Kolizeyin sonu (HEKAYƏ)

Elçin MİRZƏBƏYLİ

"Leşyeyənlərin naharına çevrilmək, yaltaqların əlinə düşməkdən daha şərəflidir. Çünki birincilər ölüləri, ikincilər isə diriləri gəmirirlər"


...Sübhün yorğun şəfəqləri Kolizeyin divarları arasından süzülərək laxtalanmış qan gölməçələri üzərində bərq vururdu. Ona dünənki döyüşdən sonra imperator tərəfindən azadlıq verilmişdi...
O isə indi bu azadlıqla nə edəcəyini bilmirdi...

Bütün gecəni azğınlaşmış gözlərin, harınlamış simaların ruhuna divan tutan kölgələri arasında keçirmişdi, neçə-neçə çarəsiz döyüşçünün qanına bulanmış qılıncına söykənərək. Ayaqları sözünə baxmırdı, titrəyən dizlərinin yorğun ritmini qırmağa, Kolizeyin təmizləyicilərini məğrur və azad insan kimi qarşılamağa çalışırdı... Təmizləyicilər isə gəlib çıxmırdılar və beləcə içindəki, onu çarmıxa çəkən suallarla üz-üzə qalmaqdan təngə gəlirdi.

Dünən Kolizeyə ölüm arxasınca gəlmişdi, əvəzində isə azadlıq qazandı...

İndi tənha yalquzaq kimi, dərisini qurumuş qan damlalarının tarıma çəkdiyi ayaqları üzərinə çökərək Kolizeyin sükuta bürünmüş divarlarını yarıb keçən işıq selinə doğru ulamaq istəyirdi:

“Ölümə gedənlər səni salamlayır”

...Toza bulaşmış ayaqqabılarına nəzər saldı və döş cibinə əl atdı. Sonuncu kağız dəsmalı bir neçə dəqiqə öncə istifadə etdiyini xatırladı. İndi bütün yol boyu, ən yaxşı halda qarşılaşacağı ilk ticarət köşkünədək gözləri ayaqqabılarında qalacaqdı...

Azacıq irəliləmişdi ki, gözləri növbəti yazı lövhəsinə sataşdı: “Müvəqqəti narahatlığa görə üzr istəyirik”. Sonra şüarlar, sonra şəkillər və məchul sonsuzluq...

Yorulmuşdu, gecə yarısı tamaşa etdiyi filmin təsirindən çıxa bilmirdi: “Kolizey... Lənət şeytana, bu haradan yadıma düşdü”.

...Siqnal səsləri, addımbaşı bir-birinə sayğısızlıq nümayiş etdirən, yaşadıqları həyatın acısını, natamamlıqlarının qisasını qarşılaşdıqları hər kəsdən almağa çalışanların qəzəbli simaları, çuxura düşmüş kədərli gözlərini ənlik-kirşan və saxta təbəssüm arxasında gizlədənlərin soyuq şəhvani baxışları...

Ölümə çağırış...

Başını götürüb qaçmaq istəyirdi... Qarşıdakı ticarət köşkünədək, ayaqqabılarını silmək üçün kağız dəsmal alacaqdı...

İmperatorun barmağı...

Bütün gözlər imperatorun gah yuxarı, gah da aşağıya doğru titrəyən barmağına dikilmişdi... Azğın kütlə Kolizey xidmətçilərinin ona doğru atdığı çörək kömbələrini havadaca ağzına təpir, bir-birindən seçilməyən tərzdə "ölüm" və "həyat" çığırırdı.

İmperatorun barmağı titrəyirdi...

O isə qılıncının tiyəsi altında ölümünü gözləyən çarəsiz döyüşçünün gözlərinə baxırdı. Heç nə hiss eləmirdi, nə qələbə sevinci, nə mərhəmət, nə qəzəb... Gözündəki yorğun nəhayətsizlik də imperatorun barmağı kimi havadan asılı qalmışdı...

İmperatorun barmağı aşağı endi və kütlə bir ağızdan "ölüm" kəlməsini daha uca səslə çeynəməyə başladı...

O isə qılıncını imperatorun barmağının hərəkətinə uyğun şəkildə ölümünü gözləyən qladiatorun ürəyinə sapladı və yerindəcə donub qaldı... Məğlub döyüşçünün sinəsindən və dodaqları arasından kükrəyən qan şırnağı nədənsə ona bir zamanlar sevgilisinə bağışladığı qızılgülləri xatırlatdı...

Ölüm, sevgi, qan "ləçəkləri" və qızılgül "damlaları"...

Kolizey bəlkə də yeganə məkan idi ki, onun qanlı səhnəsində ölən öldürənə, məğlub qalibə nifrətlə yanaşmırdı. Burada bir kimsə öz iradəsinin sahibi deyildi...

...İndi onun taleyi həll olunacaqdı. Kütlə ona mükəmməl döyüş və ölüm səhnəsi bəxş edən qəhrəmanı üçün azadlıq istəyirdi...

İmperatorun baş barmağı yenidən irəli "atıldı"... Bu dəfə zərrə qədər də titrəmədən...

Sonsuzluğa yürüş

...Həyat davam edirdi. Əvvəlki ahəngilə... Çirkaba bulaşmış torpaq üzərindən yöndəmsiz və əyri ağaclar kimi bitən göydələnlər, körpülər, nəhəng avtomobillərin şüşəsindən gözə girən assimmetrik obrazlar... bir-birini əvəzləyir, Günəş şüalarının belə könülsüz endiyi şəhərin mutant görüntüsü arxada qalırdı...

O isə heç vaxt can atmadığı, yol almadığı məchul bir sonsuzluğa doğru yürüyürdü...

...Qarşısına çıxan ticarət köşkünə yaxınlaşır, sonra yenidən və yenidən yürüyürdü. Bu şəhərdə kağız dəsmal qəhətə çıxmışdı...

Sanki hər şey, hətta zamanın özü belə onun qəsdinə dayanmışdı...

Dişlərini qıcayıb, əzab dolu baxışlarıyla yenidən aşağıya doğru baxdı: Ayaqqabıları şəhərin boz-bulanıq siluetini xatırladırdı...


Azadlığın dəyəri

...İmperatorun barmağının hərəkətinə köklənən kütlə ölüm, qan və azadlıq həsrətinin yaratdığı hormonların təsiri altında ekstaz vəziyyətinə çatmışdı.

İmperator isə dərin bir sükutla donub qalmış ölüm səhnəsini izləyir, kütlənin əsəblərini və baxışlarını tarıma çəkməkdə davam edirdi.

İmperatoru onun verəcəyi qərardan sonra kütlədən daha çox qılıncının son hərəkəti üzərində ölümün və həyatın fərqinə varmadan donub qalan qladiatorun nə edəcəyi maraqlandırırdı.

İmperator barmağını yuxarı qaldırdı - üzü Günəşə doğru...

Ona azadlıq vermişdilər... O isə bu azadlığın fərqində deyildi. Çünki bu azadlıqla nə edəcəyini bilmirdi...

… O, nəhayət ki, bu şəhərdən xeyli uzaqda ticarət köşkündən aldığı kağız dəsmalla ayaqqabılarını təmizləyə bildi...

… Kolizey ölü bir sükuta qərq olmuşdu, günəş qüruba enirdi. Təmizləyicilər isə hələ də gəlib çıxmamışdılar...

baymedia.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə