ABŞ şirkəti "Azəri-Çıraq-Günəşli" neft yatağındakı payını satdı

ABŞ-ın Hess şirkəti Azərbaycanın Xəzər dənizi sektorunda Azəri-Çıraq-Günəşli (AÇQ) neft yatağındakı (2.72 %) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində olan 2.36 faizlik payını Hindistanın ONGC şirkətinə satıb.

Razılaşmanın həcmi 1 milyard dollar qiymətləndirilir. Şirkət razılaşmanı 2013-cü ilin ilk rübünün sonuna qədər bitirməyi planlaşdırır.

"Bizim AÇQ-də olan payımızın satışa çıxarılması şirkətin kiçik faizli aktivlərindən məhrumiyyəti ilə uyğundur", Hess korporasiyasının kəşfiyyat və hasilat şöbəsinin prezidenti Qreq Hill söyləyib.

2012-ci ildə AÇQ-də əməliyyat xərcləri 708 milyon dollar, əsaslı xərclər isə 2,516 milyard dollar həcmində proqnozlaşdırılır.

BP tərəfindən işlədilən Azəri-Çıraq-Günəşli neft yataqları Bakıdan şərqdə təxmini 100 km uzaqlıqda yerləşir və 1997-ci ildən hasılata başlayıb.

Hess çirkətindən əlavə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 34,1%), "Chevron" (10,2%), ARDNŞ (10%), INPEX (10%), "StatoilHydro" (8,6%), "ExxonMobil" (8%), TRAO (6,8%), "Devon" (5,6%), ITOCHU (3,9%).

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

Boru kəmərinin gücü sutkada 1,2 milyon barel neft təşkil edir.

"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə