Bir əlində qələm, bir əlində silah... - Milli Qəhrəman

Yazı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Şəhid jurnalist Kazımağa Kərimov qəhrəmanlıq tariximizin bir parçasını öz qanı ilə yazıb

Ot kökü üstə bitər. O, əsilli-nəsilli bir ailədə dünyaya gəlib. Qəhrəmanlıq Kazımovların qanında olub. İsmayıl bəyin adı indi də zəngəzurluların dilindən düşmür. 19-cu əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində Ali Hərbi Məktəbi bitirən İsmayıl bəy vətənə dönəndən sonra doğma yurdunu erməni təcavüzündən qorumaq üçün əlindən gələni edib. Məhz İsmayıl bəyin sayəsində 1918-1920-ci illərdə minlərlə zəngəzurlu erməni zülmündən xilas ola bilib. Kazımağa hələ uşaq ikən babası haqda çox eşidirdi. Onun ən böyük arzusu İmayıl bəy kimi qəhrəman olmaq idi...

Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Kazımağa Möhsün oğlu Kərimov 1951-ci il sentyabr ayının 1-də Qubadlı rayonunun Sarıyataq kəndində ziyalı ailəsində anadan olub. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarına düzgün tərbiyə vermək, onları xalqına-millətinə layiq böyütmək olub. Çətin də olsa, Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çataraq, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaradırlar. Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlı rayonunda bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. Kazımağa beş il müddətində təhsil aldığı universitetin bütün ictimai işlərində fəal iştirak edir və dövri mətbuatda öz qələmini tez-tez sınayırdı. Mətbu aləmə yenicə qədəm qoyan Kazımağa Kərimov çalışırdı ki, sevərək, arxasınca getdiyi peşəsində püxtələşsin, yazılarında oxşarlıq olmasın, quru sözçülükdən uzaq qaçsın. Amma Kazımağanın ağlına da gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Görünür, bu da qəhrəmanın taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş.

Onu yaxından tanıyanların dediyinə görə, Kazımağa xarakter etibarı ilə fərqli bir insan idi. İlk baxışdan nə qədər zəhmli görünsə də, daxilən çox səmimi və mehriban idi. Heç zaman başqasından köməyini əsirgəməzdi. Onu həmyaşıdlarından fərqləndirən əsas xüsusiyyət isə son dərəc uzaqgörən olması və ətrafda cərəyan edən hadisələri özünəməxsus şəkildə analiz edərək, düzgün qərarlar çıxarması idi. Kazımağanın bu xarakteri tələbəlik illərində müəllimi olmuş Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi, yazıçı-publisist Qulu Xəlilovun xatirələrində də əksini tapıb. Yazıçı Kazımağada olan bu xarakteri  adındakı “ağa” sözü ilə uyğunlaşdıraraq, bu sözün sanki onun xarakterinə yansıdığını yazmışdı. Universiteti bitirdikdən sonra Kazımağa peşəsinin arxasınca gedərək, bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb.

1988-ci ildə doğma vətənin üzərini qara buludlar aldığı vaxt Kazımağa Kərimov qələmini silahla əvəzləyib. Kazımağanın döyüş yolu doğulub boya çatdığı doğma Qubadlıdan deyil, Goranboydan keçdi. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant kimi vətən torpağının müdafiəsinə qalxdı. O, döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak edib. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tapqaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə rəhbərlik edən komandir üçün bu döyüşlər sanki bir sınaq olsa da, o, bu sınaqdan alnıaçıq çıxıb. Bu uğurlarla kifayətlənməyən Kazımağa Kərimov komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu əməliyyatın məqsədi düşmən tapdağı altında olan  Ağcakəndin (o zamankı Şaumyan rayonunun) azad olunması idi. Təəssüf ki, bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu döyüş olur. 1992-ci ilin 12-13 iyun tarixlərində Ağcakəndin azad olunması uğrunda gedən döyüşdə Kazımağa Kərimov ağır yaralanır. Amma o, düşmənlə üzbəüz dayanmış əsgər və zabitləri ruhdan salmamaq üçün döyüşü davam etdirmək əmri verir. Çoxlu qan itirsə də, bu cəsur komadiri səngərdən çıxarmaq mümkün olmur. Düşmənin canlı qüvvəsi və sonuncu hərbi texnikası məhv edilənə kimi Kazımağa Kərimov silahı əlindən yerə qoymur. Məhz bunun sayəsində həmin tarix Ağcakəndin, yəni o zaman rayon statusunda olan bütöv bir ərazinin azad olunduğu gün kimi təqvimə həkk olunur.

Aldığı yara ağır olduğu üçün əməliyyat bitdikdən sonra Kazımağanı Bakı şəhərində yerləşən hərbi hospitala çatdırırlar. Ayağından yaralanan Kazımağa doğmalarının onun ayağını itirəcəyindən qorxduqlarını hiss edərək, həmin an özünü itirmədən əllərini havaya qaldıraraq belə deyir: “Yaxşı ki, yazan əlim var”. Lakin Kazımağanın bir ayağını itirəcəyi qorxusu ilə yaşayan əzizlərinin ağlına belə gəlməzdi ki, onun özünü itirəcəklər. Çünki onu tanıyanların heç biri bu fikri bir anlıq olsa belə qəbul edə bilmir, “dağ boyda” bir insanın ayağından aldığı yara ilə dünyasını dəyişəcəyini ağıllarına da gətirmirdilər. Ancaq amansız ölüm Kazımağanı sevənlərə onsuz necə yaşayacaqlarını da öyrətdi. Kazımağa 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə ucaldı. Kazımağa Kərimova ölümündən bir həftə sonra Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Kazımağa Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk jurnalist idi.

Kazımağa Kərimovun adını əbədiləşdirmək məqsədilə Bakı şəhərində onun adına küçə verilib. Eyni zamanda doğulub boya-başa çatdığı Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır. Həmçinin Goranboy rayonunda şəhid Milli Qəhrəmanın büstü də qoyulub.

Son söz əvəzi

Son dəfə Bakı şəhərində tələbə yoldaşları ilə görüşən Kazımağa Milli Ordumuzun yaxın günlərdə Goranboy cəbhəsində böyük uğurlara imza atacağını söyləyir. Sonra isə söz verir ki, müharibə başa çatan kimi avtomatını qələmi ilə əvəzləyərək, əvvəlki illərdə olduğu kimi yaradıcı fəaliyyətini davam etdirəcək. Tələbə yoldaşları ilə sağollaşan Kazımağa Kərimov növbəti dəfə Bakıya iyun ayının 16-də gələcəyini söyləyir və təklif edir ki, həmin gün Şəhidlər Xiyabanında görüşsünlər. Vədə yetişəndə Şəhidlər Xiyabanına gələn qələm dostları gözləmədikləri mənzərə ilə qarşılaşırlar: böyük bir izdiham öz çiynində Kazımağanın cənazəsini gətirirdi...

Tələbə yoldaşları hər il iyun ayının 16-da Şəhidlər Xiyabanında bir araya gəlirlər. Amma heç vaxt bununla bağlı əvvəlcədən Kazımağa Kərimova məlumat vermirlər. Çünki 1992-ci il iyun ayının 16-dan etibarən Kazımağa bu müqəddəs məkanın daimi sakininə çevrilib...

Seymur VERDİZADƏ

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə