövrdə Sovet İttifaqının ən gənc elmlər doktorlarından birinin - Azad Mirzəcanzadənin elmi işinin müstəsna əhəmiyyətinə, alimin yüksək elmi qabiliyyətinə verilən layiqli qiymət idi. Onu da qeyd edək ki, A.Mirzəcanzadənin doktorluq dissertasiyasında irəli sürdüyü elmi fikirlər 1959-cu ildə onun "Azərneftnəşr" tərəfindən buraxılmış "Neftçıxarmada özlü-plastik və özlü mayelərin hidrodinamikası məsələləri" adlı monoqrafiyasında uğurla inkişaf etdirilmişdir.

Mən bu görkəmli alimin dünyanın bütün neft ölkələrində "Mirzəcanzadə mayeləri" kimi tanınmış özlü-plastik mayelərin hərəkətinə həsr olunmuş tədqiqatlarının ilk şahidlərindən biriyəm və deyə bilərəm ki, bu tədqiqatların əsası açıq dənizdə - Neft Daşlarında qoyulmuşdur.

Tarixə qısaca ekskurs edərək demək istəyirəm ki, vaxtilə keçmiş SSRİ məkanındakı bir sıra regionlarda - Tatarıstanda, Başqırdıstanda və s. yeni neft yataqları kəşf edilərkən onların işlənməsinin nəzəri əsaslarının yaradılması problemini həll etmək lazım gəldi. O vaxtlar keçmiş İttifaqda sovet neft elminə məşhur alimlər - Krılov və Şelkaçov kimi akademiklər rəhbərlik edirdilər ki, onlar da yeni yataqların işlənməsinin nəzəri əsaslarının yaradılmasını ən mühüm məsələlərdən biri kimi qiymətləndirirdilər.

Yeni yataqlardan biri də ötən əsrin 40-cı illərinin sonunda Xəzər dənizində aşkar olunmuş nəhəng "Neft Daşları" yatağı idi. Yatağın işlənməsinin layihəsi üzərində çalışmalar artıq o vaxt kifayət qədər tanınmış alimlərə - gələcək akademiklər Azad Mirzəcanzadəyə, Midhət Abbasova və bu sətirlərin müəllifinə həvalə olunmuşdu. Moskvada neft elminin nüfuzlu nümayəndələri qarşısında layihə forma və məzmun cəhətdən yüksək səviyyədə təqdim edilməli və müdafiə olunmalı idi. O vaxtadək topladığımız zəngin elmi təcrübəyə və istehsalat təcrübəsinə baxmayaraq biz çox həyəcan keçirirdik. Nəhayət, işi tamamlayıb, təqdimata hazır olduğumuzu bildirdik. Layihənin müdafiəsi müvəffəqiyyətlə keçdi və gözəl rəylər doğurdu.

"Neft Daşları" yatağının elmi əsaslarla işlənməsində akademik A.Mirzəcanzadənin özlü-plastik mayelərin hərəkətinə həsr olunmuş tədqiqatlarının xüsusi əhəmiyyəti həmişə qeyd edilmişdir. Bizim Azad müəllimlə təxminən altmış il bundan qabaq Neft Daşlarında başlanmış, illərin sınağından çıxmış dostluğumuz və əməkdaşlığımız isə bu böyük alimin vəfatınadək davam etmişdir.

Mən onun alim müdrikliyi barəsində söylədiklərini indi də kəlməbəkəlmə xatırlayır və çox istəyirəm ki, özlərini elmə həsr etməyi  qərara almış gənc tədqiqatçılar da akademik Azad Mirzəcanzadənin bu sözlərini unutmasınlar: "Təcrübə müdrikliyə aparan etibarlı yoldur, lakin onun qarantı deyildir. Müdriklik şahidi və iştirakçısı olduğun hadisələrin nə dərəcədə yaxşı və dərindən dərk edilməsi ilə ölçülməlidir".

Müdrik insanın və alimin - Azad Mirzəcanzadənin zəngin elmi irsi Azərbaycan və dünya elminə onun bəxş etdiyi çox qiymətli kəşflər və ixtiralar dəfinəsidir. Bu dəfinə alimin  dərc edilmiş 500-dən çox elmi məqaləsindən, 80 monoqrafiyasından, 50 ixtirasından, bir sıra orijinal fikir və ideyalarından, elm və həyat haqqında düşüncələrindən ibarətdir. Bütün bunlar Azərbaycan elminin fəxri, elmimizin Mirzəcanzadə zirvəsidir.

Akademik Azad Mirzəcanzadə neft-qaz yataqlarının başlanğıc və mövcud vəziyyətini, eləcə də layların neft və qaz-kondensat veriminin gələcəkdə maksimum artırılması nəzərə alınmaqla işlənilməsinin nəzəriyyə və təcrübəsinə çox mühüm yeniliklər gətirmiş, qaz-kondensat və qeyri-Nyuton neftli yataqların işlənməsi nəzəriyyəsini, mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsaslarını işləyib hazırlamışdır. Onun təşəbbüsü ilə axtarış-kəşfiyyat işlərindən tutmuş neftin və qazın nəqlinədək neft sənayesinin ən müxtəlif sahələrinin nəzəri tətqiq edilmişdir. Özlü-plastik hidravlik sürgülü dərinlik nasoslarının A.Mirzəcanzadənin "Hidravlik sürgülü dərinlik nasoslarının tətbiqinin nəzəriyyə və təcrübəsi" monoqrafiyasında öz əksini tapmış yeni konstruksiyası alimin istehsalatda tətbiq olunmuş mühüm işlərindən biridir.

Azad Mirzəcanzadənin rəhbərliyi ilə məsaməli mühitdə qazların qeyri-stasionar süzülməsinə dair məlumatlar əsasında süxurların sorbsiya qabiliyyətinin təyin olunması metodikası işlənib hazırlanmış, dəniz neft-qaz və qaz-kondensat yataqlarının işlənməsinin nəzəri əsaslarının yaradılması üzrə kompleks elmi-praktik proqram yerinə yetirilmiş, neft elminin bir sıra digər aktual problemləri öyrənilmiş və uğurla həll edilmişdir.

Ümumiyyətlə, akademik A.X.Mirzəcanzadənin çoxşaxəli tədqiqatları neft sənayesinin ən mürəkkəb problemlərini, o cümlədən neft və qaz yataqlarının istilik rejimi, qazma məhlullarının dinamikası, neft və qaz quyularının qazılması prosesində mürəkkəbləşmələrin hidrodinamiki səbəbləri, neft və qaz yataqlarının hidrotermik tədqiqatları, dərində yatan neft yataqlarının işlənməsinin xüsusiyyətləri, təzyiqi doyma təzyiqindən aşağı olan yataqların işlənməsi, neft hasilatı polimerlərinin tədqiqi, neft hasilatı proseslərində və qazın nəqlində səmərəliliyin yüksəldilməsinin metodları kimi məsələləri əhatə etmişdir.

Belə bir faktı da qeyd etmək çox xoşdur ki, akademik Mirzəcanzadənin tədqiqatları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inkişafında xüsusi rol oynamışdır. 1990-cı ildən başlayaraq, Mirzəcanzadənin təşəbbüsü və rəhbərliyi  ilə Azərbaycan Dövlət Neft Akademiyasının nəzdindəki "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutunda Dövlət Neft Şirkətinin rastlaşdığı bir sıra problemlərin həllinə yönəldilmiş tədqiqatlar aparılmışdır.

Onun mühüm elmi-təcrübi və istehsalat əhəmiyyəti olan tədqiqatlarından biri dəniz neft-qaz yataqlarının işlənməsi prosesinin idarə olunmasının müasir üsullarına həsr edilmişdir. A.Mirzəcanzadə çətinliklə çıxarıla bilən karbohidrogen ehtiyatlarının işlənməsinin dinamiki təhlilinin əsasını yaratmışdır. Alınmış nəticələrin sənaye sınaqları ilk dəfə olaraq Azərbaycanın dəniz neft yataqlarında müvəffəqiyyətlə keçirilmişdir. Bunun da nəticəsində "Dəniz neft, qaz və qaz-kondensat yataqlarının işlənməsində texnoloji proseslərin təhlili üzrə Metodiki Rəhbərlik" və "Dəniz neft, qaz və qaz-kondensat yataqlarının işlənməsinin layihələndirilməsi və təhlili üzrə Müvəqqəti Metodiki Rəhbərlik" kimi mühüm sənədlər meydana gəlmişdir.

İnstitutun və ARDNŞ-nin neft-qazçıxarma müəssisələrinin mühəndis xidmətləri arasındakı sıx əlaqə sayəsində neft-qazçıxarma sahəsində bir sıra mövzular üzrə elmi-tədqiqat işləri yerinə yetirilmişdir. İnstitut 70-dən artıq elmi əsər nəşr etdirmişdir ki, bu əsərlərin bir qismi akademik A.Mirzəcanzadənin redaktəsi ilə nəşr olunmuş "Dəniz neft-qaz yataqlarının işlənməsinin fraqmentləri" monoqrafiyasında toplanmışdır.

Azad Mirzəcanzadənin bilavasitə rəhbərliyi altında qazmanın texnika və texnologiyasına aid olan işçi boru üçün protektorun yeni konstruksiyasının işlənməsi, dərin quyularda baltanın kritik işlənmə   müddətinin idarə olunması, dərinlik mühərrikləri üçün sökülüb-yığılan mərkəzləşdiricilər kompleksinin yaradılmasının elmi cəhətdən əsaslandırılması kimi aktual məsələlərin həlli Dövlət Neft Şirkəti üçün mühüm əhəmiyyət kəsb etmişdir. Ümumiyyətlə, akademik A.X.Mirzəcanzadənin rəhbərliyi altında Dövlət Neft Şirkətinə göstərilən elmi-texniki yardımın təhlili göstərir ki, respublikanın həm quru, həm də dəniz yataqlarında istehsalat prosesləri zamanı qarşıya çıxan bir sıra texniki və texnoloji    problemlərin aradan qaldırılmasına biz bu böyük alimlə birgə işin nəticəsində nail olmuşuq.

Akademik Mirzəcanzadə Azərbaycanın neft-qaz sənayesində 2006-2010-cu illər üçün elmi tədqiqatların 4 proqramdan ibarət konsepsiyasını təqdim etmişdi. Konsepsiya elmi-tədqiqat işlərinin aparılması, neft yataqlarında işlənmənin son mərhələsi, işlənmənin təhlili və dərində yerləşən qeyri-Nyuton neft yataqlarının işlənməsinin başa çatdırılması üçün təkliflərin hazırlanması, eləcə də sinerqetik yanaşmalar əsasında işlənmə proseslərinin idarə olunması məsələlərini əhatə edirdi. Uğurla həyata keçirilmiş bu konsepsiya çərçivəsində neftvermə əmsalının yüksəldilməsinə yönəldilmiş ən mütərəqqi texnologiyalardan biri nanotexnologiyadır.

Azərbaycanda neft və qazçıxarmada nanotexnologiyanın yaradılması ideyası akademik Azad Mirzəcanzadəyə məxsusdur. Onun bilavasitə rəhbərliyi ilə bu sahədə bir sıra nəzəri, eksperimental problemlər ARDNŞ ilə birgə öyrənilmiş və son illərdə özünün geniş tətbiq sahəsini tapmışdır. Bu texnologiya mayenin quyuda deemulsasiya prosesini fəallaşdırır, bu isə eyni zamanda neftvermə əmsalını artırır, quyuların sulaşma səviyyəsini aşağı salır, enerji sərfinə qənaət etməyə imkan yaradır. Bu gün nanotexnologiyadan neftin emalı, hazırlanması, nəqli,   saxlanması sahələrində yaranan problemlərin həllində istifadə olunmasının da zənnimizcə, böyük perspektivi var.

2010-cu ilin sentyabrında UNESCO-nun Fransa paytaxtındakı mənzil-qərargahı neft sənayesində nanotexnologiyaların işlənib hazırlanması və tətbiqi sahəsində nailiyyətlərinə görə Azərbaycan Dövlət Neft Şirkətinin bir qrup mütəxəssisinin bu nüfuzlu beynəlxalq təşkilatın fəxri medalı ilə təltif edildiyini bildirdi. Üzərində UNESCO-nun emblemi və "Nanoelmin və nanotexnologiyaların inkişafında xidmətlərinə görə" sözləri həkk olunmuş bu medala layiq görülənlərin siyahısı akademik A.X.Mirzəcanzadənin adı ilə başlanırdı. Bu, böyük alimin və mütəfəkkirin elmi irsinin onun ölümündən sonra da beynəlxalq elmi ictimaiyyət və Azərbaycan neftçiləri tərəfindən yüksək qiymətləndirilməsinin daha bir parlaq təzahürü oldu.

Ömrünün son illərində Azad müəllim neft və qaz hasilatında nanotexnologiyanın tədqiqi və tətbiqi problemi ilə yanaşı neftçıxarma proseslərinin optimallaşdırılması məsələləri üzərində çalışırdı və onun araşdırmaları elmdə böyük yeniliklər vəd edirdi.

Yalnız bir məqalə, yaxud bir məruzə çərçivəsində A.X.Mirzəcanzadə kimi qüdrətli bir elm fədaisinin gördüyü işləri və yazdığı əsərləri müfəssəl dəyərləndirmək mümkün deyil. Lakin qətiyyətlə demək olar ki, neft və qaz sahəsində onun tədqiqatları və əldə etdiyi nəticələr son dərəcə məhsuldar çalışan və ən başlıcası, elmi araşdırmalarının istiqamətini düzgün müəyyən edən bir alimin zəkasının məhsuludur. A.X.Mirzəcanzadənin müxtəlif illərdə Bakıda, Moskvada və xarici ölkələrdə nəşr edilmiş əsərləri - "Neft və qaz yataqlarının işlənməsi və istismarı", "İxtisasa giriş", "Neft-mədən işində rəqsi hərəkətin nəzəriyyəsi", "Fiziki proseslərin mexanikası", "Özlü-plastik mayelərin qeyri-stasionar hərəkəti", "Neft və qaz laylarının fizikası", "Yeraltı hidravlika", "Riyazi mozaika", "Təhsilin humanitarlaşdırılması barəsində etüdlər", "Azərbaycanın neft konsepsiyası etüdləri", "Layların neftverimi proseslərinin diakoptikası", "Neft yataqlarının işlənməsi, neft və neft məhsullarının nəqli proseslərinin sistemli analizi", "Dəniz neft-qaz yataqlarının işlənməsi fraqmentləri", "Neftçıxarmada dinamiki proseslər", "XXI əsrə aparan yol", digər dərslik, monoqrafiya və elmi-fəlsəfi kitabları öz müəllifinə böyük şöhrət qazandırmışdır. Müxtəlif illərdə nüfuzlu elmi müəssisələrin laboratoriya, şöbə və kafedralarına rəhbərlik etmiş akademik Azad Mirzəcanzadə elm tarixində reofiziki mürəkkəb mühitlərdə texnoloji proseslərin riyazi modelləşdirilməsi və idarə olunması problemlərini tədqiq edən elmi məktəbin, qaz-kondensat yataqlarının işlənməsi nəzəriyyəsinin yaradıcısı, neftçıxarmada yeni perspektivli araşdırma istiqamətlərinin əsasını qoymuş alim kimi əbədi qalacaq.

Akademik Azad Mirzəcanzadənin neft elmi sahəsində işlərinin nəticələri Azərbaycanda, Başqırdıstanda və Qərbi Sibirin məşhur neft rayonlarında, eləcə də xarici ölkələrdə geniş tətbiq olunmuş, çox böyük iqtisadi səmərə vermişdir.

Elmi kadrların və yüksək ixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında da onun əvəzsiz xidmətləri olmuşdur. Akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında keçmiş SSRİ məkanında 400-dək elmlər namizədi və 100-ə qədər elmlər doktoru hazırlanmışdır ki, bu da dünyanın elm tarixində görünməmiş hadisədir.

Akademik Azad Mirzəcanzadə böyük pedaqoq idi. Onun tələbələrinə, Mirzəcanzadə elmi məktəbinin davamçılarına bu gün dünyanın hər yerində rast gəlmək mümkündür. Azərbaycan Neft Akademiyasında təhsil almış, ixtisasa və biliklərə sevgini ondan öyrənmiş, öz ölkələrində qiymətli kadrlar kimi ad qazanmış mühəndislər və alimlər Azad müəllimin xatirəsini daim böyük ehtiramla yad edirlər.

Azad müəllim uzun müddət Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmış,  istedadlı tədqiqatçıların  seçilməsində böyük xidmətləri olmuşdur.

Azad Mirzəcanzadənin uzun illər ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" institutunda rəhbərlik etdiyi və daimi fəaliyyət göstərən elmi seminarlarda minlərlə alim, istehsalatçı-neftçi iştirak etmişdir. Bu elmi seminarlarda geologiya, geofizika, işlənmə, hasilat, neftçıxarmanın texnikası və texnologiyası məsələlərinə həsr olunmuş məruzələr dinlənilmişdir.

"Roma klubu" məşğələlərində neftçilər və alimlər üçün yüksək səviyyədə apardığı sorğu-suallarda akademik Azad Mirzəcanzadə tələbkarlığı -  "Mirzəcanzadə plankası" əsas yer tuturdu ki, bu da Azərbaycan alimlərinin, Azərbaycan elminin inkişafına güclü təkan verirdi.

Azad müəllim "Azərbaycan neft təsərrüfatı" jurnalına 10 il rəhbərlik etmişdir. Həmin illərdə jurnal öz forma və məzmunu baxımından xeyli təkmilləşmiş, neft sənayesində yeni elmi ideyaların təbliğində böyük rol oynamışdır. Nəzəri və eksperimental nəticələrin dərc edildiyi bu jurnal qısa müddətdə geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.

Azərbaycanda akademik A.Mirzəcanzadənin rəhbərliyi ilə iki ildən bir beynəlxalq elmi-praktiki konfranslar keçirilməsi ənənəvi xarakter almışdı. Konfransın məram və məqsədi əldə edilmiş nailiyyətlərin və toplanmış təcrübənin geniş təbliğinə xidmət etmək olmuşdur.

Akademik Azad Mirzəcanzadə hər hansı bir problemə maraq göstərəndə və onu həll etməyə başlayanda yaxın üç-beş ili deyil, daha uzaqları - əldə edəcəyi nəticələrin perspektivlərini düşünürdü. O, Azərbaycan və dünya neftinin gələcəyi, karbohidrogen ehtiyatları, insanların həyatında onların rolu barəsində fikirlərini bölüşərək yazırdı: "Zaman keçəcək, neft və qaz hasilatı təbii olaraq azalacaq, mühəndislərin fundamental və ixtisas biliklərinə tələbat isə artacaqdır. Bu onunla izah edilir ki, qalıq nefti daha mükəmməl üsullarla, məsələn, fiziki və s. üsullarla çıxarmaq lazım gələcəkdir. Bununla yanaşı neft-mədən elmi və təcrübəsində ölçmələrin dəqiqliyinə tələbat da artacaqdır". O qeyd edirdi ki, neftin və qazın yalnız yanacaq kimi deyil, qiymətli kimyəvi xammal kimi əhəmiyyəti artdıqca neft və qaz mühəndislərinə həm elmi, həm də sosial nöqteyi-nəzərdən tələbat getdikcə artacaq, XXI əsrdə neft və qaz mikrobioloji sintez üçün mühüm materiallar olacaqdır.

Ümumiyyətlə, akademik Azad Mirzəcanzadə biliklərin yorulmaz təbliğatçısı və carçısı idi. Onun fikrincə, "mühəndis" sözünün özü "bilik" sözünün sinonimi kimi səslənməlidir. Azad müəllim yazırdı: "... biliklər inkişaf üçün perspektivlər açır. Lakin zamanın tələblərinə uyğun olaraq, onları daim təzələmək lazımdır. Texnika kimi biliklər də modernləşdirilməli və zənginləşdirilməlidir".

Müasir elm adamı kimi, akademik Azad Mirzəcanzadənin çox geniş və bənzərsiz elmi-pedaqoji diapazonu onun müxtəlif ölkələrdəki həmkarlarını da valeh edirdi. Moskvada çıxan və sovet dövrü mətbuatının flaqmanlarından biri olan "İzvestiya" qəzeti özünün 22 avqust 1968-ci il tarixli nömrəsində yazırdı: "Onun diapazonu heyrət doğurur. Azad Mirzəcanzadənin yetişdirmələri arasında geologiya-mineralogiya və fizika-riyaziyyat elmləri namizədləri, energetiklər, neftçilər, inşaatçılar vardır".

"İzvestiya" qəzeti bunları yazanda akademik A. Mirzəcanzadənin cəmi qırx yaşı vardı və bir alim kimi o hələ çox gənc idi. Lakin elə o vaxtlarda və illər keçəndən sonra da Azad müəllimin adı həmişə dünyanın ən nüfuzlu və elmi fikirləri heç kəsdə azacıq da olsa şübhə doğurmayan məşhur alimlərin sırasında çəkilmişdir. Sovet mexanika məktəbinin sanballı nümayəndələrindən biri - akademik Qriqori İsaakoviç Barenblatt akademik Azad Mirzəcanzadəyə məktublarının birində yazırdı: "Əziz Azad! Mən həmişə Sizin parlaq və çoxşaxəli - əsl milli və eyni zamanda ümumbəşəri istedadınıza heyranam. Bizi ümumi işimiz yaxınlaşdırdı, lakin dərin elmi təəssüratla yanaşı, dahi xalqınızın musiqisini mənə sevdirdiyinizə görə Sizə borcluyam".

Bəli, akademik Azad Mirzəcanzadənin maraq dairəsi yalnız elm ilə məhdudlaşmırdı. Görkəmli mədəniyyət və incəsənət xadimləri üçün o, ədəbi-bədii əsərləri, təsviri sənət və musiqi nümunələrini yüksək peşəkarlıqla təhlil edən, onların barəsində orijinal fikirlər söyləyən nüfuz sahibi idi. Azərbaycan mədəniyyəti və incəsənətini, o cümlədən doğma xalqının musiqisini o, qəlbən sevir və sevdirirdi. O yazırdı ki, "elm və incəsənət ayrılmazdır, elm əqlin, incəsənət isə hisslərin yaddaşıdır".

Azad müəllimin "İncəsənətdə modellər", "İnformasiya nəzəriyyəsi və musiqi", "Simmetriya və incəsənət", "Çoxmillətli sovet musiqisinin fəxri" və s. kimi kitab və məqalələri də məhz alim zəkası və hisslərinin sintezindən yaranmışdır.

1970-ci ildə hələ 42 yaşında ikən Azərbaycanın əməkdar elm və texnika xadimi fəxri adına layiq görülmüş akademik Azad Mirzəcanzadənin elmi və pedaqoji fəaliyyəti, elmin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, keçmiş İttifaqın "Oktyabr inqilabı", 2 dəfə "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri, 2003-cü ildə isə müstəqil Azərbaycanın ali mükafatı - "İstiqlal" ordeni ilə təltif edilmişdir. A.X.Mirzəcanzadənin neft və qazçıxarmada texnoloji proseslərin mexanikasına dair silsilə işləri 1980 və 1986-cı illərdə Azərbaycan Respublikasının Dövlət mükafatına, neft-qaz yataqlarının işlənməsi proseslərinin, təbii qazın çıxarılması və nəqlinin səmərəliliyinin artırılmasına dair silsilə işləri 1977-ci və 1982-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının İvan Mixayloviç Qubkin adına mükafatına, neft və qaz quyularının möhkəmləndirilməsi üçün yeni xüsusi tamponaj materiallarının yaradılmasına, sənaye istehsalına və geniş tətbiqinə dair işləri isə 1986-cı ildə keçmiş SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür. Akademik Azad Mirzəcanzadə 1971-ci ildən keçmiş SSRİ-nin fəxri neftçisi, 1978-ci ildən isə SSRİ qaz sənayesinin fəxri işçisi idi. O, Başqırdıstan Elmlər Akademiyasının fəxri üzvü, Beynəlxalq Şərq Neft Akademiyasının prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Azad Mirzəcanzadənin elmi irsi insanlara, neft elmi və təcrübəsinə hələ uzun illər xidmət edəcək, öz şöhrətini və parlaqlığını heç vaxt itirməyəcək. Əslində bu irs alimin özünə və vətəni Azərbaycanın şərəfinə ucaltdığı möhtəşəm bir abidədir.

Bu böyük alim və unudulmaz insan özünün "Təhsilin humanitarlaşdırılması barəsində etüdlər" kitabında yazırdı: "Zaman bizim hamımızdan vicdanla işləməyi tələb edir... Bütün elmlər insanla ölçülməlidir".

Akademik Azad Mirzəcanzadə, onun elmi irsi nəinki Azərbaycan, həmçinin dünya elmi üçün böyük ölçü və çox yüksək səviyyədir.

"Azərbaycan" qəzeti, 28 sentyabr 2013-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə