Məmməd Əmin Rəsulzadənin seçilmiş əsərlərinin çoxcildliyi çap olunacaq

Bu işin həyata keçirilməsi dahi mütəfəkkirin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident sərəncamının icrası ilə əlaqədar tədbirlər planına daxil edilib

Məmməd Əmin Rəsulzadənin seçilmiş əsərlərinin çoxcildliyi çap olunacaq. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovun tərtib etdiyi elmi yaradıcılıq məhsulunun çapı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar tədbirlər planına daxil edilib. APA-ya Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, plan Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək hazırlanıb.

Qeyd edək ki, «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin «Jurnalistlərin dostu» mükafatının Prezident İlham Əliyevə təqdimatı ilə bağlı ötən il noyabrın 24-də baş tutmuş mərasimdə iştirak edən Ş.Hüseynov çıxışında M.Ə.Rəsulzadə irsindən söz açaraq dövlət başçısına dahi mütəfəkkirin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamasına görə təşəkkürünü bildirmiş, eyni zamanda Rəsulzadənin seçilmiş əsərlərinin çoxcildliyinin çapa hazır olduğunu diqqətə çatdırmışdı.

Onu da deyək ki, Azərbaycan Mətbuat Şurası da ötən il Ş.Hüseynovun tərtib etdiyi çoxcildliyin çapı ilə əlaqədar prezident İlham Əliyevə müraciət ünvanlamışdı. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə