Şaxta baba təzadı və Askanın şükrü

Əvəz RÜSTƏMOV

Şaxta baba. Uşaqlıqdan onu yeni ilin rəmzi kimi qəbul etmişik. İndi də uşaqlar onu vaxtilə qəbul etdiyimiz kimi təsəvvürə gətirirlər. Çox güman, bu ənənə hələ çox sürəcək. Amma indi şaxta baba deyəndə yadıma həm də köhnə qonşum Aska düşür. Bəlkə şaxta babalara artıq fərqli yanaşmağa başlamışam ondandır. Ola bilər, böyümüşəm də...

Askadan danışırdım. O zamanlar yoldaşı və iki övladı ilə birlikdə birotaqlı, darısqal evdə yaşayırdı. Yayda və payızda qapısı, güzgüsü tökülən köhnə «07»si ilə üz tuturdu «Meyvəli» ticarət mərkəzinə. Gecə saat 4-də oradan avtomobilə doldurduğu mer-meyvəni günortayadək həyətdə başqalarından az da olsa, ucuz qiymətə satırdı. Vaxtilə əsgərliyə getməmək üçün valideynləri Askaya dəlilik kağızı almışdılar. Bu səbəbdən sürücülük vəsiqəsi əldə edə bilmirdi. Ona görə də çörək pulu dalınca hamılıqla gedirdilər. Ailə-uşaqlı olanda ya polisin maşını saxlamağı olmurdu, yaxud saxlayanda dilə basıb bir-iki bananla canlarını qurtarırdılar. Zalım oğlu zarafatından da qalmırdı. Yol polisinə tökülüb-itən maşınını saxlamağın «padlo»sunun olduğunu deyib vəziyyətdən çıxdığını böyük həvəslə anladırdı. Beləcə juqulini 7 il idi ki, sənədsiz-filansız idarə edirdi.

Qış gələndə Aska dönüb olurdu şaxta baba. Küçələrə düşüb soyuqdan dona-dona özü demişkən, “sezon”u yola verirdi. Qazandığının üçdə birini dava-dərmana xərcləyən qonşum yol polisi ilə yanaşı, post patrul xidməti əməkdaşlarından da qaçırdı. Yanında da lənətə gəlmiş banan yox idi ki, verib canını qurtarsın… Dediyinə görə, qaçan zaman arxasınca düşən polis şişman olanda və ləng davrananda əynindəki şaxta baba libası ilə birgə, cavan və sürətli olduqda isə maneçilik törətməməsi üçün paltarı soyunaraq aradan çıxırdı. «Şükür Allaha hələlik tutulmamışam» - deyirdi və buna görə dualarını əsirgəmirdi.

Volter isə Askanın gözündən-qulağından xeyli uzaq keçmişdə deyirdi ki, əgər Allah olmasaydı belə onu uydurmağa ehtiyac yaranacaqdı. Dahi mütəfəkkir bu fikirlərini kilsənin cəmiyyət həyatına hakim kəsildiyi bir zamanda söyləmişdi. Ola bilər, bu, cəhalətə qarşı özünəməxsus üsyan idi. Hardasa fikirdə ifrat da var. Amma həqiqi yaradıcı şəxs üçün ifrat keçiləndir. Aska da öz Allahını sanki məxsusi formada uydurmuşdu. Çörək qazanmaq üçün hər hərəkətini yazılmış qanunlara zidd olaraq atmaq məcburiyyətində qalan qonşum üçün yeganə hərəkət stimulu Uca Tanrı idi. Adı dilindən-dodağından düşmürdü. Onun həyatını seyr edən və Allahın varlığını düşünməyən birisi belə hansısa ilahi qüvvənin insanlara kömək göstərdiyini düşünər və istər-istəməz həmin qüvvəni qəbul edərdi. Ümumiyyətlə, bəşər övladını Allah saxlayır. Bir çox təməl hüquqlarına uzaqdan-uzağa baxan, onların ən vacibini hədsiz şəkildə dəridən-qabıqdan çıxaraq qazanan, bəzən haqq ödəyərək əldə edən və buna görə də digər ehtiyaclarının ödənməsini yalnız xəyallarında canlandırmaqla kifayətlənən sıravi azərbaycanlını Ulu Yaradan daha çox saxlayır.

Bəli, Askanı Tanrı az qala hər addımında qoruyur, üzləşdiyi ən çətin və ağlasığmaz vəziyyətlərdən çıxarırdı. Bu mənada şaxta babanın polisdən qaçmağı kiçik məsələ də sayıla bilər. Amma gördüyünüz kimi, kiçik hərəkətlərdən də mövzular, reallıqlar, ən əsası isə böyük təzadlar doğur. Bütün bunları xatırlamağıma da səbəb əslində təzadlardır. Çünki şaxta babaların şaxta babalığa həqiqətən də həvəs göstərdiklərini söyləmək çətindir. Qonşum bahalı avtomobil sahiblərinin onu evlərinə uşaqlarını əyləndirmək üçün apardıqlarından danışırdı. Deyirdi ki, təmtəraqlı evlərə düşəndə, oradakı uşaqları görəndə bayram günü öz övladlarının yanında olmamasından əsəbləşir. Askanın əsəbini anlasam da, kimlərinsə şaxta baba olmalı olduğunun da fərqinə varırdım. Amma indi mən də əsəbləşirəm. Çünki neftin fantan vurub boruları partlatdığı, göydələnlərin sayının gözlər çıxardığı bir ölkənin küçələrində şaxta babaların sayının artdığını görürəm. Hirsimi soyutmaq məqsədilə müxtəlif yollar arasam da, köməyimə yenə Askanın özünün çatacağını düşünürəm. Telefonuna zəng edirəm. Hal-əhvaldan sonra hansısa ilahi möcüzənin qonşumun həyatını heç olmasa, şaxta baba olmayacaq şəkildə dəyişdiyini güman edərək hazırda nə işlə məşğul olduğunu soruşuram. Eşitdiyimdən əhvalım daha çox korlanır. Sən demə şaxta babanı küçədə maşın vurub, üç gündür, yataq xəstəsidir. Tutulduğumu hiss edən Aska «qədeş narahat olma, şükr Allahın böyüklüyünə sağ-salamatam…» deyir...

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə